Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1966/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2944/2021 saylı 01.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əsasən müəyyən olunan faktiki hallara görə “Uğur-97” firması ilə iddiaçı arasında bağlanmış 19 aprel 2004-cü il tarixli müqaviləyə əsasən, sonuncu tərəfindən ünvan 2 ünvanında yerləşən evin 25 saylı mənzil, pay dəyəri tam ödənilməklə alınmış və bu barədə arayış verilmişdir. İddiaçı həmin mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarış və texniki pasport verilməsi ilə əlaqədar cavabdehə ərizə ilə müraciət edilmiş, lakin sonuncu ona ünvanladığı 16.11.2020-ci il tarixli məktubunda “Uğur- 97” firması ilə bağlanmış müqaviəlnin notarial qaydada təsdiq olunmuş surətinin təqdim edilməli olduğunu əsas tutaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə istinadən ərizəsinin icrasının mümkün olmadığı bildirilmşdir. İddia ərizəsinə etirazında cavabdeh eyni əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2944/2021 saylı 01.04.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı adına ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçının idarəyə müraciəti ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən 65 saylı yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin həmin yaşayış binasında yerləşən 25 saylı mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq daşınmaz əmlak barəsində «Uğur-97» firması ilə iddiaçı arasında notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məhkəmə tərəfindən iş düzgün araşdırılmamış, qanunsuz və əsassız olaraq iddia tələbi təmin edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri, habelə gəlmədiyi təqdirdə işə onların iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçıya məxsus mənzilin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsindəki 65 saylı yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırkı mərhələdə «Uğur-97» firmasından və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunmuş - Bakı şəhər İcra Hakimiiyəti Başçısının 03.03.2005-ci il tarixli 49 saylı sərəncamı ilə təsdiq edilmiş «Tikintisi başa çatmış obyektin yaşayış binasının dövlət qəbul komissiyasının Akt»ına əsasən müəyyən olunur ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən 65 saylı yaşayış binası dövlət qəbulu komissiyası tərəfindən istismara qəbul olunuşdur. İş materiallarına əlavə edilmiş, “Uğur-97” firması ilə İddiaçı arasında bağlanmış 19 aprel 2004-cü il tarixli müqaviləyə, eləcə də həmin firmanın 08 dekabr 2020-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, “Uğur-97” firması ünvan 3 ünvanında yerləşən iki girişli yaşayış binasının “A-blokda” 10 mərtəbədə ümumi sahəsi 136 kv.olan 3 otaqlı yaşayış binasını bir pay kimi iddiaçıya vermiş və sonuncu tərəfindən həmin pay haqqı tam olaraq ödənilmişdir. “Daşınmaz əmlakın dövlət reyeystri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı -daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Cavabdehin iddiaçıya ünvanladığı 16.11.2020-ci il tarixli məktubundan və onun iddia ərizəsinə etirazından göründüyü kimi, “Uğur-97” firması ilə iddiaçı arasında bağlanmış müqaviəlnin notarial qaydada təsdiq olunmuş surətinin təqdim edilmədiyini əsas tutularaq qeydiyyatdan imtina olunmuşdur. Lakin bu zaman cavabdeh nəzərə almamışdır ki, «İnzibati icraat haqqında» Qanunun 24.3-24.4-cü maddələrinə əsasən əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qanunun qeyd olunan tələblərindən irəli gələn vəzifələr isə cavabdeh inzibati orqan tərəfindən yerinə yetirilməmiş, bununla da qanunla üzərinə düşən vəzifələrin icrasından əsassız olaraq boyun qaçırmaqla, formal səbəblə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina olunmuş, onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticəni mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən, maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2944/2021 saylı 01.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2944/2021 saylı 01.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1966/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1966/2021
07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver