Məhkəmə qərarları › İş №2-1(103)-1967/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1967/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1967/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq və fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3870/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki evə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə əsasən işin aşığadakı faktiki halları müəyyən edilir: “İddiaçı 1985-ci ildən etibarən ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır, 13.5 sot torpaq sahəsinin istifadəçisidir. O, həmin torpaq sahəsində iki qız övladına ailə qurduqdan sonra hər birinə ayrıca ev tikib yaşayırlar. Hər bir ev bir-birindən hasar vasitəsilə ayrılır və ayrıca girişi, işıq, qaz və su sayğacları var, hər ailənin öz mənzilinə qeydiyyatı var. Onun istifadə hüququnu təsdiqləyən, 1985-ci -1988-ci illərdə ödəmiş olduğu əmlak və torpaq vergisinin tədiyə bildirişləri vardır. Həmin torpaq sahəsinin və onun üzərindəki tikiliyə dair Yasamal rayon Bələdiyyəsi tərəfindən situasiya planı tərtib edilmiş və Yasamal rayonu 56 saylı Mənzil kommunal istismar sahəsi tərəfindən xx.xx.2017-ci il tarixində eskiz tərtib edilmişdir. O, hesab edir ki, Mülki Məcəllənin 178.6-cı maddəsinə əsasən 30 il ərzində fasiləsiz və etirazsız olaraq həmin əmlaka sahiblik etdiyinə görə həmin əmlaka mülkiyyət hüququnu əldə etmişdir. İddiaçı 30 ildən çox faktiki sahibliyində olan, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki evə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli cavab məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanan sənədlərin təqdim edilməli olduğunu bildirərək, dolayısı ilə imtina cavabı vermişdir. Cavabdeh iddia ərizəsində də eyni əsaslara istinadən iddiaçının darəyə ünvanlanmış ərizəyə hər hansı hüquqmüəyyənedici sənəd əlavə edilmədiyini bildirərək iddi tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3870/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərarla razılaşmayaraq, həmin qərardan apellyasiya şikayəti verərək xahiş etmişdir ki, 43 il artıq müddətdə istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki evə dair mülkiyyət hüquqlarının tanınmasına dair yeni qərar qəbul edilsin. Məhkəmə kollegiyası iddiaçının bu xahişini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsi istəyi kimi qiymətləndirir, eyni zamanda onun apellyasiya şikayətini məzmunca Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun hesab edərək apellyasiya icraatını mümkün sayır. İddiaçı apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.6-cı maddəsinə istinadən onunla əsaslandırmışdır ki, onun əmlakdan istifadə hüqüqunu təsdiqləyən 1985-1988-ci illərdə ödəniş olduğunu əmlak və torpaq sahəsinin və üzərindəki tikiliyə dair Yasmal rayonu Bələdiyyəsi tərəfindən situasiya planı tərtib edilmiş və Yasamal rayon 56 saylı mənzil-kommunal istismar sahəsi tərəfindən xx.xx.2017-ci il tarixində tərtib edilmiş eskizi təqdim etmişdir. Cavabdeh ondan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə uyğun sənədləri ondan tələb edir. Həmin sənədlər onda olsaydı nəyə görə 30 il gözləyirdi ki, elə həmin vaxt mülkiyyətini qeydiyyata aldırardı, Qanuna görə torpaqdan və onun üzərindəki tikilidən 30 ildən artıq müddətdə fasiləsiz və etibarsız sahiblik etdiyinə görə onun onun mülkiyyətçi kimi qeydə alınmasını tələb etmək hüququ var. Belə olan halda, ondan hüquqmüəyyənedici sənədlərin tələb olunması əsassızdır. Məhkəmə ona izah etmişdir ki, Mülki Məcəllənin 178.8-cı maddəsi 2000-ci ildə qəbul edilib, 2030-cu ildə qüvvəyə minəcək. Onun müraciətinə əsasən Milli Məclis İqtisadi qanunvericilik şöbəsi tərəfindən bildirilmişdir ki, Mülki əcəllənin 178.6-cı madsənə uyğun olaraq qəbul edilən qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən daşınmaz əmlaka dair hüquqları qeydiyyata alına bilər. Həmçinin, bir neçə il öncə prezident fərmanı da imzalanmışdır ki, qanunsuz evlərə dair sənəd verilsin. Aidiyyəti qürumlar gəlib qeydiyyata alıb, bir-iki aya sənəd veriləcəyini bildirsələr də üç il keçib xəbər yoxdur. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi K.Məmmədova iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, AR Konstitusiya Məhkəməsinin 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 178.6-cı maddəsində təsbit olunan əldə etmə müddətinin 01 sentyabr 2000-ci ildən başlandığını bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etimişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.-ci ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən olunmuşdur. Həmin maddəyə əsasən o cümlədən aşağıdakılar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməs əsasdır: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar...; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 11.1-ci maddəsi isə tələb edir ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarına əsasən isə iddiaçının qeyd olunan sənədlərdən hər hansı biri Qanunun 8-ci maddəsinin qeyd olunan müddalarında sadlanan sənədələrə uyğun gəlmir. Başqa sözlə , iddiaçının 1985-ci ildən istifadə etdiyi ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki evə dair Qanununda sadalanan əsaslardan hər hansı birini təsdiq edən sənəd mövcud deyildir. İddiaçı tərəfindən də onun həmin sənədlərə malik olmadığı mübahisələndirilmir. İddiaçının mübahisələndirdiyi hal ondan ibarədir ki, həmin ünvanda yerləşən adıçəkilən daşınmaz əmlakdan 30 ildən çox istifadə etdiyini əsas tutaraq hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən onun mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmalıdır. Belə ki, Məcəllənin sözügedən 178.6-cı maddəsinin qüvvədə olan tələbinə görə əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun(1-ci cümləsi). Məhkəmə kollegiyası iddiaçının qeyd olunan mövqeyi ilə razılaşmır. Çünki, həmin Məcəllənin 23 dekabr 2003-cü ilə qədər qüvvədə olan 179.1-ci maddəsi nəzərdə tuturdu ki, daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il qərarında təsbit olunan hüquqi mövqeyinə görə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnun əldəetmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Belə olan halda, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 66.1-ci maddəsinəəsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Həmin Qanunun 66.2-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 178.6-cı maddəsi düzgün təfsir olunmur.Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan şərhi baxımından mübahisələndirilən ünvanda yerləşən daşınmaz əmlaka, əldə etmə müddətinə görə onun mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatına alınması ilə bağlı məsələyə 1 sentyabr 2030-cu il tarixindən sonra hüquqi qiymət verilə bilər. Bu baxımdan onun hazırda istifadə etdiyi həmin əmlakın qeydə alınması ilə bağlı müraciət etdiyi hüquq, mülki qanunvericiliyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən qeydə alınmalı hüquq kimi qəbul edilməsi istisna olunur. Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisəli ünvanda yerləşən torpaq sahəsinə və üzərindəki evə dair iddiaçının adına qeydiyyata alınmasından imtina etməsi, əslində qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Belə olan halda isə həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymtləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin cavabdehin imtinasının qanunsuz olduğunu əsaslandıran dəlilləri ilə razılaşmır. İPM-in 73.1-ci maddəsindən isə görünür ki, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Konkret halda isə mübahisəli torpaq sahəsinin iddiaçınının istifadəsinə hüquqi normaya uyğun olaraq verildiyi müəyyən olunmadığından, onun həmin torpağa və üzərindəki tikilinin qanuni istifadəsində sayılması istisna olunur. Beləliklə də məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin maddi hüquq normalarının düzgün tətbiq edilmədyini vurğulamaqla, dolayısı ilə birinci instansiya məhkəməsi tərəfindən qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3870/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3870/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar