Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1967/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci qrup əlilliyin beş il müddətinə təyin edilməsi barədə qərarın ləğv edilməsi və s. tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4285/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona beş il müddətinə ikinci qrup əlillik verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ikinci qrup “müddətsiz” əlillik dərəcəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4285/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mümkünsüzlük barədə qərardadında qeyd edir ki, “əlilliyin müəyyən edilməsi barədə cavabdehin 05 iyun 2017-ci il tarixli qərarının iddiaçıya təqdim edilməsi barədə işdə məlumat olmasa da, əlillik müddətlə müəyyən olunduğundan aşkar surətdə onun bundan məlumatı olmuş, bununla bağlı, yəni əlilliyin müddətlə müəyyən olunması barədə cavabdehin qərarının dəyişdirilməsi (ləğv olunması) ilə bağlı yalnız 2022-ci ilin noyabr ayında Məhkəməyə müraciət etmişdir.” Bununla bağlı qeyd olunmalıdır ki, o xx.xx.2017-ci il tarixində Tibbi-Sosial Ekspert Komissiyasının qərarına əsasən ona beş il müddətinə əlillik təyin edildikdən sonra beş il ərzində əlilliyin müəyən edilməsi barədə meyyarlara dəyişiklik edilcəyini və ikinci qrup əlillik dərəcəsi verilməsinə əsas olmuş xəstəliyinin meyyarlardan çıxarılacağını və ona görə də təkrar əlillik müəyən edilməsi barədə 1 saylı Şəhər Poliklinikasının Həkim Məsləhət Kommisiyası tərəfindən forma-88 göndərişi verilməyəcəyini bilə bilməzdi. Bunu yalnız 2022-ci ilin iyul ayında 1 saylı Şəhər Polikilinikasının Həkim Məsləhət Komissiyası TSEK-da təkrar müayinə olunmaq üçün forma 88 göndərişi verilməkdən imtina etdikdə bilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyərək apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 05 iyun 2017-ci il tarixli akt ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı 2022-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək, xx.xx.2017-ci il tarixində ona beş il müddətinə təyin edilmiş 2-ci qrup əlillik dərəcəsinin müddətsiz olaraq təyin edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı müraciətinin təmin olunması ilə bağlı hər hansı tədbir görülmədiyindən hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, “iddiaçı cavabdeh inzibati orqanın 05 iyun 2017-ci il tarixli inzibati aktının dəyişdirilməsi (ləğv edilməsi) ilə bağlı 25 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. İddiaçının mübahisələndirilən qərarın dəyişdirilməsi (ləğv edilməsi) ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmədiyi, hazırkı iddianı irəli sürmək üçün iddia müddətini ötürməsi müəyyən edilmişdir”. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ilk öncə qeyd edir ki, iddiaçıya əlilliklə bağlı təyin edilən 05 iyun 2017-ci il tarixli akt inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Həmin iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətlərinə əməl edilib-edilməməsinin yoxlanılmasıdır. İşin müəyyən edilmiş hallarından aydındır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 05 iyun 2017-ci il tarixli qərar əsasında 5 il müddətinə İİ qrup əlillik dərəcəsi müəyyən olunmuşdur. İddiaçı isə həmin qərardan narazı qalaraq, 25 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət edərək qərarı mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı tərəfindən İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddət ötürülərək, 2022-ci ilin noyabr ayında məhkəməyə müraciət etmiş və bu səbəbdən də birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının izahatından da bir daha müəyyən olunur ki, iddiaçı ona 2017-ci ildən 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsinin təyin olunmasından məlumatlı olmuşdur. Bundan başqa iddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab ediləcəyi hər hansı əsaslı bir səbəb nə iddiaçı tərəfindən təqdim edilən iddia ərizəsində, nə də apellyasiya şikayətində qeyd edilmişdir. Eyni zamanda məhkəmə araşdırmaları zamanı da belə hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdükdən sonra da qanunda nəzərdə tutulmuş bir il ərzində məhkəməyə müraciət etməmiş, bu əsasdan iddiaçının iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququ da aradan qalxmışdır. Belə olan halda məhkəmə müddətin bərpası ilə bağlı ərizə təqdim edilməsinə zərurət görməmişdir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4285/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Pərviz Hüseynov Hakim: Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1967/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1967/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver