Məhkəmə qərarları › İş №2-1(103)-1967/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1967/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1967/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X2) qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2-1(112)-389/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində olan 112 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınaraq çıxarışın verilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qeyri-yaşayış binasının birinci mərtəbəsindən 112 kv.m olan qeyri-yaşayış sahəsini almış, maliyyə ödənişləri tərəfindən edilmişdir. Həmin sahənin qeydiyyatı ilə bağlı cavabdehə müraciət etsə də, müraciətin təminindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia olunan sahə binanın hüdudlarından kənarda inşa edilmiş qeyri-yaşayış binasıdır. Layihədə qeyriyaşayış binası 1 mərtəbəli qeyd edilsə də, faktiki olaraq 1 mərtəbəli mansardlıdır. Binanın istismara icazə sənədində də həmin qeyri-yaşayış sahəsi öz əksini tapmamışdır. Tikilinin faktiki ölçüsü də 139,12 kv.m təşkil edir. Digər bir şəxsin də müraciəti daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2-1(112)-389/2024 saylı qərarı ilə (hakim Orxan Həsənov) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, o cümlədən göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının birinci mərtəbəsindən 112 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınaraq çıxarışn verilməsinə dair müraciətinin təminindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən faktiki ölçünü 139,12 kv.m olması binanın istismara icazə sənədlərində də həmin qeyri-yaşayış sahəsinin öz əksini tapması və s. kimi əsassız arqumentlərlə imtina olunmuşdur. Halbuki, iş materiallarına da əlavə etdiyi “Babək-94” MKM ilə bağlanmış müqavilə əsasında, dəyərini ödəmək şərti ilə həmin qeyri-yaşayış sahəsini almışdır. Yaşayış binasını inşa edən "Babək- 94” MKM şirkəti obyektin, yəni ümumi yaşayış binasının kompleksinin tərkibinə daxil olan qeyriyaşayış sahəsinin müqavilə əsasında haqqı ödənilməklə ona verilməsini məhkəmə və inzibati orqan qanunsuz hesab etmişdir. Lakin qanunsuz əməlin araşdırılması və hüquqi tədbirlərin görülməsi istiqamətində heç bir tədbir görməmişdir. Müvafiq sənədlər məhkəməyə təqdim olunmasına və iddia tələbi üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. İstismara icazə sənədində olmayan əmlak üzrə müqavilənin bağlanması əsasları məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa, hüquqlarına bu və digər qaydada təsir edən “Babək-94” MKM şirkəti məhkəmə prosesinə cəlb olunmamışdır. Halbuki, məhkəmənin gəldiyi nəticəyə əsasən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin "Babək-94” MKM şirkəti tərəfindən qanunsuz verildiyi qənaətinə gəlməsinə baxmayaraq, faktiki cinayət əməli olduğu halda bununla bağlı hər hansı tədbir görməmiş və qərarda bunu əsaslandırmamışdır. Bu hallarla bağlı məhkəmə prosesində hakimin diqqətinə çatdırılmış, lakin əhəmiyyət verilməmişdir. Beləliklə, məhkəmə qərarını əsaslandırarkən iş materiallarına əlavə olunmuş arayışı, müqaviləni, yaşayış kompleksinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş eskiz layihəsinin və digər sənədləri sübut növü kimi qiymətləndirməmiş, faktiki şərtlərin mövcudluğunu diqqətə almamış və əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2024cü il tarixli, 2-1(112)-389/2024 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: -Müqavilədən görünür ki, iddiaçı və “Babək-94” MKM arasında bağlanılmış müqavilə əsasında iddianın predmeti olan qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verilmişdir. -Maliyyə arayışından görünür ki, həmin əmlakın dəyəri iddiaçı tərəfindən ödənilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, iddia olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi tikili binanın istismara icazə sənədində öz əksini tapmamışdır. -İstismara icazə sənədindən görünür ki, binanın ümumi sahəsi 53127,0 kv.m olmaqla 7925,0 kv.m hissədə qeyri-yaşayış sahəsidir. Qeyri-yaşayış sahəsinə zirzəmi, 1-ci mərtəbəsinin 3 və 4-cü girişlərdə 2 səviyyəli sahə aiddir. -Mütəxəssis rəyində qeyd edilmişdir ki, tikili çoxmərtəbəli yaşayış binasının həyətində tikilən 1 mərtəbəli mansard mərtəbəli ayrı, əlavə torpaq sahəsində tikilidir. 1-ci mərtəbənin qalan hissəsi və mansard şifahi məlumata əsasən digər şəxsə məxsusdur. Sahə faktiki olaraq 112,0 kv.m təşkil edir. Tikili istismara icazə sənədində öz əksini tapmamışdır. Sahədə bir daxili divar faktiki olaraq sökülmüşdür. Ekspert rəyində də həmin hallar öz təsdiqini tapmışdır. Cavabdehin imtinasını qanuni hesab edən məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi mənzil-tikinti kooperativi binasında qeyri-yaşayış sahəsi və ya yaşayış sahəsinə münasibətdə müqavilə, protokoldan çıxarış pay haqqı tam ödənildiyi təqdirdə hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. Lakin, hazırkı iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanılan müqavilə və maliyyə arayışı binanın istismara icazə sənədində nəzərdə tutulmayan, başqa sözlə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımı icazə və rəylər alınmayan əlavə torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə aid olmuş, iddiaçı binanın istismara icazə sənədində nəzərdə tutulmayan tikiliyə dair müqavilə bağlamış, maliyyə ödənişlərini həyata keçirmişdir. Halbuki, yuxarıda göstərilən normaların tələbindən də göründüyü kimi istər 2013-cü il yanvarın 1-dən sonra, istərsə də əvvəl inşa edilmiş qeyri-yaşayış sahələri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti obyektinin istismarına icazə sənədi mütləq qaydada mövcud olmalıdır. Hazırda iddia olunan qeyri-yaşayış sahəsi isə istismara qəbul edilmiş binanın həyətində əlavə torpaq sahəsində inşa edilmiş, həmin tikili istismara icazə sənədində mövcud olmamasına baxmayaraq iddiaçıya satılmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1414/2020 saylı oxşar iş üzrə qəbul etdiyi 06 avqust 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “qanunverciliklə mansarda mərtəbəsinin yaşayış sahəsi kimi istifadə edilməsi üçün heç bir qadağa nəzərdə tutulmamışdır. Apellyasiya instansiya məhkəməsi isə göstərilən normanı nəzərə almamış, mansarda mərtəbəsini mənzil kimi qiymətləndirməmiş, lakin bu mövqeyini əsaslandırmamışdır. Beləliklə, iş üzrə araşdırılmalı olan hal – MTK üzvü kimi iddiaçıya ayrılmış sahənin Aktda qeyd olunan mənzillərin tərkibinə daxil edilib-edilməməsidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1ci maddəsinə əsasən, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi ünvan 2 ünvanında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.metr mansarda sahəsinin sözügedən binanın təsdiqlənmiş eskiz layihəsində yaşayış sahəsi kimi nəzərə alınıbalınmadığını müəyyən etməli, nəticədən asılı olaraq əsaslı qərar qəbul etməlidir”. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia olunan əmlak mansardla bağlı olmasa da, qeyri-yaşayış sahəsinin istismara icazə və layihə sənədlərində nəzərdə tutulub-tutulmamasına münasibətdə qiymətləndirmə aparılmasının zəruriliyi baxımından yuxarıda adıçəkilən qərar üzrə müəyyən edilmiş hüquqi mövqe nəzərə alınmalıdır. Hazırkı iş üzrə də mötəbərliyi şübhə doğurmayan mütəxəssis və ekspert rəyindən görünür ki, iddia olunan tikili binanın istismara icazə sənədində olan qeyri-yaşayış sahələrinə daxil olmamış, əlavə torpaq sahəsində inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2-1(112)-389/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar