Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1968/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4277/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC barəsində çıxarılmış xx.xx.2021-ci il tarixli **********150747 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “BƏRPA-TİKİNTİ" MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. “BƏRPA-TİKİNTİ" MMC faktiki olaraq digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı MMC-də 2004-cü ildən halhazırkı vaxta kimi MMC-in sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müəssisədə sonuncu mubasiləndirilən səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması iyun 2017 - may 2020-ci illəri əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin bütün yuxarıdakılara baxmayaraq, xx.xx.2021-ci il tarixdə № **********138368 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, bu aktın əsasında xx.xx.2021-ci il tarixli № **********150747 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Yoxlama dövrünə 2019-cu il üçün 591.585,35 AZN (beş yüz doxsan bir min beş yüz səksən beş manat, 35 q.) mənfəət vergisi və 2019-2020-ci illər üçün 129.219 AZN (yüz iyirini doqquz min iki yüz on doqquz manat, 00 q.) əlavə dəyər vergisi, 2019- 2020-ci illərə 329.157,36 AZN (üç yüz iyirmi doqquz min yüz əlli yeddi manat, 36 q) ödəmə mənbəyində tutulan vergi, 2020-ci il üçün 450.467,91 AZN (dörd yüz əlli min dörd yüz altmış yeddi manat, 91 q) muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə, ümumilikdə 1.510.526,93 AZN (bir milyon beş yüz on min beş yüz iyirmi altı manat, 93 q.) və bütün bunlara müvafiq 756.952,48 AZN (yeddi yüz əlli altı min doqquz yüz əlli iki manat, 48 q.) maliyyə sanksiyası hesablanmışdır. Əslində isə müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirsək, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəriciləri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları səyyar vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri-obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergiləri azadılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. "BƏRPA- TİKİNTİ'' MMC-də iyun 2017- may 2020-ci il tarixədək dövrü əhatə edən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri xx.xx.2021-ci il tarixli **********138368 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi "xxxx" MMC-yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlamanın aparılma müddətinə da nəzər salsaq bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni göründüyü kimi 13 ay ərizində səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının iddiaçının məntiqinə əsasən hesablamaları guya elektron fayllarda olan məlumatlarla aparılmışdır. Bu məlumatlardan iddiaçının xəbəri olmamışdır, mövcudluğundan məlumatsızdır. Belə ki, bütün sənədlər vergi orqanına təqdim olunmuşdur. Əgər təqdim olunmazdırsa, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə tərtib olunmamışdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********150747 saylı qərar xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 tərəfindən imzalanaraq qəbul edilmişdir. Elektron məhkəmə sistemi portalından əldə edilmiş məlumata əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə əldə etdiyi inzibati aktı xx.xx.2021-ci il tarixdə mübahisələndirmişdir. Bununla da iddiaçı İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində təsbit edilmiş 30 gün olan inzibati aktın mübahisələndirməsi müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın hansı hallarda mümkün sayılması, məhkəmələr tərəfindən mümkünlük məsələsinə baxlarkən diqqət yetirilməsi xüsusatlar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında aydın şəkildə göstərilmişdir. Qeyd olunan qərarda 2.3-cü bəndində məhkəmələrin mümkünlüklə bağlı yoxlamalı olduğu hallar sadalanarkən göstərilir ki, həmçinin məhkəmələr İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd olunur ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarından göründüyü kimi işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməlidirlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Əlavə olaraq hesablamanın əsası ilə bağlı bildirilir ki, Vergi orqanının xx.xx.2020-ci il tarixli-**********137922 nömrəli qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2021-ci il tarixli **********138368 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin səyyar vergi yoxlaması aktını imzalamaqdan imtina etdiyini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 iyul 2020-ci il tarixli **********653500 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə yoxlama materialları baxılmaq və müvafiq rəyin verilməsi üçün Vergi auditi baş idarəsinə göndərilmişdir. Vergi auditi baş idarəsi Hüquq baş idarəsi ilə birgə xx.xx.2021-ci il tarixli **********493100 nömrəli İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair” rəy hazırlamış və həmin rəyə əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********150747 nömrəli Qərar qəbul etmişdir. Həmin qərar xx.xx.2021-ci il tarixində vergi ödəyicisinə təqdim olunmuş, vergi ödəyicisi qərarla tanış olmuş, lakin onu imzalamaqdan imtina etmişdir. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar bildirilmişdir ki, vergi ödəyicisi yoxlanılan dövr ərzində Bakı şəhərinin Yasamal, Nəsimi rayonlarında yerləşən müxtəlif binaların fasad və həyətlərində təmir-tikinti işləri ilə məşğul olmuş, Qazax rayonu ərazisində isə yeni hərbi hissə kompleksinin əsaslı tikintisini həyata keçirmişdir. Vergi ödəyicisinə hesablanmış vergilərin məbləği aşağıdaki kimi olmuşdur: Mənfəət vergisi üzrə: 2017 və 2018-ci illər üzrə vergi ödəyici mənfəət vergi üzrə bəyannamə təqdim etməmişdir. 2019-cu ildə vergi ödəyicisinin gəlirləri 0,0 manat, ümumi gəlirdən çıxılmalar 498 765,62 manat, çıxılmalardan sonra ümumi gəlir - 498 756,62 manat, xərcləri isə 3 220 721,64 manat (Əmək haqqı xərcləri- 8200 manat, Sosial sığorta haqları 1845 manat, Bank xidməti üzrə xərclər- 254 231,23 manat, Borca görə faizlər- 2 954 789,54 manat, Digər xərclər- 1655,87 manat) olmuş, nəticədə 2019-cu ili vergi ödəyicisi 3 719 478,26 manat zərərlə başa vurması ilə bağlı bəyannamə təqdim etmişdir. Vergi ödəyicisinin 2019-cu il üzrə gəliri təqdim etdiyi elektron qaimə fakturalarına əsasən 17 747 560,6 manat götürülmüşdür. Vergi ödəyicisi yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada xərcləri (gəlirlərin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin birbaşa vəzifələrinə aid edilmişdir. Qeyd olunanları nəzərə alaraq mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli "Vergi ödəyicisnin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarının təsdiq edilməsi barədə" Qərarına əsasən hesablanmışdır. Bununla da cəmiyyətin 2019-ci illər üzrə mənfəəti 2 957 926,77 manat, mənfəət vergisinin isə 591 585,35 (2 957 926,77*20%= 591 585,35) manat olduğu müəyyən edilmişdir. Beləliklə, azaldılmış 591 585,35 manat vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 295 792,68 manat maliyyə sanksiyası hesablanmışdır. Əlavə dəyər vergisi üzrə: Yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən bəyan edilmiş ƏDV-siz dövriyyə 25 531 649,7 manat, ƏDV məbləği 4 595 696,9 manat, əvəzləşdirilən ƏDV 3 053 182,9 (idxalda ödənilən ƏDV məbləği nəzərə alınmaqla), nəticədə dövlət büdcəsinə hesablanan ƏDV məbləği 1 542 511 manat olmuşdur. Aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinin ƏDV-siz dövriyyəsinin 25 131 370,9 manat, ƏDV məbləğinin 4 523 646,8 manat, əvəzləşdirilən ƏDV məbləğinin 2 985 036,1 manat (idxalda ödənilən ƏDV nəzərə alınmaqla), nəticədə dövlət büdcəsinə çatası ƏDV məbləğinin 1 538 610,7 manat olduğu müəyyən edildi. Belə ki, 3 902,46 manat artıq hesablama müəyyən edilmiş, vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla 64 609,53 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, vergi ödəyicisi 2019-cu il avqust ayında əldə etdiyi tütün və alkoqollu malları satışında əks etdirmədiyi, həmçinin yoxlama dövrünün sonunda bu mallar anbarında mövcud olmadığına görə (Vergi orqanına təqdim etdiyi izahata əsasən) Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 350000 manat məbləğində mallara ƏDV hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2020-ci ilin may ayına aid edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlanılan dövr ərzində vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan Çinin Xalq Respublikasının Honkonq şəhərində təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə əldə edilmiş mallara görə 2019-cu ilin 4-cü rübü üzrə 177 256,62 manat, 2020-ci ilin 1-rübü üzrə isə 662 349,19 manat ödəniş həyata keçirildiyi üçün həmin məbləğlərə Vergi Məcəlləsinin 13.2.16.14-1 və 125.1.9-cu maddəsinə əsasən müvafiq olaraq 2019-cu ilin 4-cü rübü üzrə 17 725,66 manat, 2020-ci ilin 1- rübü üzrə isə 66234,92 manat ödəmə mənbəyində vergi, azaldılmış məbləğlərə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 8862,83 manat və 33117,46 manat maliyyə sanksiyaları hesablanmışdır. Bundan başqa, tikinti sahəsində görülmüş tikinti- quraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsinin (əmək tutumunun) müəyyənləşdirilməsi zərurəti yarandığından Vergi Məcəlləsinin 23 və 45-ci maddələrinə əsasən Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********142835 nömrəli Qərar əsasında mütəxəssis dəvət edilmişdir. Mütəxəssis kimi "xxxx" MMC-nin mütəxəssisi X3 dəvət olunmuş və "xxxx" tərəfindən xx.xx.2021-ci il tarixində MB 13/1310 nömrəli rəy vergi orqanına təqdim olunmuşdur. Təqdim olunmuş rəy əsasında Vergi Məcəlləsinin 92,150 və 101.1-3-cü maddələrinə əsasən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin gördüyü işlərə görə 245.196,78 manat ödəmə mənbəyində tutulan vergi, azaldılmış vergi məbləğinə isə 122.598,39 manat maliyyə sanksiyası hesablanmışdır. Məcburi dövlət sosial sığorta haqları üzrə: 2019-cu ilin 4-cü rübü üzrə məcburi dövlət sosial sığorta haqqı bəyannaməsi vergi orqanına təqdim edilməmiş və vergi ödəyicisi tərəfindən əldə olunan sənədlər əsasında "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən 2019-cu ilin 4cü rübü üzrə 10 097,25 manat məbləğ vergi uçot bazasına işləndi. 2019-cu ilin 4-cü rübü üzrə 10 097,25 manat azaldılmış məcburi dövlət sosial sığorta haqqı məbləğinə 5048,63 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, 2020-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı barədə bəyannamələr vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilməmişdir. Vergi ödəyicisindən əldə olunan sənədlər əsasında həmin dövr üzrə "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən 12616,53 manat məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sosial sığorta haqqı vergi uçot bazasına işləndi. 2020-ci ilin 1-ci rübü üzrə azaldılmış 12 616,53 manat məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı məbləğinə 6308,27 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, tikinti sahəsində görülmüş tikinti-quraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsinin (əmək tutumunun) müəyyənləşdirilməsi zərurəti yarandığından Vergi Məcəlləsinin 23 və 45-ci maddələrinə əsasən Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********142835 nömrəli Qərar əsasında mütəxəssis dəvət edilmişdir. Təqdim olunmuş mütəxəssis rəyi əsasında vergi ödəyicisinin vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin gördüyü işlərə "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən 437 851,39 manat məcburi dövlət sosial sığorta haqqı məbləği hesablanmış, azaldılmış həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 218 925,69 manat maliyyə sanksiyası hesablanmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4277/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia qismən təmin edilmiş, iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********150747 nömrəli qərarın 591.585,35 manat məbləğində mənfəət vergisinin, 83.960,58 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 10.097,25 manat məbləğində MDSS (muzdla işləyənləri işə götürən sığorta edənlər) və bu hesablamalara tətbiq edilmiş maliyyə sanksiyaları hissələri istisna olmaqla qalan hissədə ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4277/2022 nömrəli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə oxşar məzmunda tərtib edilmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarının ilk əsası kimi bildirir ki, səyyar vergi yoxlaması zamanı dəvət edilmiş mütəxəssisin əmək tutumunun müəyyən edilməsi sahəsində mütəxəssis olmadığı müəyyən edilir. Məhkəmə həmçinin qeyd etmişdir ki, "xxxx" MMC-nin rəyində aparılmış hesablamalar nəticəsində əldə olunmuş rəqəmlərin hansı əsaslarla, hansı mənbələrdən və xüsusən də qiymətlərin hansı mənbələrdən və necə əldə edildiyi ümumiyyətlə göstərilməmişdir. Qeyd olunmalıdır ki, mütəxəssis tərəfindən rəy, o cümlədən iddiaçı tərəfindən təmir- tikinti işlərinin müəyyən dövr üzrə yerinə yetirilmiş işlərin qəbulu aktları (Forma 2) əsasında tərtib edilib. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sifarişi ilə “BƏRPA-TİKİNTİ" MMC tərəfindən tikinti sahəsində (dövrdə) yerinə yetirilmiş təmir-quraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsinin müəyyən edilməsi sualı qoyulmuşdur. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən iddiaçı "xxxx" MMC sifarişçi "xxxx" MMC üçün müxtəlif ərazilərdə yenidənqurma, bərpa və abadlıq işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş, "xxxx" MMC isə müvafiq işlərin müqabilində iddiaçıya “İşlərə dair təhvil-təslim aktları” (Forma 2) əsasında müəyyən edilən muzd ödəyir. Təqdim edilmiş “Yerinə yetirilmiş tikinti, təmir və bərpa işlərinin qəbul akt”-larına əsasən ünvan 1 ünvanında yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ümumilikdə ƏDV-siz 57.821,46 manat dəyərində, ünvan 2 ünvanında yerləşən binanın fasad və həyətində aparılan təmir- bərpa işləri üzrə ƏDV-siz 35.762,27 manat dəyərində, Bakı şəhəri, Yasamal rayonu, Nizami küç. 43 və Z.Palan 8-10 küçələrin kəsişməsində yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDV-siz 96.814,44 manat dəyərində, Bakı şəhəri, Yasamal rayonu, Z.Palan 12 və S.Tağızadə 74 küçələrin kəsişməsində yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDV-siz 50.878,91 manat dəyərində, Bakı şəhəri, Yasamal rayonu, Nizami küç. 42, Z.Palan 5 və N.Rəfibəyli 29 küçələrin kəsişməsində yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDV-siz 446.913,19 manat dəyərində, Bakı şəhəri, Yasamal rayonu, Nizami küç.39 ünvanında yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDV-siz 4483,02 manat dəyərində, ünvan 4 ünvanında yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDV-siz 38.662,4 manat dəyərində, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. 63-69 və Ş.Əzizbəyov küç., 156 küçələrin kəsişməsində yerləşən binanın fasad və həyətində aparılan təmirbərpa işləri üzrə ƏDV-siz 255.765,41 manat dəyərində, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. 50-58 və Ş.Əzizbəyov küç. küçələrin kəsişməsində yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDV-siz 203.572,74 manat dəyərində, “Yerinə yetirilmiş əsaslı tikinti işlərinin qəbul” aktlarına əsasən Qazax rayonu ərazisində yeni hərbi hissə kompleksinin əsaslı tikintisi üzrə ƏDV-siz 8.691.408,52 manat dəyərində iddiaçı tərəfindən işlər görülmüşdür. Mütəxəssis tərəfindən də müvafiq təhlil və araşdırma aparılaraq qeyd edilən işlərin əmək tutumu müəyyən edilmişdir. Hətta əgər məhkəmə səyyar vergi yoxlaması zamanı tərtib edilmiş rəyə şübhə ilə yanaşırdısa, məhkəmə "xxxx" MMC tərəfindən görülmüş işlərin tərkibində olan işçi sərfiyyatının müəyyən edilməsi istiqamətində araşdırma apara bilərdi, çünki bu həcmdə işlərin görülməsi üçün hər bir halda iddiaçı tərəfindən müvafiq işçi qüvvəsi cəlb edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamələr təqdim edilməmişdir. Məhkəmə həmçinin bildirmişdir ki, mütəxəssis tərəfindən verilmiş rəy yalnız o halda mötəbər hesab edilə bilərdi ki, həmin məlumatlar rəsmi və ya əlaqəli məlumatlarla məcmu halında təsdiq edilmiş olardı. Məsələn, səyyar vergi yoxlaması aktında qeyd olunan iddiaçıya xidmət göstərmiş şəxslərlə bağlanmış müqavilə, həmin şəxslərlə əlaqədar hər hansı rəsmi sənəd, məlumat yoxlama materiallarına əlavə edilmiş olardı. Bununla bağlı bildirilməlidir ki, iddiaçıdan bütün müvafiq sənədlər tələb edilmiş, lakin iddiaçı tərəfindən sənədlər tam şəkildə təqdim edilməmişdir. Hətta sənədlərin götürülməsi barədə iddia ərizəsi ilə də cavabdeh tərəfindən məhkəməyə müraciət edilmişdir. Yəni, müvafiq sənədlərin mövcud olmaması məhz vergi ödəyicisi tərəfindən mühasibat uçotunun qanunamüvafiq qaydada aparmaması, sənədlərin təqdim edilməməsi olmuşdur. Məhkəmə qərarının digər əsası isə xx.xx.2022-ci il tarixli ekspert rəyi olmuşdur. Mal qalığına görə ƏDV hesablaması ilə bağlı ekspert qeyd etmişdir ki: “Qeyd edilir ki, xx.xx.2021-ci il tarixli, **********138368 saylı səyyar vergi yoxlaması aktında, yuxarıda da göstərildiyi kimi, inventarizasiya keçirilməməsi qeyd edilmişdir. Halbuki, mal qalığın müəyyən edilməsi zamanı baxış keçirilməli və inventarizasiya aparılmalı idi.”. Məhkəmə tərəfindən də qeyd edilənlər qəbul edilmişdir. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və ya kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq vergi orqanının hüquqlarına aid edilmişdir. Vergi orqanı tərəfindən ona verilmiş hər hansı hüquqdan istifadə etməməsi qanunsuz sayıla bilməz. ƏDV ilə bağlı ekspert bildirmişdir ki: “Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən vergi ödəyicisi tərəfindən vergi tutulan əməliyyatların vaxtının Vergi Məcəlləsinin 166-cı maddəsinə zidd aparılması müəyyən edilmədi.”. Göründüyü kimi, bu istiqamətdə ekspert tərəfindən hansı araşdırmanın aparılması, ekspert tərəfindən nəyə əsasən bu nəticəyə gəlməsi qeyd edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 101.6-cı maddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin və iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərindən biri iddianın mümkün olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bununla bağlı mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın iddiaçının elektron kabinetinə göndərməklə həmin qərarın xx.xx.2021-ci il tarixdə iddiaçıya çatdırılmasını iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanılması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. İşin mahiyyəti ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, səyyar vergi yoxlaması materiallarına əsasən yoxlama zamanı vergi orqanının “mütəxəssis dəvət olunması haqqında” xx.xx.2020-ci il tarixli **********142835 nömrəli qərarı qəbul edilmiş və onun qarşısında tikinti sahəsində görülmüş tikinti-quraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsini müəyyən etmək sualı qoyulmuşdur. Qeyd edilən qərar əsasında, eləcə də təyin edilmiş suala uyğun olaraq "xxxx" MMC-nin mütəxəssisi X3 rəy verilməsi üçün yoxlamaya dəvət olunmuşdur. Daha sonra zərurət qalmadığı üçün mütəxəssis yalnız görülən işlərdə əmək tutumunun müəyyən edilməsi sualı üzrə tədqiqat aparmış və təqdim etdiyi rəy də sonuncu sualla bağlı olmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, iş materiallarına yoxlamaya mütəxəssis kimi dəvət olunmuş F.N.İbrahimovun peşəkarlığını təsdiq edən Sertifikatlar əlavə edilmişdir. Həmin Sertifikatlara əsasən F.İbrahimovun istər tikinti sahəsində görülmüş tikinti-quraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsini müəyyən edilməsi sahəsində, istərsə də görülən işlərdə əmək tutumunun müəyyən edilməsi sahəsində mütəxəssis olmadığı müəyyən edilir. Belə ki, qeyd edilən Sertifikatların daşınmaz və daşınar əmlakın girov məqsədi ilə qiymətləndirilməsi sahəsi üzrə nəzərdə tutulduğu müəyyən edilir. Eyni zamanda, "xxxx" LTD MMC-nin rəyində aparılmış hesablamalar nəticəsində əldə olunmuş rəqəmlərin hansı əsaslarla, hansı mənbələrdən və xüsusən də qiymətlərin hansı mənbələrdən və necə əldə edilməsi ümumiyyətlə göstərilməmişdir. Göründüyü kimi rəy həmin sahə üzrə mütəxəssis hesab edilməyən şəxs tərəfindən və mənbəyi məlum olmayan məlumatlara istinad edilməklə verilmişdir ki, bu halda həmin rəy mötəbər hesab oluna bilməz. İddiaçı tərəfindən görülmüş və əlavə vergilərin və icbari ödənişlərin hesablanması üçün əsas olmuş tikinti işlərində əmək tutumunun müəyyən edilməsi üçün həmin tikinti işlərinə bilavasitə yerində baxış keçirilmədən həminn işlərə görə əmək tutumunun müəyyən edilməsi qeyri-mümkündür. Lakin iş materiallarında mütəxəssis tərəfindən həmin tikinti işlərinə baxış keçirilməsi və baxışın nəticəsinə dair sənəd (akt, protokol, foto və video görüntü və s.) mövcud olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq mütəxəssisin tikinti işləri ilə tanış olmadığı qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən "xxxx" LTD MMC tərəfindən verilmiş rəy mötəbər hesab olunmadığından onun əsasında iddiaçıya hesablanmış vergilər və digər icbari ödənişlər də düzgün və əsaslandırılmış hesab oluna bilməz. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçıya hesablanmış vergilərin düzgün olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə, eləcə də bu sahə üzrə xüsusi bilik tələb olunduğundan məhkəmə-mühasibatlıq ekpertizasını təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4126 №li xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, səyyar vergi yoxlaması ilə hesablanmış ƏDV-nin, ÖMV-nin (83960,58 manat məbləğ istisna olmaqla), muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının düzgünlüyü müəyyən olunmadı. Ekspert rəyinin ƏDV ilə bağlı tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, səyyar vergi yoxlaması zamanı inventarizasiya aparılmadan, baxış keçirilmədən mal qalığına görə vergi ödəyicisinə ƏDV hesablanmışdır. Halbuki, mal qalığının müəyyən edilməsi zamanı inventarizasiya aparılmalı və baxış keçirilməli idi. Həmçinin rəydə qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən vergi ödəyicisi tərəfindən vergi tutulan əməliyyatların vaxtının Vergi Məcəlləsinin 166-cı maddəsinə zidd aparılması müəyyən edilmədi. Ekspert rəyinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının və ödəmə mənbəyində vergi ilə bağlı (83960,58 manat məbləğ istisna olmaqla) tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, müəssisə tərəfindən VÖEN təqdim etməyən fiziki şəxslərə göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə hər hansı ödəniş sənədi və onlarla bağlanmış müqavilə iş materiallarında mövcud deyil. Həmçinin, Vergi Məcəlləsində ödəmə mənbəyində verginin səyyar vergi yoxlaması aktında göstərilən üsulla hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq səyyar vergi yoxlaması ilə hesablanmış 591.585,35 manat məbləğində mənfəət verigisinin, Vergi Məcəlləsinin 13.2.16.14-1 ci və 125.1.9-cu maddələrinə əsasən hesablanmış 83.960,58 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 10.097,25 manat məbləğində MDSS- muzdla işləyənləri işə götürən sığorta edənlər üzrə hesablamanın silinməsi hissəsində iddiaçı tərəfindən təqdim edilmiş dəlillərin yetərli olmadığı, bu hissədə hesablanmış əlavə məbləğlərin ləğv edilməsi üçün əsasların müəyyən edilmədiyi və buna görə də iddia tələbinin qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmin Məcəllənin 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Həmçinin, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. “Sosial sığorta haqqında” Qanunun 9-cu maddəsinə görə sığortaçının hüquqları aşağıdakılardır: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; ...... Maddə
14. Məcburi dövlət sosial sığorta haqqı 14.3 bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: - 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; - 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. ..... Maddə 21. Məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyaları (30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 21-ci maddə ləğv edilmişdir.) Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdirlər: sığortaedənlərin (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) məcburi dövlət sosial sığortası üzrə uçota durma qaydalarını pozmalarına görə, o cümlədən uçota durmadıqda həmin dövr ərzində hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə, — sosial sığorta haqqının 5 faizi məbləğində, hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, iyirmi iki manat miqdarında; sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərinin vaxtında təqdim edilməməsinə görə — hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində, hesabat dövrü üçün hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, qırx dörd manat miqdarında cərimə; sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə — azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə; sığortaedənlərin məcburi dövlət sosial sığorta vəsaitləri hesabına artıq sosial sığorta ödəməsi verilməsinə görə — artıq verilmiş məbləğ bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə; sığortaedənlərin məcburi dövlət sosial sığorta haqlarının başqa məqsədlər üçün istifadə edilməsinə görə — sərf olunmuş vəsaitlərin 50 faizi məbləğində cərimə; mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin əməyin ödənilməsinin ölkə üzrə müəyyən edilmiş minimum məbləğindən az əmək haqqı ödənilməsinə görə — faktiki ödənilən əmək haqqı ilə minimum əmək haqqı arasındakı fərqin 50 faizi məbləğində cərimə; mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin işçilərinin sayının gizlədilməsinə görə (əmək müqaviləsi (kontraktı) olmadan işləyənlər olduqda və ya əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi halda hesabatdan gizlədildikdə) hər işçiyə görə - sığorta edənin fəaliyyət dövrünün hər ayı üçün əlli beş manat miqdarında cərimə; məcburi dövlət sosial sığorta haqları əmək haqqı ödənişləri ilə eyni vaxtda həyata keçirilmədiyi halda, habelə məcburi dövlət sosial sığorta haqqı üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə uyğun tutulmasına dair məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamlarını icra etmədiyinə görə, eləcə də hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının aparılması qanunvericiliyə uyğun olaraq dayandırıldığı müddətdə köçürmə əməliyyatı apardığına görə - kredit təşkilatlarına ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin 10 faizi miqdarında bank və ya digər kredit təşkilatlarına cərimə; bu Qanunun 14-cü maddəsi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsinə dair bildirişdə göstərilən müddət bitdiyi tarixdən sığortaedən tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda—aparılmış məxaric əməliyyatlarının 10 faizi miqdarında; məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat olmadan sığortaedənlərə (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) hesablaşma hesabı və ya digər hesablar açdığına görə—hər açılmış hesab üçün bank və ya digər kredit təşkilatlarına dörd yüz qırx manat məbləğində; sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə— gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya. Yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş məcburi dövlət sosial sığorta haqqına penya həmin məbləğin sığortaedənə hesablandığı gündən tətbiq edilir. Maliyyə sanksiyaları üzrə borclar bu Qanunun 14-cü maddəsinə uyğun olaraq tutulur. Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta qaydalarının bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4277/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə