Məhkəmə qərarları › İş №2-1(103)-1968/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1968/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1968/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “göstərişin ləğv edilməsi tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3080/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-1/2- 19615/2023 nömrəli göstəriş məktubunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Antiinhisar və İstehlak Bazarının Nəzarət Dövlət Xidmətinin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli 3-21- 1/2-19615/2023 tarixli uyğunluq sertifikatının ləğv edilməsi və müvafiq məlumatların təqdim edilməsi barədə göstərişi daxil olmuşdur. Bu cür qanunsuz və qərəzli göstəriş məktubları iddiaçının fəaliyyətinə ciddi xələl gətirir, ölkə iqtisadiyyatının inkişafına mane olur. “xx.xx.2021-ci il tarixində İddiaçı MMC AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi, məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşması üzrə orqanlara olan tələblər” standartına, “Akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanuna, texniki tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununa uyğun akkreditasiya olunmuş və MMC-yə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ tərəfindən AZ 02.0556.01.21 nömrəli akkreditasiya attestatı verilmişdir, Bundan əlavə, AR Dövlət Statistika Komitəsinin tərtib etdiyi Azərbaycan Respublikası Dövlət Təsnifatı, X2 (AZT 053- 2018) rəsmi nəşrinə uyğun 1154 növdə məhsul kodu üzrə akkreditasiya sahəsi tərtib olunmuşdur və uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququ verilmişdir. İki eyni motiv üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 3(005) -1223/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3(103)-564/2023 nömrəli qərarları inzibati işə İddiaçı MMC-nin xeyrinə qərar verilərək xitam verilmişdir (İXM-nin 538- 1.2-ci maddəsi). "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasın qanunun əsas anlayışlarında akkreditasiya sahəsində AZS İSO/İEC 17065:2021 standartının 5-ci, 6-cı bəndlərinə uyğun olaraq müvafiq sahələr üzrə məhsul sertifikatlaşdırılmasına heç bir məhdudiyyət tətbiq edilməmişdir. “Standartlaşdırma haqqında” Qanunda fiziki və hüquqi şəxslərin standartlaşdırma üzrə sənədlərin rəsmi nəşrlərini milli standartlaşdırma qurumundan almaq, habelə bu tələbə əməl edilməsini təsdiq etmə vəzifəsi bilavasitə uyğunluğun qiymətləndirilməsi prosesinə aid edilmişdir. Uyğunluğu qiymətləndirən qurumun özünün akkreditasiyası zamanı onlar tərəfindən müvafiq sənədlərin rəsmi nəşrlərinin əldə olunması və bunun tədiq edilməsi isə Qanunda nəzərdə tutulmamışdır. AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasına olan tələblər” də “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunun, “Texniki tənzimləmələr haqqında” Azərbaycan Respublikasının Qanunun heç bir tələbində uyğunluğun qiymətləndirilməsi prosesi zamanı hər hansı bir standartın akkreditasiya sahəsinə əlavə olunması tələbi yoxdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3080/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edərək inzibati işə baxılması üçün yenidən həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmənin mümükünsüzlüklə bağlı qərardadı əsassız olmaqla, maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin məzmunundan görünür ki, cavabdehin iddiaçıya icra olunması üçün göndərmiş olduğu sənəd həmin inzibati orqanın publik hüququ sahəsinə aid olan səlahiyyətlərindən irəli gəlir, “Məcburi göstəriş” adı altında təqdim edilmiş həmin sənəd inzibati aktdır və İddiaçı MMC üçün konkret nəticələr yaradır. Lakin bütün bunları nəzərə almadan məhkəmə tərəfindən iddianın mümükünsüz hesab edilməsi ilə bağlı qərardad qəbul edilməsi bzim hüquqlarımızı pozur və dövlət orqanı ilə bərabər imkanları olmayan onun qarşısında zəif olan hüquqi şəxsin hüquqları pozulur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təsdiq edilmiş əsasnaməsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (bundan sonra - Xidmət) antiinhisar (rəqabət), dövlət satınalmaları, reklam və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində (bundan sonra – müvafiq sahələr) dövlət siyasətinin və dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır. Həmin əsasnamənin 3.0.31, 3.0.41, 3.0.44-cü bəndlərindən görünür ki, bu dövlət orqanı “Məcburi göstəriş” sənədi adı altında inzibati akt qəbul etmək səlahiyyəti vardır və bu hüquq onun publik hüquq sahəsinə aid səlahiyyətləridir.Digər tərəfdən bu kimi rəsmi sənəd Azərbaycan Respublikasında mövcud olan digər dövlət orqanları və ya fəaliyyət göstərən digər qurumlar tərəfindən verilə bilməz yalnız onlara aid edilmiş səlahiyyətdir…» Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş İPM-in 62-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Bağırov, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkünsüz sayılmasını əsaslı hesab edərək qərardadın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadında hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli göstəriş inzibati icraat çərçivəsində deyil, inzibati xətalar qanunvericiliyinin pozulması ilə bağlı olduğundan iddiaçının hazırkı tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi iə razılaşmır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəmsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İnzibati icraat haqqında hüquq normalarının qeyd olunan tələbləri nəzərə alınmaqla araşdırma aparıldıqda iş materiallarına əsasən işin mübahisələndirilən faktiki hallarına görə aşağıdaəlar müəyyən olunur. Cavabdeh orqanın işə əlavə olunmuş “Uyğunluq sertifikatının ləğv edilməsi və müvafiq məlumatların təqdim edilməsi barədə” Göstərişindən görünür ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsinjdə akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinə əsasən və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.44-cü yarımbəndini rəhbər tuturaq cavabdehdən aşağıdakılar tələb edilmişdir:

1. İddiaçı MMC tərəfindən qanunvriciliyin tələblərinə riayət edilmədən tərtib edilmiş 1 sayda uyğunluq sertifikatı (əlavə olunur) ləğv edilsin və bu barədə uyğunluq sertifikatı təqdim edilmiş qüruma məlumat verilsin.

2. İddiaçı MMC bu göstərişin yerinə yetirilməsi barədə yazılı məlumatı (təsdiqedici sənədlərin surətləri ilə birlikdə) 10 gün müddətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim etsin...” Göründüyü kimi, cavabdeh orqan xüsusi qanunvericiliklə ona verilmiş hakimiyyət səlahiyyətlərindən istifadə edərək, öz təşübbüsü ilə İddiaçı MMC barəsində başladığı inzibati icraat çərçivəsində iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul edərək, MMC tərəfindən tərtib olunmuş uyğunluq sertifikatını ləğv etmiş və bu barədə onun üzərinə sertifikatı təqdim edilmiş quruma məlumat vermək öhdəliyi qoymuşdur. Başqa sözlə, iddiaçı, cavabdehin gördyü hakimiyyət xarakterli tədbiri olaraq qəbul etdiyi inzibati akt sayəsində əlverişsiz vəziyyətə düşmüşdür. Belə ki, iddiaçının üçüncü şəxs barəsində qəbul etdiyi uyğunluq sertifikatını ləğv etmiş və onu, həmin göstərişin icra olunmayacağı təqdirdə, tərtib edilə biləcək müvafiq protokol əsasında qəbul edəcəyi inzibati xəta haqqında qərarı əsasında İXM-in 538-1.2-ci maddəsində nəzərdə tutulan cərimə tətbiq oluna biləcək səviyyəsində əlverişsiz vəziyyətə salmışdır. Belə olan halda, “İnzibati icraat haqqında” Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İPM-in 2.2.1-ci maddəsi isə nəzərədə tutur ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı da məhz, inzibati icraat və inzibati-prosessual qanunvericiliyin müəyyən etdiyi qaydalar çərçivəsində müəyyən olunan hüquqlarından istifadə edərək, cavabdeh tərəfindən barəsində qəbul edilmiş, onun üzərinə müəyyən vəzifələr qoyan həmin əlverişsiz inzibati aktın, yəni “Göstəriş”in mübahisələndirmə haqqında iddia vasitsilə, inzibati məhkəmə icraatı qaydasında ləğv edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati xətalara dair icraatın başlana biləcəyi an iddiaçı barəsində inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verdiyini təsbit edən protokolun tərtib edilməsi anından başlayır, hansının əsasnda ki, inzibati xəta haqqında protokol tərtib olunur. Qeyd olunanlar isə birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, iddiaçının tələbin qanunvericiliyin qeyd olunan tələbləri baxımından düzgün hüquqi qiymət verməyi bacarmamış, iddianın mümkün sayılmaması barədə işin hallarına, maddi və inzibati icraat və inzibati-prosessual qanunvericiliyin tələblərinə zidd qərardad qəbul etmişdir. Ona görə də, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu, maddi və prosesessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3080/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3080/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar