Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1968/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1498/2025 nömrəli, 08 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********519300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 97/0722/KAPÇ nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya təhvil verməyi, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1 nömrəli protokoluna qum və çınqıl məhsullarının qiymətləri razılaşdırılmış və hesablaşmalar həmin protokol əsasında aparılmışdır. Belə ki, "xxxx" MMC tərəfindən İddiaçı MTKya 5765 manat məbləğində xx.xx.2022-ci il tarixli elektron qaimə təqdim edilmiş və İddiaçı MTK tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları əsasında 5765 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2024-ciı il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********519300 nömrəli qərar qəbul etmişdir. Qərarda 2024-cü ilin mart ayı üçün 5765 manat vergi məbləği hesablandığı qeyd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBCA seriyalı 006026 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. "xxxx" MMC. xx.xx.2024-cii il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Halbuki iddiaçı "xxxx" MMC ilə 2022-ci il iyul ayında əməliyyat aparılmışdır. Göründüyü kimi iddiaçının apardığı bu əməliyyat riskli hesab edilə bilməz, çünki əməliyyat aparılan zaman həmin vergi ödəyicisinin reyestr məlumatlarına baxılmış və belə bir fakta rast gəlinməmişdir. Həmin vergi ödəyicisi aparılan əməliyyatdan sonra onlar riskli vergi ödəyicisi hesab edilmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2024-cü ilin mart ayı ƏDV bəyannaməsində vergi ödəyicisi tərəfindən 2022-ci ilin iyul ayı bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBCA seriyalı 006026 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 5765 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 5 765,0 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********542600 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024- cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 5765 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********519300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1498/2025 nömrəli, 08 yanvar 2025-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2024-cü ilin mart ayı ƏDV bəyannaməsində vergi ödəyicisi tərəfindən 2022-ci ilin iyul ayı bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBCA seriyalı 006026 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 5 765,0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 5 765,0 manat kənarlaşma yaranmışdır. Qeyd edilən vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********542600 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, cavabdeh tərəfindən vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 5 765,0 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********519300 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: ...12.1.2. vergitutma bazası;... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. (yoxlamanın aparıldığı anda qüvvədə olan redaksiya) Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2- 1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.4 Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır . 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: ...83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; ... 83.7 vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.
175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;. ... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin Meyarların 1.3-cü bəndində qeyd edilmişdir ki, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə görə VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarında olan İddiaçı MTK ilə "Kaspian-AZ” MMC (97/0722/KA-PÇ) arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, müqaviləyə əsasən “satıcı” “təhvil qəbul aktı”nda göstərilmiş və müəyyən edilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində həmi müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləğ satıcıya ödəəyi öhdəsinə götürmüş, müqaviləyə əlavə olunmuş qiymət razılaşdırılması protokoluna uyğun olaraq malların dəyəri, miqdarı, vahidinin qiyməti, ümumi məbləği qeyd olunmaqla 37792,76 manat dəyərində ümumi məbləğ müəyyən edilmişdir. EBCA seriyalı №006026 saylı, xx.xx.2022-ci il tarixli Elektron qaiməyə əsasən 37792.76 manat dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03 may 2024-cü il tarixli **********519300 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərardan görünür ki, 2024-cü ilin mart ayı üçün təqdim edilmiş ƏDV hesabatına əsasən 5765 manat əlavə vergi məbləği hesablanmışdır.. İddiaçı hazırki tələbində cavabdeh inzibati orqanın 03 may 2024-cü il tarixli **********519300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarını mübahisələndirir. Cavabdeh inzibati orqan tərəfindən qeyd edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar əsasında əlavə vergi məbləğləri hesablanmasına əsas iddiaçının qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC-nin riskli vergli ödəyicisi hesab olunması ilə bağlıdır. Kollegiya iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki,iddiaçı tərəfindən 2022-ci ilin aprel ayı üçün əvəzləşməyə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğuna görə həmin əməliyyatlar əvəzləşdirməyə əsas vermir, qeyd olunan elektron qaimə-fakturalar üzrə ƏDV məbləğləri vergi orqanı tərəfindən əvəzləşdirildiyi üçün həmin ay üzrə təqdim edilmiş bəyannamələr üzrə eyni məbləğlərdə kənarlaşma yaranmışdır. Yuxarıda sadalanan normaların təhlilindən aydın olur ki, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatların həyata keçirildiyi vergi orqanı tərəfindən sübuta yetirildikdə, həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab edilir və qeyd olunan əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən, vergi ödəyicisinin xərcləri Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən edilir. Normaların tələbindən göründüyü kimi, vergi orqanı ilk öncə vergi nəzarəti tədbiri zamanı vergi ödəyiciləri arasında baş tutmuş əməliyyatın əmtəəsiz əməliyyat olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini müəyyən etməli, daha sonra vergi ödəyicisinin malların alışı ilə bağlı xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməlidir. Kollegiya qeyd edir ki, cavabdeh vergi orqanı məhkəmənin bu mövqeyi ilə razılaşmamış, lakin məhkəmənin gəldiyi nəticəni nəyə görə düzgün hesab etmədiyi barədə apellyasiya şikayətində heç bir konkret dəlil irəli sürməmişdir. Vergi orqanı apellyasiya şikayətində yalnız iddiaçı tərəfindən əvəzləşmə üçün təqdim olunan elektron qaimə-fakturaların nömrə və seriyalarını ümumi şəkildə qeyd etməklə kifayətlənmiş, lakin həmin elektron qaimə- fakturalar üzrə aparılan əməliyyatların nəyə görə riskli (əmtəəsiz) əməliyyatlar hesab olunduğunu və əvəzləşməyə əsas vermədiyini qanunvericiliyə istinad edərək əsaslandırmamışdır. Hazırkı işin hallarından görünür ki, cavabdeh vergi orqanı İddiaçı MTK ilə "xxxx" MMC arasında baş tutmuş alqı-satqı əməliyyatının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə malları təqdim edən hüquqi şəxslərdə həmin malların alışına dair təsdiqedici sənədin olmadığını və həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsində bəyan edilmiş malların alışına dair 37792.76 manat məbləğində xərci qəbul etməkdən imtina etmişdir. Halbuki, iş materiallarından görünür ki, "xxxx" MMC İddiaçı MTK ilə ilə alqı-satqı əməliyyatlarını həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir ki, iddiaçı həmin hüquqi şəxsin riskli vergi ödəyicisi olduğunu bilə bilməzdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Göründüyü kimi iddiaçı "xxxx" MMC -dən mal alarkən həmin şəxs riskli vergi ödəyiciləri siyahısına daxil edilməmişdir. Buna görə də Vergi Məcəlləsinin 175.11-ci maddəsinə istinad olunaraq, həmin şəxslərlə aparılan əməliyyatlar üzrə verginin əvəzləşdirilməsindən imtina oluna bilməz. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixli, EBCA seriyalı 006026 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir Kollegiya həmçinin qeyd edir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Bundan başqa qeyd edilməlidir ki, vergi qanunvericiliyinə görə riskli vergi ödəyiciləri olan şəxslər barəsində digər vergi ödəyicilərini rəsmi qaydada xəbərdar etmək vergi orqanının vəzifəsidir. Lakin, iddiaçının adı qeyd olunan şəxsdən mal aldığı dövrlərdə həmin MMC-lərin "Riskli vergi ödəyicilərinin siyahısı" na daxil edilməsi barədə digər vergi ödəyicilərinə heç bir məlumat verilməmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, hətta hər hansı sahibkarlıq subyektinin riskli vergi ödəyicisi hesab edilməsi belə həmin sahibkarlıq subyektləri ilə alqı-satqı əməliyyatlarının aparılmasını qadağan etmir. Qanunvericilikdə belə bir qadağanedici norma mövcud deyildir. Buna görə də iddiaçının riskli vergi ödəyiciləri ilə alqı-satqı əməliyyatları apardığını əsas götürməklə qeyd olunan əməliyyatların hətta məhz bu səbəbdən əmtəəsiz əməliyyat hesab edilməsi yol verilməzdir. Məhkəmə kollegiyası həmçinin diqqət yetirir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli, 12 may 2023-cü il tarixli 2-1(102)-1058/2023 nömrəli və 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1234/2023 nömrəli Qərarları). Beləliklə, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərarlar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri hesablandığı müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarla ƏDV hesablanmasının əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1498/2025 nömrəli, 08 yanvar 2025-ci il qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev