Məhkəmə qərarları › İş №2-1(103)-1969/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1969/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1969/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi ilə (məruzəçi); Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR Təhsil Nazirliyinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)- 1208/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri X2 Xidməti Kolleci tərəfindən ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə verilmiş AZ seriyalı 005056 nömrəli Diplom blankının dövlət nümunəli olmaması əsası ilə diaqnostik qiymətləndirilmədə iştirakına mane olan hərəkətlərin qanunsuz sayılması, Diplomun dövlət nümunəli hesab olunaraq, onun ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakını təmin etmək barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri X2 Xidməti Kolleci tərəfindən ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə verilmiş AZ seriyalı 005056 nömrəli Diplom blankının dövlət nümunəli olmaması əsası ilə diaqnostik qiymətləndirmədə iştirakına mane olan hərəkətlərin qanunsuz sayılması, Diplomun dövlət nümunəli hesab olunaraq, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmada onun iştirakını təmin etmək barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-1208/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-1208/2021 saylı qərarının ləğv edilməsini, iddianın mümkün sayılmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı inzibati orqana yalnız müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılması ilə bağlı müraciət etmiş və inzibati orqan bundan imtina etmişdir. Lakin iddiaçı məhkəmə prosesində iddia tələbini dəqiqləşdirirək “Gəncə şəhər Məişət Xidməti Kolleci tərəfindən ümumitəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə verilmiş AZ seriyalı 005056 nömrəli diplomun dövlət nümunəli hesab olunaraq, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyələrinin və peşə yararlıqlarının yoxlanılması məqsədilə Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmada İddiaçı iştirakını təmin etmək vəzifəsi Təhsil Nazirliyinin üzərinə qoyulması barədə” tələb irəli sürmüşdür. İşə baxan məhkəmə iddia tələbi ilə bağlı iddiaçının inzibati orqana müraciətinin olub- olmamasını araşdırmamış (iddiaçıya məxsus diplomun dövlət nümunəli təhsil sənədinin hesab edilməməsi barədə qərarının mövcud olmasını, habelə iddiaçının sertifikatlaşdırılmaya buraxılması barədə inzibati orqana müraciəti və bununla bağlı inzibati orqan tərəfindən imtinanın mövcud olmasını) və bu tələblə bağlı iddianı təmin etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-1208/2021 saylı qərarının ləğv edilməsini, iddianın mümkün sayılmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-1208/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: – Azərbaycan Respublikası Təhsil Nazirliyi Salyan rayon Təhsil şöbəsinin 21 noyabr 2019-cu il tarixli, 546 saylı məktubunun surətindən görünür ki, vəkil sorğusuna baxılmış və cavab olaraq bildirilmişdir ki, İddiaçı 15.09.2008-ci il tarixdən rayonun Kolanı kənd ümumi orta məktəbində müəllim işləyir və diplom dövlət nümunəli sayılmadığından müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılmamışdır. –Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən 22.11.2019-cu il tarixdə Azərbaycan Respublikasının Təhsil Naziri cənab Ceyhun Bayramova üçvanlanmış 1485/M nömrəli ərizəyə əsasən iddiaçının vəkili cavabdehə müraciət edərək iddiaçıya Təhsil Nazirliyinin Gəncə şəhəri X2 hesablı Xidməti kolleci tərəfindən ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə verilmiş AZ seriyalı 00506 nömrəli diplomun dövlət nümunəli hesab olunaraq onun ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştiakının təmin edilməsini xahiş etmişdir. – Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 dekabr 2019-cu il tarixli, 09- 091577/10 saylı məktubundan görünür ki, Salyan rayonu Kolanı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi İddiaçı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakına şərait yaradılması barədə məktubuna baxılmış və cavab olaraq bildirilmişdir ki, mövcud qaydalara əsasən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədi dövlət nümunəli olan şəxslərin iştirakına icazə verilir.Gəncə şəhəri X2 Xidməti Kolleci tərəfindən İddiaçı adına yazılmış AZ seriyalı 005056 nömrəli təhsil haqqında sənəd dövlət nümunəli olmadığına görə onun diaqnostik qiymətləndirilmədə iştirakı mövcud qaydalara ziddir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual qanunvericiliyin tələblərini pozmaqla icraatına qəbul etdiyi iddia ərizəsi üzrə çıxardığı qərar qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də həmin qərar ləğv edilməklə iddia qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki işin materiallarından göründüyü kimi iddiaçı cavabdehə müraciət edədərk iddiaçının ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştiakının təmin edilməsini xahiş etmişdir. Cavabdehin imtinası da məhz iddiaçının diaqnostik qiymətləndirilmədə iştirakının mövcud qaydalara zidd olduğundan mümkün olmaması ilə bağlı olmuşdur. İddiaçı məhkəməyə müraciət edərkən həm cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri X2 Xidməti Kolleci tərəfindən ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə verilmiş AZ seriyalı 005056 nömrəli Diplom blankının dövlət nümunəli olmaması əsası ilə diaqnostik qiymətləndirmədə iştirakına mane olan hərəkətlərin qanunsuz sayılmasını, həm də diplomun dövlət nümunəli hesab olunaraq, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmada onun iştirakını təmin etmək barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Burada qeyd olunmalıdır ki, iddiaçının əvvəlki iddia ərizəsində iştirakının təmin edilməsini tələb etdiyi diaqnostik qiymətləndimə adlı tədbir Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”na əsasən təşkil olunmuş və artıq həyata keçirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 155 saylı 20.04.2020-ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq olunmuşur ki, burada müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru müəyyən edilmişdir. Həmin Qaydanan 2.1-ci bəndinə əsasən sertifikatlaşdırma Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.2-ci bəndinə müvafiq olaraq sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla 7 üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılır. Sertifikatlaşdırma Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir. Həmin Qaydanın 3.1-ci bəndinə görə, sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə bu Qaydanın əlavəsində nəzərdə tutulmuş formaya uyğun sertifikat verilir. Həmin Qaydann 4.3-cü bəndinə müvafiq olaraq sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 (beş) il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər. Hazırki iş üzrə müəyyən edilir ki, 1-ci instansiya məhkəməsinin qərarında iddiaçının sertifikatlaşdırmada iştirakınının təmin edilməsi vəzifəsi cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulsa da, Nazirklik tərəfindən yuxarıda sözügedən sertifikatlaşdırmanın nə vaxt və necə keçirilməsibarədə hər hansı qərər qəbul olunmamışdır. Eyni zamanda cavabdehin də həmin iddiaçının sertifikatlaşdırmada iştirakının təmin edilməsi tələblə bağlı imtinası olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi İPM-də nəzərdə tutulmuş mümkünlük şərtlərinə (iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, cavabdehin imtinasının olmaması) cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 87, 89-90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-1208/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh AR Təhsil Nazirliyinə qarşı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar