Məhkəmə qərarları › İş №2-1(103)-1969/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1969/2022

21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1969/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə yeni texniki pasportun verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3824/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik inşa etdiyi qeyri-yaşayış sahəsinin texniki göstəricilərinin **********09-06301 reyestr nömrəsi olan daşınmaz əmlakın texniki pasportuna əlavə edilməsi və yeni texniki pasport verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir (İPM m.34.1.) İddia aşağıdakılarla əsaslandırılmışdır: “...Daşınmaz əmlakın dövlət reyestrindən verilən MA seriyalı xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən qeyri-yaşayış binası (Muğan kafesi) iddiaçının xüsusi mülkiyyətindədir. Həmin qeyriyaşayış sahəsinə dair texniki pasport da tərtib edilmiş və obyektin texniki göstəriciləri qeyd edilmişdir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinə bitişik ərazidə yerləşən - Bakı şəhəri, Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində torpaq sahəsi, məişət xidməti məqsədilə yüngül konstruksiya ilə quraşdırmaq şərtilə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 227 saylı sərəncamı ilə vətəndaş X3 ayrılmışdır. Sərəncam əsasında həmin ünvanda kafe inşa edilməsi nəzərdə tutulmuş, bu məqsədlə tikiləcək kafenin eskiz layihəsi tərtib edilmişdir. Həmin eskiz layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi «Azərdövlətlayihə» DBLİ tərəfindən tərtib edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı ilə vət. X4 arasında bağlanılan “29 avqust 2013-cü il tarixli sərəncam üzrə hüquqların keçirilməsi (tələbin güzəşti) barədə” müqaviləyə əsasən həmin sərəncamdan irəli gələn hüquqlar və vəzifələr ona güzəşt edilmişdir. Həmin sərəncamdan irəli gələn hüquqlar əsasında iddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasına bitişik həmin ərazidə öz qüvvə və vəsaiti hesabına yüngül konstruksiyadan təyinatı qeyri-yaşayış olan tikili inşa etmişdir. Tikili təsdiq edilən layihəyə uyğun olaraq inşa edilmişdir. Tikili bir mərtəbədən ibarətdir, tikintialtı sahəsi 326,85 kv.m, sahəsi 298,35, hündürlüyü 4,1 metrdir. Tikili inşa edilib başa çatdıqdan sonra Nəsimi Rayon İcra Hakimiyyətinin 02 fevral 2018-ci il tarixli 15 saylı icazə sənədi ilə tikinti obyektinin istismarına icazə verilmişdir. Hazırda qeyri-yaşayış sahəsi istifadəsindədir. Lakin xx.xx.2010-cu il tarixli 227 saylı sərəncam əsasında inşa edilən həmin qeyriyaşayış sahəsi nə mülkiyyət hüququna dair reyestrdən çıxarışda, nə də texniki pasportda öz əksini tapmamışdır. Odur ki, həmin tikilinin əsas texniki göstəricilərinin - tikintialtı sahə, sahə, hündürlük və mərtəbəliliyinin texniki pasporta əlavə edilməsi zərurəti yaranmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 6-cı maddəsinə əsasən daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi daşınmaz əmlaka dair dövlət qeydiyyatı ilə bağlı yerinə yetirilən hərəkətlərdən biridir. Bu mənada iddiaçı hesab edir ki, xx.xx.2010-cu il tarixli 227 saylı sərəncam əsasında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik inşa edilən qeyri-yaşayış sahəsinin texniki göstəriciləri mövcud texniki pasporta əlavə edilməlidir. Odur ki, müvafiq ərizə ilə 09 oktyabr 2021-ci il tarixdə cavabdehə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik inşa etdiyi qeyri-yaşayış sahəsinin texniki göstəricilərinin **********09-06301 reyestr nömrəsi olan daşınmaz əmlakın texniki pasportuna əlavə edilməsini və yeni texniki pasport verilməsini xahiş etsə də, həmin müraciətinə cavab verilməmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş və bunun onunla əsaslandırmışdır ki, texniki baxış keçirilən zaman qeyri-yaşayış binasının Zorge parkının ərazisində inşa olunduğu aşkar olunmuş, həmçinin, təqdim edilən “Tikinti obyektinin istismarına” icazə sənədi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir və “Tikintiyə icazə” təqdim olunmamışdır. Bundan başqa, qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********38 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3824/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik inşa edilən qeyri-yaşayış sahəsinin texniki göstəricilərinin **********09-06301 reyestr nömrəsi olan daşınmaz əmlakın texniki pasportuna əlavə edilməsi və yeni texniki pasport verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur . Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanda yerləşən, ümumi sahəsi 223,4 kvm olan qeyri-yaşyış binasına bitişik sahəsi 326,99 kv.m olan qeyri-yaşayış binası inşa edilmişdir. Texniki baxış keçirilərkən qeyri-yaşayış binasının Zorge parkının ərazisində inşa olunduğu aşkar olunmuşdur. Həmçinin, təqdim edilən “Tikinti obyektinin istismarına” icazə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir və “Tikintiyə icazə” təqdim olunmamışdır. Bundan başqa, qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etirazını bildirərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayəti və iddia ərizəsinə etirazının üst-üstə düşən dəlillərindən göründüyü kimi, iddiaçıya yeni Texniki pasport verilməsindən imtina onunla əsaslandırılır ki, qeyri-yaşayış binası Zorge parkının ərazisində inşa olunmuş, həmçinin, təqdim edilən “Tikinti obyektinin istismarına” icazə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmiş və “Tikintiyə icazə” təqdim olunmamışdır. Bundan başqa, qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanda yerləşən ümumi sahəsi 223,4 kv m sahəsi olan qeyri-yaşayış binası (Muğan kafesi) xx.xx.2012-ci il tarixdə cavabdehin özü tərəfindən Texniki pasportu tərtib olunmuş və xx.xx.2012-ci il qeydiyyat tarixində İddiaçı həmin binaya xüsusi mülkiyyəti reyestrdə (No **********) qeydə alınaraq və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən MA ******* nömrəli çıxarış verilmişdir. Eyni zamanda, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı sonradan mülkiyyətində olan həmin qeyri-yaşayış binasına bitişik ərazidə, digər bir qeyri-yaşıyış sahəsini də əldə edərək mülkiyyətinə daxil etmişdir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 227 №-li sərəncamı ilə vət. X3, Bakı şəhəri, Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində məişət xidməti məqsədilə yüngül konstruksiya quraşdınlması icazə verilmişdir (Həmin konstrusiyanın memarlıq-planlaşdırma hissəsi Bakı şəhər Memarlıq və Şəhəsalma Baş İdarəsinin xx.xx.2010-cu il tarixli məktubu ilə razılaşdırılmışdır.) Bundan sonra, 29 avqust 2013-cü il tarixində notarial qaydada (Bakı 6-cı Notariat Kontoru) vət. X4 ilə həmin əriziyə bitişik ərazidə yerləşən “Muğan” kafesinin mülkiyyətçisi olan hazırkı İddiaçı arasında “Sərəncamı üzrə hüquqların keçməsi (tələbin güzəşti) barədə” müqavilə bağlanaraq X4 Bakı şəhəri, Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində məişət xidməti tipli konstruksiyanın quraşdırılmasına dair Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 227 №-li sərəncamından irəli gələn hüquq və vəzifələrini İddiaçı güzəşt etmişdir. İşdən görünür ki, “Tələbin güzəşti barədə müqavilə” bağlandıqdan sonra, 02 fevral 2018-ci il tarixində Nəsimi rayon İcra Hakimiyyətinin yaratdığı Komissiya tərəfindən həmin - tikintialtı sahəsi 326,85 kv.m, sahəsi 298,35 kv.m, hündürlüyü 4,1 m, 1 mərtəbəli qeyriyaşayış sahəsi istismara yararlı hesab edilərək, bu barədə iddiaçıya 15 nömrəli “Tikinti obyektinin istimarına İcazə” sənədi verilmişdir. Konkret halda da, iddiaçı həmin qeyri-yaşayış sahəsinin bitişik olduğu onun mülkiyyətində olan muğan” kafesinə tərtib olunmuş Texniki pasportu yenilənməklə vahid Texniki pasportun tərtib olunmasını tələb edir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyətinin dövlətə məxsus daşınmaz əmlakın istifadəyə verilməsinə dairqəbul olunmuş aktı; 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; 8.0.9.1.2-ci maddəsinə əsasən 2013-cü ilin yanvar ayının 1dək inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı – daşınmaz əmlaka hüququn qeydiyyata alınması üçün əsasdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin: 1.3-cü bəndinə əsasən DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir; 2.0.2-ci bəndinə əsasən daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətinə daxildir; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq onun vəzifəsidir.. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin mübahisəli qeyri-yaşayış obyektinin parkının ərazisində inşa olunduğunu və təqdim edilən “Tikinti obyektinin istismarına” icazə sənədi verilmədiyini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin mövcud olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisəli ünvanda yerləşən qeyriyaşayış sahələrinə dair yeni vahid Texniki pasportun verilməsi cavabdeh orqanın qanunla üzərinə düşən öhdəliyi olduğu halda, sonuncu bu öhdəliyini yerinə yetirməmiş, bununla da onun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda, İPM-in 34.1-ci maddəsinin tələbi qaydasında iddiaçı cavabdehdən öhdəliyin icrası vasitəsilə həmin qeyri-yaşayış sahəsinə dair texniki pasportun verilməsini tələb etməkdə haqlıdır. Beləliklə də qeyd edilənləri nəzərə ialan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3824/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3824/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar