Məhkəmə qərarları › İş №2-1(103)-1969/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1969/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1969/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5432/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil almış, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci ildən əmək fəaliyyətinə başlamış və 2013-cü ilədək müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə işləmişdir. Əmək kitabçasındakı qeydlərə əsasən 30 ildən çox iş stajı mövcuddur. Ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik müəyyən edilmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etdiyində, cavab olaraq bildirilmişdir ki, əlilliyin təyin edildiyi tarixdəki yaşına (58 yaş) uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 14 il 4 ay iş stajı, 20640 manat pensiya kapitalı tələb olunur. Verilən cavabdan da göründüyü kimi, iş stajının 23 il 11 ay 23 gün olmaqla qanunvericiliklə tələb olunan müddətə uyğun gəlsə də, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının olmaması səbəbindən əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdeh orqanın imtina məktubundan da göründüyü kimi, onun iş stajı hesablanarkən xx.xx.2006-cı il tarixədək işlədiyi illər staja daxil edilmiş, lakin xx.xx.2006-cı il tarixdən 2013-cü ilədək olan illər sosial sığorta stajına hesablanmamışdır. «Əmək pensiyaları haqqında» Qanunun 27-ci maddəsində qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması tənzimlənmişdir. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Cavabdeh orqanın əmək pensiyasına görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı hesablaması yanlış olduğundan imtina cavabı qanunsuzdur. Ona əlilliyə görə əmək pensiyası təyin olunarkən pensiya kapitalı tələbi 15448 manat olmuşdur. Onun isə cavabdehin imtinasına uyğun olaraq verdiyi cavabda qeyd edilən 23 il 11 ay 23 gün ümumi iş stajına nisbətdə 17268 manat pensiya kapitalı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada Qanunun qeyd edilən müddəasına əsasən, İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixdən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olduğu təqdirdə İİİ qrup əlilliyə görə əmək pensiyasının təyini reallaşmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği xx.xx.2019-cu il tarixindən 119 manat məbləğində müəyyən olunmuşdur. Ona münasibətdə tələb olunan sığorta stajı: 58 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 43 il (əmək qabiliyyətli yaş dövrü); 43 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 172 ay; 172 ay : 12 ay = 14 il 4 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi, ona əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sosial sığorta stajı 14 il 4 aydır. Yəni tələb olunana sığorta stajı qarşılanmışdır. Bir digər tələb isə fərdi hesabının sığorta hissəsində qeydə alnımış pensiya kapitalının minimum pensiya təminatına imkan verməsidir. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qaydaların 4.3.5-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir: PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır: K - sığorta davamiyyəti əmsalıdır. Ona münasibətdə tələb olunana pensiya kapitalı aşağıdakı qaydada hesablanmalıdır: 58 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 43 il (əmək qabiliyyətli yaş dövrü); 43 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 172 ay; Tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 172/192 = 0.89. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0.89 x 144=129 ay (individual sığorta stajı). Daha sonra individual sığorta stajı (129 ay) əlilliyin təyin edildiyi ildə mövcud olmuş minimum pensiya məbləğinə vurulmaqla tələb olunan pensiya kapitalı müəyyənləşdirilir. Əlilliyinin müəyyən edildiyi tarix xx.xx.2019-cu il olmuşdur ki, həmin ildə əmək pensiyasının minumum məbləği 119 manat olmuşdur. Belə olduğu təqdirdə 129 x 119=15351 edir ki, onun 15351 manat pensiya kapitalı qarşılığında 17268 manat pensiya kapitalı mövcuddur. Hesablama: 23 il 11 ay x 306=7313,4. Alınan rəqəm istehlak qiymətlərinin artım səviyyəsinə uyğun olaraq illər üzrə indeksasiya edilsə: 7313,4 + 8,3% + 16,7% + 20,8% + 1,5% + 5,7% + 7,9% + 1,1% + 2,4% + 1,4% + 4% + 12,4% + 5,7% + 3% = 17268. Göründüyü kimi, onun əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan ümumi iş stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı kifayət qədər olmasına baxmayaraq, cavabdeh tərəfindən 3 ildir ki, hüquqları pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-5432/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ‘‘əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. O, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil almış, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətinə başlamış və 2013-cü ilədək müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə işləmişdir. Əmək kitabçasındakı qeydlərə əsasən 30 ildən çox iş stajı mövcuddur. İddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə əlillik müəyyən edilmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etdiyində, cavab olaraq bildirilmişdir ki, əlilliyin təyin edildiyi tarixdəki yaşına (58 yaş) uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 14 il 4 iş stajı, 20640 manat pensiya kapitalı tələb olunur. Verilən cavabdan da göründüyü kimi, iş stajının 23 il 11 ay 23 gün qanunvericiliklə tələb olunan müddətə uyğun gəlsə də, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının olmaması səbəbindən əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdeh orqanın imtina məktubundan da göründüyü kimi, onun iş stajı hesablanarkən xx.xx.2006-cı il tarixədək işlədiyi illər staja daxil edilmiş, lakin xx.xx.2006-cı il tarixdən 2013-cü ilədək olan illər sosial sığorta stajına hesablanmamışdır. «Əmək pensiyaları haqqında» Qanunun 27-ci maddəsində qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması tənzimlənmişdir. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Cavabdeh orqanın əmək pensiyasına görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı hesablaması yanlış olduğundan imtina cavabı qanunsuzdur. İddiaçının isə cavabdehin imtinasına uyğun olaraq verdiyi cavabda qeyd edilən 23 il 11 ay 23 gün ümumi iş stajına nisbətdə 17325 manat pensiya kapitalı mövcuddur. Qeyd olunanlar cavabdeh orqanın nümayəndəsinin DSMF-yə ünvanladığı və iş üzrə icraat materiallarına əlavə edilmiş xidməti məruzədə də öz əksini tapır. Bakı İnzibati Məhkəməsində xx.xx.2023-cü il tarixdə qanunsuz və əsassız qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Cavabdehin imtina məktubunda iddiaçının stajının xx.xx.2006-cı il tarixədək 23 il 11 ay 23 gün olduğu öz təsdiqini tapır. Qərarın əsaslandırma hissəsini cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış 3-17-1/2-298501/2023 saylı xx.xx.2023-cü il tarixli məktub təşkil etmişdir. İş üzrə icraat materiallarında iddiaçının 23 il 11 ay 23 gün olduğu cavabdehin imtinasında da öz təsdiqini tapır. Lakin cavabdeh orqan tərəfindən məhkəmənin sorğusuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda iddiaçının təhsil aldığı 1977-1980 və 1999-xx.xx.2006-cı il tarixədək olan dövr sıradan çıxarılmışdır. Yəni hər dəfə inzibati orqan öz diskresion səlahiyyətdən istifadə edərək bir qərar qəbul etmiş, nəticədə isə artıq 5-ci ildir ki, ürək xəstiliyindən əziyyət çəkən əlil vətəndaş sosial təminat hüququ olan pensiyadan məhrum qalır. İddiaçıya Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədr müavini tərəfindən verilmiş imtinanın cavabdehin nümayəndəsi iddianın uğurlu olma ehtimalını nəzərə alaraq hətta məhkəmədənkənar qaydada həllinə də çalışmışdır. Bunu iş üzrə icraat materillarına əlavə edilmiş xidməti məruzədə də görmək mümkündür. İddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2019-cu il tarixinə tələb olunan stajı 14 ildir. İddiaçının tələb edilən sığorta stajı aşağıdakı kimi hesablanır: 57 yaş (əlillik təyin edilərkən yaşı) - 15 yaş (qanunvericiliklə əmək müqaviləsinin bağlanmasına imkan verilən yaş həddi) = 42 il (əmək qabiliyyətli yaş dövrü) x4/12= 168 (14 il). 2019-cu ilin fevral ayına sığorta davamiyyəti əmsalı K=168ay/192=0,875, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı isə PSK=SHxTxK=119,76x144x0,875=15089,76 manat təşkil edir. Cavabdeh orqan imtina mətbunda sığorta stajını 23 il 11 ay 23 gün qəbul etsə də, kapital tələbini 2019-cu ilə münasibətdə yanlış olaraq tələb olunan pensiya kapitalını 20640 manat olaraq qeyd etmişdir. 23 il 11 ay 23 gün sığorta stajına münasibətdə pensiya kapitalı 17325,9 manat təşkil edir. Belə olduğu təqdirdə həm staj tələbi, həm də kapital tələbi tamamlanır. Birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsində belə qənaətə gəlmək olur ki, xx.xx.2006-cı il tarixədək olan sığorta stajı daxil edilsə belə ümumi staj 20 il 8 ay 1 gün təşkil edəcəkdir ki, o zaman xx.xx.2006-cı il tarixədək olan dövr belə qəbul edilsə pensiya kapitalı tələb olunan 15089,76 manata çatmayacaq. Buna səbəb isə elə birinci instasiya məhkəməsinin cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən öz mövqeyini əsaslandırmasıdır. Çünkü qeyd edilən məktubda stajı 1980-ci ildən etibarən hesablanmışdır. Məhkəmə işi tam, hərtərfəli və obyektiv araşdırsaydı, inzibati orqanın verdiyi imtinada və iş üzrə icraat materillarına əlavə etdiyi diplomla 1977-ci ildən 1980-ci ilədək təhsil aldığını, məhz cavabdeh orqanın həmin dövrləri də mübahisləndirmədiyi səbəbindən 23 il 11 ay 23 gün stajının olduğu qənaətinə gələrdi. Təhsil illəri ümumilikdə 2 il 10 ay 18 gün təşkil edir. 23 il 11 ay 23 günə münasibətdə pensiya kapitalı 23 il 11 ay x 306=7337,8. Alınan rəqəm istehlak qiymətlərinin artım səviyyəsinə uyğun olaraq illər üzrə indeksasiya edilsə: 7337,8 + 8,3% + 16,7% + 20,8% + 1,5% + 5,7% + 7,9% + 1,1% + 2,4% + 1,4% + 4% + 12,4% + 5,7% + 3% = 17325 manat təşkil edəcəkdir. xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil aldığı dövr cavabdeh orqan tərəfindən stajına daxil edilərək ümumilikdə 23 il 11 ay 23 gün stajı mübahisələndirilməmişdir. Cavabdeh tərəfindən daxil olmuş apellyasiya şikayətinə etirazda qeyd olunur: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti əsassızdır və qeyd olunanlara əsasən məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan mətninə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, həmin maddədə göstərilən sığorta stajı olduqda təyin edilirdi. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta və Sözügedən Qaydanın 4.1.2-ci yarımbəndinə əsasən isə xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanlann fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2019-cu il tarixə 57 yaşlı sığortaolunanın tələb olunan stajı 14 ildir (57 yaş-15 yaş (əmək qabiliyyətli olmayan yaş dövrü) = 42il x 4ay = 168ay/12=14 il). Buradan sığorta davamiyyəti əmsalı K=168ay/192=0,875, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı isə PSK=SHxTxK=119,76x144x0,875=15089,76 manat təşkil edir. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən onun xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi 14 il 20 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1999-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Birləşmiş İstehsalat Mənzil Kommunal Təsərrüfatın mexanizasiya idarəsində olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının xx.xx.2006-cı il tarixədək 14 il 20 gün sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalı 10154,92 manat təşkil edir: Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır. (14 il+20gün/30 gün/12ay)x306 manat=4300,78 manat; indeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı 10154,92 manat. İddiaçının sığorta stajı 14 il 20 gün olmaqla ilkin müayinə əsasında İİİ dərəcə əlilliyinin müəyyən edildiyi xx.xx.2019-cu il tarixə qanunvericiliklə tələb olunan müddətdən çox olmasına (14 il) baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (10154,92 manat) 57 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 15089,76 manat pensiya kapitalından az olduğundan həmin tarixə minimum pensiya təminatına (119,76 manat) imkan vermir. Həmçinin birinci instansiya məhkəməsi iddiaçının sosial sığorta stajının xx.xx.2006-cı il tarixədək qəbul edilməli olduğu nəticəsinə gəlmişdir. Bu halda belə iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, xx.xx.2006cı il tarixədək 20 il 08 ay 01 gün sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalı 10154,92 manat təşkil edir: Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır (20 il + 8 ay+01 gün/30gün/12ay) x 306 manat=6324,85 manat. Alınan rəqəm istehlak qiymətlərinin artım səviyyəsinə uyğun olaraq illər üzrə indeksasiya edilsə 14934,1284 manat. Beləliklə, iddiaçının sığorta stajı 20 il 08 ay 01 gün olmaqla ilkin müayinə əsasında İİİ dərəcə əlilliyinin müəyyən edildiyi xx.xx.2019-cu il tarixə qanunvericiliklə tələb olunan müddətdən çox olmasına (14 il) baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (14934,1284 manat) 57 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 15089,76 manat pensiya kapitalından az olduğundan həmin tarixə minimum pensiya təminatına (119,76 manat) imkan vermir. Beləliklə, iddiaçının apellyasiya şikayəti tam əsassız olduğundan məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan B seriyalı 125717 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1980-ci ilədək 74 nömrəli texniki peşə məktəbində təmirçi-çilingər peşəsi üzrə təhsil almışdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, həmin maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı 19 fevral 2019-cu il tarixində 3-cü qrup əliilik dərəcəsi müəyyən edilmişdir. Əlilliyinin müəyyən edildiyi tarixdəki yaşına (58 yaş) uyğun olaraq, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün ona 14 il 4 ay iş stajı, 20640 manat pensiya kapitalı tələb olunur. İş stajı 23 il 11 ay 23 gün olmaqla qanunvericiliklə tələb olunan müddətə uyğun gəlsə də, fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ona əlilliyə görə əmək pensiyası təminatına imkan vermir. Bu səbəbdən də İddiaçı əlilliyə görə sosial müavinət təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Bakı Şəhər İcra Hakimiyyəti Mənzil X3nin və ya Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı X1 İdarəsinin mövcudluğu, eləcə də dövlət əmlakının özəlləşdirmə proqramları çərçivəsində özəlləşdirilib-özəlləşdirilməməsi barədə məlumatların təqdim edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətində Bakı Şəhər İcra Hakimiyyəti Mənzil X3 və ya Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı X1 İdarəsi barədə hər hansı məlumat yoxdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin arxivində Bakı şəhər İcra hakimiyyəti Mənzil X3 Mexanikləşdirmə İdarəsinin sənədləri aşkar edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. (xx.xx.2022-ci il tarixədək olan redaksiyası - 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir). 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, xx.xx.2019-cu il tarixdən üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi əsas gətirilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Həmçinin əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2013-cü il tarixədək MKTİB-nin Mexanikləşdirmə İdarəsinə ”BC” kateqoriyalı sürücü işləmişdir. Həmin dövrə dair qeyd əmək kitabçasında mövcuddur, cavabdeh həmin qeydi şübhə altına alan hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, müəssisənin arxiv sənədlərinin saxlanılmaması, aidiyyəti üzrə təhvil verilməməsi halına görə iddiaçı cavabdehlik daşımır. Beləliklə, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2019-cu il tarixinə 57 yaşlı sığortaolunanın tələb olunan stajı 14 ildir (57 yaş-15 yaş (əmək qabiliyyətli olmayan yaş dövrü) = 42 il x 4 ay = 168 ay / 12 = 14 il). İddiaçı hərbi xidmət və təhsil müddəti də daxil olmaqla xx.xx.2006-cı ilədək 26 il 07 ay 21 gün ümumi sığorta stajına malikdir (xx.xx.1974-xx.xx.1980, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980xx.xx.1982, xx.xx.1983-xx.xx.1983, xx.xx.1984-xx.xx.1984, xx.xx.1985-xx.xx.1985, xx.xx.1986-xx.xx.1986, xx.xx.1986-xx.xx.1986, xx.xx.1987-xx.xx.1987, xx.xx.1988xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.1990-xx.xx.1990, xx.xx.1991-xx.xx.1991, xx.xx.1991-xx.xx.1995, xx.xx.1995-xx.xx.1995, xx.xx.1996-xx.xx.1996, xx.xx.1997xx.xx.1997, xx.xx.1997-xx.xx.1999, xx.xx.1999-xx.xx.2006). İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının 14 il iş stajı nəzərə alınmaqla alınmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı 15089,76 manat təşkil etməsi, iddiaçının xx.xx.2006-cı ilədək 14 il 20 gün sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalının 10154,92 manat təşkil etməsi qeyd olunmuşdur. İş materiallarında olan xidməti məruzədə isə iddiaçının 14 il 4 ay iş stajı nəzərə alınmaqla alınmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalının 15351 manat təşkil etməsi, iddiaçının xx.xx.2006-cı ilədək 23 il 11 ay 23 gün sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalının 17352,9 manat (iddiaçıya İİİ qrup əlilliyin müəyyən edildiyi xx.xx.2019-cu il tarixə tələb olunan 15351 manat çox) təşkil etməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hərbi xidmət və təhsil müddəti də daxil olmaqla xx.xx.2006-cı ilədək 26 il 07 ay 21 gün ümumi sığorta stajına malikdir. Həmin staj nəzərə alınmaqla iddiaçı xx.xx.2019-cu il tarixinə əlilliyə görə pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 15089,76 manat pensiya kapitalından çox kapitala malikdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5432/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar