Məhkəmə qərarları › İş №2-1(103)-1969/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1969/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1969/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3- 17-1/1-M-256030/2023 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2-1(112)- 1112/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçıya yaşa görə əmək pensiyasının məbləğinin xx.xx.2023-cü il tarixədək olan aylıq ödəniş təyin edilməsi, xx.xx.2023-cü il tarixdən bugünədək iddiaçının pensiyasından qanunsuz olaraq tutulan pensiya məbləğinin hesablanaraq iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1973-cü il tarixdən başlamışdır. Müxtəlif tarixlərdə əmək fəaliyyətini fərqli yerlərdə davam etdirmişdir. 1977-ci il tarixdən bugünədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində işləyir. Ona 2008-ci ildən başlayaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən etibarən yaşa görə əmək pensiyası cavabdeh tərəfindən yenidən hesablanaraq azaldılmışdır. Ərizə ilə cavabdehə müraciət etsə də, ərizəsinə cavab olaraq əsassız olaraq ona əmək pensiyasının azaldılmasının düzgün olduğu bildirilmişdir. Cavab məktubunda buna səbəb kimi müxtəlif əsassız və qanunsuz bəhanələr göstərilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçıya xx.xx.2008-ci tarixdə (xx.xx.2010-cu il tarixədək belə hesablanırdı) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulmuş qaydada və 2008-ci il tarixli əmək haqqı cədvəlləri əsasında hesablanaraq, yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 60 faizi və tələb olunan stajdan artıq olan hər bir ilə 2% əlavə, lakin 85%-dən çox olmamaq şərtilə minimum pensiyadan az olmayan məbləğdə təyin edilirdi. İddiaçının pensiyasının məbləği 2008-ci il tarixli əmək haqqı cədvəllərinə əsasən 2004 və 2005-ci illər üzrə orta aylıq əmək haqqının məbləği 3938,25 manat: 24 ay = 164,10 manat hesablanmışdır. Həmin dövrdə qüvvədə olmuş Qanunun tələblərinə uyğun olaraq pensiya hesablanarkən son 24 ayın orta aylıq əmək haqqının 84 faizi (orta aylıq əməkhaqqının 60 faizi + 24 faiz (12 il x 2 = 24 faiz)) nəzərə alınmışdır: 164,10 x 84% = 137,84 manat. İddiaçının xx.xx.2008-ci il tarixə pensiyasının sığorta hissəsi Qanunun pensiya təyin olunduğu dövrdə qüvvədə olmuş 27.1-ci maddəsi əsasında 137,84 manat orta aylıq əmək haqqı - 25 manat baza hissə = 112,84 manat x 1,083 x 1,167 (indeksləşdirmə) = 142,61 manat müəyyənləşdirilmişdir. Həmin maddənin məzmunundan məlum olur ki, hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparıldığı və bu zaman şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Xidməti araşdırma zamanı 2004-2005-ci illər üzrə iddiaçının adına hesablanmış əmək haqqı, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən 01.01,2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 934,63 manat (2008-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı, eyni zamanda pensiya təyin olunan tarixdən sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 14600,12 manat (2017-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2020-ci il tarixdən (artıq ödəmə ilə bağlı qəbul edilmiş müvafiq qərarın tarixdən 3 il əvvələ) 721,86 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 848,15 manat (831,49+16,66) müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 972,83 manata (848,15+(848,15*14,7%)) çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən bildirilir ki, iddiaçının əmək pensiyası yenidən hesablandığı gündən (01.11,2017-ci il tarixdən) sonra 6 il işlədiyi üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 19784,88 manat (2023-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 1247,62 manat (SH=PSK/T; SH=19784,88/72=274,79; P=972,83+274,79 = 1247,62) məbləğində müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 1387,35 manata (1247,62+(1247,62*11.2%)) çatdırılmışdır. İddiaçının VÖEN hesabı xx.xx.2004-cü il tarixdə açılmasına baxmayaraq (8ci ayda) 2004-cü il üzrə fiziki şəxs kimi 12 aylıq əmək haqqı arayışı təqdim edilmişdir. Həmçinin,xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, ona pensiya təyin olunarkən orta aylıq əmək haqqı 164,10 manat nəzərə alınmalı olduğu halda 189,65 manat nəzərə alınmışdır. Bakı İnzibati Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2-1(112)-1112/2025 saylı qərarı ilə (hakim H.A.Ağalarov) iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-256030/2023 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş, apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmış və apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği sığorta hissəsi və yığım hissəsindən ibarətdir: P=SH+YH Lakin, İddiaçı fərdi hesabının yığım hissəsində pensiya kapitalı toplamımadığından pensiyası sığorta hissəsindən ibarət olmaqla Qanunun 10.2-ci maddəsinə uyğun olaraq SH = PSK/T düsturu ilə müəyyən edilir. İddiaçının pensiyasının hesablanma qaydası həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq baza hissə, pensiya təyin olunan günədək qazanılmış sığorta hissə və pensiya təyin olunduqdan sonra toplanmış sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (pensiyaçının işlədiyi ayların sayı qədər azaldılmaqla) nisbətinə olan məbləğin cəmi şəklində hesablanır: Yəni, SH=119,76 (BH) + 266.43 (ƏH) + 12.13 (SH) + 220.77 (SH)= 619.09 manat (2019-cu il tarixə indeksləşdirilmiş) 619,09+(619.09 *16,6%)= 721,86 manat (2020-ci il tarixinə) Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 804,15 manata (721,86+(721,86*11,4%)), 01.01,2022-ci il tarixdən 831,49 manata (804,15+(804,15*3,4%)) çatdırılmışdır. Qanuna 01.01,2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 848,15 manat (831,49 + 16,66) müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək 01.01,2023-cü il tarixdən 972,83 manata (848,15 + (848,15*14.7%)) çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən bildiririk ki, iddiaçının əmək pensiyası yenidən hesablandığı gündən (xx.xx.2017-ci il tarixdən) sonra 6 il işlədiyi üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 19784,88 manat (2023-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 1247,62 manat (SH=PSK/T; SH=19784,88/72=274,79; P=972,83+274,79=1247,62) məbləğində müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 1387,35 manata (1247,62+(1247,62*11.2%)) çatdırılmışdır. bildiririk ki, iddiaçının pensiya işinə daxil olan 14/563 saylı 12.12 2008-ci il tarixli əməkhaqqı arayışında uyğunsuzluq müəyyən edilmişdir (əməkhaqqı arayışı qoşmaya əlavə edilir). Belə ki, iddiaçı E.Məmədovun VÖEN hesabı xx.xx.2004-cü il tarixdə açılmasına baxmayaraq (8-ci ayda) 2004-cü il üzrə fiziki şəxs kimi 12 aylıq əmək haqqı arayışı təqdim edilmişdir. Həmçinin,xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, ona pensiya təyin olunarkən orta aylıq əmək haqqı 164,10 manat nəzərə alınmalı olduğu halda 189,65 manat nəzərə alınmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınaraq əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixdən (artıqödəmə ilə bağlı qəbul edilmiş müvafiq qərarın tarixindən 3 il əvvələ) xx.xx.2023-cü il tarixədək artıq ödəmə müəyyən edilmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasfnm 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1,9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Bildiririk ki, Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının indeksləşdirilməsi nəticəsində ötən dövr üzrə (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) yaranmış fərq məbləği əmək pensiyası üzrə 01,08.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş vəsaitin bir hissəsi ilə əvəzləşdirilmişdir. Bununla da, iddiaçının əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən 4 məhkəmə prosesi keçirilmişdir. Cavabdeh inzibati orqanın hər məhkəmə iclasında fərqli nümayəndələri iştirak etmiş və hər dəfə də onlarla eyni müzakirə əvvəldən başlanırdı. Qarşı tərəf VÖEN hesabının 2004-cü il tarixdə açılmasına baxmayaraq 8-ci ayda, yəni 2004-cü il üzrə əmək haqqı arayışını təqdim etdiyini bildirir. Lakin bu kimi halları işin mahiyyəti ilə əlaqəli deyil. Həmin dövrdə VÖEN hesabı olmadan da işləyə bilərdi. Dövlət Sosial Müdafiə Fonduna vaxtı-vaxtında pul köçürülmüş və bu hazırkı iş çərçivəsində əsas faktordur. Bu məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyində ona müvafiq müəssisədə işlədiyini təsdiq edən sənədi əldə etməli olduğunu bildirdilər. Məsələ ilə bağlı X2 müraciət etdi və məktub aldı. Ona həmin orqanda sadəcə 2018-ci ildən sonrakı dövrə aid olan sənədlərin mövcud olduğu bildirilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-256030/2023 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının surətindən görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdə pensiya təyin edilmiş, yenidən hesablanmış məbləğ 972,83 manatdır. Pensiyanın ilkin təyinatı zamanı 2004-2005-ci illər üzrə toplanmış əmək haqqından hesablanmışdır. Fiziki şəxs kimi təqdim edilmiş əmək haqqı cədvəli vergi ödəyicisi kimi xx.xx.2004-cü ildən aktiv (VÖEN) olduğundan həmin tarixdən hesablanmışdır. Cavabdehin dəlillərindən görünür ki, inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2008ci tarixdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulmuş qaydada və 2008-ci il tarixli əməkhaqqı cədvəlləri əsasında hesablanaraq, yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası bir neçə dəfə yenidən hesablanmışdır. Sonra iddiaçının VÖEN hesabı xx.xx.2004-cü il tarixdə açılmasına baxmayaraq (8-ci ayda) 2004-cü il üzrə fiziki şəxs kimi 12 aylıq əmək haqqı arayışı təqdim edilməsi və ona pensiya təyin olunarkən orta aylıq əmək haqqı 164,10 manat nəzərə alınmalı olduğu halda 189,65 manat nəzərə alınması əsas gətirilərək, xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-256030/2023 nömrəli qərar qəbul edilmiş və yenidən hesablanmış məbləğ 972,83 manat müəyyən edilmişdir Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə görə, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 67.12-ci maddəsinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və şikayətlərində istinad etdiyi halların məhz mübahisələndirilən qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 3135/2024 saylı iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında (üç ulduzla işarələnmiş qərar) ifadə edilmiş hüquqi mövqe ondan ibarət olmuşdur ki, “ ... inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. ... inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur”. Birinci instansiyası məhkəməsi qərarında yuxarıda qeyd olunanları göstərsə də, cavabdeh apellyasiya şikayətində sadalanan arqumentlərə cavab verməmiş və faktiki olaraq yalnız ona istinad etmişdir ki, " ... qərarlar qanunun tələbi ilə aparılmış daxili araşdırmanın nəticəsi olaraq qəbul edildiyindən, qanuni əlverişsiz inzibati akt olaraq ləğv edilməsi üçün əsas yoxdur. ... sözügedən inzibati aktın qəbul edilməsi inzibati orqanın öz təşəbbüsü və ya diskresion səlahiyyətlərinin icrası yox, qanunun tələbi ilə inzibati orqanın vəzifəsidir. ... iddiaçının düzgün hesablanmamış pensiya məbləğinin ödənişinin həmin məbləğdə davam etdirilməsi dövlət maraqlarına uyğun deyildir". Məhkəmə kollegiyası qeyd olunan yanaşmanı qanuni və əsaslı hesab etmir. Belə ki, inzibati orqanın istisnasız olaraq məhz qanunvericiliyin müəyyən etdiyi çərçivələrdə hərəkət etməli olması aksiomadır və bunun əksi üçün hər hansı mücərrəd dəlil qəbuledilən hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2-1(112)-1112/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2-1(112)-1112/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar