Məhkəmə qərarları › İş №2-1(103)-197/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-197/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-197/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun 01.10.1978-ci il tarixdən 01.12.2013-cü il tarixədək işlədiyi illərin sığorta stajı kimi müəyyən edilərək ona hüququ yarandığı 27.09.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1100/2020 saylı 02 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı 02.10.1978-ci il tarixdən 31.12.1978-ci il tarixədək B. Kinoqurğusuna köməkçi, 18.07.1979-cu il tarixdən 10.09.1979-cu il tarixədək “Kommuqanminvodstroy”da fəhlə; 12.09.1979-cu il tarixdən 01.04.1981-ci il tarixədək “URS Qlavazmeliovodstroy” 55 nömrəli yeməkxanada aşçı; 18.05.1981-ci il tarixdən 25.01.1993-cü il tarixədək “Azqazstroy” trestinin Lənkəran TikintiQuraşdırma İdarəsi 3-cü dərəcəli qaz qaynaqçısı; 26.01.1993-cü il tarixdən 20.10.1993-cü il tarixədək Biləsuvar rayon 37 nömrəli TSMD 3-cü dərəcəli qaynaqçıçilingər; 01.11.1993- cü il tarixdən 17.07.1995-ci il tarixədək 3-cü dərəcəli qaynaqçıçilingər; 01.10.1996-cı il tarixdən 01.10.1997-ci il tarixədək Avtoparkda 5-ci dərəcəli qazqaynaqçısı; 01.12.1998-ci il tarixdən 01.07.1999-cu il tarixdək Biləsuvar Pambıq ASC-də qaz-qaynaqçısı; 01.07.1999-cu il tarixdən 10.06.2000-ci il tarixədək Biləsuvar Qİİ-ndə çilingər; 19.10.2006-cı il tarixdən 08.08.2007-ci il tarixədək Biləsuvar Qİİ-ndə elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən sorğuya cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının verdiyi 10.07.2019-cu il tarixli məktubdan görünür ki, sığortaedən X11 (VÖEN: **********) tərəfindən İddiaçı adına 01.10.2007-01.01.2010 dövr üzrə 457,50 manat, sığortaedən X1 (VÖEN: **********) tərəfindən 01.02.2010-01.12.2013 dövr üzrə 1019,73 manat məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. DSMF publik hüquqi şəxs Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından məhkəməyə daxil olmuş 10.08.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı 01.10.2007- 01.01.2010-cu illər üzrə 1830.0 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 457.50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmiş, 01.01.2010- 01.12.2013-cü illər üzrə 4078.50 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 1019.73 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Sığorta edən X1 tərəfindən təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda 01.01.2009-cu il tarixdən 01.02.2010-cu il tarixədək, 01.12.2013cü il tarixdən 01.01.2014-cü il tarixədək, sığortaolunan İddiaçı məlumatları qeyd olunmadığı üçün “X2”in “Sığorta AS (Hesabatı) alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. “X2”in “Sığorta AS (Hesabatı) alt sistemində sığortaedən X4 2010-2013-cü illər üçün məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatları yoxdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X15 üzrə Baş İdarəsinin 06.08.2020-ci il tarixli məktubundan görünür ki, X1 (VÖEN: **********) 02.02.2007-ci il tarixdən, X11 (VÖEN: **********) 06.10.2003-cü il tarixdən fərdi sahibkar kimi qeydiyyatdadırlar, həmçinin qeyd edilən vergi ödəyicilərinin fəaliyyəti hazırda aktiv vəziyyətdədir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 27.09.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin olunsa da, sonradan onun əmək pensiyasının ödənişi 01.05.2019-cu il tarixdən dayandırılmışdır. İddiaçı onun zərərli işlərdə işlədiyi üçün güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 02.10.2019-cu il tarixli sonuncu imtina məktubunda qeyd edilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, onun fərdi hesabınınn sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Həmçinin onun ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun 01.10.1978-ci il tarixdən 01.12.2013-cü il tarixədək işlədiyi illərin sığorta stajı kimi müəyyən edilərək ona hüququ yarandığı 27.09.2016-cı il tarixdən həmin dövrdə qüvvədə olmuş qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, hüququnun yarandığı tarixdən və qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından ötrü cavbabdehə müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. O, 1978-ci il tarixdən əmək kitabçasında qeyd olunmaqla müxtəlif işlərdə işləmiş, ümumilikdə 25 il 2 ay stajı vardır. Ona qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq hüququnun yarandığı 27.09.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü 25 il sığorta stajı və bu stajın 12 il 6 ayı güzəştli şərtlərlə olması tələb olunur. Cavabdeh ona əmək pensiyası təyin etsə də, 2007-2013-cü illərdə olan stajının öz təsdiqini tapmamasını bəhanə edərək ona əmək pensiyası ödənişini dayandırmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, əmək pensiyalarının təyin edilməsi yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edillər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən- Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. (əlavənin 2.4-cü bəndi). Şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tədbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər”. Beləliklə həm hal-hazırda qüvvədə olan qanunvericiliyə, həmdə hal-hazırda qüvvədən düşən qanunvericilikdən göründüyü kimi, şəxs ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədi ilə dövlət orqanına müraciət etdikdə o həmin müraciətinə dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş müvafiq sənədləri təqdim etməlidir. Lakin, iddiaçı onun güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləməsi barədə iş yerlərindən heç bir arayış təqdim etməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda(qeyd edilən dəyişiklik 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçın təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, iddiaçının ümumi iş stajı qanunvericilikdə qeyd edilən 25 ildən azdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı tərəfindən təqdim edilən sənədlərdən göründüyü kimi, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1100/2020 saylı 02 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 02.10.1978-ci il tarixdən 01.12.2013-cü il tarixədək işlədiyi müddətlərin sosial stajına daxil edilərək, iddiaçıya 27.09.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (oğlu) X13 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 08.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə bildirməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə proseslərində iştirak etmiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 23.05.2019-cu il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 03.06.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, “Pensiya təyinatı alt sistemindən çıxarış”a əsasən cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 27.09.2016-cı il tarixdə əmək pensiyası təyin olunmuş, lakin sonradan onun əmək pensiyasının verilməsi 01.05.2019-cu il tarixdə dayandırılmışdır. Təyin edilmiş əmək pensiyasının dayandırılması ilə bağlı hər hansı qərar məhkəmə icraatı zamanı cavabdeh tərəfindən təqdim olunmamışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna əsaslanaraq bu barədə cavabdehə müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından pensiya kapitalının kifayət qədər olmaması, ümumi iş stajının 25 ildən az olması və güzəştli arayışının olmaması əsası ilə imtina etmişdir. Hazırda İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi, “onun 01.10.1978-ci il tarixdən 01.12.2013-cü il tarixədək işlədiyi illərin sığorta stajı kimi müəyyən edilərək ona hüququ yarandığı 27.09.2016-cı il tarixdən həmin dövrdə qüvvədə olmuş qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək ona istinad etmişdir ki, iddiaçının qanunla tələb olunan ümumi stajı 25 ildən çox (25 il 06 ay 28 gün), xüsusi iş stajı 12 il 6 aydan çox (13 il 03 ay 7 gün) təşkil edir və bu səbəbdən də ona 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 57 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun müxtəlif müəssisələrdə işlədiyi dövrlər- 02.10.1978-ci ildən 31.12.1978-ci ilədək (2 ay 29 gün), 18.07.1979-cu ildən 10.09.1979-cu ilədək (1 ay 22 gün), 12.09.1979-cu ildən 01.04.1981-ci ilədək (1 il 7 ay 19 gün), 18.05.1981-ci ildən 25.01.1993-cü ilədək (11 il 8 ay 7 gün), 26.01.1993-cü ildən 20.10.1993-cü ilədək (8 ay 24 gün), 01.11.1993-cü ildən 17.07.1995-ci ilədək (1 il 8 ay 16 gün), 01.10.1996-cı ildən 01.10.1997-ci ilədək (1 il), 01.12.1998-ci ildən 01.07.1999-cu ilədək (7 ay), 01.07.1999-cu ildən 10.06.2000-ci ilədək (10 ay 9 gün), 01.10.2006-cı ildən 08.08.2007-ci ilədək (9 ay 19 gün) nəzərə alınmaqla ümumi iş stajı 19 il 4 ay 26 gün təşkil edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının 01.01.2006-cı ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixinədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddiaçının 01.10.2007-01.01.2010 və 01.02.2010-01.12.2013-cü illərdə işlədiyi dövrlərə gəldikdə qeyd olunmalıdır ki, həmin dövrlər üzrə ona hesablanmış əmək haqlarından 457.50 manat və 1019.73 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının sığorta edənlər X1 və X11 tərəfindən ödənildiyi DSMF publik hüquqi şəxs Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından verilmiş 10.08.2020-ci il tarixli məktubla da təsdiq olunur. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Beləliklə, iddiaçının əmək kitabçasında qeyd olunan məlumatlar (19 il 4 ay 26 gün) və vergi ödəcisi (sığortaedənin) yanında işlədiyi, onun üçün sosial sığorta haqlarının ödənildiyi- 01.10.2007-ci ildən 01.01.2010-cu ilədək (2 il 3 ay), 01.02.2010-cu ildən 01.12.2013-cü ilədək (3 il 10 ay) olan dövrlər də nəzərə alınmaqla 01.07.2017-ci ilədək ümumi iş stajının 25 il 5 ay 26 gün təşkil etdiyi müəyyən olunur. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin “iddiaçının ümumi stajının 25 ildən az olması” ilə bağlı dəlilini əsassız hesab edir. İddiaçının işlədiyi peşələrin güzəştli peşəyə aid olub-olmamasına münasibətdə Kollegiya qeyd edir ki, əmək kitabçasına əsasən İddiaçı 18.05.1981-ci il tarixdən 25.01.1993-cü ilə qədər “Azqastroy” trestinin Lənkəran Tikinti-Quraşdırma İdarəsində 3-cü dərəcəli qaz qaynaqçısı, 19.10.2006-cı il tarixdən 08.08.2007-ci il tarixədək isə Biləsuvar Qİİ-ndə elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Həmin peşənin zərərli olubolmaması məsələsini araşdırmaq üçün apellyasiya baxışı zamanı bir sıra sorğular verilmişdir. Əvvəla, adı çəkilən “Azqastroy” trestinin Lənkəran Tikinti-Quraşdırma İdarəsinin ümumiyyətlə mövcud olub-olmaması, onun özəlləşdirilməsinin baş veribvermədiyi ilə bağlı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 13.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda göstərilmişdi ki, Xidmətin arxivində “Azqazstroy” tresti adı ilə hər hansı məlumat aşkar edilməmişdir. Keçmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş ünvan 3 ünvanında yerləşən “Azəriqazbaştikinti” İstehsalat İdarəsinin bazasında 2002-ci ildə "xxxx" ASC yaradılmışdır. Göründüyü kimi, iddiaçının istər ümumi iş stajı, istərsə də xüsusi iş stajı kimi istinad etdiyi yuxarıda sadalanan dövrdə işlədiyi müəssisənin həmin dövrdə mövcud olması faktı iş materialları ilə öz təsdiqini tapır. İddiaçının həmin müəssisədə işləməsini isə onun təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlər təsdiqləyir. Əmək kitabçası iddiaçının həmin dövrdə qüvvədə olan qanunvericiliyinin tələbinə görə adı çəkilən müəssisədə işləməsini təsdiq edən yeganə sənəd kimi qəbul olunur. Bu sənədin sübut kimi qəbul edilməsini şübhə altına ala biləcək hər hansı hal isə iş üzrə müəyyən olunmur, cavabdeh də bu halı mübahisələndirmir. Buna görə də Kollegiya iddiaçının yuxarıda adı çəkilən müəssisələrdə işlədiyi dövrlərin mübahisəsiz olaraq onun iş stajına aid edildiyi qənaətindədir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Hazırki işə apellyasiya qaydasında baxılarkən iddiaçının 18.05.1981-ci il tarixdən 25.01.1993-cü ilə qədər 3-cü dərəcəli qaz qaynaqçısı işlədiyi “Azqastroy” trestinin Lənkəran Tikinti-Quraşdırma İdarəsinin hazırda hüquq varisinin ("xxxx" ASC-nin) mövcud olduğu (sənədlər üzərində) müəyyən olunsa da, həmin müəssisəyə göndərilmiş sorğu ünvan sahibinə çatmamış, həmin müəssisə hüquqi ünvanında tapılmamış, aktiv fəaliyyətinin olmadığı səbəbindən iddiaçı barəsində həmin müəssisədən güzəştli arayışın verilməsi təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-703/20 saylı 18.11.2020-ci il tarixli icmal məktubunda qeyd edilmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa bununla bağlı müvafiq dövlət qurumlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varis olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırılmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 703/20 saylı 18.11.2020-ci il tarixli icmal məktubunda qeyd olunanları nəzərə alaraq güzəştli arayışın oxşar sahədə fəaliyyət göstərən müəssisədən alınmasını məqsədəmüvafiq hesab etmişdir. Bununla bağlı məhkəmə tərəfindən "xxxx" İB Təmir-Tikinti İdarəsinin fəaliyyət istiqamətləri, həmin İdarədə zərərli sahədə “qaz qaynaqçısı” vəzifəsinin mövcud olubolmadığı, mövcud olduğu təqdirdə həmin peşənin funksiyalarının nədən ibarət olması, vəzifə təlimatı barədə, bu peşədə fəaliyyət göstərən şəxsin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olub-olmadığı, həmin şəxsə icra etdiyi bu peşənin funksiyaları ilə bağlı iş yerində hansı güzəştlərin tətbiq olunduğu və bu peşənin, eyni zamanda iddiaçının işlədiyi “qaz qaynaqçısı” peşəsinin funksiyalarının yuxarıda adıçəkilən Siyahıda hansı kod altında olan peşəyə uyğun gəlməsi barədə məhkəməyə ətraflı məlumat verilməsi barədə sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 29.11.2021-ci il tarixdə Azəriqaz İB Təmir-Tikinti İdarəsi tərəfindən məhkəməyə daxil olmuş məktubda göstərilmişdi ki, İdarədə qaz qaynaqçısı və ona oxşar çalışan (çalışmış) işçilərin hər birinə işlədikləri dövrdə zərərli əmək şəraitinə görə əlavə ödənişlər, iş yerinin atestasiyasının müvafiq səlahiyyətli qurumlar tərəfindən aparılan ölçmələr (iş yerində aparılmış müayinə və laboratoriya ölçmələrin nəticələri və iş yerlərində iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi) nəticəsində müəyyən olunur və əmək haqlarına müvafiq əlavələrin ödənilməsi təmin edilir (qaynaqçılar üçün əmsal 1.08). Həmin işçilərə Zərərli əmək şəraitində işlədikləri dövrlərdə illik məzuniyyətlərinə 6 gün əlavə əmək məzuniyyəti, süd və xüsusi geyim verilməsi də təmin edilir. Bu peşədə çalışan işçiyə həmin peşənin iş xarakterinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli Qərarının 35-Ümumi peşələr bölməsində nəzərdə tutulmuşdur. İdarənin əsas fəaliyyəti şəhər, rayon, qəsəbə və kəndlərin qazlaşdırılması zamanı aşağı, orta və yüksək təzyiqli qaz kəmərlərində əsaslı, cari təmir və daha iri həcmli təmir-quraşdırma işlərinin aparılmasından ibarətdir. 3-cü dərəcəli qaz qaynaqçısı dinamiki və vibrasiya yükləri altında və təzyiq altında işləyən yüksək karbonlu, lekirlənmiş, xüsusi və korroziyaya davamlı polad, çuqun, əlvan metal və ərintilərdən hazırlanmış mürəkkəb və məsul hissə, qovşaq, mexanizm, konstruksiya və boru kəmərlərinin qaz qaynağını, mürəkkəb və məsul hissə, qovşaq, konstruksiya və mexanizmlərin möhkəm ərintilərlə əridilməsini, nazik divarlı məmulatlarda qaynaq üçün çətin əl çatan yerləri olan hissələrdə qaynaq edilməsini və çat, boşluqlarının aradan qaldırılması işlərini yerinə yetirir. X7 Qaz İstismarı İdarəsinin SOCAR **********80020123X0007 saylı 21.04.2021-ci il tarixli arxiv arayışından görünür ki, Biləsuvar rayon sakini İddiaçı həqiqətən 19.10.2006-cı il tarixdən Biləsuvar Qaz İdarəsinin QDX-nə qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş (112k saylı əmr 19.10.2006-cı il), 08.08.2007-ci il tarixdən X8 Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Struktur dəyişikliyi ilə bağlı X14 İdarəsi ləğv olunaraq X17 İstismarı İdarəsinin tərkibində Biləsuvar Xidmət Sahəsi yaradılmışdır. Hal-hazırda Biləsuvar Xidmət Sahəsi üzrə təmir-bərpa qaz qaynaqçısı peşəsi mövcuddur. Həmin peşə X14 Sahəsi mövcud olduğu dövrdə olan qaz qaynaqçısı peşəsi ilə eyni olub, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin təsdiq edilməsi Siyahısı”nın 35-ci Ümumi Peşələr üzrə “qaz qaynaqçıları” peşəsinə uyğundur. X12 Qaz İdarəsinin arxivində saxlanılan kadr əmrlərinə əsasən yazılmışdır. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının 01.07.2017-ci il tarixədək xüsusi stajı 18.05.1981-ci il tarixdən 25.01.1993-cü ilə qədər 3-cü dərəcəli qaz qaynaqçısı (11 il 8 ay 7 gün) və 19.10.2006-cı il tarixdən 08.08.2007-ci il tarixədək qaz qaynaqçısı (9 ay 19 gün) işlədiyi dövrlər nəzərə alınmaqla 12 il 6 aydan (12 il 5 ay 26 gün) artıqdır. Ümumilikdə qeyd olunması vacibdi ki, iddiaçının başqa idarə və müəssisələrdə “qaz qaynaqçısı” kimi işlədiyi müddət qanunla tələb olunan 12 il 6 aydan artıqdır. Bununla yanaşı, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə adı çəkilən müəssisələrdə işlədiyi peşələr (qaz qaynaqçısı )Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Ümumi peşələr” adlanan 35-ci bölməsində olan “qaz qaynaqçıları” peşəsinə uyğundur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı oxşar funksiyaların həyata keçirildiyi müəssisələr tərəfindən təsdiq olunur. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 27.09.2016-cı il tarixdə təyin edilmiş əmək pensiyasının verilməsinin inzibati akt qəbul etmədən 01.05.2019-cu il tarixdən dayandırılması qanunsuz olmuşdur. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdu ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın verilməsi 01.05.2019-cu il tarixdə dayandırılarkən bu barədə ayrıca inzibati akt qəbul edilməmişdir. Belə olan halda iddiaçıya təyin edilmiş pensiya sadəcə dayandırılmaqla “İnzibati icraat haqqında” Qanunun inzibati orqanın vəzifələrinə aid edilmiş bir sıra tələblərinə riayət olunmamış, bu barədə ümumiyyətlə inzibati icraat aparılmamışdır. Ona görə də iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna əsaslanaraq hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “İddiaçının fərdi hesabınınn sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” barədə cavabdehin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ 27.09.2016-cı ildə yarandığı üçün və 01.07.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna 01.07.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb 01.07.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə 27.09.2016-cı ildə ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan staja malik olmuşdur. Beləliklə, qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının pensiya kapitalının yaranmaması” barədə dəlilini əsassız sayır və onu qəbul etmir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin hərəkətsizlik göstərməklə tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 01.10.1978-ci il tarixdən 01.12.2013cü il tarixədək işlədiyi illərin onun sığorta stajına daxil edilərək, ona 27.09.2016-cı il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1100/2020 saylı 02 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar