Məhkəmə qərarları › İş №2-1(103)-197/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-197/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-197/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2020 saylı iş üzrə 16 mart 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 22- 25 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 1 saylı Bаkı İnzibаti-İqtisad Məhkəməsinə müraciət edərək, iddiaçının işdən azad olunmağının qanunsuz hesab edilməklə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********7 saylı, 13 iyun 2019-cu il tarixli əmrinin ləğv edilməsi, əvvəlki iş yeri olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi yanında X21 Xidmətinin 4 saylı region üzrə X6 baş məsləhətçibaş əmək müfəttişi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün 13.06.2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tutularaq onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı işlədiyi müddət ərzində intizam xətasına yol verməmiş, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini qüsursuz yerinə yetirmiş və heç bir intizam tənbehi almamışdır, buna baxmayaraq, iddiaçı barəsində ən sərt (ağır) intizam tənbehi tətbiq edilmişdir, ancaq hər hansı xidməti araşdırmanın aparılması zəruri hesab edilməmişdir. İddiaçı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının üzvüdür. Həmkarlar təşkilatının razılığına baxmayaraq, iddiaçı müvafiq məsələyə baxılması üçün həmkarlar iclasına dəvət edilməmişdir. Həmçinin, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı işdə olmadığı müddətdə əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəblərdən iddiaçı hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericilik tələbləri pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə əlavə və iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin 4 saylı region üzrə X7 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək tərəfindən təqdim edilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı işdə olmadığı müddətdə əmək müqaviləsinə xitam verilməsi barədə əsası iddia tələbinin əsaslarından çıxarıb, xəstəlik vərəqəsinin təsdiqlənmiş surətinin qaytarılması, iddia tələbinə isə digər əsaslarla qiymət verilib, tam təmin edilməsini xahiş etmiş, iddiaçının vəsatəti təmin edilmiş, xəstəlik vərəqəsinin təsdiqlənmiş surəti iddiaçıya geri qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2020 saylı iş üzrə 16.03.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: A.Oruczadə) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, işdə olan 13 iyun 2019-cu il tarixli əmrin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə istinad olunaraq, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə onunla bağlanmış 12 iyul 2012-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda sözügedən əmrin məzmunundan görünür ki, barəsində yuxanda göstərilən əmrin qəbul edilməsinə Nazirlik yanında X21 Xidmətinin rəisi E.Cəfərovun 07 iyun 2019-cu il tarixli, **********7 nömrəli yazılı məruzəsi əsas olmuşdur. işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin sabiq rəisi Elman Cəfərov tərəfindən imzalanmaqla Nazir, X23 ünvanlanmış “yazılı məruzə”nin məzmunundan görünür ki, sözügedən Xidmətin rəisi tərəfindən onun və digər əməkdaşlar barəsində aparılmış araşdırmalar zamanı tərəflərindən vətəndaş müraciətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verdiklərinin qanunvericiliyin tətbiqinin düzgün həyata keçirmədiklərinin, vəzifə səlahiyyətlərini aşaraq qulluq etdikləri orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiklərinin müəyyən edildiyinə istinad olunaraq “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərinə əsasən barələrində intizam tədbirlərindən birinin tətbiq olunması məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda qeyd olunan “yazılı məruzə”nin məzmununda göstərilmişdir ki, guya Nazirliyin əməkdaşı T.Əliyev icraatlarında olan vətəndaş X11 şikayətinin araşdırılması üçün barəsində şikayət olunan "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış dəvət məktubu həmin cəmiyyətin nümayəndəsinə təqdim edərkən ondan rüşvət tələb etmişdir. Qeyd edir ki, istər barəsində sözügedən əmrin verilməsinə əsas olmuş “yazılı məruzə” adlanan sənəddə, istərsə də 13 iyun 2019-cu il tarixli əmrin məzmununda ümumi şəkildə ifadə olunmuş əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlar iş materialları ilə təsdiq olunmamaqla yanaşı cavabdeh orqan tərəfindən də iddiaya etirazın əsası kimi istinad olunan hallar məhkəmədə sübuta yetirilməmişdir. Məhz bu səbəbdən də işə baxan məhkəmə iddia tələbini əsassız hesab edərkən qərarında bu və ya digər hala istinad edə bilməmiş, yalnız “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun bəzi müddəalarının məzmununu qərarında sadalamaqla hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. İddia tələbinin təmin edilməməsi barəsində qərar qəbul edən məhkəmə nəzərə almamışdır ki, barəsində olan əmr ümumi ifadələrlə, yəni əmək funksiyalarının icraatı zamanı guya yol verdiyi nöqsanlara istinadən əsaslandırılmışdır. Əmrdə əmək funksiyasını hansı qaydada icra edə bilmədiyi, hansı nöqsana yol verdiyi göstərilməmişdir. Barəsində olan əmrin verilməsinə əsas olmuş “yazılı məruzə” adlanan sənəd də ümumi sözlərlə əsaslandırılmışdır. Həmin sənəddən də dəqiq müəyyən edilmir ki, tərəfindən hansı nöqsanlara yol verilmişdir. Məhkəmə iclası zamanı tərəfindən yazılı məruzənin tərtib edilməsinə əsas olmuş araşdırma materiallarının məhkəməyə təqdim edilməsinin təmin olunması məhkəmədən xahiş edilsə də, məhkəmə materiallarını tələb etməmiş, cavabdeh orqan isə həmin materialları məhkəməyə təqdim etməmişdir. Məhkəmə baxışı zamanı cavabdeh orqanın məhkəməyə təqdim edilən etiraz mülahizələrinin məzmunundan, eləcə də barəsində olan əmrin verilməsinə əsas olmuş yazılı məruzənin məzmunundan ümumilikdə belə anlaşılır ki, işdən azad edilməyinə iki hal və iki haldan biri səbəb olmuşdur. 1. T. Əliyevin dəvət məktubunu təqdim edərkən rüşvət tələb etməsi. 2. Dəvət məktubunu poçt vasitəsi ilə deyil, T.Əliyev vasitəsi ilə "xxxx" MMC-yə göndərilməsi. Ehtimal edilsə ki, hansısa təşkilatın, hansısa əməkdaşından rüşvət tələb edilmişdir və guya o da rüşvətin tələb edilməsində iştirak etmiş, onda bu xüsusat onun işdən azad edilməyinə, eləcə də barəsində cinayət işinin başlanmasına əsas olmuşdur. “yazılı məruzə”də ifadə edilən bu xüsusat yanlışdır və xidmət rəisinin subyektiv mülahizəsi olmaqla heç bir araşdırmanın nəticəsinə əsaslanmır. Digər tərəfdən nəzərə alınmalıdır ki, yuxarıda istinad “yazılı məruzə”nin mətnində bu xüsusat araşdırmanın nəticəsi kimi dəqiq ifadə olunmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, işdə olan "xxxx" MMC-nin direktoru S.M.Səfərov tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri, Cənab S.Babayevə ünvanlanmış, eləcə də qeyd edilən məktubda göstərilənlərin təsdiqi barədə həmin cəmiyyət tərəfindən Bakı İnzibati Məhkəməsinin hakimi Aytən Oruczadəyə ünvanlanmış 03/02-2020-ci il tarixli, 06/20 nömrəli məktubun məzmunundan görünür ki, nə onun, nə də ki, digərləri tərəfindən həmin cəmiyyətdən hər hansı orqana qanun pozuntusu barədə müraciət olunmamışdır. Sözügedən məktublarda həmçinin göstərilmişdir ki, tərəfindən bu müəssisəyə qarşı korrupsiya və ona şərait yaradan hər hansı bir hala da yol verilməmişdir. İşdən azad edilməyinə ehtimal edilən digər əsas "xxxx" MMCyə bu cəmiyyətdən şikayət etmiş Şəki şəhər sakini A.M.Əhmədovun şikayətinin araşdırılması ilə bağlı dəvət məktubunun xidmətin əməkdaşı T.Əliyev vasitəsi ilə təqdim etməyi hesab edilə bilər. Bununla əlaqədar qeyd edir ki, vətəndaş müraciətinin obyektiv araşdırılması həm də onun qısa zamanda araşdırılmasını da ehtiva edir. Bu baxımdan vətəndaş şikayətinin operativ araşdırılmasını təmin etmək üçün əməkdaş vasitəsi ilə dəvət məktubunun təqdim edilməsi hər hansı bir qanun pozuntusu hesab edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, mülki və digər prosessual qanunvericilikdə bu cür təqdim etmə prosessual norma kimi təsbit olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2020-ci il tarixli, 2-1(103)- 1240/2020 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2020 saylı iş üzrə16.03.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-953/2021 saylı, 08.06.2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1240/2021 saylı, 20.10.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apelyasiya şikayətinə dair etirazını təqdim edərək bildirmişdir ki, M.Məmmədovun işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin 07 iyun 2019-cu il tarixli **********7 nömrəli yazılı məruzəsi olmuşdur. Məruzədə göstərildiyi kimi, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəki şəhər sakini X12 “Kroun Ltd" MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti 23 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinə daxil olmuşdur. Həmin müraciət yerində baxılıb vətəndaşların müvafiq qaydada cavablandırılması məqsədilə 27 may 2019-cu il tarixdə 4 saylı region üzrə X15 göndərilmişdir. 27.05.2019-cu il tarixdə 4 saylı region üzrə DƏM-ə daxil olmuş materialların araşdırılması region rəisi tərəfindən (dərkənarın surəti əlavə edilir) baş əmək müfəttişləri İddiaçı və X1 tapşırılmışdır. Araşdırma zamanı 4 saylı region üzrə DƏM-in əməkdaşları İddiaçı və M.Məmmədov tərəfindən "xxxx" MMC-yə müraciətin araşdırılması üçün müəssisənin səlahiyyətli nümayəndəsinin 4 saylı region üzrə X15 dəvət olunması üçün 29.05.2019-cu il tarixli məktub hazırlanmışdır. Lakin məktub poçt vasitəsilə göndərilməmiş, əvəzində icraçılar tərəfindən 4 saylı region üzrə DƏM-in əməkdaşı X13 verilmiş və ona məktubu müəssisənin rəhbərliyinə təqdim etmək üçün aparması tapşırılmışdır. Lakin müəssisənin baş mühasibi tərəfindən rəhbərliyin müəssisədə olmaması əsas gətirilərək məktub qəbul edilməmişdir. T.Alıyev məktubu qaytararaq icraçılara təqdim etmiş və icraçılar tərəfindən 30.05.2019-cu il tarixdə məktub poçt vasitəsilə müəssisəyə göndərilmişdir. T.Alıyev dəvət məktubunu təqdim edərkən cəmiyyətin səlahiyyətli nümayəndəsi ilə görüşmüş və ona müəssisəyə A.Əhmədovun əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunması ilə əlaqədar Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 20000- 25000 manat inzibati cərimə tətbiq olunacağını bildirərək, məsələnin onların xeyrinə həll olunması üçün köməklik edə biləcəyini vəd edərək ondan rüşvət tələb etmişdir. Məruzənin sonunda 4 saylı region üzrə X8 baş əmək müfəttişləri, İddiaçı, X2 və əmək müfəttişi X16 vətəndaş müraciətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol vermiş, qanunvericiliyin tətbiqini düzgün həyata keçirməmiş, vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermişdirlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli), 18.0.4-cü (başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli), 18.0.5-ci (vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli) maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq barələrində “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunması xahiş edilmişdir. Təkrar apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X22 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı şahid qismində dindirilən X19 ifadə verərək bildirmişdir ki, onlar işləyən zaman rəhbərlik tərəfindən poçt göndərişlərinə vəsait ayrılmadığından demək olar ki, rəhbərliyin vermiş olduğu göstəriş əsasında işçilər hər biri öz yaşadığı ərazilər üzrə yaxınlıqda yerləşən ünvalara məktubları birbaşa çatıdırırdılar. Hansı ki barəsində şikayət olunan müəssisə onun yolunun üstündə yerləşdiyindən o, məktubu onlara təqdim etmək üçün aparmışdır. Bunu hamı bilir ki, rəhbərliyin icazəsi olmadan heç bir məktub ünvana çatdırıla bilməzdi. MMC-də rəhbərlik olmadığından məktubu qəbul etmədilər və poçtla göndərilməsini təklif etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin 4 saylı region üzrə X7 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və hesab etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin mövcud faktiki hallarına əsasən iddiaçı bir dövlət qulluqçusu kimi vəzifəsinin icrası zamanı öz vəzifə təlimatına uyğun olmayaraq, vətəndaşın müraciəti əsasında icra etdiyi məktubu şöbənin digər əməkdaşı vasitəsilə haqqında şikayət daxil olmuş quruma göndərməklə, vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermiş, Dövlət qulluğu haqqında Qanunun 18-ci maddəsinin tələblərini pozmuş, X21 tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq hazırlanmış yazılı məruzə əsasında iddiaçı barəsində Dövlət qulluğu haqqında Qanunun 25.2-ci maddəsində qeyd edilən intizam tənbeh tədbirlərindən biri – dövlət qulluğundan azad etmə tətbiq edilmişdir. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla 12 iyul 2012-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə 13 iyun 2019-cu il tarixdə xitam verilmişdir. Həmin normaya görə, dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə onun dövlət qulluğuna xitam verilə bilər. Mübahisələndirilən əmrdən görünür ki, X21 Xidmətinin 4 saylı region üzrə X7 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinin xitam verilməsinə əsas kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin rəisi E.Cəfərovun 07 iyun 2019-cu il tarixli **********7 nömrəli yazılı məruzəsi qeyd edilmişdir. Qeyd olunan yazılı məruzədə göstərilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəki şəhər sakini X12 “Kroun Ltd" MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti 23 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinə daxil olmuşdur. Həmin müraciət yerində baxılıb vətəndaşların müvafiq qaydada cavablandırılması məqsədilə 27 may 2019-cu il tarixdə 4 saylı region üzrə X15 göndərilmişdir. 27.05.2019-cu il tarixdə 4 saylı region üzrə DƏM-ə daxil olmuş materialların araşdırılması region rəisi tərəfindən (dərkənarın surəti əlavə edilir) baş əmək müfəttişləri İddiaçı və X1 tapşırılmışdır. Araşdırma zamanı 4 saylı region üzrə DƏM-in əməkdaşları İddiaçı və M.Məmmədov tərəfindən "xxxx" MMC-yə müraciətin araşdırılması üçün müəssisənin səlahiyyətli nümayəndəsinin 4 saylı region üzrə X15 dəvət olunması üçün 29.05.2019-cu il tarixli məktub hazırlanmışdır. Lakin məktub poçt vasitəsilə göndərilməmiş, əvəzində icraçılar tərəfindən 4 saylı region üzrə DƏM-in əməkdaşı X13 verilmiş və ona məktubu müəssisənin rəhbərliyinə təqdim etmək üçün aparması tapşırılmışdır. Lakin müəssisənin baş mühasibi tərəfindən rəhbərliyin müəssisədə olmaması əsas gətirilərək məktub qəbul edilməmişdir. T.Alıyev məktubu qaytararaq icraçılara təqdim etmiş və icraçılar tərəfindən 30.05.2019-cu il tarixdə məktub poçt vasitəsilə müəssisəyə göndərilmişdir. T.Alıyev dəvət məktubunu təqdim edərkən cəmiyyətin səlahiyyətli nümayəndəsi ilə görüşmüş və ona müəssisəyə A.Əhmədovun əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunması ilə əlaqədar Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 20000- 25000 manat inzibati cərimə tətbiq olunacağını bildirərək, məsələnin onların xeyrinə həll olunması üçün köməklik edə biləcəyini vəd edərək ondan rüşvət tələb etmişdir. Halbuki, "xxxx" MMC-nin direktoru X20 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan məktubdan görünür ki, X10 X21 Xidmətinə daxil olmuş şikayət məzmunlu müraciətinin araşdırılması ilə əlaqədar, X21 4 saylı region üzrə X5, eləcə də 4 saylı region üzrə X8 əməkdaşları X19, X3 və İddiaçı barəsində heç bir dövlət orqanına, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və X21 Xidmətinə hər hansı şikayət, etiraz və tələbləri olmamışdır. Bundan başqa bildirilmişdir ki, 4 saylı region üzrə X7 baş məsləhətçi-baş əmək müfəttişləri X19, X3 və İddiaçı "xxxx" MMCyə (X28) münasibətdə hər hansı bir qanun pozuntusuna, o cümlədən də korrupsiya və ona şərait yaradan hala yol verməmişlər. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən “X21 Xidmətinin 4 saylı region üzrə X8 sabiq əməkdaşları X19, X4 və İddiaçı dair məktubun Azərbaycan Resublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib-göndərilməməsi barədə məlumatın təqdim edilməsi "xxxx" MMC-dən tələb edilmiş, "xxxx" MMC-nin 03.02.2020-ci il tarixli sorğuya cavab məktubunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8 4 saylı region üzrə X21n əməkdaşları X19, X4 və İddiaçı "xxxx" MMC-yə münasibətdə hər hansı bir qanun pozuntusuna, o cümlədən də korrupsiya və ona şərait yaradan hala yol vermədiyi barədə daha öncə Nazirliyə ünvanlanmış məktubun təsdiq edildiyi qeyd edilmişdir. İşə təkrar apelyasiya qaydasında baxılarkən məhkəmə iclasında cavabdehin nümayəndəsi "xxxx" MMC-nin məhkəməyə ünvanlanmış məktuba münasibətində bildirmişdir ki, "xxxx" MMC tərəfindən Nazirliyə belə bir məktub ünvanlanmayıb, nə də onlar sorğu verməmişlər. Həmin məktubda tarixdə yoxdur. Onlar belə bir məktubun necə əldə olunmasını bilmirlər. "xxxx" MMC-nin məhkəmənin sorğusuna cavab olaraq 2-ci məktub göndərilərkən isə artıq o zaman orada rəhbərlik dəyişmişdir və yeni rəhbərlik isə işdən xəbərsiz olmuşdur. Bununla bağlı məhkəmə tərəfindən "xxxx" MMC-yə sorğu göndərilərək 2019-cu ilin yanvar ayından 2020-ci ilin mart ayınadək "Kraun” MMC-nə rəhbərlik etmiş şəxslər barəsində məlumatın verilməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş məktubdan və əna əlavə edilmiş əmək müqaviləsinin bilidirşindən müəyyən olunur ki, 01.11.2016-cı ildən bu günə qədər "Kraun” MMC-də müdir vəzifəsində X14 çalışmışdır. Görünüdyü kimi X21 Xidmətinin rəisi E.Cəfərovun 07 iyun 2019-cu il tarixli **********7 nömrəli yazılı məruzəsində göstərilən qanun pozuntusu halları iş materialları ilə təkzib olunur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, yazılı məruzədə “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblərinə əsasən iddiaçının dövlət qulluğuna xitam verilıməsinə zəruri olan halları və iddiaçıya münasibətdə hansı qanun pozuntusunun olması cavabdeh orqan tərəfindən əsaslandırılmamışdır. Beləliklə, mübahisələndirilən əmrin hüquqi əsası kimi istinad edilən 33.1.6-cı maddənin tətbiqi üçün Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. “Mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası isə dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun. Məhkəmə araşdırması zamanı iddiaçının əvvəllər “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduğuna görə həmin Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinə gəldikdə, həmin normada dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur və cavabdehin mübahisələndirilən əmrində “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulduğuna istinad yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını İPM-in 12.1 və 57.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, normanın məzmunundan göründüyü kimi həmin norma o halda tətbiq oluna bilər ki, dövlət qulluqçusu öz fəaliyyətini icra edərkən qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərin çərçivəsindən kənar davranmış olsun və öz fəaliyyətini peşəkar səviyyədə yerinə yetirməsin. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan iddiaçı barəsində intizam tənbeh tədbirlərindən biri kimi dövlət qulluğundan azad edilməsini tətbiq edərkən, onun “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktda onun faktiki və hüquqi əsası kimi "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına hər hansı istinad olmadığı halda, birinci instansiya məhkəməsi iddiaçıya münasibətdə həmin Qanunun müddəalarını tətbiq etməklə səhvə yol vermişdir. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz olmaqla ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasın inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2020 saylı iş üzrə 16 mart 2020-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarı iddiaçıya aid hissədə (1.3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin 4 saylı region üzrə X7 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar