Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-197/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(112)-1385/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********117600 saylı qərarının ləğv edilərək, həmin qərarla əlavə hesablanmış 1103,37 manat vergi məbləğinin İddiaçı MMC-nin (VÖEN **********) vergi orqanında şəxsi hesab vərəqəsindən silinməsini, həmçinin cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********500700 saylı qərarının ləğv edilərək, həmin qərarla əlavə hesablanmış 47851,59 manat vergi məbləğinin İddiaçı MMC-nin (VÖEN **********) vergi orqanında şəxsi hesab vərəqəsindən silinməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********117600 saylı qərarı ilə 1103,37 manat və xx.xx.2021-ci il tarixli **********500700 saylı qərarı ilə 47851,59 manat İddiaçınə (VÖEN **********) əlavə mənfəət vergisi hesablanmışdır. Həmin qərarlar tamamilə əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən tərəflərindən göndərilən 2019 və 2020-ci illər üzrə mənfəət bəyannamələrini nəzərə almadan müvafiq olaraq 2019-cu il üzrə 319851,22 manat zərərin azaldılaraq 1103,37 manat və 2020-ci il üzrə 750349,59 manat zərərin azaldılaraq 47851,59 manat əlavə mənfəət vergisinin hesablanması haqqında qərarlar verilmişdir. Bununla əlaqədar kameral vergi yoxlaması çərçivəsində gəlirdən çıxılan xərcləri təsdiq edici sənədləri – müvafiq gömrük bəyannamələrini cavabdehə təqdim etsələr də, cavabdeh onları əsassız olaraq nəzərə almamışdır. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində əldə edilmiş elektron qaiməfakturalar üzrə ümumilikdə 110337,43 manat məbləğində xərclərin çəkildiyi müəyyən edilməsinə baxmayaraq, 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlir məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********454100 nömrəli məktub göndərilərək 5 (beş) gün müddətində müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və dəqiqləşdirilmiş bəyannaməni vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması zamanı gəlir və xərclərin uçotu aparılmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq vergilərin hesablanması əlaqəli məlumatlar əsasında həyata keçirilir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmadığı üçün, vergi ödəyicisinin mikrosahibkar olduğu nəzərə alınaraq Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 1103,37 manat ((110337,43/5*6 - 110337,43)x5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********117600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsindəki 1.3.2 kodlu “Mallar” adlı sətrində 990822,0 manat dəyərində müvafiq dövr ərzində mal qalığının silindiyi göstərilməsinə baxmayaraq, həmin bəyannamənin 221.4 kodlu “Malın dəyəri” adlı sətrində 1980429,54 manat xərc məbləğinin göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********162600 nömrəli məktub göndərilərək 5 (beş) gün müddətində müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və dəqiqləşdirilmiş bəyannaməni vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 47851,59 manat əlavə vergi məbləği hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(112)-1385/2022 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddia ərizəsi ilə eyni məzmunlu iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********117600 saylı qərarın surətindən görünür ki, 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış mənfəət vergisi məbləği 1.103,37 manat təşkil etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********500700 saylı qərarın surətindən görünür ki, 2020-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış mənfəət vergisi məbləği 47.851,59 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (mübahisələndirilən qərarların qəbul edildiyi zaman qüvvədə olmuş redaksiya): 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi ödəyicisinin mənfəət vergisinin hesablanması üçün ilk olaraq onun mənfəəti müəyyən edilməlidir. Mənfəət isə gəlirdən çıxılan xərc arasındakı fərqdir. Beləliklə, mənfəət vergisinin hesablanması üçün zəruri olan şərtlər kimi gəlirlər və xərclər dəqiq müəyyən edilməlidir. Bunun üçün isə vergi ödəyicisi müəyyən edilmiş qaydada mühasibatlıq sənədlərinin uçotunu düzgün aparmalıdır, çünki onlara əsasən əldə etdiyi gəlirlər və onların əldə edilməsi ilə bağlı çəkdiyi xərclər hesablanmalıdır. Gəlirlərlə xərclər arasında fərq müsbət olduqda, alınmış məbləğ vergi ödəyicisinin mənfəətini təşkil edir ki, ondan 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanmalıdır. Cavabdeh tərəfindən əlavə mənfəət vergisinin hesablanması üçün əsas iddiaçı tərəfindən mənfəətinin düzgün əks etdirilməməsidir. Bu halda cavabdeh Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrin tələblərini tətbiq etməklə şərti rentabellik norması əsasında mənfəət vergisini hesablamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Elektron qaimə-fakturalar üzrə ümumilikdə 110337,43 manat məbləğində xərclərin çəkildiyi müəyyən edilməsinə baxmayaraq, 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlir məbləği göstərilmədiyindən, cavabdeh inzibati orqan haqlı olaraq yuxarıda qeyd edilən Qaydalara əsasən şərti rentabellik norması tətbiq etməklə fəaliyyəti ilə əlaqədar xərcləri əsasında vergi ödəyicisinə 2019-cu ilin mənfəət vergisi üzrə 1103,37 manat ((110337,43/5*6-110337,43)x5%) əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********117600 saylı qərarı maddihüquqi baxımdan qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********500700 saylı qərarına münasibətdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsindəki 1.3.2 kodlu “Mallar” adlı sətrində 990822,0 manat dəyərində müvafiq dövr ərzində mal qalığının silindiyi göstərilməsinə baxmayaraq, bəyannamədə (200.1 və 200.2-ci sətrlər) gəlir məbləği göstərilməmiş, bəyannamənin 221.4 kodlu “Malın dəyəri” adlı sətrində 1980429,54 manat xərc məbləği göstərilmişdir. Yəni, 989607,54 manat xərc məbləği artıq göstərilmişdir ki, vergi tutma məqsədləri üçün mənfəət 239257,95 (1698552,00 - (2448901,59-989607,54) manat hesablanmalıdır. Belə olan halda Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə cavabdeh tərəfindən haqlı olaraq 47851,59 (239257,95 * 20%) manat əlavə vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. İddiaçı mübahisələndirdiyi qərarların əsassız olması ilə bağlı hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2- 1(112)-1385/2022 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(112)-1385/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-197/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-197/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver