Məhkəmə qərarları › İş №2-1(103)-197/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-197/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-197/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1592/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Firması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********894100 saylı xx.xx.2022- ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdehin xx.xx.2022-ci il tarixli **********894100 №-li qərarına əsasən vergi ödəyicisi İddiaçı Firması (**********) riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Buna əsas olaraq göstərilmişdir ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərdə cəmi 43,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda "süfrə, xalat, miflou, can dəsmalı, yorğan üzü, ruçnik və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar va ya onların istehsalı üzrə xammal müəyyən edilməmişdir. AR Nazirlar Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunur. Cavabdehin qərarı inzibati icraat və vergi qanunvericliyinin tələbləri pozulmaqla qəbul edildiyindən tamamilə əsassız və qanunsuzdur. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.” İddiaçı firması sadələşdirilmiş vergi ödəyicisi olmaqla, təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın həcmindən vergi ödəyir. Belə olan halda hansı vergi üstünlüyü (vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma) və vergidən yayınma sxemindən (vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat) söhbət gedir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmuasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “... “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən iddiaçının qarşılıqlı əməliyyatları təhlil olunmuş, Firması tərəfindən xx.xx.2022-xx.xx.2022ci il tarixlərində cəmi 43,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda Süfrə (stol 160*90) (hazır 240*170), Xələt (1250qr XL), Miflon (stol 160*90), Can dəsmalı (600qr 90*150), Yorğan üzü (Cüt nəfərlik 200*220), Ruçnik (50*50) ağ x/b və s. qeyd olunduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisinin elektron qaimə faktura üzrə alışında idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 və 3.1.1-ci bəndlərinə əsasən Firma riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2022-ci il tarixli **********894100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul olunmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1592/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********894100 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar Meyarlara əsasən iddiaçının əməliyyatları təhlil olunmaqla vergi ödəyicisinin elektron qaimə faktura üzrə alışında idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qərarın qəbul olunma səbəblərindən biri də əmtəəsiz əməliyyatların qarşısının alınmasıdır.. Vergi ödəyicisi istehsal fəaliyyəti ilə məşğul olsa da heç bir malın alış sənədi aşkar olunmamışdır. Xammal alınmadan istehsal fəaliyyəti ilə məşğul olmaq mümkünsüzdür. Vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olan şəxsdən mal alındıqda Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən elektron qaimə faktura təqdim edilməli, vergi orqanında uçotda olmayan şəxslərdən mal alındıqda isə Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən elektron alış aktı tərtib edilməlidir. Vergi ödəyicisinin uçot –baza məlumatlarında isə qeyd olunan sənədlərdən heç biri aşkar edilməmişdir. Lakin məhkəmə qeyd olunanlardan heç birini nəzərə almayaraq “fərqli malların alınması” ifadəsini əsas götürməklə ədalətsiz qərar çıxarmış, həmin əməliyyatın əmtəəsiz-əməliyyat olubolmamasını ümumiyyətlə araşdırmamışdır. Birinci instansiya məhkəməsi maddi hüquq normalarının pozuntusuna yol vermişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Heydərli apellyasiya şikayətini müdafiə edərək, təmin olunimasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə “**********894100 saylı xx.xx.2022- ci il tarixli qərarının ləğv edilməsini tələb etmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Konkret halda isə cavabdeh vergi orqanı tərəfindən qüvvədə olan meyarlara uyğun olaraq mübahisələndirilən qərarın qəbul olunmasının zəruriliyi mötəbər sübutlarla əsaslandırılmamışdır. Belə ki, Vergi Məcəlləsindən: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na (bundan sonra-“Meyarlar”) əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Cavabdehin işə əlavə olunmuş mübahisələndirilən qərarıdan görünür ki, sözügedən iddiaçının riskli vergi ödəyici siyaıhısına salınması üçün “Meyarları”n 2.1.1.ci bəndində nəzərdə tutulan meyara cavab verdiyini aşağıdakı kimi əsaslandırır: -“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən iddiaçının qarşılıqlı əməliyyatları təhlil olunmuş, Firması tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 43,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda Süfrə (stol 160*90) (hazır 240*170), Xələt (1250qr XL), Miflon (stol 160*90), Can dəsmalı (600qr 90*150), Yorğan üzü (Cüt nəfərlik 200*220), Ruçnik (50*50) ağ x/b və s. qeyd olunduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisinin elektron qaimə faktura üzrə alışında idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Cavabdehin qeyd olunan əsaslandırılmasından göründüyü kimi, adıçəkilən çeşidlərdə 43 manat dəyərində malların qaimə fakturalar üzrə satışda müəyyən edildiyini qeyd etmiş, lakin bəsit bir cümlə ilə alışda və idxalda həmin malların müəyyən edilmədiyini bildirsə də, bunu mötəbər sübutlarla əsaslandırmamış, alışda və idxalda malların çeşidlərinə uyğunsuğu ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanun 61.1-ci maddəsinin tələbinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsəinə əsasən isə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, inzibati akt işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, qəbul edilərkən qanunlar və digər normativ hüquqi aktlara istinad edilməklə əsəsaslandırılmış hesab olunumur. Burada ilk öncə işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməlidir. Cavabdeh orqan tərəfindən isə qanuun qeyd olunan tələbinə riayət olunduğu müəyyən olunmur. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: “Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.” Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qərarı maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosesssual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1592/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1592/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar