Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1970/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: "xxxx" MMM) “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2-1(112)-3414/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 137 saylı 19 fevral 1998-ci il tarixli sərəncamının onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin "xxxx" MMM-nin istifadəsinə verilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-3414/2021 saylı 11 yanvar 2021-ci il tarixli qərardadı ilə "xxxx" MMM iş üzrə 3-cü şəxs qismində işə cəlb edilmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 137 saylı 19 fevral 1998-ci il tarixli sərəncamının iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 362,94 kv.m-dən ibarət fərdi yaşayış evinin və yerləşdiyi 0,21121 ha torpaq sahəsinin "xxxx" MMM-in istifadəsinə verilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2-1(112)-3414/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2-1(112)-3414/2021 saylı qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmaqla işə baxılmasının davam etdirilərək, yekun məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baxılan iş üzrə İddiaçı mübahisələndirilən sərəncam haqqında məlumatlı olması barədə məhkəmənin qənaəti tamamilə yalnışdır. İddiaçı heç bir məhkəmə iclaslarında nə şəxsən nə də ki, nümayəndəsi vasitəsilə iştirak etməmişdir. Məhkəmənin istinad etdiyi iddia ərizəsi iddiaçı tərəfindən tapılaraq iş materiallarına əlavə edilmişdir. Həmin iddia ərizəsində mübahisələndirilən sərəncam barədə heç bir məlumat qeyd edilməmişdir. İddia ərizəsi "xxxx" MMC ilə əvvəlki mülkiyyətçi A.Aydəmirov arasında bağlanmış beh müqaviləsi üzərində qurulmuşdur. İddiaçı birinci inistansiya məhkəməsində həmin iddiaya etiraz ünvanlamışdır. "xxxx" MMC-nin apellyasiya şikayətində sərəncam barədə qeyd yazılmışdır. Halbuki, nə Apellyasiya, nə də ki Ali Məhkəmə iclasları barədə iddiaçının məlumatı olmamış və məhkəmə iclaslarında iştirak etməmişdir. Bu hal iş materiallarına əlavə edilmiş məhkəmə qətnamələrində də öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəf olaraq həmin sərəncamı iddia qaldırıldıqdan sonra məhkəmə iclasında məhkəmənin sorğusu nəticəsində əldə edilə bilinmişdir. Bundan əlavə iddiaçının mübahisələndirilən sərəncam barədə xəbəri olması belə (halbuki xəbəri və məlumatı olmamışdır), şəxsə inzibati aktın verilməsini və ya elan edilməsini təsdiq etmir. Cavabdehin mövqeyinə görə vaxtilə qəbul etmiş olduğu sərəncamın müəyyən mənada nəticələrinin olması inzibati orqanın inzibati aktı tərəfə təqdim etmək səlahiyyətindən azad etmir. Ümumiyyətlə bu hal elan etmə hesab edilə bilməz. Sözü gedən inzibati akt üzrə prosessual müddətin axımı elan etmə ilə deyil, təqdim etmə ilə başlayır. Belə ki, bu inzibati akt yalnız bir şəxsə ünvanlanmışdır. Bundan başqa, şəxsin sərəncamı əldə etmək üçün dəfələrlə etdiyi müraciətlər onun inzibati akta yenidən baxılması üçün edilən şikayət kimi nəzərdən keçirilməlidir. Cavabdeh tərəfindən iddiaçıya inzibati aktın verilməsini təsdiq edən nə qəbz, nə də ki, poçt sənədi təqdim olunmamışdır. Apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2-1(112)-3414/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2-1(112)-3414/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin 19 fevral 1998-ci il tarixli, 137 saylı sərəncamı ilə "xxxx" firmasının 16.01.1998-ci il tarixli И-008/98 saylı məktubu və “Şal” məhdud məsuliyyətli şirkətinin 24.12.1997-ci il tarixli 30/İУ-97 saylı razılıq məktubu nəzərə alınaraq, Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yaşayış evlərinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmış, Bakı şəhər İcra Hakimiyyətinin “İnterservis” müdriyyətinə "xxxx" firmasının rəhbərliyi ilə müvafiq müqavilənin bağlanması tapşırılmış, “Şal” MMŞ-nə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yaşayış evləri tikintisi üçün torpaq sahəsi ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyətinin 12.12.1995-ci il tarixli, 1614 saylı sərəncamı ləğv edilmişdir. Hazırda iddiaçı ünvan 2 ünvanda yerləşən 362,94 kvm-dən ibarət fərdi yaşayış evinə və yerləşdiyi 0,21121 ha torpaq sahəsinə aid hissədə Bakı şəhər İcra Hakimiyyətinin 19 fevral 1998-ci il tarixli, 137 saylı sərəncamını mübahisələndirir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən qərarın ona təqdim olunduğu müddətdən 1 (bir il) 06 (altı) ay il keçdikdən sonra, yəni 06.08.2020-ci il tarixdə yuxarı inzibati orqana, 2 (iki) il 1 (bir) aydan çox vaxt keçdikdən sonra, yəni 11.01.2021-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüş, bununla da iddiaçı həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İşin araşdırılmış hallarından məlum oldu ki, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi 14-də 0,293952 ha torpaq sahəsində yerləşən daşınmaz əmlaklar üzərində X1 paylı mülkiyyət hüququ üzrə mülkiyyət hüququ mövcud olmuş, 05 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətindəki əmlakı İddiaçı satmışdır. Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsində yerləşən 14 saylı evin İddiaçı payına uyğun 2/3 hissəsi üzərində naturada bölgüsü aparılmışdır. Belə olan halda Məhkəmə tərəfindən araşdırılmalı hal iddiaçının sözügedən əmlakları əldə etdiyi tarixdən, yəni 05 dekabr 2017-ci ildən sonra mübahisələndirilən sərəncam barədə məlumatlı olub-olmaması ilə bağlıdır. İş materiallarından, işin araşdırılmış hallarından və tərəflərin mıhkəmə iclasları zamanı verilmiş izahatlarından məlum olur ki, mübahisələndirilən sərəncam qəbul edildikdən sonra bir sıra məhkəmə mübahisələri mövcud olmuş, 2017-ci ildə əmlak iddiaçı tərəfindən alqısatqı yolu ilə əldə edilmiş, həmin dövrdən sonra mülki icraat qaydasında mübahisələr mövcud olmuş, mülki icraat qaydasında baxılan işlərin bir neçəsində İddiaçı tərəf qismində iştirak etmiş, mövcud əmlaka dair "xxxx" MMM-lə bağlı mübahisələrdən məlumatlı olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.07.2018-ci il tarixli 2(004)-102/2018 saylı qətnaməsindən görünür ki, digər tələblərlə yanaşı iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs "xxxx" MMC-nin cavabdehlər X5 və İddiaçı qarşı “cavabdehlər arasında bağlanmış 05.12.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X6 ilə "xxxx" MMC arasında Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, 14 saylı fərdi yaşayış evinin 2/3 hissəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh X4 üzərinə qoyulması” barədə iddiası olmuş, həmin iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşin materiallarına əlavə edilmiş həmin qətnamənin 8-ci vərəqinin son abzasında qeyd olunmuşdur ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin, ərizə ilə məhkəməyə müraciət edərək X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, ev 14 ünvanın 2/3 hissədə olan payını 05.12.2017-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən qanunla müəyyən edilmiş qaydada dəyərini ədalətli ödəməklə satın aldığını, yaşayış sahəsinin vicdanlı alıcısı olması və həmin yaşayış sahəsinə dair mübahisədən xəbəri olmamasını göstərmiş, məhkəmə iclasında iştirak edə bilməməsini üzürlü hesab edərək iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qaldırılmış iddiaların rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19.08.2019-cu il tarixli qətnaməsinin məzmunundan aydın olur ki, müstəqil tələb irəli sürən 3-cü şəxs "xxxx" MMC məhz Bakı Şəhər İcra Hakimiyyəti başçısının 137 saylı 19.02.1998ci il tarixli sərəncamına əsaslanaraq evin əvvəlki mülkiyyətçisi A.Aydəmirovla evin alqısatqısına dair “beh müqavilə”ləri bağlaması və s. bütün zəruri xüsusatlar öz əksinin tapmışdır. Göründüyü kimi, hazırki İddiaçı həmin məhkəmə mübahisələrində tərəf qismində iştirak etmiş, hətta "xxxx" MMC-nin iddia tələbinə qarşı etiraz ərizəsini təqdim etmişdir. İşə əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, sözügedən evin əvvəlki mülkiyyətçisi olmuş X6 Bakı şəhər İcra Hakimiyyətinin 19 fevral 1998-ci il tarixli, 137 saylı sərəncamını mübahisələndirmiş, Ali Məhkəmənin İİK-nın 29.07.2015-ci il tarixli 2-1(102)- 852/2015 saylı qərarı ilə A.Aydəmirovun iddiası müddətin keçməsi səbəbilə mümkün sayılmamışdır. Beləliklə, yuxarıda qeyd edilən hallar iddiaçının mübahisələndirilən sərəncamdan ən geci Bakı Apellyasiya Məhkəməsində müstəqil tələb irəli sürən 3-cü şəxs "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə baxılan zamanı məlumatlı olması nəticəsinə gəlməyə imkan verir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, işdən mübahisələndirilən sərəncamın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Çünki işdə iddiaçının həmin sərəncam barədə iddia qaldırmazdan əvvəl məlumatlı olması təsdiq olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə qanunvericliklə nəzərdə tutulmuş müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Baxılan iş mübahisələndirmə haqqında iddialara aiddir. İnzibati Prosessual Məcəllənin 8.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materialarına əsasən müəyyən olunur ki, mübahisələndirilən sərəncam qəbul edildikdən sonra 2017-ci ildə əmlak iddiaçı tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş, həmin dövrdən sonra mülki icraat qaydasında mübahisələr mövcud olmuş, mülki icraat qaydasında baxılan işlərin bir neçəsində İddiaçı tərəf qismində iştirak etmiş, mövcud əmlaka dair "xxxx" MMM-lə bağlı mübahisələrdən məlumatlı olmuşdur. Beləliklə, iddia müddəti ötürülmüş, bununla da iddiaçı həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Beləliklə, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia üçün müəyyən olunan xüsusi mümkünlük şərtlərinə əməl edilməmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2-1(112)-3414/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1970/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1970/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver