Məhkəmə qərarları › İş №2-1(103)-1970/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1970/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1970/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “cavabdehə artıq ödənilmiş 6317,60 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1508/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehə artıq ödənilmiş 6317,60 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən cavabdehin vaxtilə işlədiyi “Heydər Əliyev adına X5”nun arxivində ona dair saxlanılan sənədlərinin yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1996-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində “Azərneftyağ” İstehsalat Birliyinin yağ istehsalı sexində qələvi hazırlayan və sistemə süzən əməliyyatçı, xx.xx.2008-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində qələvi və sabitləşdirmə üzrə operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi qələvi hazırlayan və sistemə süzən əməliyyatçı və qələvi və sabitləşdirmə üzrə operator vəzifələri yuxarıda qeyd olunan texnoloji qurğuların operatorları vəzifəsinə uyğun deyil. Bu səbəblərdəndə cavabdehin güzəştli stajı 10 ildən az (9 il 7 ay 27 gün) təşkil edir. Qeyd edilən faktlar “Heydər Əliyev adına X5”nun Arxiv işləri üzrə şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Göründüyü kimi, ona xx.xx.2017-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd edilənlərə əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən cavabdehə xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6317,60 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filiala tapşırılmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1508/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehə artıq ödənilmiş 6317,60 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab edərək təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İş materialları ilə müəyyən olunur ki, cavabdehə qələvi və sabitləşdirmə üzrə operator işləməsi nəzərə alınaraq 52 yaşdan, xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilərək ödənilmişdir. İddiaçı cavabdehin güzəştli iş stajının az olmasını, 52 yaşdan güzəştli şərtlərlə pensiyanın qanunvericiliyə zidd olaraq təyin edilməsini əsas götürərək xx.xx.2017ci ildən xx.xx.2020-ci ilə qədər olan dövrdə iddiaçıya 6317,60 manat artıq pul vəsaitinin ödənildiyini hesab edərək həmin məbləğin qaytarılması barədə xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin müraciət təmin edilmədiyi üçün həmin məbləğin cavabdeh tərəfindən iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan məbləğin cavabdehdən alınaraq, ona geri qaytarılmalı olması barədə iddiaçının dəlilləri əsassızdır və bu barədə iddia təmin oluna bilməz. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsiəmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Həmin Qanunun 5.3-cü maddəsi əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən; - bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi məsələlərini tənzimləyir (bənd 1.1). - Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər (bənd 2.1). - Pensiya təyin edilməsi barədə müraciət kağız üzərində edildikdə Şöbənin və ya İdarənin işçisi tərəfindən müraciət 1 (bir) iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin” (bundan sonra – MEİS) X3 (bundan sonra PAS) daxil olunur və gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Bu barədə bildiriş (3 nömrəli Əlavə) Müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir (bənd 2.7). Pensiyanın təyin olunması üçün çatışmayan sənədlər təqdim edildikdən sonra Şöbənin və ya İdarənin Pensiya təyinatı sektorunun işçisi 1 (bir) iş günü ərzində onu PAS-a daxil edir, sənədlər tam təqdim edildikdən sonra gücləndirilmiş elektron imzası ilə təsdiqləyir və bu barədə bildiriş (3 nömrəli Əlavə) müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir (2.10.). - Müraciət kağız üzərində olduqda sənədlər PAS-a daxil edildikdən sonra 9 (doqquz) iş günü ərzində, elektron müraciət edildikdə isə 1 (bir) iş günü ərzində komissiya üzvləri öz rəylərini PAS-a daxil edərək gücləndirilmiş elektron imzaları ilə təsdiqləyirlər. Komissiyanın bütün üzvləri tərəfindən rəylər təsdiqləndikdən sonra sadə səs çoxluğu ilə qərar (5 və 6 nömrəli Əlavələr) qəbul edilir (bənd 2.11.). - Müraciət edən şəxsin əmək pensiyası (əmək pensiyasının yenidən hesablanması və ya bir növündən başqa növünə keçirilməsi) hüququ olmadığı hallarda, Şöbə və ya İdarə pensiya təyin olunmasından imtina edilməsi barədə bildirişi (8 nömrəli Əlavə) 5 iş günü ərzində imtinanın səbəblərini göstərmək şərtilə müraciətdəki əks əlaqə vasitələrindən birinə göndərir və ya məlumat verir (2.13). Göründüyü kimi pensiyanın müəyyən edilməsi iddiaçı inzibati orqanın yuxarı orqanı olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (və ya onun müvafiq şöbələri, idarələri) tərəfindən həyata keçirilir və pensiyanın təyin edilməsinin səhv olmasına görə vətəndaş (pensiya təyin olunmuş və ya pensiyası yenidən hesablanmış şəxs) məsuliyyət daşıya bilməz. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətidir. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunubqorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənililib-ödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyasının təyin edilməsinə nail olubsa və ya pensiya məbləğinin ödənilməsinin qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilə bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində səhv etməsi məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində zərurəti nədən meydana gəldiyi qeyd edilməmiş, cavabdeh tərəfindən pensiyanın təyin edilməsi ilə bağlı hər hansı qanunsuz hərəkət göstərilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya təyin edilməsinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Belə ki, müvafiq bazaya və mütəxəssis heyətinə malik iddiaçı tərəfindən əmək pensiyasının ehtimal olunan səhv hesab edilməsi illər sonra müəyyən edilə bilirsə, həmin halların hesablamanın aparılması ilə bağlı müvafiq ixtisasa malik olmayan cavabdehdən müəyyən edilməsinin gözlənilməsi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, pensiya təyini ilə yenidən hesablama barədə qərar, sərəncam qəbul edilərək, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən artıq ödənilmiş məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1508/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar