Məhkəmə qərarları › İş №2-1(103)-1970/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1970/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1970/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(112)-1906/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu (keçmiş 26 ünvan 1 ünvanında olan evə mövcud vəziyyətdə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu (keçmiş 26 ünvan 1 ünvanında olan evdə xx.xx.1989-cu ildən ailəsi ilə birgə qeydiyyatda olmaqla yaşayır. O, həmin evi 1989-cu ildə əvvəlki evin sahibindən alqı-satqı yolu ilə dəyərini tam ödəməklə almışdır. Sonradan 21 iyul 1989-cu il tarixli, 23/2357 saylı 26 Bakı Komissarları adına İcra Hakimiyyətinin X8 (hazırki Səbail rayon İcra Hakimiyyətinin) qərarı ilə həmin evə daimi qeydiyyata alınmışdır və hazırkı vaxta kimi bütün kommunal və sair ödənişləri etməklə həmin evdə 35 ildir ki, ailəsi ilə yaşayır. Dəfələrlə cavabdehə Bakı şəhəri, Səbail rayonu (keçmiş 26 ünvan 1 ünvanında olan evə dair çıxarışın və texniki pasportun verilməsi barədə müraciət etsə də, müraciətlərinə müsbət cavab verilməmişdir. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü 246,4 kv.m təşkil edir. Bakı İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(112)-1906/2025 saylı qərarı ilə (hakim H.Ağalarov) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir araşdırma aparmadan, cavabdehin məhkəmədə iştirakını təmin etmədən, cavabdehin məhkəməyə ünvanladığı etirazını mötəbər sübut kimi qəbul edərək səhv nəticəyə gəlmiş və iddianın təmin olunmaması barədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə qərarında iddianın mümkünlüyünü yoxladıqdan sonra, müəyyən normativ hüquqi aktlarını qərarında qeyd etdikdən sonra heç bir araşdırma aparmadan bu qənaətə gəlmişdir ki, iddia təmin olunmamalıdır. Bu nəticəyə gəlmişdir ki, guya iddiaçı tərəf hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etmədiyindən iddia təmin olunmamalıdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.4-cü maddəsində qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. O, istifadəsində olan mübahisə predmeti olan əmlakın dövlət qeydiyyatına alınması üçün məhz məhkəməyə müraciət edib. Lakin məhkəmə əsassız səbəblərlə iddianın təmin olunmaması qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Rеspublikası Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toхunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə еtmək və onun barəsində sərəncam vеrmək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-ci maddəsinə görə əgər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o mülkiyyətçi kimi qeydiyyata alınmasını tələb edə bilər. Qeyd etdiyi kimi o, mübahisə predmeti olan ünvan 2 ünvandakı evi xx.xx.1989-cu ildə alqı-satqı müqaviləsinə əasən ilkin mülkiyyətçidən dəyərini tam ödəməklə alıb. Sonradan həmin evə 21 iyul 1989-cu ildə 23/2357 saylı 26 Bakı Komisarı rayonunun X4 (hazırki Səbail rayonu İH) qərarına əsasən daimi qeydiyyata alınıb. Artıq 35 ildir ki, həmin evdə daimi qeydiyyatda olmaqla fasiləsiz ailəsi ilə birgə yaşayır. Yaşadığı 35 il müddətində bütün kommunal ödənişləri və vergilərini ödəyib. Qeyd etdiyi kimi bu müddət ərzində ona qarşı heç bir dövlət orqanından onun həmin evdə yaşamağına etiraz olunmamış, fasiləsiz həmin əmlaka 35 ildir ki, sahiblik edir və həmin əmlak istifadəsindədir. Göstərilən normalar və qanunvericiliyin digər tələbləri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Axverdiyev Azərbaycana qarşı işində göstərmişdir: 79.1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir, ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrumetməni və onun şərtlərini əhatə edir, üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (Kozacıoğlu Türkiyəyə qarşı İBP), No2334/03, 48, 19 fevral 2009-cu il, and Vistinş və Perepiolkins Latviyaya qarşı İBP), Ne 71243/01, Ş 93, 25 oktyabr 2012-cı 11). Gətirilən iqtibaslar da iddiaçıın hüquqlarının pozulmasına dəlalət edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, - 21 iyul 1989-cu il tarixli, 23/2357 saylı 26 Bakı Komissarları adına X8 İK-nın (hazırki Səbail rayon İcra Hakimiyyətinin) qərarına əsasən İddiaçı, X6, X3, X7 Bakı şəhəri, Səbail rayonu (keçmiş 26 ünvan 1 ünvanında olan evə qeydiyyata alınmışlar. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Səbail rayon MKTB-nin 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli, 2811 nömrəli arayışda qeyd edilir ki, İddiaçı xx.xx.1989-cu il tarixdən F.Qurbanov ö/t 4a ünvanda qeydiyyata düşmüş və hal-hazırda həmin ünvanda qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, alqı-satqı müqaviləsinə əsasən aldığı və 21 iyul 1989-cu il tarixli, 23/2357 saylı 26 Bakı Komissarları adına X8 qərarı ilə qeydiyyata alındığı Bakı şəhəri, Səbail rayonu (keçmiş 26 ünvan 1 ünvanında olan evə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən 28 iyun 2024-cü il tarixli, 3-21-3-30/2-Q-0431-8/2024, **********22 nömrəli məktubla cavab verərək bildirmişdir ki, fərdi yaşayış evi və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 38 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yarannış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mübahisələndirilən qərarında qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının iddia etdiyi fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. İş materiallarında olan 21 iyul 1989-cu il tarixli, 23/2357 saylı 26 Bakı Komissarları adına X8 qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsaslarından biri kimi təsbit edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat artıq qeyd edildiyi kimi, yuxarıda sadalanan sənədlərə əsasən aparılır. İddiaçı isə nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərdən hər hansı biri təqdim edilməmişdir, bu səbəbdən iddia tələbi təmin edilməməlidir. İşə apellyasiya məhkəməsində baxılması zamanı Bakı şəhər Sovetinin 3/92 nömrəli, xx.xx.1989-cu il tarixli qərarının müvafiq qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə və Bakı şəhər İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 22 may 2025-ci il tarixli, 3-52/2-1644/2025 nömrəli məktubunda qeyd edilir ki, Bakı şəhər X10 İcraiyyə Komitəsinin 1989-cu ilə dair qərarları Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialından yuxarıda qeyd olunan qərarın surəti məhkəməyə göndərilmişdir. Həmin qərarın məzmunundan göründüyü kimi qərarla həmin vaxtı Ermənistan SSR-dən Bakı şəhərinə köçmüş Azərbaycan əsilli şəxslərin məskunlaşdıqları özbaşına tikililərdə pasport qeydiyyatına alınması məsələləri tənzimlənmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Səbail rayonu (keçmiş 26 ünvan 1 ünvanında olan evə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan və bununla əlaqədar birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla iddia tələbini rədd edərkən haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(112)-1906/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar