Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1971/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların sistemə daxil edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2305/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi-qanuni təmsilçisi qismində xxxxxxx000200 nömrə ilə qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi öhdəliyinin X1 Xidmətinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi əməklə məşğuldur. Müxtəlif fiziki şəxslərin yanında əmək müqaviləsi ilə çalışmış, 2016-cı ildə isə öz işini açmaq qərarına gələrək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etməklə qeydə aldırmışdır. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsinin xx.xx.2016-cı il tarixli, **********638400 saylı Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarış verilmiş və təsisçi, qanuni təmsilçi hüquqları tanınmışdır. Bununla yanaşı xx.xx.2016-cı ildən Əmək müqaviləsi bildirişinin verilməsi onun elektron informasiya sisteminə daxil edilməsi təmin edilmişdir. İllər ərzində hüquqi şəxsin heç bir fəaliyyəti olmamış, işçi götürülməmiş və nəzərdə tutulan məqsədlərə çatmaq üçün maliyyə və ya digər əməliyyatlar aparılmamışdır. Bu səbəbdən də rəsmən qeydiyyat orqanına müraciət edərək fəaliyyət dayandırılmış və xx.xx.2021-ci ildən etibarən müəssisə rəsmən ləğv edilmişdir. Hüquq şəxsin ləğvinə dair bütün qanuni rəsmiləşdirilmələr edilmiş və qeydə alınmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli **********6896900 saylı məktubu ilə **********33 saylı bildiriş verilmiş və qeyd olunmuşdur ki, «xx.xx.2016-cı il tarixdə ********* № ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixdə ləğv edilmiş və həmin qurum Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarılmışdır.» Həyat və yaşam şəraitinin təmin olunması üçün işləməli və əmək fəaliyyəti ilə məşğul olmaq zərurəti vardır və bu mqəsədlə də işə düzəlmək istəyir. Lakin yuxarıda qeyd olunan hüquqi şəxsin təsisçisi və qanuni təmsilçisi hüquqlarına xitam verilməsi barədə Əmək müqaviləsinin qeyri aktiv edilmədiyi müəyyən edilmişdir. Bildirişinin onun elektron informasiya sisteminə daxil edilməsi üçün etdiyi müraciətlər isə nəticəsiz qalmışdır. Asan imzası ləğv edilmiş, hüquqi şəxsin vergi orqanında işləmləri başa çatdırılmış və elektron informasiya sisteminə girişi məhudlaşımışdır. Bu səbəbdən mövcud qanunvericiliyi və aktiv əmək müqaviləsinin ləğv olunma istəyini rəhbər tutaraq cavabdeh təşkilata müraciət olunmuşdur. Lakin müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 24 avqust 2023-cü il tarixli 3-17-5/2- Ə- 31793/2/2023 №-li cavab məktubunda bildirilmişdir ki, “Sizin 2023-cü il 26 və 27 iyul tarixli ərizənizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətində baxılmışdır. Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyəti xaricindədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı electron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsinin bildirişinin həmin electron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə electron qaydada məlumat göndərilməsindən sonra hüquqi qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1- ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini electron informasiya sisteminə gücləndirilmiş electron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyul tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun electron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürən və Azərbaycan Respublikası Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”nın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökümət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökümət” portalına yerləşdirilmiş ’’Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir. Müraciətinizlə bağlı əməkdaşlarımız tərəfindən Sizinlə telefon əlaqəsi saxlanılmış və ətraflı məlumat verilmişdir.” Cavabla faktiki ona imtina olunmuşdur ki, bununla da məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2305/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “mövcud qanunvericiliyə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə müvafiq bildirişin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin səlahiyyətinə aiddir. Hazırkı halda isə işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsi səbəbi ilə bu mümkün olmadığından, iddiaçı ləğv edilmiş müəssisə ilə əmək münasibətlərinə xitam verilməsi faktının təsdiq edilməsi tələbinə dair iddia ilə aidiyyəti üzrə ümumi (rayon, şəhər) məhkəməsinə müraciət edə bilər.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı işin hallarından müəyyən edilir ki, "xxxx" MMC xx.xx.2016-cı il tarixdə ********** nömrəli ilə qeydiyyata alınmış, daha sonra isə xx.xx.2021-ci il tarixdə həmin MMC ləğv edilərək Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi İddiaçı olmuşdur. Lakin İddiaçı barəsində əmək müqaviləsi (xxxxxxx000200) bildirişi "xxxx" MMC tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş və hal-hazıradək həmin müqavilə sistemdə aktiv olaraq görünür. İddiaçı təsisçi və qanuni təmsilçi olduğu müəssisənin icraçı direktoru təyin edilməsinə dair əmək müqaviləsini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmiş, lakin müəssisənin ləğv edilməsi ilə əlaqədar həmin müqaviləyə xitam verməmiş və bu barədə müvafiq bildirişi "xxxx" MMC adından elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etməmişdir. Beləliklə də, müəssisənin ləğv edilməsinə baxmayaraq elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş müqavilə aktiv olaraq qalmışdır. İddiaçı ilk növbədə cavabdeh X1 Xidmətinə qarşı “ əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin sistemə daxil edilməsi” bərədə iddia tələbi ilə Bakı şəhər Yasamal rayon məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 2(004)-5643/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.İddiaçı daha sonra hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mümkün hesab edilməli və ona mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti haqqında” Əsasnamənin 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) amal olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1. Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.1. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək; Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan qanunvericilik normalarına əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə müvafiq bildirişin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin səlahiyyətinə aid olsa da, hazırkı iş üzrə işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbində qeyd edilən müvafiq hərəkətlərin edilməsi (əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi) bilavasitə dövlət nəzarəti funksiyasını həyata keçirən cavabdeh inzibati orqanın vəzifəsidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). Göründüyü kimi, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı yuxarıda göstərilən hallar yenidən araşdırılmaqla iddia tələbinə mahiyyəti üzrə qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2305/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2305/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi-qanuni təmsilçisi qismində xxxxxxx000200 nömrə ilə qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-1971/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1971/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver