Məhkəmə qərarları › İş №2-1(103)-1972/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1972/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1972/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-2768/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı əsasında İddiaçı təyin edilmiş və 2020-ci ilin noyabr ayından dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4350/2017 saylı, 27 sentyabr 2017-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə kimi sovet ordu sıralarında olan xidmət illərinin ümumi iş stajı kimi və xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə kimi qazmaçı köməkçisi, xx.xx.1979-cu ildən xx.xx.1982-cı ilə kimi quyularının hazırlanması üzrə operator peşəsində, xx.xx.1982cı ildən xx.xx.1985-cı ilə kimi qazmaçı köməkçisi və xx.xx.1985-cı ildən xx.xx.1996-cı ilə kimi qazma ustası peşəsində işlədiyi illəri güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqı əsasında nəzərə alınmaqla 26 fevral 2007-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2620/2017 saylı 30 noyabr 2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehin həmin qərardan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2- 1(102)593/2018 saylı 14 mart 2018-cı il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır Beləliklə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-4350/2017 saylı, 27 sentyabr 2017-cı il tarixli qərarı 14 mart 2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və iddiaçıya pensiya təyin edilmişdir. Lakin 2020-ci ilin noyabr ayından iddiaçıya pensiyanın verilməsi dayandırılmışdır. İddiaçı dəfələrlə müxtəlif dövlət orqanlarına, o cümlədən, cavabdeh Filialına pensiya ödənişinin bərpa edilməsi ilə əlaqədar müraciət etmiş, lakin pensiya ödənişinin dayandırılmasının səbəbləri barədə rəsmi məlumat verilməmiş, Nazirlik 08 yanvar 2021-ci il tarixdə və 02 sentyabr 2021-ci il tarixdə iddiaçıya cavab verərək bildirmişdir ki, araşdırma aparılır və araşdırmanın nəticəsinə uyğun olaraq pensiyasına yenidən baxılacaqdır. Lakin bu araşdırmanın nə üçün aparılması, iddiaçının pensiyasının qanunsuz olmasının nədən ibarət olması, araşdırmanın nə vaxt başa çatacağı barədə iddiaçıya heç kim məlumat vermir. İddiaçı hesab edir ki, iddiaçının pensiyasının dayandırılması qanunsuzluqdur. Ona pensiya məhkəmə qərarı əsasında təyin edilmişdir, belə formada dayandırılması özbaşınalıqdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qərarı icra olunmur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2768/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı əsasında İddiaçı təyin edilmiş və 2020-ci ilin noyabr ayından dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Şikayət Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadən onunla əsaslandırılmışdır ki, məhkəməinin qərarı əsassızdır. Belə ki, xüsusilə zərərli və ağır işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə aparılır.Filial tərəfindən öz fəaliyyətində əsasnaməsinə uyğun olaraq Azərbaycan Respubliksı qanunvericiliyi rəhbər tutulur. Nazirlik tərəfindən aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə şübhələr yarandıqda , pensiyaya əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyası ödənişi Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar iddiaçıya vaxtıilə pensiya təyinatı zamanı əsas götürülmüş halların qanunvericilyin tələblərinə uyğunluğunun ƏƏSMN Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə Filial tərəfindən iddiaçıya əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. İddiaçının iddia ərizəsinə, cavabdehin apellyasiya şikayətinə və işə əlavə olunmuş digər sənədlərə əsasən müəyyən olunur ki, iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məhkəmənin qanuni qüvvəsini almış qərarına əsasən təyin olunmuşdur. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4350/2017 saylı, 27 sentyabr 2017-cı il tarixli qərarı ilə xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə kimi sovet ordu sıralarında olan xidmət illərinin ümumi iş stajı kimi və xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə kimi qazmaçı köməkçisi, xx.xx.1979-cu ildən xx.xx.1982-cı ilə kimi quyularının hazırlanması üzrə operator peşəsində, xx.xx.1982-cı ildən xx.xx.1985-cı ilə kimi qazmaçı köməkçisi və xx.xx.1985-cı ildən xx.xx.1996-cı ilə kimi qazma ustası peşəsində işlədiyi illəri güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqı əsasında nəzərə alınmaqla 26 fevral 2007-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2620/2017 saylı 30 noyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)593/2018 saylı 14 mart 2018-cı il tarixli qərarı cavabdehin apellyasiya məhkəməsinin həmin qərarından verdiyi kassasiya şikayəti təmin edilməmiş, qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də 14 mart 2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-cı il tarixli qərarı qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilmiş, lakin 2020-ci ilin noyabr ayından etibarən pensiya ödənişi dayandırılmışdır və məhkəmənin qanuni qüvvəsini almış qərarı icra olunmur. Konkret halda isə iddiaçı yenidən cavabdehə qarşı dayandırılmış əmək pensiyasının bərpa edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təyin olunmuş əmək pensiyasının ödənişinin cavabdeh tərəfindən dayandırılmasına görə yenidən “dayandırılmış əmək pensiyasının bərpa olunması barədə” məhkəmədə qaldırılan iddianın inzibati məhkəmə icraatı mümkün sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 117.1.1-ci maddəsinə əsasən icra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilir. Eyni zamanda həmin Məcəllənini 1.2-ci maddəsi baxımından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 15.2-ci maddəsinin tələbinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İşin qeyd olunan hallarından isə göründüyü kimi, cavabdeh onun üçün məcburi olan qanuni qüvvəsini almış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4350/2017 saylı, 27 sentyabr 2017-cı il tarixli qərarının icrasını dayandırmışdır. Halbuki, İPM-in 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Eyni zamanda, «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) də Avropa Məhkəməsi Qərarında qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» Qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, məhkəmənin qanuni qüvvəsini almış qərarı icra sənədi sayılır, icra sənədinin icrasına nəzarəti isə həmin işə baxan məhkəmə (hakim) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 saylı 19 noyabr 2021ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir.... Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir...”. Qeyd olunanlar onu deməyə əsas verir ki, qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibatı Məhkəməsinin 27 sentyabr 2017-cı il tarixli qərarının icrasına nəzarəti həyata keçirmək həmin işə baxan məhkəmənin səlahiyyətidir və həmin işin icrasında yaranan istənilən məsələyə də, ayrıca iddia icraatı çərçivəsində yox, məhz, həmin işin davamı olaraq icra qaydasında baxılmalıdır. Məhkəmə qərarının icra olunması isə İPM-in XİV fəslinin müəyyən etdiyi qaydalara uyğun olaraq həmin işə baxan birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Bu baxımdan, İPM-in 35.1-ci maddəsinin tələbindən hazırkı iddianın əsaslandırılmış iddia kimi qəbul olunması mümkün deyildir. Başqa sözlə, iddianın mümkünlük şərtləri ödənilmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən isə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilir. Lakin birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddianın inzibati məhkəmə icraatını qeyri-mümkün edən hallara diqqət yetirilməmiş, iddianın mümkünlük şərtləri öz təsdiqini tapmadığı halda, işə mahiyyəti üzrə işə baxılaraq təmin olunması barədə prosessual qanunvericiliyin tələblərini pozulması ilə qərar qəbul olunmuşdur. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə prosessual hüquq normalarının tələblərinin pozulması hissəsində razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-2768/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-4350/2017 saylı, 27 sentyabr 2017-cı il tarixli qərarı ilə ona təyin olunmuş əmək pensiyasının davamlı icrasının təmin olunması üçün həmin icra sənədinin icrası qaydasında, müvafiq ərizə (şikayət) ilə həmin qərarın icrasına nəzarəti həyata keçirən birinci instansiya məhkəməsinə (hakimə) müraciət edə bilər. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-2768/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar