Məhkəmə qərarları › İş №2-1(103)-1972/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1972/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1972/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı «siyahıya alınmış əmlakının satılması» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3638/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 13.337,05 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 13.350 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2019-cu il tarixə yaranan 445.766,43 manat borcuna görə 13.350 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2019-cu il tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 13.337,05 manat ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3638/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı inzibati orqan apellyasiya şikayəti verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kifayət qədər araşdırma aparmamış, vəzifəsi olduğu halda zəruri sübutlar toplamamışdır. Belə ki, məhkəmə siyahıya alınmış əmlakların vahidinin qiymətinin müəyyən olunduğunu və əmlakların sayıla bilən olduğunu araşdırmamışdır. Belə ki, məhkəmə “əmlakın siyahıya alınması haqqında” protokolu araşdırmış olsaydı, borcun ödənilməsinə kifayət edəcək həcmdə olan əmlakı sayına və növünə görə bölüb iddianı qismən təmin edə bilərdi. Lakin məhkəmə mütənasiblik prinsipinin tələbləri baxımından yanaşdığını qeyd edərək iddianın rədd olunması barədə qərar çıxarmışdır. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iddiaçıya yardım etmək vəzifəsini yerinə yetirməmiş, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsinə imkan verməmiş, birbaşa iddianın rədd edilməsi haqqında qərar çıxarmışdır. Halbuki, sözügedən hall iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, vergi borcu mövcud olduğu halda məhkəmənin mütənasiblik prinsipini rəhbər tutaraq iddianı rədd etməsi barəsində şikayət verilən məhkəmə qərarının əsassız olduğunu göstərir. Birinci instansiya məhkəməsi qərarında hazırkı iş üzrə baxılan mübahisəni həll edərkən məsələyə həmçinin mütənasiblik prinsipinin tələbləri baxımından da yanaşılmalı olduğundan 152,68 manat borca görə cavabdehin həmin məbləğə uyğun daşınar əmlakı siyahıya alınmasının mümkün olduğunu qeyd edir. Bununla bağlı bildirirlər ki, iş materiallarına nəzər saldıqda görmək olar ki, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixə 13.337,05 manat borcu olmuş və bu borcun ödənilməsinin təmin edilməs məqsədi ilə xx.xx.2019-cu il tarixli **********1 nömrəli “Əmlakın siyahıya alınması haqqında” Qərar qəbul edilərək cəmiyyətin əmlakının siyahıya alınması qərara alınmışdır. Göründüyü kimi əmlakın siyahıya alınması zamanı siyahıya alınmış əmlak vergi borcunun miqdarına mütənasib olmuşdur. Belə olan halda məhkəmənin vergi ödəyicisinin hazırkı tarixə mövcud olan borcuna əsaslanaraq borc məbləği ilə siyahıya alınmış əmlakın dəyərinin mütənasib olmadığını qeyd etməklə iddianı rədd etməsi işin hallarına uyğun hesab oluna bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki: - İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixli “vergi borcunun ödənilməsinə dair” bildiriş göndərilmişdir. Həmin bildirişdə cavabdehin xx.xx.2019-cu il tarixinə ümumilikdə 441.466,29 manat borcu olmuşdur. - Cavabdeh MMC vergi borcunu Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə əmlakının siyahıya alınması qərara alınmışdır (xx.xx.2019-cu il tarixli **********1 nömrəli qərar). - Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli **********1 nömrəli protokol tərtib edilmişdir. Dövlət büdcəsinə ödənilməmiş borcuna görə vergi ödəyicisinin ünvan 1 ünvanındakı anbarda Cavabdeh MMC-yə məxsus MDF və XDF (laminat) ümumilikdə qiyməti 13350,0 manat məbləğində əmlakı siyahıya alınmışdır. - Tərtib edilmiş protokol əsasında vergi ödəyicisinin iştirakı ilə siyahıya alınmış və həmin əmlak siyahıya alındıqdan sonra saxlanılması üçün vergi ödəyicisinin məsul saxlancına verilərək, bu barədə “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2019-cu il tarixli Akt tərtib edilmişdir. - İddiaçı tərəfindən cavabdehə əmlak siyahıya alındıqdan sonra Vergi Məcəlləsinə əsasən xəbərdarlıq məktubu göndərilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan Cavabdeh (VÖEN: **********) **********79 nömrəli icraat vərəqəsi üzrə 445.766,43 manat borcu olduğuna görə əmlakın siyahıya alınması tədbirləri keçirilmiş və nəticəsi üzrə xx.xx.2019-cu il tarixli protokol tərtib edilmişdir. Siyahıya alınmış əmlakların qiymətləndirilməsi müvafiq dövr üzrə mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmiş və tərtib edilmiş protokolda əks olunmuşdur. Hal-hazırda **********79 nömrəli icraat vərəqəsi üzrə vergi ödəyicisinin 152,68 manat ödənilməmiş borcu vardır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, “hazırkı iş üzrə baxılan mübahisəni həll edərkən məsələyə həmçinin mütənasiblik prinsipinin tələbləri baxımından da yanaşılmalı olduğundan 152,68 manat borca görə cavabdehin həmin məbləğə uyğun daşınar əmlakı siyahıya alınması mümkündür. Nəzərə almaq lazımdır ki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Bu mənada, məhkəmə hesab edir ki, mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.” Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd olunan hallara istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Göründüyü kimi əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. İşin faktiki hallarından müəyyən edilir ki, cavabdehin dövlət büdcəsinə borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə “siyahıya alınmış əmlakının satılması barədə” xx.xx.2019-cu il tarixli **********1 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar əsasında vergi ödəyicisi olan Cavabdeh MMC-yə məxsus ümumilikdə qiyməti 13350,0 manat məbləğində MDF və XDF (laminat) adlı əmlakı siyahıya alınmışdır. Daha sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 13.337,05 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 13.350 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasını xahiş etmişdir. İşin məhkəmə icraatı zamanı iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavabdehin hal-hazırda **********79 nömrəli icraat vərəqəsi üzrə vergi ödəyicisinin borcunun 152,68 manat olması göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 152,68 manat vergi borcunun ödənilməsini təmin etmədiyindən iddiaçı həmin borcun cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməklə, borc məbləğinə mütənasib olaraq cavabdehin 152,68 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməlidir. Belə ki, vergi ödəyicisinin siyahıya alınmış əmlak bölünə bilməyən əmlak deyildir. Yəni siyahıya alınmış əmlakların ümumi sayı 275 ədəd olmaqla və vahidinin qiyməti göstərilməklə protokolda təsvir olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3638/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 152,68 (bir yüz əlli iki manat, altmış səkkiz qəpik) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 152,68 (bir yüz əlli iki manat, altmış səkkiz qəpik) manat məbləğində siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmalı, iddia qalan hissədə təmin edilməməlidır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3638/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 152,68 (bir yüz əlli iki manat, altmış səkkiz qəpik) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 152,68 (bir yüz əlli iki manat, altmış səkkiz qəpik) manat məbləğində siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılsın. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar