Məhkəmə qərarları › İş №2-1(103)-1973/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1973/2021

13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1973/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-389/2021saylı 14 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 10-13 avqust 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun Gömrük orqanlarında müvafiq vəzifəyə bərpa olunması və Dövlət Gömrük Komitəsində qulluğa əsassız xitam verildiyinə görə məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, № 307 saylı əmrə əsasən 25.10.1991-ci il tarixdən etibarən Bakı Gömrüyünün inspektoru vəzifəsində çalışmışdır. Çalışdığı dövrdə 27.10.1994-cü ildə “Qaçaqmalçılığın yol verilməsinin qarşısının alınmasına görə” № 263 saylı əmrlə təşəkkür elan edilmişdir. İddiaçı 24.07.1996-cı ildən etibarən Bakı Baş Gömrük İdarəsi poçt göndərişlərinə nəzarət bölməsinin rəisi vəzifəsində çalışmışdır. İddiaçı 14.08.2018-ci il tarixdən etibarən Enerji Resursları Baş Gömrük İdarəsi “Beynəlxalq dəniz ticarət limanı” gömrük postunun inspektoru vəzifəsində çalışmışdır. 23.10.2019-cu il tarixdə № 1000/1288Ş saylı əmrlə, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq vəzifəsinə xitam verilmişdir. İddiaçı xidmət illərində vəzifəsini icra edərkən icra intizamını, hər hansı müəssisədaxili intizam qaydalarını pozmamış, vəzifəsini düzgün və məsuliyyətli icra etmişdir. O, vəzifə mövqeyindən sui-istifadə etməmiş, xidmətli illərində nümunəvi gömrük əməkdaşı olmuş, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsində qeyd edilən hallara uyğun olaraq (həmin əsasnamənin 16 və 44-cü maddələrinin pozulması, həmçinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsinin tələblərinə əməl etmədikdə) irad, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, aşağı vəzifəyə keçirilmə, xüsusi rütbənin bir pillə aşağı salınması, vəzifədən azad etmə və digər intizam tənbeh tədbiri tətbiq edilməmişdir və daha əvvəl qeyd edildiyi kimi fəaliyyətindəki uğurlara, intizama, məsuliyyətliliyinə müvafiq olaraq müvafiq mükafatlar, rütbələr verilmişdir. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya göstərilən vəzifəli şəxs belə vəzifəyə keçirilmədən imtina etdikdə xidmətə xitam verilir. İddiaçı vəzifəsinə xitam verilərkən müvafiq vəzifəyə keçirilməklə bağlı heç bir təklif edilməmiş, onun peşəkar keyfiyyətləri obyektiv dəyərləndirilməmişdir. Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən həmin Məcəllə hərbi qulluqçulara, məhkəmə hakimlərinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə şamil edilmir. Müvafiq olaraq iddiaçının işdən azad olunması həmçinin Əmək Məcəlləsinin tələbləri gözlənilməklə həyata keçirilməli idi. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən “ştat ixtisarı” əsası ilə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməli idi. İddiaçı müvafiq ərizə ilə Dövlət Gömrük Komitəsinə müraciət etmiş, lakin qurum həmin ərizəyə cavabda verilən qərarı əsaslandırmamışdır. Azərbaycan Respublikasının Prezidentinin 837 saylı, 21 dekabr 2018ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan gömrük orqanlarının vəzifəli şəxslərinin və Dövlət Gömrük Komitəsi sisteminə işə götürülən digər işçilərin ştat sayı həddi təsdiq edilmişdir. Möhtərəm cənab prezident İlham Əliyev həmin sərəncama heç bir dəyişiklik etməmişdir və ya Dövlət Gömrük Komitəsinin ştat vahidləri barədə yeni sərəncam verməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının əmək fəaliyyətinə xitam verilməsi üçün “Dövlət orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci bəndində qeyd olunan digər əsaslarda (pensiya çıxmaq hüququ verən xidmət illəri, yaş həddi və s.) mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Gömrük orqanlarında xidmət haqqında əsasnamənin 127-ci maddəsinə əsasən-gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır. Sondan iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi -vəkili Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, AR Dövlət Gömrük Komitəsinin 23.10.2019-cu il tarixli 1000/1288 Ş saylı əmrinin ləğv edilməsi, gömrük orqanlarında müvafiq vəzifəyə bərpa və DGK-də məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-389/2021 saylı 14 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim: A.Oruczadə) Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərarını belə əsaslandırmışdır, “Azərbaycan Respublikasının 1999-cu il 07 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilat-ştat tədbirləri Komitə sədrinin diskresion səlahiyyətlərinə aiddir. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-13-cü bəndlərində göstərilən əsaslara görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir. Lakin, Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq iddiaçının vəzifəsinə xitam verilərkən, ona həmin maddənin tələblərinə əsasən digər vakant vəzifəyə keçirilməklə bağlı heç bir təklif olunmadığından iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Bu hal, faktiki olaraq, məhkəmə tərəfindən qəbul edilmiş, 12.10.2020-ci il tarixli, 2- 1(112)-661/2020 saylı qərardad ilə öz təsdiqini tapmışdır. Hansı ki. həmin qərardadla müəyyən olunmuşdur ki, hazırki iş üzrə iddiaçının xidmətinə xitam verilərkən tutduğu vəzifəsinə uyğun vakant vəzifəyə təyin edilməsinin mümkünlüyü məsələsinə baxılması üçün cavabdeh inzibati orqana 3 (üç) aylıq müddət təyin edilsin və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi həmin müddət ərzində bunun nəticəsi barədə məhkəməyə məlumat versin. Lakin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 05.01.2020-ci il tarixli №1000-210/210-24/000056 saylı məktubda qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 12.10.2020-ci il tarixli 2-1(112)-661/2020 saylı qərardadının icrasını təmin edilməsi ilə məqsədilə Azərbaycan Dövlət Gömrük Komitəsinin 29.12.2020-ci il tarixli 1000/665ş nömrəli əmri ilə 23.10.2019-cu il tarixli 1000/1288Ş nömrəli əmrin 2-ci hissəsində “və ya həmin vəzifədən imtina etdikdə” sözlərinin çıxarılması barədə dəyişiklik edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan, məhkəmənin 12.10.2020-ci il tarixli qərardadı ilə uyğun vakant vəzifəyə təyin edilmənin mümkünlüyü məsələsinə baxılması üçün cavabdehə müəyyən olunmuş 3 ay müddət tamam olmadan, 05.01.2020-ci il tarixli məktubla mübahisələndirilən əmrin 2-ci hissəsindən “və ya həmin vəzifədən imtina etdikdə” sözlərinin çıxarılması barədə dəyişiklik edildiyini məhkəməyə bildirmişdir. Ancaq bir faktı qeyd etmək lazımdır ki, İddiaçı Dövlət Gömrük Komitəsinin 24.07.2019cu il tarixli 1000/804Ş nömrəli əmri ilə 3 ay müddətinə Komitənin sərəncamına götürüldüyü müddətdə ona heç bir vakant vəzifəyə keçirilmə təklif edilməmişdir. İddiaçı sərəncama buraxıldığı 24.07.2019-cu il tarixdən, uyğun vakant vəzifəyə təyin edilmənin mümkünlüyünün yoxlanmasına dair 29.12.2020-ci il tarixli məhkəmə qərardadı qəbul edilənədək olan müddətdə yaranmış vakant vəzifələrə təyin edilmə imkanını itirmişdir. Qərarda qeyd olunur ki, “məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilib-verilmədiyini, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədlərinə uyğun həyata keçirib-keçirmədiyinə qiymət verilməsidir.” Ancaq, xidmətə xitam verilmə ilə bağlı inzibati orqanın diskresion səlahiyyət çərçivəsində qəbul etdiyi 23.10.2019-cu il tarixli 1000/1288Ş nömrəli əmri nəticəsində iddiaçının vakant vəzifəyə təyin edilmə imkanını itirməsi məsələsinə məhkəmə qərarında ümumiyyətlə toxunulmamışdır. Məhkəmə qərarında qeyd olunmuşdur ki, dövlət qulluğunun xüsusi növü olan gömrük orqanının əməkdaşının xidmətə qəbulu, xidmətin aparılması, xidmətdən buraxılmasına dair məsələlər xüsusi xarakter daşıyır və mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması ilə bağlı tələbi əsaslı deyil. Əmək Məcəlləsinin 5.2-ci maddəsinə görə, “Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.” Qeyd olunan bu maddənin məzmunundan da aydın olur ki, dövlət qulluqçularının əmək, sosial və iqtisadi hüquqları eyni zamanda Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq normalarla tənzimlənir. Həmin Məcəllənin 71.3-cü maddəsinə görə, “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların (70.b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə) hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.” Lakin, xidmət illərində vəzifəsini icra edərkən icra intizamını, hər hansı müəssisədaxili intizam qaydalarını pozmamış, vəzifəsini düzgün və məsuliyyətli icra etmiş iddiaçının xidmətinə xitam verilərməsinin zəruriliyi cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamışdır. O, vəzifə mövqeyindən sui-istifadə etməmiş, xidməti illərində nümunəvi gömrük əməkdaşı olmuş, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsində qeyd edilən hallara uyğun olaraq (həmin əsasnamənin 16 və 44-cü maddələrinin pozulması, həmçinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsinin tələblərinə əməl etmədikdə) irad, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, aşağı vəzifəyə keçirilmə, xüsusi rütbənin bir pillə aşağı salınması, vəzifədən azad etmə və digər intizam tənbeh tədbiri tətbiq edilməmişdir və daha əvvəl qeyd edildiyi kimi fəaliyyətindəki uğurlara, intizama məsuliyyətliliyini müvafiq olaraq müəyyən mükafatlar, rütbələr verilmişdir. Həmçinin, məhkəmənin diqqətinə çatdırırıq ki, İddiaçı peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə 24.11.2018-ci il tarixdə attestasiya keçirilmiş və attestasiya komissiyasının üzvlərinin rəyinə əsasən, iddiaçının 1 ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun olduğu hesab edilmişdir, (iddiaçı attestasiya vərəqəsi ilə 10.12.2018-ci il tarixdə tanış olmuşdur) Ancaq, 1 il müddət tamam olmamış, təkrar attestasiya keçirilmədən 24.07.2019-cu il tarixdə iddiaçı Komitənin sərəncamına götürülmüş, 23.10.2019-cu il tarixdə isə onun xidmətinə xitam verilmişdi. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının əmək fəaliyyətinə xitam verilməsi üçün “Dövlət orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci bəndində qeyd olunan digər əsaslar da (pensiyaya çıxmaq hüququ verən xidmət illəri, yaş həddi və s.) mövcud olmamışdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AT-V№7574045 saylı 24 sentyabr 1991-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 25 oktyabr 1991-ci il tarixdə Bakı Gömrüyünün inspektoru vəzifəsinə təyin edilmiş, 24 iyul 1996-cı ildə Bakı Baş Gömrük İdarəsi poçt göndərişlərinə nəzarət bölməsinin rəisi vəzifəsinə keçirilmiş, 14 avqust 2018-ci ildə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi “Beynəlxalq dəniz ticarət limanı” gömrük postunun inspektoru vəzifəsinə keçirilmiş, 24.07.2019-cu il tarixdə Komitənin sərəncamına götürülmüş, 23 oktyabr 2019-cu il tarixdə “Gömrük Orqanlarında xidmət haqqında” əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xidmətinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış 06.11.2019-cu il tarixli ərizədən görünür ki, 14.08.2018-ci il tarixdən etibarən Enerji Resursları Baş Gömrük İdarəsi “Beynəlxalq dəniz ticarət limanı” gömrük postunun inspektoru vəzifəsində çalışmış. 23.10.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq vəzifəsinə xitam verilmişdir. Lakin vəzifəsinə xitam verilərkən ona müvafiq vəzifəyə keçirilməklə bağlı heç bir təklif edilməmişdir. Eyni zamanda 24.07.2019-cu il tarixdən 23.10.2019-cu il tarixə qədər məsələnin Komitənin sərəncamına götürülməsi ilə bağlı onun təqsiri olmadan boşdayanma hallarına yol verilərək hüquqları kobud formada pozulmuşdur. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 127-ci maddəsini əsas götürərək, gömrük orqanlarında vəzifəyə bərpa edilməklə bağlı tələbinə baxıb onu müvafiq vəzifəyə təyin edilməsini xahiş etmişdir. Əks halda, əmək hüququnun pozuntusuna dair mübahisəyə baxılması üçün 1 təqvim ayı ərzində məhkəməyə şikayət verəcəyi bildirmişdir. Ərizəsinin qəbul edilənliyi və ya rədd edilməsi ilə bağlı məsələyə baxıb 5 iş günü ərzində cavab verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 15.11.2019-cu il tarixli № 1000-180/180-26/024736 saylı cavab məktubundan görünür ki, iddiaçının gömrük orqanlarındakı xidmətinə Komitə Sədrinin 23 oktyabr 2019-cu il tarixli 1000/1288Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 15 yanvar 2020-ci il tarixli 1000- 210/002-22/000724 nömrəli məktubda qeyd edilmişdir ki, əməkdaşların ixtisaslarına, bacarıqlarına uyğun ştatlar üzrə vəzifələrə yerləşdirilməsi, o cümlədən Dövlət Gömrük Komitəsinin şəxsi heyətinin daha təcrübəli, işgüzar, peşəkar və gömrük xidmətində istifadə olunan texnika və ya informasiya texnologiyaları sahəsi üzrə yüksək biliyə və təcrübəyə malik əməkdaşlar hesabına komplektləşdirilməsi məqsədilə əməkdaşların tutduqları vəzifələr üzrə ştat vahidlərinin hərəkəti (bir ştat vahidinin bir struktur bölməsindən digər struktura verilməsi, eləcə də əməkdaşların ştat vahidi ilə birlikdə digər struktur bölməsinə keçirilməsi və s.) Komitədə mütəmadi surətdə təşkilati-ştat tədbirləri olaraq həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunun ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri qeyd olunan təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə sərəncamda saxlanıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 24 yanvar 2020-ci il tarixli 1000- 210/002-24/001460 nömrəli məktubda qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. Dövlət Gömrük Komitəsi üzrə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar hər hansı bir əmr (sərəncam, qərar) qəbul edilməmişdir. Həmçinin nəzərinizə çatdırılmışdır ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirləri Komitə sədrinin diskresion səlahiyyətlərinə aiddir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 12.10.2020-ci il tarixli 2-1(112)- 661/2020 saylı qərardadı ilə hazırki iş üzrə iddiaçının xidmətinə xitam verilərkən tutduğu vəzifəsinə uyğun vakant vəzifəyə təyin edilməsinin mümkünlüyü məsələsinə baxılması üçün cavabdeh inzibati orqana 3 (üç) aylıq müddət təyin edilmiş və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi həmin müddət ərzində bunun nəticəsi barəsində məhkəməyə məlumat verilməsi barədə qərardad qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 05 yanvar 2021-ci il tarixli №1000-210/210-24/000056 saylı məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 12.10.2020-ci il tarixli 2-1(112)- 661/2020 nömrəli qərardadının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 23.10.2019-cu il tarixli 1000/1288ş nömrəli əmrinə dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 29.12.2020ci il tarixli 1000/665ş nömrəli əmrinin surəti məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/1288ş nömrəli 2019-cu il 23 oktyabr tarixli əmrində dəyişiklik edilməsi haqqında 29 dekabr 2020-ci il tarixli № 1000/665ş əmrin təsdiq edilmiş surətindən görünür ki, Dövlət Gömrük Komitəsinin 1000/1288Ş nömrəli 2019-cu il 23 oktyabr tarixli əmrinin 2-ci hissəsində “və ya həmin vəzifədən imtina etdikdə” sözlərinin çıxarılması barədə dəyişiklik edilmişdir. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin preambulasında qeyd edilir ki, bu Əsasnamə Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. İşin halları ilə müəyyən edilir ki, iddiaçı 25 oktyabr 1991-ci il tarixdən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləmişdir. Dövlət Gömrük Komitəsi sədrinin 2019-cu il 24 iyul tarixli, 1000/804Ş nömrəli əmri ilə iddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüşdür. Dövlət Gömrük Komitəsi sədrinin 2019-cu il 23 oktyabr tarixli, 1000/1288Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən iddiaçının xidmətinə xitam verilmişdir. Sonradan cavabdeh orqan tərəfindən məhkəmənin iddiaçının xidmətinə xitam verilərkən tutduğu vəzifəsinə uyğun vakant vəzifəyə təyin edilməsinin mümkünlüyü məsələsinə baxılması ilə bağlı qəbul etdiyi qərardadına əsasən Dövlət Gömrük Komitəsinin 1000/1288Ş nömrəli 2019-cu il 23 oktyabr tarixli əmrinin 2-ci hissəsində “və ya həmin vəzifədən imtina etdikdə” sözlərinin çıxarılması barədə dəyişiklik edilmişdir. İddiaçı isə iddia tələbini onunla əsaslandırmışdır ki, onun təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilərkən müvafiq vəzifəyə keçirilməklə bağlı heç bir təklif edilməmiş və onun peşəkar keyfiyyətləri obyektiv dəyərləndirilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və hesab etmişdir ki, iddiaçının sərəncamda olduğu müddət ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından iddiaçıya hər hansı digər vəzifə təklif olunmamış və onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının sərəncamda olduğu müddətdə struktur bölmə üzrə vakant vəzifələrin olub-olmaması, eləcə də iddiaçının digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması barədə hər hansı araşdırmanın aparılması iş materialları ilə müəyyən edilməmişdir. Həmçinin iddiaçının sərəncamda olduğu müddətdə struktur bölmə üzrə yeni işçinin işə qəbul olunub-olunmaması da araşdırılmamışdır. Halbuki adı çəkilən Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Əmrdən də göründüyü kimi cavabdeh orqan Əsasnamənin həmin 4-cü bəndini əsas götürərək iddiaçının xidmətinə xitam vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göstərilən normalardan görünür ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq məhkəmənin vəzifəsidir və belə hallarda proses iştirakçılarının vəsatəti olmasa belə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamağa borcludur. Lakin birinci instansiyası məhkəməsi işə baxarkən göstərilən prosessual normaların tələblərini pozmuş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, zəruri sübutları toplamamışdır. İşə yenidən baxılarkən məhkəmə yuxarıda göstərilən çatışmazlıqları aradan qaldırılması üçün cavabdeh orqandan iddiaçının sərəncamda olduğu müddətdə olan ştat cədvəlini tələb etməli, vakant vəzifələrinin olub-olmamasını müəyyən etməli, həmçinin iddiaçının sərəncamda olduğu müddətdə struktur bölmə üzrə gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, eləcə də həmin müddətdə yeni işçinin işə qəbul olunub-olunmaması araşdırmalı və mübahisənin düzgün həllini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən qərarı geniş həcmdə sübutlar araşdırılmadan və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-389/2021saylı 14 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar