Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1973/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Səadət Rəşid qızı Səlimovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2- 1(112)-3336/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X4 və İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 51 saylı Sərəncamının verildiyi andan etibarsız hesab edilməsi və ləğv edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və yaxud ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı X4 ərizə ilə məhkəməyə müraciət edərək onun əsl İddiaçı2 ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, əsl olmayan iddiaçı X4 əsl İddiaçı2lə əvəz edilməsi və "xxxx" MMC-nin üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Daha sonra iddiaçılar xx.xx.2023-ci il tarixdə “iddianın dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında 51 saylı, 04 mart 2020-ci il tarixli sərəncamının qismən, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0.017820 ha torpaq sahəsinə münasibətdə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ev və onun ayrılmaz tərkib hissəsi olan torpaq sahəsi iddiaçıların paylı mülkiyyətindədir. Üçünçü şəxs "xxxx" MMC tərəfindən iddiaçılara qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etdikdən sonra və iddiaçılar müvafiq sənədlər ilə tanış olduqda məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə "xxxx" MMC-yə iddiaçıların mülkiyyətində olan sahədə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Bundan əlavə cavabdeh qanunsuz olaraq iddiaçıların mülkiyyətində olan torpaq sahəsini belə hazırkı iş üzrə üçünçu şəxsə icarəyə vermişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Üçüncü şəxs iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı halda iddiaçının ümumiyyətlə narazı qaldığı inzibati aktla əlaqədar şikayət instansiyasına müraciət edib-etmədiyi görünmür və eyni zamanda şikayətçi qanunla müəyyən olunmuş müddətdə məhkəmədə iddia qaldırmamasının səbəblərini açıqlamamışdır, yəni iddiaçı qanunla müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçının mübahisələndirdiyi Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamı ilə "xxxx"' MMC-yə sərəncamda göstərilən ərazidə 4,2258 ha torpaq sahəsi ayrılmış, iddiaçıya məxsus əmlak isə birgə mülkiyyətdə sərəncam verildikdən 1 il 2 ay keçdikdən sonra yəni xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququ əldə etmişdir. Bakı ŞİH-in “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” sərəncamının iddiaçının mülkiyyət hüququnu pozmasının nədə ifadə olunması əsaslandırılmamışdır. Göründüyü kimi iddiaçının iddia tələbi əsassızdır, yolverilməzdir. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(112)-3336/2023 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə ünvan 2 ünvanında yaşayırlar. 102.60 kv.metr sahəsi olan ailələrin yaşadığı ev və onun ayrılmaz tərkib hissəsi olan 178 kv.metr torpaq sahəsi paylı xüsusi mülkiyyətlərindədədir. Müvafiq olaraq bu mülkiyyətə-daşınmaz əmlaka dövlət orqanı tərəfindən müvafiq sənəd-çıxarış verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə H. Əliyev, Y. Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binaların və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında üçüncü şəxs “Pilot-16" MMC-nin istifadəsinə verilmişdir. Torpaq sahəsinin və onun üzərində yerləşən evin yaxınlığında təxminən 4 ildir ki, '“Pilot-16" MMC tərəfindən evlərin alınması və sökülməsi işləri aparılır. Bu şirkət onların mülkiyyəti-Daşınmaz əmlakını hər hansı bir qanunsuz yolla əldə etməyə çalışır. "Pilot-16” MMC-yə icarəyə verilmiş Bakı şəhərinin Nəsimi rayonunda yerləşən ərazi xalq arasında "Papanin” adlanır. Həyat yoldaşının əcdadları öz zəhmətləri ilə və öz vəsaitləri hesabına bu ərazidə daşdan ev tikib, 1954-cü ildən burda yaşayırdılar. Həyat yoldaşının babası Kostenko Nikita 178,2 kv.metr torpaq sahəsinin və onun üzərində yerləşən 102,6 kv.metr daş evin qanuniləşdirilməsi üçün həmin dövrün müvafiq dövlət qurumuna müraciət edib. 1974-cü ildə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi yanında X8 Bürosu tərəfindən, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport, Evlər idarəsi üzrə texniki inventarizasiyanın Kartoçkası və Torpaq sahəsinin planı üzrə eksplikasiya X1 Bürosunun möhürü ilə təsdiq edilmiş sənəd verilmişdir. Kostenko Nikita vəfat etdikdən sonra əmlak qanuni varis kimi onun oğlunun adına, yəni həyat yoldaşının atasının Kostenko Viktorın adına keçdi. Kostenko Viktor ölümündən sonra əmlak da qanunla vərəsələrə keçirdi, əmlakın 1/2 hissəsi həyat yoldaşı İddiaçı1, 1/2 hissəsi isə qızı Abbasova (Kostenko) Natalya Viktorovnaya keçdi. 11 avqust 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 29 iyun 2004-cü ildə imzalanmış "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı təsdiq edilmişdir. Göründüyü kimi, 1974-cü ildə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi yanında X8 Bürosu tərəfindən, Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport, Evlər idarəsi üzrə texniki inventarizasiyanın Kartoçkası və Torpaq sahəsinin planı üzrə eksplikasiya X1 Bürosunun möhürü ilə təsdiq edilmiş sənədlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təqdim olunan sənədlərin Siyahısına daxildir.Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi yanında X8 Bürosu tərəfindən verilən sənədlərdən aydın olur ki, torpaq sahəsi və onun üzərində yerləşən ev 2004-cü il "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun qüvvəyə minməmişdən əvvəl mülkiyyətə verilib və mülkiyyət kimi qeydiyyata alınıb. 2021-ci ilin may ayında onun həyat yoldaşı Abbasova (Kostenko) Natalya Viktorovna və onun anası İddiaçı1 yuxarıda göstərilən 1974-cü il tarixli, Texniki İnventarlaşdırma Bürosunun möhürü ilə təsdiq edilmiş orijinal sənədlərlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə müraciət etdilər. Təqdim olunan sənədlər əsasında xx.xx.2021-ci il tarixində həyat yoldaşı Abbasova (Kostenko) Natalya Viktorovna yuxarıda adı çəkilən Dövlət təşkilatından mülkiyyətində olan əmlakın 1/2 hissəsinin, 178,2 kv.metr torpaq sahəsinin və onun üzərində yerləşən 102,6 kv.metr daş evin dövlət reyestrindən Çıxarış almışdır. Dərhal sonra həyat yoldaşının anası İddiaçı1 eyni sənəd, yəni əmlakın mülkiyyət 1/2 hissəsi haqqında Dövlət reyestrindən Çıxarış almışdır. 2021-ci ilin oktyabr ayında məhkəmə çəkişmələrinə görə həyat yoldaşı Abbasova (Kostenko) Natalya Viktorovna əmlakın 1/2 hissəsini ona bağışladı. Bundan sonra 31 yanvar 2023-cü il tarixdə iddiaçı Abbasova (Kostenko) Natalya Viktorovna məhkəməyə ərizə ilə müraciət etdi və həmin vaxtdan bu inzibati iş üzrə o X9 əsl iddiaçı olmuşdur. Təqdim etdiyi sübutlardan göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin hakiminin arqumentləri guya Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən xx.xx.2020-ci il tarixdə sərəncam verildiyi zaman onların yaşayış evləri və torpaq sahələrinin hələ özəlləşdirilməməsi və onların ailəsinin xüsusi mülkiyyətində olmamasıdır, guya onların əmlakın özəlləşdirilməsi ilə bağlı sənədləri yalnız xx.xx.2021-ci ildə dövlət reyestrində qeydiyyata alınıb, təbii ki, əsassızdır, bu tamamilə absurddur. Həyat yoldaşı Abbasova (Kostenko) Natalya Viktorovna xx.xx.2021-ci ildə sənədləri aldıqdan sonra 1974-cü ildə köhnə sənədləri Yeni sənədlərə dəyişdirdi. Yəni mövcud sənədləri yeniləyib. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı isə yalnız xx.xx.2020-ci il tarixində verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı digər iddiaçının da imza etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 176 ünvanında yerləşən İddiaçı2 və İddiaçı1 məxsus iki fərdi yaşayış evlərinin yerləşdiyi 0.01782 ha torpaq sahəsinə aid hissədə etibarsız sayılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və dəqiqləşdirilmiş iddia tələbinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər iddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçınin, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia dəqiqləşdirilmiş iddia tələbinə müvafiq olaraq təmin olunmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Hazırki iddianı qaldırmaqda iddiaçılarnın hüquqi marağı nail olmaq istədiyi məqsəd baxımından mübahisələndirilən sərəncamla xüsusi mülkiyyətinlərində olan fərdi yaşayış evinə və torpaq sahəsinə müdaxilənin qarşısının alınmasına və mülkiyyət hüquqlarının həmin müdaxilədən qorunmasına nail olmaqdan ibarətdir. İddiaçılar iddia tələbində dəqiqləşdirmə apararaq sözügedən sərəncamın onlara aid hissədə etibarsız hesab edilməsini xahiş edirlər. İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edən məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Hazırki iddia tələbinin qanuni əsasını İnzibati icraat haqqında Qanunun 65-ci maddəsi təşkil edir. Belə ki, İnzibati İcraat haqqında Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarında olan -Daşınmaz əmlakın dövlət reyestindən çıxarışın (********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 102.60 kv.m. olan fərdi yaşayış evi və altındakı 0,017820 ha torpaq sahəsi X4 və İddiaçı1 paylı mülkiyyətində olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə X3 mülkiyyətində olan hissə ********** qeydiyyat nömrəsi ilə İddiaçı2 adına qeydiyyata alınmışdır; -“Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "Pilot16” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli 51 №-li Sərəncamı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.09 2019-cu il tarixli, 09 saylı müraciətini, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1-1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-ci il tarixli, **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07510 saylı razılıq məktublarını nəzərə alaraq, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə'’nin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, H Əliyev. Y Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər, sahədə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən “Pilot-16'’ MMC tərəfindən həll edilməsi qərara alınmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X10 və Novruzov qardaşları küçəsinin kəsişməsində yerləşən 4,50 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına rəy bildirilməsi məqsədilə həmin sərəncamın verilməsi üçün əsas olmuş sənədlər məhkəmə sorğusu əsasında təqdim edilmişdir: Bakı şəhər, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X10 və Novruzov qardaşları küçələrin kəsişməsində yerləşən ərazidə memarlıq görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və həminünvanlarda yaşayan mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qeyd olunan ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi ilə bağlı "xxxx" MMC-yə 4,5 ha torpaq sahəsi ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir; Nəsimi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qeyd olunan ünvanlarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həmin ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi ilə bağlı "xxxx" MMCyə 4,5 ha torpaq sahəsinin ayrılmasına münasibət bildirməsi xahiş edilmişdir; Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qeyd olunan ünvanda yerləşən 4,2258 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə əsasən ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etməmişdir; Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etməmişdir. Qeyd edilən torpaq sahəsinə dair "xxxx" MMC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixli 1576 nömrəli icarə müqaviləsi bağlanmış, lakin "xxxx" MMC-nin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə ki, apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə qeyd edilən torpaq sahəsinə dair "xxxx"MMC-nin icarə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli Qərarında ifadə edilən mövqeyə əsasən: ...Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuş; Qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalı olduğu bildirilmişdir. Konkret halda iddiaçılar pozulmuş hesab etdiyi hüquqlarını (öz əmlak hüquqlarından sui-istifadə etməməklə) fərdi yaşayış evinin və altındakı torpaq sahəsinin əvəzinə bazar qiymətinə uyğun kompensasiya ödənilməsi (tələbi) ilə daha münasib və effektiv yolla bərpa etməsi mümkündür. İddiaçının dəlillərinə münasibətdə məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırda mübahisələndirilən sərəncam qəbul edilərkən, sözügedən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətində olmamışdır. Onların mülkiyyət hüququ sərəncam verildikdən sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Başqa sözlə, cavabdeh tərəfindən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin digər şəxsə icarəyə verilməsi halı hazırkı iş üzrə mövcud deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (Əlavə protokol, 1 saylı protokol) 1-ci maddəsinə əsasən Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində və gəldiyi nəticədə səhvə yol verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırda mübahisələndirilən sərəncam qəbul edilərkən, sözügedən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətində olmamışdır” formasında gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, iş materiallarından görünür ki, hələ 1974-cü ildə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 176 ünvanında yerləşən İddiaçı2 və İddiaçı1 məxsus yaşayış evlərinin yerləşdiyi 0.01782 ha torpaq sahəsinə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi yanında X8 Bürosu tərəfindən, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport, Evlər idarəsi üzrə texniki inventarizasiyanın Kartoçkası və Torpaq sahəsinin planı üzrə eksplikasiya X1 Bürosunun möhürü ilə təsdiq edilmiş sənəd verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” iş üzrə 25 yanvar 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “...Doğrudur ki, ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də, formal olaraq o, evin sökülməsi zamanı torpağa mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın “qanuni istifadəçisi” olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən, torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Müvafiq olaraq, 8 oktyabr 2005-ci il tarixində ərizəçi torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər mülki marağa malik olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, həm ev, həm də torpaq sahəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən ərizəçinin “mülkiyyəti” olmuşdur.” Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə də iddiaçıların vaxtilə olan bu qanuni gözləntiləri qorunmağa layiqdir və bunu istisna edən hər hansı hal iş üzrə materiallardan görünmür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "Pilot16” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli 51 №-li Sərəncamı ilə, eyni zamanda həmin sərəncamın əsasında bağlanmış 17 aprel 2020-ci il tarixli, 1576 nömrəli torpaq icarəsi müqaviləsində Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsinin əhatə etdiyi ərazinin "Pilot16” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi nəzərdə tutulmamış, yalnız H.Əliyev. Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi nəzərdə tutulmuş, buna baxmayaraq "Pilot16” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əsassız olaraq həmin ərazi üzrə də köhnə tipli tikililərin sökülməsinə və yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə yönələn hərəkətlər həyata keçirilmişdir. Mülkiyyət hüququ əsasında iddiaçılara məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 4,2258 ha torpaq sahəsi həmin ərazidə mövcud yaşayış və qeyriyaşayış bina və qurğuları sökülməklə, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 51 nömrəli sərəncamına əsasən "xxxx" MMC-yə icarəyə verilmişdir. Mübahisəyə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən, nəzərə alınmamışdır ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti, xüsusi mülkiyyətdə olan (buna dair gözlənti hüququ olan) torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçıların torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanununun 65.1.2-ci maddəsinin tələblərinə əsasən qeyd edilməlidir ki, cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati akt iddiaçıların torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçılara aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. . Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların tələbi məhz mübahisələndirilən sərəncamın onlara aid hissədə etibarsız sayılması barədə olduğu, eləcə də onun daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qanunsuz müdaxilədən müdafiəsinə yönəlmiş hüquqi marağı və prosessual qənaət prinsipi nəzərə alınaraq, iddiaçılara münasibətdə həmin aktın etibarsızlığı tanınmalıdır. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1414/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da hüquqi mövqe yuxarıdakı şəkildə əsaslandırılmışdır. Həmçinin iş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı sərəncamı ilə sözügedən torpaq sahəsinin də daxil olduğu 4.2258 kv.metr torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında 17 aprel 2020-ci il tarixli torpaq icarə müqaviləsi bağlansa da, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu əsasla (subyektiv hüququn mövcud olmaması) iddiaçı "xxxx" MMC-nin cavabdehlər X5, X11 və X6 qarşı cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 160 “A” saylı fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən 36,5 kv.metr və qeyri-rəsmi faktiki istifadəsində olan 102,28 m2 , ümumilikdə sahəsi 138,78 m2 olan fərdi yaşayış evi üzərində mülkiyyət, sahiblik, istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 160 A nömrəli fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadəsində olan 102,28 m2 , ümumilikdə sahəsi 138,78 m2 olan fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 160 “A” saylı fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadəsində olan 102,28 m2 , ümumilikdə sahəsi 138,78 m2 olan fərdi yaşayış evinə həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında (20% əlavə edilməklə) 167 m2 yeni təmirli mənzilin cavabdehin mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək iddiaçı tərəfindən cavabdehə hər ay 600 manat kirayə haqqının ödənilməsi barədə iddiası Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-740/2023 saylı mülki iş üzrə 03 mart 2023-cü il tarixli qətnaməsi ilə rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2691/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 mart 2023-cü il tarixli, 2(103)-740/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(112)-3336/2023 nömrəli qərarı ləğv edilməli, dəqiqləşdirilmiş iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(112)-3336/2023 nömrəli qərarı ləğv edilsin. Dəqiqləşdirilmiş iddia tələbi təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 51 saylı Sərəncamı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 176 ünvanında yerləşən İddiaçı2 və İddiaçı1 məxsus yaşayış evinə və yaşayış evinin yerləşdiyi 0.01782 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Səadət Səlimova
Məhkəmə qərarları › İş №2-1(103)-1973/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1973/2024
13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver