Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1974/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla pensiyadan tutulan vəsaitin bərpa olunması, aylıq müavinətin indeksasiya edilməklə pensiyaya əlavə edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6036/2021 saylı 25 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə İş İdarəsinə (bundan sonra mətndə Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə İş İdarəsi) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, pensiyasından tutulan 175 manat vəsaitin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənəvi ziyan olaraq cavabdehdən 10.000 manat pulun tutulub onun pensiya hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Prezidentinin 26.12.2001-ci il tarixli 613 saylı Fərmanı və 29.12.2000-ci il tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş toplam 38 manatlıq aylıq müavinətin indeksasiya edilməklə, onun pensiyasına əlavə edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə verərək, əmək pensiyasından kəsilən 350 manat gecikmə faizinin indeksasiya edilməklə bərpa edilməsi, "Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsi tarixindən 2007-ci ilin yanvarından başlayaraq aylıq hesablanmalı olan toplam 115 manatın indeksasiya edilməklə pensiyasına əlavə edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, pensiyasından ona xəbər edilmədən və məhkəmə qərarı olmadan avqust ayından başlayaraq hər ay 50 faiz-175 manat tutulduğundan cavabdehin özünə müraciət etmişdir. 06 avqust 2018-ci il tarixdə cavabdehin olduğu yerə getmiş, cavabdeh tərəf heç bir məhkəmə qərarının olmadığını bildirsə də, həmin ayın sonunda pensiyasının yarıqat olması faktı ilə üzləşmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4182/2018 saylı 12 noyabr 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-106/2019 saylı 08.01.2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4182/2018 saylı 12 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-1601/2019 saylı 24 aprel 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-106/2019 saylı 08 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 18.06.2019-cu il tarixli qərardadı ilə cavabdeh Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-1678/2019 saylı 24 iyul 2019-cu il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4182/2018 saylı 12 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2020-ci il tarixli 2-1(112)-3273/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razı olmayan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1602/2020 saylı 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3273/2020 saylı, 11 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2-1(102)- 575/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli 2-1(103)- 1602/2020 nömrəli qərardadı qismən-“əmək pensiyasından kəsilən 350 manatın gecikmə faizi indeksasiya edilməklə bərpa edilməsi”nə dair iddia tələbinin mümkün sayılmaması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın mümkün sayılmaqla baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi, digər hissədə qərardad dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli 2-1(112)-6036/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı, Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla, iddiası əmək pensiyasından kəsilən 350 manatın gecikmə faizi indeksasiya edilməklə bərpa edilməsinə dair hissədə təmin olunmamışdır. (hakim N.Abıyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, bu qərar qanunsuzdur, Konstitusiyaya ziddir, heç bir normativ hüquqi akt ilə əsaslandırılmayıb, hakimin şəxsi mülahizəsi əsasında qəbul edilib ona görə də ləğv edilməlidir. Belə ki: 1-cisi, hakim Nəriman Abıyev bu iş üzrə hakim olub və onun qərardadını ali instansiya ləğv edib. MPM-in 19.1.3, İPM-in 19.1.2, "Məhkəmələr və hakimlər haqqında" qanunun 16-cı maddələrinə əsasən, birinci instansiya, apelyasiya və kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir. Əslində hakim özünə etiraz etməli idi, amma heç onun etirazını da məhkəmə sədrinə təqdim etmədən, hazırlıq iclası belə keçirmədən, cavabdehin və 3-cü şəxs Ədliyyə Nazirliyinin Suraxanı icra və Probasiya şöbəsinin vəkili rolunda çıxış edib. 2-cisi, onun tələbi İPM-in 2.2.4 və 2.2.7 maddələrinə uyğun olaraq, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan və bilavasitə hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən-qanunsuz olaraq Qarabağ müharibəsi əlilliyinə görə aldığı pensiyanın yarısından məhrum edilməyindən-müdafiə olunmağı və əmlak-pensiya tələbinə, inzibati orqanın qanunsuz qərarı və hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədədir. Eyni zamanda iddiası İPM-in 2.2.3 maddəsinə də uyğundur. Yəni cavabdeh inzibati orqan dövlətin onun üzərinə qoyduğu vəzifənipensiyasını tam və vaxtında ona ödəmək vəzifəsini icra etməyib və yenə də icra etmir. Məhkəmə İPM-in 2.2.3 və 34.1 maddəsinə əsasən tələbində haqlı olduğunu göstərib, lakin şəxsi mülahizəsi, "daxili inamı" əsasında hüquq və azadlıqlarının pozulmadığı qərarına gəlib. Bu isə yolverilməzdir. 3-cüsü, MPM-in 9-cu, İPM-in 11-ci, 15-ci maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin hüquq bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə, qərarını öz qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə əsaslandıra bilməz. Hakim isə bu prinsipləri pozaraq, cavabdehin vəkili kimi olmayan icra sənədinin surətini əsas tutub. Halbuki, MPM-in 89.3 və İPM-in 48.3-cü maddələrinin tələbinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilir. MPM-in 89.4 maddəsinə əsasən, işin halları ancaq bu sənədlərlə təsdiq edildikdə sənədlərin əsli məhkəməyə təqdim edilir. Məhkəmə yalnız olmayan icra sənədinə əsasən onun pensiyasından tutulmanı "əsaslandırıb", amma bu icra sənədinin nə əsli, nə də lazımi qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini qəsdən təmin etməyib. Əslində məhkəmə MPM-in 65.4-ci maddəsini rəhbər tutaraq, məhkəməyə saxta sənəd təqdim edilməsinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardadla prokurora xəbər verməlidi. 4-cüsü, İPM-in 14.2-ci maddəsinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Lakin cavabdeh inzibati orqan pensiyasından faiz tutulmasını zəruri edən faktiki şərtin mövcudluğunu, yəni qanuni icra sənədinin nə əslini, nə də təsdiq edilmiş surətinin olmasını sübut edə bilməyib. Çünki məhkəmə tərəfindən verilən, məhkəmənin möhürü ilə təsdiq edilmiş icra sənədi mövcud deyil. 5-cisi, məhkəmə "İcra haqqında" qanunun 68.1.2 maddəsinə əsasən tələbin borclunun xidməti vəzifələrini icra edərkən aldığı xəsarətlərə görə ödənilən məbləğlərə, yəni Qarabağ əlilliyinə görə aldığı pensiyasına yönəldilə bilməzliyini qeyd edib, amma bu maddəni qəsdən səhv təfsir edib ki, cavabdeh pensiyasından məbləğ tutmaqla 68.1.2 maddəsini düzgün tətbiq etmiş, aparılan tutmalar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneçilik yaradılmamışdır. Bu o deməkdir ki, məhkəmə 68.1.2 maddəsini düzgün təfsir etməyib və işin faktiki halları ilə nəticə hissəsi bir-birinə uyğun deyil. MPM-in 385-390 maddələrinə əsasən, maddi və prosessual hüquq normaları pozulduğundan, düzgün olmayan qanun tətbiq edildiyindən, tətbiq edilən qanun səhv təfsir edildiyindən birinci instansiyanın qərarı apelyasiya qaydasında mütləq ləğv edilməlidir. 6-cısı, məhkəmə onun digər tələbləri üzrə heç bir qərar qəbul etməyib. Bu isə MPM-in 229-cu maddəsinə əsasən əlavə qərar qəbul edilməsinə əsasdır. Cavabdeh məhkəməyə qəsdən yalan məlumat verib ki, ona 2016-cı ildə əlilliyə görə pensiya təyin olunub. Məhkəmə də bunu işin faktiki halı kimi qəbul edib. Halbuki ona 1992-ci ildə Vətəni müdafiə edərkən aldığı güllə yarasından elə həmin ildən müharibə əlili kimi pensiya təyin olunub. Sadəcə, 2016-cı ildə müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu kimi pensiya ödənişini hazırkı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həyata keçirir. Onun pensiyasına "Əmək pensiyaları haqqında" qanunun 19.1.7-ci maddəsinə əsasən 77 manat əlavə, Prezidentin 26.12.2001-ci il tarixli 613 saylı "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin aylıq müavinətlərlə əvəz edilməsinin təmin olunması haqqında" fərmanının 1-ci bəndinə əsasən 26 manatlıq və 29.12.2000-ci il tarixli 597 saylı "Əlil olmuş və digər kateqoriyadan olan bir qrup vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncamına əsasən 12 manatlıq, toplam 115 manatlıq əlavə də hesablanmayıb. Məhkəmə buna münasibət bildirməyib. Halbuki, ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyanın 149-cu maddəsinə görə qanunların, prezident fərmanlarının icrası hamıya, pensiyanı ödəməyə borclu edilən cavabdeh inzibati orqana da məcburidir. Belə məlum olur ki, cavabdeh inzibati orqan dövlətin "Əmək pensiyaları haqqında" qanunla onun üzərinə qoyduğu vəzifəni icra etmir, əksinə, qanunsuz olaraq pensiyasını məktubla yarıqat edib, mənimsəyir. Məhkəmə də bu qanunsuzluğa hüquqi qiymət vermək əvəzinə, icra məmurunun məktubunu Konstitusiyadan, qanundan üstün tutur. 7-cisi, İPM-in 12-ci maddəsinin tələbinə görə, məhkəmə proses iştirakçılarının ərizə, təklif və izahatları ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə isə nəinki onun sübutlarını araşdırır, əlavə sübutlar toplayır, əksinə saxta, əsli olmayan icra sənədini sübut kimi qəbul edib. Məhkəmənin açıq-aşkar tərəf tutması göz önündədir. İPM-in 58-60-cı maddələrinin tələblərinə də əməl edilməyib, saxta sübut "əsas" kimi götürülüb. Məhkəmə özünün 3-cü şəxs kimi işə cəlb etdiyi Suraxanı icra və probasiya şöbəsinin iştirakını qəsdən təmin etməyib. Onun iddiaçı kimi mövqeyini ifadə etməyinə, verdiyi ərizə və vəsatətlərə, sübutlara baxılmasına imkan verilməyib; İPM-in 13-cü, 48-ci maddəsinə əsasən yardım edilməyib İPM-in 31.1-ci maddəsinə əsasən, Konstitusiyanın 61-ci maddəsini tətbiq etməklə vəkillə təmsil olunmaq hüququ da təmin olunmayıb. Heç hazırlıq iclası da keçirilməyib. O, 3-cü ildir saxta icra sənədi tərtib etməklə məhkəmənin səlahiyyətlərini mənimsəyən Suraxanı icra və probasiya şöbəsinin (icra məmuru Vüsal Əliyevin) cavabdeh kimi işə cəlb edilməsini xahiş və tələb edir, baxılmır. İPM-in 30-cu maddəsinə görə, cavabdeh inzibati orqanla Suraxanı icra və probasiya şöbəsi müştərək qaydada pensiyasını mənimsədiklərindən birgə cavabdeh kimi həmiştirakçılıq daşıyırlar. Məhkəmə isə onu 3-cü şəxs qismində də işə cəlb edib, amma iştirakını təmin etmir. 3-cü şəxsin məcburi gətirilməsini tələb etsə də, baxılmayıb. Halbuki İPM-in 57-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçısından gəlməyi tələb edə, iclasa gəlməyən proses iştirakçısını 50 manatdan 100 manata kimi cərimə edə bilər. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı əmək pensiyasından kəsilən 350 manat gecikmə faizinin indeksasiya edilməklə bərpa edilməsi, "Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsi tarixindən 2007-ci ilin yanvarından başlayaraq aylıq hesablanmalı olan toplam 115 manatın indeksasiya edilməklə pensiyasına əlavə edilməsini xahiş etmişdir Ali Məhkəmənin 07 aprel 2021-ci il tarixli qərarı ilə əmək pensiyasından kəsilən 350 manatın gecikmə faizi indeksasiya edilməklə bərpa edilməsinə dair iddia tələbinin mümkün sayılmaması hissəsində ləğv edilmiş və həmin hissədə iddianın mümkün sayılmaqla baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmiş, digər hissədə qərardad dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini baxılmalı hissədə təmin etməmiş və qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarının məcburi icrası barədə icra məmurunun qanuni qərarı icra olunarkən, yəni tutma iddiaçının pensiyasına yönəldilərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmuş, aparılan tutmalar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin hərəkətlərdə ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan DSMF-nin HQXRŞİD şöbəsinin 05.02.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı 01.02.2016-cı il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 2(010)- 3404/2016 saylı, 28.11.2016-cı il tarixli mülki iş üzrə 09.01.2017-ci il tarixdə verilmiş icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, cavabdeh İddiaçı 8.292 manat məbləğində sığorta ödənişi və 31 manat məbləğində dövlət rüsumu üçün çəkilmiş xərcin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Suraxanı rayon İcra şöbəsinə ünvanlanmış müraciətdən görünür ki, tələbin borclu İddiaçı təqaüdünə yönəldilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin icra ödənişinin alınması haqqında 29.05.2018-ci il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, borclu İddiaçı 8.292 manat məbləğində pul vəsaiti və 31 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi tərəfindən DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş Departamentinə ünvanlanmış 29.05.2018-ci il tarixli 18-26696/17-14 nömrəli məktubundan görünür ki, məhkəmə qərarında göstərilən məbləğin borclu İddiaçı əmək haqqının 50 % həcmində tutularaq, "xxxx" ASC-nin hesabına köçürülməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi tərəfindən DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş Departamentinə ünvanlanmış 15.10.2018-ci il tarixli 26696/2017-18-14 nömrəli məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-3404/2016 saylı 28.11.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar İddiaçı pensiyasından tutmanın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə əsasən dayandırılması xahiş olunmuşdur. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin **********2 №li 22.05.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçıya 01.02.2016-cı il tarixdən İİ qrup əlilliyə görə tərəflərindən əmək pensiyası təyin olunmuş, Suraxanı rayon İcra və Probasiya şöbəsinin 29.05.2018-ci il tarixli 18-26696 nömrəli məktubu ilə ünvanlanmış Suraxanı Rayon Məhkəməsinin 28.11.2016-cı il tarixli 2(010)-3404/2016 nömrəli məhkəmə əmrinə əsasən 2018-ci ilin avqust və sentyabr aylarında İddiaçı əmək pensiyasının 50 faizi, yəni 173,40 (cəmi 346,80) manat pul məbləği tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Lakin sözügedən orqandan tutulmanın dayandırılması ilə bağlı İdarəyə daxil olmuş 15.10.2018-ci il tarixli 29696/2017-18-14 nömrəli məktuba əsasən qeyd olunan tutulma dayandırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.4-cü maddəsinə əsasən tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya 01.02.2016-cı il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuş, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar iddiaçıdan 2018-ci ilin avqust və sentyabr aylarında əmək pensiyasının 50 faizi, yəni 173,40 (cəmi 346,80) manat pul məbləği tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Sonradan Suraxanı rayon İcra və Probasiya şöbəsinin müraciətinə əsasən qeyd olunan tutulma dayandırılmışdır. Göründüyü kimi məhkəmə qərarının məcburi icrası ilə əlaqədar tutulmalı olan məbləğ iddiaçının pensiyasına yönəldilərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmuşdur. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, aparılan tutmalar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6036/2021 saylı 25 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1974/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1974/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver