Məhkəmə qərarları › İş №2-1(103)-1974/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1974/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1974/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, X2, İddiaçı, Cavabdeh2 X9 Qoruğu İdarəsinin nümayəndəsi X1, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 X9 Qoruğu İdarəsinə qarşı (üçüncü şəxs X6 cəlb edilməklə) “mənzilə əlavə sahələr daxil etməklə dövlət reyestrində qeydiyyat aparılması, bu barədə yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10087/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-ə həyətə girişdə 1-ci mərtəbədən sağda, pilləkənə qədər 2-ci və 3-cü qapılı ardıcıl yerləşən 1 kvadrat metr hamam otağı və təxminən 2 kvadrat metr sahəli mətbəx otağına mülkiyyət hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a-nı xx.xx.2016-cı il tarixdə alqı-satqı yolu ilə almış və bu barədə ona çıxarış verilmişdir. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-ə həyətdə girişdə 1-ci mərtəbədən sağda, pilləkənə qədər 2-ci və 3- cü qapılı ardıcıl yerləşən 1 kvadrat metr hamam otağı və təxminən 2 kvadrat metr sahəli mətbəx otağı mövcuddur. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9 a 94 saylı evin 9 saylı mənzilinin bölünməsi yolu ilə yaranmışdır. 9a saylı mənzil 1 yaşayış otağından və giriş hissədən ibarət, sanitar istifadə sahəsi həyətdə olmaqla hələ özəlləşdirmə anınadək mövcud olmuş və son hadisələrə qədər bu cür istifadə edilmişdir. Sanitar qovşağı mənzilin natural hissəsindən ayrı olmaqla həyətdə yerləşməsi mövcud olan texniki sənədlərdə də qeyd edilmişdir. Hazırda üçüncü şəxs X3 iddiası üzrə Səbail Rayon Məhkəməsinin 14 okryabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi ev 94, mənzil 9 a saylı mənzildə özbaşına tikilmiş sanitar qovşağı sökülməli və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri ləğv edilmişdir. Hazırda iddiaçı 9a saylı mənzildə yaşasa da sanitar sahələrə malik deyildir, belə ki, məhkəmə qətnaməsi ilə həmin sahələr sökülməlidir. İddiaçı qeyd edir ki, o, bu mənzili alarkən həmin sahənin ümumi istifadədə olması ondan gizlədilib. Mülkiyyət hüququnu əldə edərkən mənzilin sanitar qovşaqlarının 1-ci mərtəbədə yerləşməsini ondan gizlətmək üçün üçüncü şəxs tərəfindən qovşaqlarının qapılarını mismarlamaqdan belə çəkinməmişdir. Son zamanlar ona məlum olmuşdur ki, bu sahələr ümumi istifadədə olmuşdur. Həmin sahələr iddiaçının mənzilinə aid edilməli və onun istifadəsinə verilməli, mənzilinin ümumi sahəsinə daxil edilməlidir. Belə ki, o, hazırda mənzilin sanitar qovşağından məhrum olmuşdur. Bu səbəbdən iddiaçı 7 il 2-ci mərtəbədə yerləşən hamam otağından istifadə etmişdir. Lakin burada da üçüncü şəxs onu rahat buraxmamış və 14 oktyabr qətnaməsi əsasında sökülmə nəticəsində bu imkandan da istifadə mümkünsüz olmuşdur. 9 saylı mənzildə 2 ədəd tualet və hamam qovşağının mövcudluğu təsdiqlənsə də, 2-ci dəfə yeni sənəd verilərkən mənzilin texniki sənədinə yenə mətbəx salınmayıb. 9a saylı mənzil üçüncü şəxslər və cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin günahı ucbatından xx.xx.2023-cü il tarixdən hamam otaqsız qalmış və faktiki mətbəx xətlərinin sökülməsi təhlükəsi ilə üz-üzə qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilmiş və X6 iş üzrə məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək tələbin “Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a-ya dair ümumi sahəsi 39,3 kv.metr göstərilməklə, yeni qeydiyyat aparılmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və 2 otaqlı mənzildə 2-ci mərtəbədə 1,8 kv.metr mətbəx otağı ilə 1-ci mərtəbədə 1,2 kv.metr hamam-sanitar qovşağı əlavə edilməklə texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İş üzrə üçüncü şəxs X6 məhkəmənin dəftərxanası vasitəsi ilə hazırkı işə baxan hakimə ünvanlanmış cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi təqdim edərək Səbail rayonu, Mirzə Mənsur küçəsi 94 saylı evin 9a saylı mənzilinə dair 25 avqust 2016-cı ildə və 06 iyul 2021-ci ildə qanunsuz tərtib edilmiş texniki pasportların ləğv edilməsi və 01 sentyabr 2016-cı ildə İddiaçı adına aparılan reyestr qeydiyyatında 1 kv.metr sahə ilə bağlı düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs iddia ərizəsində qeyd etmişdir ki, İPM-in üçüncü şəxs olaraq verdiyi hüquqdan istifadə edilərək hazırkı iddianı qaldırır. Belə ki, İnzibati Prosessual Məcəllənin 29.1-ci maddəsinə əsasən üçüncü şəxlər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. İlkin iddia üzrə iddiaçı və hazırkı iddia üzrə üçüncü şəxs İddiaçı onun qonşusu olmaqla Mirzə Mənsur 94, mənzil 9-a-nın mülkiyyətçisidir. Onun mülkiyyət hüquqları reyestrdə xx.xx.2016-cı il tarixdə qeydə alınıb. Bu qeydiyyat aparılarkən İddiaçı adına 25 avqust 2016-cı il tarixdə texniki pasport tərtib edilib. Lakin həmin texniki pasporta hüquqi əsas olmadan mənzildən naturada ayrı yerləşən 94 saylı binada olan mənzillərin mülkiyyətçilərinin ümumi istifadəsində olan 1 kv.m sahəli sanitar qovşaq İddiaçı mülkiyyətində olan sahəyə aid edilmiş və həmin sahə İddiaçı çıxarışında əks olunmuşdur. Bundan əlavə, İddiaçı mənzildə heç bir icazə almadan qanunsuz və özbaşına rekonstruksiya işləri aparmışdır. Bu hal qanuni qüvvəsini almış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-720/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Həmin rekonstruksiya işlərinin qanunsuz olmasına baxmayaraq, 6 iyul 2021-ci ildə cavabdeh təşkilat tərəfindən İddiaçı verilən texniki pasporta dəyişiklik edilərək onun mənzilində aparılan rekonstruksiya işlərinin nəticələri rəsmiləşdirilib. Bu qanunsuzluğun və texniki sənədlərin etibarsız hesab edilməsi ilə bağlı cavabdeh DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin imtina cavabı alınmışdır. Ərizədə Mənzil Məcəlləsinin 24.1 və 35.3-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci və 8.0.10.1-ci maddələrinə, həmçinin AR Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmax əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"na istinad edilərək tələbin təmin edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10087/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim T.Məlikov) üçüncü şəxs X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Səbail rayonu, Mirzə Mənsur küçəsi 94 saylı evin 9a saylı mənzilinə dair 25 avqust 2016-cı il tarixdə və 06 iyul 2021-ci il tarixdə qanunsuz tərtib edilmiş texniki pasportların ləğv edilməsi və 01 sentyabr 2016-cı il tarixdə İddiaçı adına aparılan reyestr qeydiyyatında 1 kv.metr sahə ilə bağlı düzəliş edilməsi barədə iddia ərizəsi icraata qəbul edilməmişdir. Qərardaddan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10087/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə üçüncü şəxsin iddiasının, tərəflərin tələbləri daxilində olmaması və baxılmaqda olan iddia tələbi üzrə işin tam və hərtərəfli araşdırılmasına yönəlməməsi barədə qənaəti açıq aşkar yanlışdır. Həm iddiaçının verdiyi iddia, həm də onun təqdim etdiyi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi ev 94, mənzil 9a-ya dair texniki pasporta aiddir, hər iki iddiada bu texniki pasportun dəyişdirilməsi tələb olunur. İddiaçı bu texniki pasportun onun düzgün hesab etdiyi formada, o isə onun düzgün hesab etdiyi formada dəyişdirilməsini tələb edir. Yəni bir iddianın təmin edilməsi, avtomatik olaraq digər iddianın təmin edilməsi mümkünlüyünü rədd edir. Belə olan təqdirdə üçüncü şəxsin iddiasının tərəflərin tələbləri daxilində olmamasını iddia etmək olmaz və bu iddiaların birlikdə baxılması, işin hərtərəfli araşdırılmasına yönəlməmişdir. Bu səbəbdən məhkəmənin məlum qərardadı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10087/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, üçüncü şəxs X3 iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadında qeyd etmişdir ki, “üçüncü şəxsin iddiası tərəflərin tələbləri daxilində olmadığından, həmçinin baxılmaqda olan iddia tələbi üzrə işin tam və hərtərəfli araşdırılmasına yönəlməməklə cavabdehə qarşı ayrıca icraat qaydasında baxılmalı müstəqil iddia tələbi olduğundan icraata qəbul edilməsi üçün əsaslar mövcud deyil. Odur ki, ərizə icraata qəbul edilməməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası İPM-in 27-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərdir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının 25-ci bəndində göstərilmişdir ki, üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur. Həmin Qərardadın 59-cu bəndində qeyd olunmuşdur ki, inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları İPM-in 29-cu maddəsində təsbit olunmuşdur. Buna görə: 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Qərardadın 60-cı bəndinə əsasən qeyd edilən tənzimləmələrdən göründüyü kimi üçüncü şəxslərin prosessual hüquqlarının həcmi ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Belə ki, onlar prosesdə tərəf kimi deyil, üçüncü şəxs qismində iştirak etdikləri üçün dispozitivlik prinsipinə əsasən tərəflərə məxsus olan hərəkətləri etmək hüququna malik deyillər. Məsələn, İPM-in 15 və 40-cı maddələrinə əsasən üçüncü şəxslərin iddiadan imtina edilməsi, iddianın qəbul edilməsi, barışıq sazişinin bağlanılması və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla çıxış edilməsi, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizə verilməsi hüquqları yoxdur. Odur ki, qanunvericiliyin birbaşa göstərişinə və istifadə edilmək istənilən hüququn mahiyyətinə əsasən yalnız tərəflərə məxsus ola bilən hüquq və vəzifələr istisna olmaqla üçüncü şəxslər tərəflərə aid bütün digər hüquq və vəzifələrə malikdirlər. Bundan başqa, üçüncü şəxslər malik olduqları hüquqlardan tərəflərin iradəsindən asılı olmayaraq müstəqil şəkildə istifadə edə bilərlər. Göründüyü kimi, üçüncü şəxs qismində cəlbetmə baxılmaqda olan mübahisə üzrə iddiaçı və ya cavabdeh olmayan şəxsə öz hüquqi mənafelərini məhkəmə qarşısında müdafiə etmək imkanı, məhkəməyə isə bu cür qoşulma nəticəsində baxılan işin tam və hərtərəfli araşdırılmasına, obyektiv və qanuni qərarın qəbul edilməsinə şərait yaratmış olur. Yuxarıda qeyd edilən normalardan müəyyən edilir ki, inzibati hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində üçüncü şəxslərin inzibati məhkəmə icraatı gedişində müstəqil iddia tələbi irəli sürmək hüququ təsbit edilməmişdir. Belə ki, Məcəllənin 29-cu maddəsinin tələblərindən göründüyü kimi icraata cəlb edilmiş üçüncü şəxsin prosessual vəziyyəti ilə bağlı məhdudiyyətlər mövcuddur. Onun prosessual imkanları tərəflərin ərizə vermək hədləri ilə məhdudlaşır. Yəni cəlb edilmiş üçüncü şəxs hüquqi mübahisənin predmetini müəyyən etmədiyi üçün bu çərçivədən kənara çıxa bilməz. Eyni ilə, cəlb edilmiş şəxs tərəflərin dispozitivlik prinsipinə aid olan hərəkətlərinə (iddiadan imtina edilməsi, barışıq sazişinin bağlanması və s.) qarşı çıxa bilməz. O, hüquqi mübahisəyə özünün icraata cəlb edildiyi zaman mövcud olan vəziyyətdə daxil olur. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin qüvvədə olan qanunvericilik normalarına əsasən hazırkı icraatda müstəqil iddia tələbi vermək hüququ mövcud olmadığından iddia ərizəsi mümkün sayılmamalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, üçüncü şəxsin iddiasının mümkün sayılmamasına dair qərardad onun ayrıca inzibati icraat qaydasında iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi üçüncü şəxsin iddia tələbinin icraata qəbul edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, üçüncü şəxs X3 iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 29, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10087/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Üçüncü şəxs X3 iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar