Məhkəmə qərarları › İş №2-1(103)-1975/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1975/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1975/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-264/2021 saylı 23 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, ünvan 3 ünvanında yerləşən 965 kv.m. sahəsi olan qeyri -yaşayış binasına dair AG BANK “ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışın verilməsinin qanunsuz hesab edilməsi, çıxarışın ləğv olunması və qeyri-yaşayış binasına olan mülkiyyət hüququna dair qeydiyyatın bərpa olunmasının cavabdehin öhdəsinə qoyulması barədə qərar çıxarılması; mülkiyyətinə qəsdlə nəticələnən cinayət əlaqəsinə girərək qanunsuz çıxarışın verilməsinə nail olmuş şəxslərin barələrində xususi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-264/2021 saylı 23 dekabr 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddia tələbi ilə bağlı işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı prosessual və maddi normaların pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbi ilə bağlı işin mahiyyəti üzrə obyektiv araşdırılması üçün 1-ci instansiya məhkəməsinə göndərilməsi təmin edilməlidir. Çünki məhkəmə heç bir əsas olmadan qanunsuz olaraq hazırki iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ən azından məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan kimi nəzərə almalı idi ki, o, çıxarışın verilməsindən ibarət prosedurun inzibati orqanın qanunsuzluğu ilə müşayiət olunduğundan, məhz bu prosedurun qanunsuzluğunu mübahisələdirir. Məhkəmə isə qanunsuzluğa yol verərək hesab edir ki, inzibati işin predmeti olan qeyri-yaşayış binasına dair çıxarışın açıq hərracın keçirilməsi nəticəsində verildiyindən və açıq hərracın nəticələri məhkəmə qərarları ilə qüvvədə saxlandığından, hazırki iddia mümkün sayılmamalıdır. Çıxarış banka xx.xx.2019-cu il tarixdə verilsə də, məhkəmənin istinad etdiyi hərracın nətiçələrinə dair yekün məhkəmə qərarı "Ali Məhkəmənin Mülkü Kollegiyası tərəfindən 26 dekabr 2019-ci il tarixində qəbul edilmişdir. İnzibati orqan tərəfindən çıxarışın verildiyi tarixdə, yəni xx.xx.2019-ci il tarixində heç Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən iş üzrə qətnaməsi qəbul etməmişdir. Həmin tarixə mövcud olan yeganə məhkəmə qərarı Nərimanov rayon məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsidir və həmin qətnaməyə əsasən mübahisələndirilən qeyri-yaşayış binasına dair hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi qət edilmişdir. Digər tərəfdən hələ 2018-ci ildə AGBank ASC hərracın nəticələri əsasında çıxarışın verilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və inzibati orqan məhkəmə mübahisəsinə dair yekun məhkəmə qərarı olmadığını əsas göstərərək (Reyestr xidməti haqqında Qanunun 14.5 maddəsinin rəhbər tutaraq) çıxarışın verilməsindən imtina etmişdir. Həmin imtinanı qanunsuz hesab ediməsi və çıxarışın veilməsi vəzifəsini inzibati orqanın üzərinə qoyulması tələbinə dair iddia ilə AGBank ASC 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 14 iyun 2018-ci il tarixli qərarı ilə bankın iddiası təmin edilmiş və çıxarışın verilməsi vəzifəsi inzibati orqanin üzərinə qoyulmuşdur. O, bundan xəbər tutandan sonra, 3-cü çəxs qismində şikayət vermiş və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qərarı ilə 14 iyun 2018-ci il tarixli qərar ləgv edilmişdir. Göründiyi kimi həmin zaman yaranmış hüququ vəziyyətdə inzibati orqan tərəfindən çıxarışın verilməsi qanunaziddir. Belə ki, ’’Daşınmaz Əmlakın Dövlət Reyestri haqqinda" Qanunun 14.5 maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll edilənədək dayandırılır. Bu baxımdan inzibati orqan tərəfindən çıxarışın verilməsi prosedurunda qanunun tələbləri kobudcasına pozulması şübhəsizidr və nəticə etibarı ilə bu mənim hüquqlarımın və qanunla qorunan maraqlarımın pozulması kimi qiymətləndirilməlidir. Bu hüququ vəziyyətdə məhkəmənin iddiamın mümkün sayilmaması barədə qərarı tam qanunsuz və ədalətsizdir. Çıxarışın verilməsi “İpoteka haqqında" Qanununda tələblərinin kobud sürətdə pozulması ilə müşahidə edilir. Belə ki, həmin Qanunun 42 -ci maddəsinə uygun olaraq hərracı udmuş tərəf 7 təqvim günü ərzində əmlakın dəyərini tam şəkildə ödəməlidir. Həmin qanunun 47-ci maddəsinə görə satışdan sonra artıq qalan məbləğ ipoteka qoyana qaytarılmalıdır. Bank hərracda qeyd edilən əmlakı 5 735 000 (manata əldə etmiş, onun tələbkar banka olan borcu tam olaraq 4 250 000 manat təşkil edir. Göründiyi kimi ******* (5735***- *******=1485000) manat fərq təşkil edən, artıq qalan vəsait ona ödənildikdən sonra hərrac təşkilatı ilə alıcı-bank arasında alqı-satqı müqaviləsi bağlanmalı idi. Lakin 5 ildən artıq zaman keçdiyinə baxmayaraq bu vəsait ona ödənilməmiş, ödənilməsi barədə heç bir bildiriş məlumat onun ünvanına göndərilməmişdir. Tərəflərin izahatları xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki işdə iddiaçı ünvan 3 ünvanında yerləşən 965 kv.m. sahəsi olan qeyri -yaşayış binasına dair "xxxx" ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışın verilməsinin qanunsuz hesab edilməsi, çıxarışın ləğv olunması və qeyri-yaşayış binasına olan mülkiyyət hüququna dair qeydiyyatın bərpa olunmasının cavabdehin öhdəsinə qoyulmasını tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarış açıq hərracın keçirilməsi nəticəsində verildiyindən və həmin açıq hərracın nəticələri yuxarıda sadalanan məhkəmə qərarları ilə qüvvədə saxlanıldığından, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqlarının pozulmasının işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamasına, həmçinin MPM-in 265.4-cü maddəsində tərəflərin xüsusi qərardad çıxarılmasına dair vəsatət (tələb) verməsinin nəzərdə tutulmamasına istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla Bakı şəhəri, Yasamal rayonu, məhəllə 615, 2 ünvanında yerləşən qeyri-yaşayış binasına dair müvafiq sənədlərin surətini məhkəməyə təqdim etmişdir. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli 363 saylı qiymətləndirmə rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə yerləşən qeyriyaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 9.000.000 manat təşkil etmişdir. 31 may 2017-ci il tarixdə İddiaçı həmin qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 21 avqust 2017-ci il tarixdə keçirilmiş hərrac nəticəsində İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi 5.737.500 manata "xxxx" ASC-yə satılmışdır. ünvan 5 ünvanda yerləşən 965 kv.m. qeyri-yaşayış binasının "xxxx" ASC-nin xüsusi mülkiyyətində olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarış verilmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi ilə mübahisələndirdiyi ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binasına dövlət reyestrindən çıxarış üçüncü şəxs "xxxx" ASC-yə açıq hərracın keçirilməsi nəticəsində verilmişdir. İş materiallarından görünür ki, İddiaçı digər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın, hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli 2(005)- 4766/2016 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı üçüncü şəxs qismində "xxxx" ASC və Bakı şəhər Yasamal Rayon İcra Şöbəsi cəlb edilməklə iddiası təmin edilmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair Azərbaycan Respublikası "xxxx" MMCnin xx.xx.2017-ci il tarixli, 363 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatının etibarsız hesab edilməsi, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin açıq hərracdan ilkin satış qiymətinin 14.214.000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (iş 2(103)-9500/2017) "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2018-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (iş 2(005)-5525/2017) İddiaçı cavabdehlər “X1” MMC, "xxxx" MMC, Yasamal rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı iddiası təmin edilmiş, “X1” MMC tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə satılmasına dair hərracın yekunları barədə 21 avqust 2017-ci il tarixli 18 nömrəli protokol və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər “X1” MMC, "xxxx" MMC, Yasamal rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)- 6124/2018 saylı mülki iş ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı üçüncü şəxs qismində "xxxx" ASC və Bakı şəhər Yasamal Rayon İcra Şöbəsi cəlb edilməklə “əmlakın qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və ipoteka predmetinin qiymətinin müəyyən edilməsi” tələbinə dair 2(103)-9334/2018 saylı mülki işin bir icraatda birləşdirilməsi və həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. Bundan sonra hər iki mülki işə bir icraatda baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə (iş 2(103)-1669/2019) Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(005)-4766/2017 saylı qətnaməsindən iş üzrə üçüncü şəxs "xxxx" ASC tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş, həmin qətnamə ləğv edilmiş, iddia tələbi rədd edilmiş, eyni zamanda Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli 2(005)-5525/2017 saylı qətnaməsindən cavabdehlər "xxxx" ASC və “X1” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, həmin qətnamə ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-(102)-8358/2019 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi sözügedən qeyriyaşayış binasına dövlət reyestrindən çıxarış üçüncü şəxsə açıq hərracın keçirilməsinin nəticələrinə əsasən verilmiş, binanın müəyyən edilmiş qiyməti ilə bağlı iddiaçı məhkəmələrdə iddia qaldırmış, lakin son nəticə olaraq Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-8358/2019 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, yəni, həmin mülki işin yekun nəticəsi iddiaçının əleyhinə olmuş və Ali Məhkəmənin adıçəkilən qərarı ilə qanuni qüvvəyə minmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Qərarında aşağıdakılar göstərilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunla digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə, həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Daşınmaz əmlakın alqı-satqısı nəticəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının “mülkiyyət hüququnun bərpa olunması və qanunsuz olaraq çıxarış verilməsinə nail olan şəxslər barəsində xüsusi qərardad çıxarılması” barədə tələblərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin tələblər iddiaçının əsas tələbi olan “çıxarışın qanunsuz hesab edilərək onun ləğv edilməsi” barədə tələbinə əlavə tələblər olaraq verildiyindən, əsas tələb qeyri-mümkün sayıldığı üçün həmin tələblər də onun davamı olaraq qeyri-mümkün sayılmalı, bundan başqa inzibati prosessual qanunvericilikdə “xüsusi qərardad çıxarılması” ilə bağlı iddia növünün nəzərdə tutulmaması səbəbi ilə həmin tələb də qeyri-mümkün sayılmalıdır. Nzərə alınmalıdır ki, iddiaçının istinad etdiyi kimi mübahisələndirdiyi reyestrdən çıxarış sonuncu məhkəmə qərarının olmadığı dövrdə, yəni yalnız birinci instansiya məhkəməsinin qərarından sonra verilmiş olsa da belə, sonradan kassasiya instansiya məhkəməsinin qərarı ilə həmin çıxarışın verilməsi üçün əsas olan sənədlər etibarlı sayılmış, nəticədə çıxarışın ləğvi üçün hər hansı əsas mövcud olmamışdır. Bu baxımdan iddiaçının istinad etdiyi həmin hal çıxarışın ləğvi üçün əsas yaratmır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər qərardadın ləğv edilib, iddianın inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-264/2021 saylı 23 dekabr 2021-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-264/2021 saylı 23 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar