Məhkəmə qərarları › İş №2-1(103)-1977/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1977/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1977/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Yusifov Cahangir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə (3-cü şəxs AR Maliyyə Nazirliyi) qarşı sərəncamın etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-130/2019 saylı, 31 mart 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan ünvan 1 ünvanda yerləşən sahəsi 26.0 kv.m. olan yaşayış otağına görə hər kv.m. sahəsinin dəyəri 1500 manatdan olmaqla, ümumilikdə 39.000 manat ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 22.12.2000-ci il tarixli 923 saylı sərəncamın verilməsi, habelə sonuncu sərəncamdan irəli gələn M.Muxtarov küçəsi, 131 saylı evə bitişik və faktiki olaraq həmin anda Axund X1 adına qeydiyyatdan keçmiş əmlakın 3-cü şəxslərə verilməsi (təhkim edilməsi) ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, onun xeyrinə 82 000 manat əmlakın bazar dəyərinə görə, 51 000 manat əmlakın 3-cü şəxslər tərəfindən 17 il müddətində istifadəsinə görə, habelə vurulmuş mənəvi ziyana görə 10 000 manat, cəmi 143 000 manat vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2019-cu tarixli, 2-1(81)- 130/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanda yerləşən sahəsi 26.0 kv.m. olan yaşayış otağına görə hər kv.m. sahəsinin dəyəri 1500 manatdan olmaqla, ümumilikdə 39.000 manat ödənilməsi, 1000 manat mənəvi ziyanın ödənilməsi, Cavabdeh Başçısının 22.12.2000-ci il tarixli, 923 saylı sərəncamının etibarsız hesab edilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli, 2- 1(103)-1334/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 dekabr tarixli qərarı “Cavabdeh Başçısının 22.12.2000-ci il tarixli, 923 saylı sərəncamının etibarsız hesab edilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi” hissəsində dəyişdirilmiş, Cavabdeh Başçısının 22.12.2000-ci il tarixli, 923 saylı sərəncamı qanunsuz hesab edilmiş, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2-1(102)-712/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli, 2-1(103)-1334/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 19.06.2021-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli, 2-1(103)-1334/2020 nömrəli qərarı icra edilməsi üçün Bakı şəhəri Cavabdehnə göndərilmiş, həmçinin qərarın icraya yönəldilməsi barədə iddiaçıya məlumat verilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş 09 avqust 2021-ci il tarixli, 1521/d nömrəli məktubda qərarın icrası ilə bağlı olaraq Cavabdeh tərəfindən məhkəmə qərarında müəyyən olunmuş vəsaitin Cavabdehnə ayrılmasına göstəriş verilməsi xahişi ilə Maliyyə Nazirliyinə müraciət olunması bildirilmişdir. İddiaçının vəkili Pərvin Məmmədov ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarı icra edilmədiyi üçün cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana 06.01.2022-ci il tarixli məktub ünvanlayaraq məhkəmə qərarının 07.02.2022-ci il tarixədək icra olunması ilə bağlı müddət müəyyən edilmiş və cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin, qeyd olunan müddət ərzində məhkəmə qərarı icra edilməmişdir. İddiaçının vəkili Pərvin Məmmədov ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarı icra edilmədiyi üçün cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş tədbirlərin görülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-130/2019 saylı, 31 mart 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Cavabdeh 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 130/2019 saylı, 31 mart 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd olunan vəsait AR Maliyyə Nazirliyi tərəfindən Bakı şəhəri Cavabdehnə ayrılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməsinə əsasən Rayon İcra Hakimiyyətləri büdcə təşkilatları hesab olunur. Büdcədən ayrılan vəsaitlərin öz təyinatı vardır. Bu səbəbdən məhkəmə qərarların icrası ilə əlaqədar Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmadığı təqdirdə məhkəmə qərarının icrası mümkün deyildir. Həmçinin, məhkəmə tərəfindən Cavabdeh inzibati qaydada cərimə edərkən AR Maliyyə Nazirliyinə sorğu göndərilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İş üzrə iddiaçı və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli, 2-1(103)- 1334/2020 nömrəli qərarı qanuni qüvvəsini almış və icraya yönəldikdən sonra həmin qərara görə iddiaçıya 40.000 manat pulun ödənilməsi Cavabdeh tərəfindən təmin edilməmişdir. Mövcud qanunvericilik normaları isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını məcburi sayır və inzibati mübahisələrlə bağlı belə qərarlarının icra olunmamasını 50000 manatadək cərimə ilə sanksiyalaşdırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, cavabdehin apellyasiya şikayəti əsasızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. - 119.2-cü maddəsinə əsasən icra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 83.3-cü maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın məcburi qaydada icrası aşağıdakı məcburi icra tədbirləri vasitəsilə təmin oluna bilər: inzibati aktla nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi; cərimə; bilavasitə məcburetmə Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli, 2-1(103)-1334/2020 nömrəli qərarı qanuni qüvvəsini almış və icraya yönəldikdən sonra həmin qərara görə iddiaçıya 40.000 manat pulun ödənilməsi Cavabdeh tərəfindən təmin edilməmişdir. Mövcud qanunvericilik normaları isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını məcburi saydıgindan qüvvədə olan məhkəmə qərarının cavabdeh inzibati orqan tərəfindən əsaslı səbəb olmadan icra edilmədiyinə görə sonuncunun 500 manat məbləğində cərimə olunması barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-130/2019 saylı, 31 mart 2022-ci i il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-130/2019 saylı, 31 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar