Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1977/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Həşim Rəşad Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2- 1(112)-5756/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəyə Xətai Rayon Məhkəməsi tərəfindən baxılaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinin icra edilməsi üçün 27 oktyabr 2022-ci il tarixli məktub göndərilmişdir. İddiaçı cavabdehə həbsin götürülməsi üçün müraciət etmiş, lakin cavabdeh ərizəsini təmin etməmişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 195/2010 saylı, xx.xx.2010-cu il tarixli qərarına əsasən iddiaçının mərhum X1na məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə qoyulmuş həbsin müddətinin iş üzrə yekun qərar qüvvəyə minənədək müəyyən edilməsi qərara alınmışdır. Sözügedən cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 268/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(112)-5756/2023 saylı qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi üçün Baki şəhəri Xatai Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəyə Xətai Rayon Məhkəməsi tərəfindən ətraflı baxılaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsinin 1 saylı Baki Ərazi İdarəsinə mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinin icra edilməsi üçün 27 oktyabr 2022-ci il tarixli məktüb göndərilmişdir. Lakin cavabdeh tərəfindən AR CPM-nin 64.1-ci maddəsinin "Cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir" tələbini pozmaqla Xətai Rayon Məhkəməsinin göstərişini icra edilməyib. Cavabdeh tərəfindən ona göndərilmiş xx.xx.2022-ci il tarixli, **********55 nömrəli imtina məktubu Azərbaycan Respublikası CPMnin 254.1-ci maddəsinə istinad edilərək göstərilmişdir ki, "Cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər". Ona görə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Baki İnzibati Məhkəməyə müraciət edərək, Baki şəhəri, Buzovna qəsəbəsi, Puşkin küçəsi ev 15 ünvanında yerləşən 1 sayli mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət prosesinin incəliklərini araşdırmaq cavabdehin səlahiyyətlərinə aid deyil. X1 13 avqust 2023-cü ildə vəfat etdi. Və o, mübahisəli əmlaka dair yuxarıdaki göstərilənlərə görə çıxarış ala bilmir. Cavabdehin hərəkətləri, hərəkətsizliyi onun hüquq və qanunla qorunan maraqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən görünür ki, iddia tələbində qeyd edilən məsələ cinayət-prosessual qanunvericiliyə uyğun olaraq ibtidai istintaq orqanının (müstəntiqin) hərəkətlərindən şikayətlə bağlı olmaqla, inzibati hüquq münasibətlərindən yaranmır və inzibati məhkəmə icraatının tənzimləmə predmetinə daxil deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3.6-cı maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair“ 5 avqust 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının X1na məxsus mənzilin üzərinə həbs qoyulmuşdur ki, bu halda da cinayət işi və ya cinayət təqibi ilə bağlı təhqiqat, istintaq, prokurorluq orqanları tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(112)-5756/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1977/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1977/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver