Məhkəmə qərarları › İş №2-1(103)-1978/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1978/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1978/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Məmmədova Şərafət Asif qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil3 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli, 2-1(81)- 53/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı MMC-yə vergilərin hesablanması barədə 03.10.2017-ci il tarixli, **********625600 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı MMC 27 aprel 2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommersiya hüquqi şəxslər Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət dövrü ərzində MMC daima öz üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtı vaxtında vergi orqanına bəyan etmişdir. Bununla da, öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. Lakin, 03 oktyabr 2017-ci il tarixli Cavabdeh vergilərin hesablanması barədə **********25600 nömrəli qərarına əsasən vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində 85700 manat əlavə vergi məbləği hesablanmışdır. Halbuki MMC fəaliyyət göstərdiyi müddətdən vaxtı vaxtında vergilər gəlirə uyğun olaraq bəyan edildiyi və ödənildiyi halda formal əsaslarla Bakı şəhəri Lokal Gəlirlər Departamenti əsassız olaraq əlavə vergi məbləği hesablamışdır. Buna görə də hesab edirlər ki, həmin məbləğ kifayət qədər şişirdilmişdir, həqiqəti əks etdirmir və bu səbəbdən də Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması barədə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20.10.2017-ci il tarixdə vergilərin hesablanması barədə **********620200 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.01.2019-cu il tarixli, 2-1(81)-53/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim A.Abdullayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya hesablanmış vergi ilə bağlı araşdırma aparılmış və araşdırma zamanı vergi ödəyicisinin 2015-ci ilin sonuna 0,00 manat qalığının olduğu, 01.01.2016-cı il tarixdən 31.08.2017-ci il tarixədək olan dövr üzrə 1.058.485,18 manat məbləğində mallar idxal olunduğu müəyyən edilmişdir. Satılmış mallara ticarət əlavəsi (40%) tətbiq edilməklə 1.481.879, 25 manat dövriyyə müəyyənləşdirilmişdir. Müvafiq dövr üzrə vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən dövriyyənin 920.068,12 manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 26.09.2017-ci il tarixli **********438400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat məktubu, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 85.700,00 manat (1.481.879,25-920.068,12)x18/118} əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 03.10.2017-ci il tarixli **********625600 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Qeyd edilən qərarın qəbul edilməsindən sonra iddiaçı tərəfindən 05.10.2017-ci il tarixdə həmin dövrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, lakin dəqiqləşdirilmiş bəyannamənin qəbul edilməsi üçün əsaslar müəyyən olunmadığından iddiaçıya münasibətdə əvvəlki qərardakı hesablamanı təsdiq edən 20.10.2017-ci il tarixli **********620200 nömrəli “Vergilərin hesablanması barədə” Qərar qəbul edilmiş və iddiaçıya göndərilmişdir. Məhkəmənin gedişində təyin olunmuş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 31.10.2018-ci il tarixli 32690 saylı ekspert rəyi təqdim edilmişdir. Hesab edirlər ki, ekspert rəyi iş üzrə mötəbər sübut qismində qəbul edilə və məhkəmə qərarının əsasını təşkil edə bilməz. Belə ki, müəyyən edilmiş sual üzrə ekspert tərəfindən verilən rəydə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94-cü və 159-cu maddələrinə istinad edilərək, vergi orqanı tərəfindən kameral qaydada verginin hesablanması zamanı Vergi Məcəlləsinin tələblərinə əməl edilməməsi qeyd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.06.2019-cu il tarixli 2-1(103)-1001/2019 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli 2-1(102)- 3216/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.06.2019-cu il tarixli 2-1(103)-1001/2019 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.10.2020-ci il tarixli 2-1(103)- 503/2020 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli 2-1(102)-857/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.10.2020-ci il tarixli 2- 1(103)-503/2020 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Cavabdeh 20.10.2017-ci il tarixli, **********620200 saylı “Vergilərin hesablanması barədə” qərarının surətindən görünür ki, 2017-ci ilin avqust ayı vergi dövrü üzrə 85.700 manat əlavə dəyər vergisi hesablanmışdır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20.10.2017-ci il tarixdə vergilərin hesablanması barədə **********620200 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və hesab etmişdir ki, kameral qaydada verginin hesablanması zamanı cavabdeh tərəfindən Vergi Məcəlləsinin tələblərinə əməl olunmadığından mübahisəli qərar əsassızdır və ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31.10.2018-ci il tarixli, 32690 saylı ekspert rəyindən görünür ki, 20.10.2017-ci il tarixli, **********620200 saylı vergi orqanının qərarında 2017-ci ilin avqust ayına görə hesablanmış ƏDV-nin hansı qaydada hesablanmasının aparılması göstərilmişdir. Həmin qərarda əlavə hesablanmış 85700.00 manat məbləğində ƏDV-nin yaranmasına səbəb satılmış mallara görə ticarət əlavəsi tətbiq olunması göstərilmişdir. Ekspert belə nəticəyə gəlmişdir ki, vergi orqanının 20.10.2017-ci il tarixli, **********620200 saylı qərarı ilə 2017-ci ilin avqust ayı üzrə İddiaçı MMC-yə hesablanmış ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Həmçinin qeyd olunmuşdur ki, kameral qaydada verginin hesablanması zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisinin tətbiq etdiyi hesabatlar qəbul olunmalıdır. Ali Məhkəmənin işin yeni apelyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, ekspert rəyi sırf xüsusi bilik tələb edən hallarla bağlı olmalıdır. Hüquq tətbiqi məsələləri ekspert rəyinin tədqiqat obyekti ola bilməz. Lakin nəzərə alınmalıdır ki, məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadışına görə əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, təkrar ekspertiza təyin edə bilər. Apelyasiya instansiyası məhkəməsi ekspertin rəyi ilə razılaşmadığına baxmayaraq, əlavə və ya təkrar ekspertiza təyin olunması məsələsini həll etməmişdir. Doğrudur ki, təkrar və ya əlavə ekspertiza təyin olunması məhkəmənin vəzifəsi deyil, hüququdur. Lakin baxılan işdə mübahisəli hal cavabdeh tərəfindən ticarət əlavəsinin düzgün hesablanmaması ilə bağlıdır. Məhkəmə də qeyd etmişdir ki, “ekspert öz rəyində hesablamalarla bağlı məsələyə ümumiyyətlə toxunmamışdır”. Bu halda məhkəmə ticarət əlavəsinin hesablanmasını təkcə hüquqi əsasları deyil, həm də məbləğin düzgün hesablanması üzrə araşdırma aparılmalı idi. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişləri və apelyasiya şikayətinin dəlilləri nəzərə alınaraq iş üzrə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.10.2021-ci il tarixli 9/5953 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən və Vergi Məcəlləsinin tələblərinə əsasən vergi orqanının 20.10.2017-ci il tarixli, **********620200 saylı qərarı ilə 2017-ci ilin avqust ayı üzrə hesablanmış 85700,00 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarına əsasən İddiaçı MMC-nin 01.01.2016-cı tarixdən 31.08.2017-ci il tarixədək olan dövrdə idxal olunmuş malların satışına görə ticarət əlavəsi tətbiq etməklə dövriyyəsinin 920.068,12 (yəni vergi ödəyicisi tərəfindən satış qiyməti tətbiq edilərək bəyannamələrdə göstərdiyi dövriyyəsi) manat olması müəyyən olunur. Bundan başqa qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən 2017-ci ilin avqust ayı üzrə müəssisə tərəfindən hesablanmış ƏDV borcu mövcud deyildir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya hesablanmış vergi ilə bağlı araşdırma aparılmış və araşdırma zamanı vergi ödəyicisinin 2015-ci ilin sonuna 0,00 manat qalığının olduğu, 01.01.2016-cı il tarixdən 31.08.2017-ci il tarixədək olan dövr üzrə 1.058.485,18 manat məbləğində mallar idxal olunduğu müəyyən edilmişdir. Satılmış mallara ticarət əlavəsi (40%) tətbiq edilməklə 1.481.879, 25 manat dövriyyə müəyyənləşdirilmişdir. Göründüyü kimi vergi orqanı müəyyən etdiyi dövriyyəyə 40% ticarət əlavəsi tətbiq etməklə iddiaçı tərəfindən idxal edilmiş malların ehtimal olunan satış dəyərini müəyyən etmiş və həmin dəyərə ƏDV tətbiq etmişdir. Halbuki, ekspert rəyindən də görünür ki, iddiaçının 01.01.2016-cı tarixdən 31.08.2017ci il tarixədək olan dövrdə idxal olunmuş malların satışına görə ticarət əlavəsi tətbiq etməklə dövriyyəsinin 920.068,12 (yəni vergi ödəyicisi tərəfindən satış qiyməti tətbiq edilərək bəyannamələrdə göstərdiyi dövriyyəsi) manat olması müəyyən olunur. Lakin cavabdeh nə qəbul etdiyi qərarlarda, nə də ki apelyasiya şikayətində iddiaçının dövriyyəsinə ticarət əlavəsi tətbiq etməklə ƏDV hesablanmasının normativ əsasının göstərməmiş, şəxsi mülahizəsi əsasında ticarət əlavəsinin tətbiq etməklə iddiaçının dövriyyəsinin əsassız artmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, müəssisə tərəfindən yük gömrük bəyannamələrinə əsasən 01.01.2016-cı il tarixdən 31.06.2017-ci il tarixədək olan dövr üzrə 1.058.485,18 manat məbləğində malların idxal olunduğu, lakin müvafiq dövr üzrə vergiyə cəlb edilən dövriyyənin 920.068,12 manat bəyan edilməsi müəssisə tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.64-cü maddəsinə əsasən ticarət əlavəsi-malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi ə ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir. Cavabdehin apelyasiya şikayətində də təsdiq etdiyi kimi, iddiaçının fəaliyyət növü pərakəndə deyil, «ixtisaslaşdırılmamış topdansatış» olmuşdur. Digər tərəfdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin maddənin tələblərindən göründüyü kimi, ƏDV-nin ticarət əlavəsi ilə hesablanması yalnız Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilə bilər. Müəssisə tərəfindən isə idxal əməliyyatları həyata keçirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində bazar qiymətinin anlayışı və müəyyən edilməsi qaydaları göstərilmişdir. Həmin maddənin müddəalarına əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir; bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda həyata keçirilir. Göründüyü kimi vergi orqanının qanunvericiliklə müəyyən edilmiş bazar qiyməti tətbiq etmək hüququ mövcud olduğu halda, heçbir hüquqi əsası olmadan ticarət əlavəsini tətbiq etmişdir “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsəsən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsəsən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsəsən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdehin mübahisəli qərarının məzmunundan görünür ki, iddiaçı üçün əlverişsiz olan həmin qərar əsaslandırılmamış, işin faktiki və hüquqi nalları, bu halları təsdiq və ya rədd edən sübutlara istinad olunmamış, vergi qanunvericiliyinin pozulmasının nədən ibarət olması və hansı qanunvericilik normalarının pozulması, tələb olunan əlavə vergi məbləğinin 85.700 manat hansı qaydada hesablandığı göstərilməmişdir. Halbuki, iş üzrə keçirilmiş ekspert rəyinə və Vergi Məcəlləsinin tələblərinə əsasən 20.10.2017-ci il tarixli, **********620200 saylı qərarı ilə 2017-ci ilin avqust ayı üzrə hesablanmış 85700,00 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisinin tətbiq etdiyi hesabatlar qəbul olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, vergi orqanı tərəfindən verginin hesablanması zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.10.2021-ci il tarixli 9/5953 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli, 2-1(81)- 53/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı MMC-dən tutularaq AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN********** müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar