Məhkəmə qərarları › İş №2-1(103)-1978/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1978/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1978/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinin adına keçirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mərhum X22 Qurban oğlunun mənzil növbəsinin adına keçirilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05 may 1982-ci ildə Qasımov Şakir Qurban oğlu ilə rəsmi hüquqi nikaha girərək ailə qurmuş, birgə nikahlarından xx.xx.1983cü X6, xx.xx.1984-cü ildə X11, xx.xx.1989-cu ildə isə X14 adında övladları olmuşdur. X1, X14 evlidirlər, X3 isə nikahı məhkəmə qaydasında pozulmuş və hazırda 3 azyaşlı uşağı ilə birlikdə onunla ünvan 2-də qalırlar. Həmin mənzil tanışlarının mənzilidir, onunla qızı X11 və onun 3 azyaşlı övladı həmin mənzildə qeydiyyatdadırlar və kirayədə qalırlar. Mənzilləri, hər hansı digər bir mülkləri yoxdur. 60 yaşı var, X22 Qurban oğlu 1-ci Qarabağ müharibəsinin veteranı olmasına baxmayaraq ona aid hər hansı bir imtiyazdan istifadə etməmiş və hazırda da, istifadə etmir. Maddi vəziyyəti ağırdır, bir neçə xəstəlikdən müalicə alır. X22 Qurban oğlu Bakı Baş Polis İdarəsinin 2-ci Post Patrul Xidmət Alayında uzun müddət polis nəfəri, polis starşinası vəzifəsində çalışmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda Ağdam, Tərtər rayonunda gedən döyüşlərdə iştirak etmişdir. X22 Qurban oğlu keçmiş «26 Bakı Komissarı» adına X15 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 121/13684 saylı qərarı ilə 1 nəfər ailə tərkibində mənzil növbəsinə götürülmüş, 39 il mənzil növbəsinə götürülməsinə baxmayaraq ona sağlığında mənzil verilməmişdir. O, xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun vəfatı ilə əlaqədar nikahlarına xitam verilmişdir. O, Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək mərhum X22 Qurban oğlunun mənzil növbəsinin adına keçirilməsini xahiş etmiş, həmin təşkilatın xx.xx.2023-cü il tarixli 5-19/2- 6-Q-6-068 saylı rəsmi cavabında (həmin cavabı xx.xx.2023cü il tarixdə Bakı şəhəri Cavabdehndən götürmüş) qeyd edilmişdir ki, Qasımov Şakir Qurban oğlu keçmiş "26 Bakı Komissarı" adına XDS İK-nın xx.xx.1984-cü il tarixli (əl ilə düzəlişlər olunub), 121/13684 saylı Qərarı ilə bir nəfər ailə tərkibində (özü) mənzil növbəsinə götürülmüşdür. Ş.Qasımov vəfat etdikdən sonra mənzil növbəsindən çıxarılmışdır, eyni zamanda qızları X3 X4 ilə nikahlarının məhkəmə qaydasında pozulması səbəbindən ona imtina cavabı verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalının xx.xx.2023-cü il tarixli 3- 48-2F/2- Q-00211/2023 saylı ona verilən cavabında aşağıdakılar qeyd edilmişdir: «3 saylı Bakı "Asan Xidmət" Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətinə əsasən Qasımov Şakir Qurban oğlu barədə keçmiş 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) arxiv fondu üzrə xx.xx.1984-cü il tarixli, 121/13684 saylı qərarının təsdiq edilmiş ksero surəti 1 (bir) vərəqdən ibarət ona göndərilir. Qərara heç bir sənəd əlavə edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, keçmiş 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) arxiv fondu üzrə xx.xx.1985-ci il tarixli, 125/13917 saylı qərarı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin, həmin qərarda Qasımov Şakir Qurban oğlu barədə heç bir məlumat yoxdur». Əlavə olaraq onu da, qeyd etmişlər ki, həmin qərar ona aid deyildir, mənzil növbəsinə götürülməsi ilə əlaqədar bir sərəncam verilir, həmin keçmiş 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) arxiv fondunda olan xx.xx.1984-cü il tarixli, 121/13684 saylı qərarını iddia ərizəsinə əlavə edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi qərarda təkrar-təkrar qeyd etmişdir ki, mərhum həyat yoldaşı Qasımov Şakir Qurban oğluna məxsus ünvan 1 ünvanda şəxsi mənzili olub. Bununla əlaqədar qeyd edilir ki, həmin mənzili o və həyat yoldaşı Qasımov Şakir Qurban oğlu vəfat etdikdən sonra vərəsəlik qaydasında qəbul etmiş, sonradan həmin mənzili alqı-satqı və ipoteka müqaviləsi ilə satmış və Qasımov Şakir Qurban oğlunun kredit borcunu ödəmişdir. Eyni zamanda 1-ci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, hazirda onun şəxsi mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, Əziz Əliyev küçəsi, 46 E saylı fərdi yaşayış evi vardır. Həmin ev oğlu X8 olub. xx.xx.2024-cü il tarixdə həmin evi qızı X5 bağışlamış, ona görə ki, iddia ərizəsində qeyd etdiyi kimi onun nikahı məhkəmə qaydasında pozulmuş və hazırda qızı X11 və onun 3 azyaşlı övladı ilə birlikdə tanışlarına məxsus ünvan 2-də qalırlar və həmin mənzildə qeydiyyatdadırlar. 1-ci instansiya məhkəməsinin qərarında qeyd edildiyi kimi o xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanına - X9 məxsus 20 nəfər qeydiyyatda olan, 2 otaqlı, yaşayış sahəsi 30,8 kvm olan məhdud kommunal şəraitli mənzilə qeydiyyata düşmüş və orada yaşayır. Bu baxımdan onun yaşayış sahəsinə cox böyük ehtiyacı vardır. Tərəflərin izahatları : Məhkəmə kolleiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə ; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. 55.2. Vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 55.3. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 13 yanvar 2023-cü il tarixli 3-48-2F/2-Q-00211/2023 nömrəli məktubla Qasımov Şakir Qurban oğlu barəsində keçmiş 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) arxiv fondu üzrə xx.xx.1984-cü il tarixli 121/13684 saylı qərarının təsdiq edilmiş kserosurəti təqdim edilmişdir. Həmin qərara əsasən Qasımov Şakir Qurban oğlu bir nəfər ailə tərkibi ilə (özü) mənzil növbəsinə götürülmüşdür. Həmin qərarda qeyd edilmişdir ki, onun arvadı və övladı Bakı şəhərində qeydiyyatda yoxdur. 5 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 166478 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən Qasımov Şakir Qurban oğlu xx.xx.2021-ci il tarixdə “insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşma” səbəbi ilə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 194 nömrə ilə qeyd aparılmışdır. Sabirabad rayon X17 tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş İİ-ЖГ seriyalı 460284 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”yə əsasən Qasımov Şakir Qurban oğlu ilə X2 05 may 1982-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Qasımov Şakir Qurban oğluna “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 5-19/2-6-Q-068 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, təqdim etdiyi sənədləri Hüquq Şöbəsində araşdırılmışdır. Qasımov Şakir Qurban oğlu keçmiş “26 Bakı Komissarı” adına XDS İK-nın xx.xx.1984-cü il tarixli (əl ilə düzəlişlər olunub), 121/13684 saylı qərarı ilə bir nəfər ailə tərkibi (özü) mənzil növbəsinə götürülmüşdür. Ş.Qasımov vəfat etdikdən sonra mənzil növbəsindən çıxarılmışdır. Yaşayış yeri üzrə mənzil növbəsində olan vətəndaşların Cavabdeh nəzdindəki mövcud siyahılarda Qasımov Şakir Qurban oğlunun adı müəyyən edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-36675/2023 **********75 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı adına ünvan 3, 23 saylı mənzil (yeni qaydalarla AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 124, M2, m1) xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu İ.N.Mirzəzadə tərəfindən təsdiq edilmiş 4Ə-243 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı adına Abşeron rayonu, Xırdalan şəhəri, Əziz Əliyev küçəsi, 46 E saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq arxiv qovluğunda saxlanılan müvafiq sənədin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, ünvan 3, 23 saylı mənzil ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə Qasımov Şakir Qurban oğluna məxsus olmuş, sonradan vərəsəlik qaydasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Beləliklə, iş materiallarından ilk növbədə müəyyən edilir ki, 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) xx.xx.1984-cü il tarixli 121/13684 saylı qərarına əsasən Qasımov Şakir Qurban oğlu bir nəfər ailə tərkibi ilə (özü) mənzil növbəsinə götürülmüşdür. Həmin qərarda qeyd edilmişdir ki, onun arvadı və övladı Bakı şəhərində qeydiyyatda yoxdur. İddiaçının müraciəti üzrə araşdırma aparılan zaman onun mərhum ərinin yaşayış yeri üzrə mənzil növbəsində olan vətəndaşların siyahısında adı müəyyən edilməmişdir. Həmçinin ünvan 3 ünvanında yerləşən 23 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçının mərhum ərinə məxsus olmuş sonradan vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı tərəfindən həmin mənzil Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu İ.N.Mirzəzadə tərəfindən təsdiq edilmiş 4Ə-243 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “...iş materiallarına əsasən iddiaçının ərinin adına ünvan 3 ünvanında yerləşən 23 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Bu da, onu göstərir ki, faktiki olaraq iddiaçının mərhum əri sonradan yaşayış sahəsinə ehtiyacı olan şəxs olmamışdır.” Əlavə olaraq Kollegiya qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-36675/2023 **********75 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının adına Abşeron rayonu, Xırdalan şəhəri, Əziz Əliyev küçəsi, 46 E saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı apellyasiya şikayətində qeyd edilən yaşayış evinin hazırda onun mülkiyyətində olmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, hazırda qeyd edilən ev onun mülkiyyətində olmasa belə, istər cavabdeh inzibati orqana müraciəti zamanı, istərsə də birinci instansiya məhkəməsində aparılan icraat zamanı sözügedən mənzil iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı özüdə apellyasiya şikayətində qeyd etmişdir ki, sözügedən yaşayış evini xx.xx.2024-cü il tarixdə qızı X5 bağışlamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsin əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə münasibətdə imtinası qanuni və əsaslı olduğundan, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar