Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1979/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı) “sığorta haqlarının ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəməyə öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhər İcra Hakimiyyəti (“İH”) Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (“MKTD”) Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (“MKTB”) tərəfindən onun 2006-cı ildən 2019-cu ilə kimi olan dövr üçün məcburi dövlət sığorta haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı əmək fəaliyyətinə 1974-cü ildən başlamış, 1987-ci ildən Bakı şəhəri İH-nin MKTD-nin Sabunçu rayon MKTB-in tabeli müxtəlif qurumlarında, sonuncu dəfə isə 81 saylı Mənzil istismar sahəsində işləmiş, 2016-ci ildə pensiyaya çıxmış və xx.xx.2019-cu ildə işdən azad olunmuşdur. Lakin 45 illik stajına baxmayaraq, pensiyası az hesablanmışdır. Bununla bağlı DSMF-yə müraciət etdikdə, ona cavab olaraq sosial arayış verilmiş və bildirilmişdir ki, işlədiyi qurum tərəfindən 2006-ci ildən 2019-cu ilə kimi olan dövr ərzində ona aid sığorta haqqı ödənilməmişdir. Bununla bağlı o, xx.xx.2021-ci il tarixdə həm Bakı şəhəri MKTD Sabunçu rayon İH MKTB-yə, həm də AR ƏƏSMN yanında DSMF-yə müraciət etmişdir. MKTB ona ona qeyri-müəyyən cavab vermiş, DSMF isə ümumiyyətlə müraciətinə cavab verməmişdir. Hesab edir ki, sığorta haqqının ödənilməməsi qurumun səhlənkarlığı ucbatından baş verib. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə icraat Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci madddəsinin tələbləri baxımından mümkündür. Apellyasiya şikayəti «Sosial sığorta haqqında» Qanunun 9-1.1, 11-ci və İPM-in 2.2.3cü maddələrinə istinadən onunla əsaslandırmışdır ki, Bakı şəhəri İH MKTB-nin işçisinin sosial sığorta haqqını ödəməli olduğu halda, üzərinə düşən öhdəliyi icra etməmişdir. Mülki icraat qaydasında Birliyin bu cür öhdəliyinin icrasını təmin etmək mümkün olmayacaq. Bu səbəbdən onun Birliyə qarşı müvafiq orqana sığorta haqlarının ödənilməsinə dair iddiası məhz, Bakı İnzibati Məhkəməsində baxılmalı və bu mübahisə sırf inzibati hüquq münasibətləri ilə bağlı bir mübahisədir. Göründüyü kimi, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyinə, məsələyə başdansovma yanlışlığına görə vətəndaş olaraq süründürməçiliyə məruz qalır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, üçüncü şəxsin nümayəndəsi F.Həmidova isə birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşə əlavə olunmuş cavabdeh MKTB-nin xx.xx.2022-ci il tarixli 20/7 №-li sorğuya cavab məktubunda bildirmişdir ki, Birliyin 81 saylı mənzil-kommunal istismar sahəsində mühasib vəzifəsində işləmiş İddiaçı işlədiyi dövr üçün hesablanmış əmək haqqı tam olaraq ödənilmişdir. Onun işlədiyi dövr üçün əmək haqlarından tutulan məcburi sığorta məbləği ümumilikdə 1.381.38 manat təşkil etmişdir ki, həmin məbləğdən 321.99 manat DSMF-yə ödənilmişdir. Əmək haqlarından tutulmuş lakin DSMFyə ödənilməmiş qalıq məbləğ olan 1.059.39 manatla bağlı yaranmış vəziyyətlə bağlı isə bildirilmişdir ki, hal-hazırda müəssisə sosial sığorta ayırmalarını (həm müəssisə tərəfindən ödənilən 22 faiz və müəssisədə əmək müqaviləsi əsasında çalışan işçilərin əmək haqqından tutulan 3 faiz) DSMF-yə ödəyərkən köçürülmüş məbləğ ümumi sistem tərəfindən tənzimləndiyindən hər hansı bir məbləğin konkret olaraq bu və ya digər şəxsin fərdi hesabına köçürülməsi (sifariş edilməsi) praktiki olaraq mümkün deyildir. Bu səbəbdən İddiaçı əmək haqlarından tutulmuş lakin DSMF-yə ödənilməmiş qalıq məbləğ olan 1059.39 manatın köçürülməsi mümkün olmamışdır. MKTB öz növbəsində bu kimi halların aradan qaldırılması üçün "əmək müqaviləsi əsasında müəssisədə işləmiş hər hansı bir işçinin işlədiyi dövr ərzində onun əmək haqlarından hesablanaraq tutulmuş, habelə müəssisə tərəfindən ödənilməli olan məcburi sosial sığorta məbləğinin məhz konkret olaraq bir şəxsin fərdi şəxsi hesabına köçürülməsi” proseduru ilə bağlı izahatın veriməsi üçün məktubla DSMF-yə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, 2016-cı ildə pensiyaya çıxmış iddiaçı çıxmazdan əvvəl 2006-cı ildən 2019-cu il tarixinə qədər işlədiyi dövr üçün ödədiyi məcburi dövlət sığorta haqqının ödənilməsini cavabdeh Sabunçu rayon MKTB-dən tələb edir. İddiaçının qeyd olunan tələbi ilə əlaqədar birincisi, məhkəmə kollegiyası onu qeyd edir ki, qanunvericiliklə işçi tərəfindən ödənilmiş məcburi dövlət sığorta haqlarının işəgötürən tərəfindən işçiyə geri ödənilməsi qaydası nəzərdə tutulmamışdır. İşçi (sığortaolunan) tərəfindən dövlət sosial sığorta haqlarının ödənilməsi, işəgötürən (sığortaedən) tərəfindən isə məcburi sığorta haqlarının işçinin əmək haqqından tutularaq DSMF-yə (sığortaçıya) ödənilməsi qanunvericiliklə müəyyən olunan icbari öhdəlikdir. Belə ki, «Sosial sığorta haqqında» Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 2-ci maddəsinin 2-ci hissəsinə əsasən məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Həmin Qanunun 9-cu maddəsinə əsasən sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: -özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; -sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək...; Həmin Qanunun 10-cu maddəsinə əsasən sığortaedənlərin vəzifələri aşağıdakılardır: -müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; -bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək...; Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, sığortaedən tərəfindən sığortaolunandan tutulmuş məcburi dövlət sığorta haqları sığortaolunana deyil, sığortaçıya ödəilməsini təmin edilir. İddiaçının apellyasiya şikayətinndə istinad etdiyi «Sosial Sığorta haqqında» Qanunun 9-1.1-ci maddəsinə gəldikdə isə həmin maddə aşağıdakıları nəzərdə tutur: -«məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən isə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Vergi borclarının, o cümlədən, məcburi dövlət sığorta haqlarının alınma qaydaları isə həmin Məcələnin 85, 88-90-cı maddələrinə müvafiq qaydai həyata keçirilir. Göründüyü kimi, qanunvericilyin qeyd olunan tələbləri baxımından, iddiaçının məcburi sosial sığorta haqları kimi cavabdeh orqana ödədiyi məcburi dövlət sosial sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti qanunvericiliyin tələblərinə görə vergi orqanına məxsusdur. Başqa sözlə, qeyd olunanlar onu deməyə əmsas verir ki, iddiaçının konkret halda, 2006-2019-cu illərdə ödədiyi məcburi dövlət sığorta haqlarını işlədiyi cavabdeh Bakı şəhəri Sabunçu rayon İH MKTB-dən (yəni sığortaedəndən) ödənilməsini tələb etsə də sonuncunun həmin haqları sığortaolunan iddiaçıya ödəmək səlahiyyəti yoxdur. Yəni, qanunvericiliyə görə iddiaçıdan tutulmuş məcburi dövlət sosial sığorta haqlarını iddiaçıya ödəmək vəzifəsini daşımır. Belə olan halda, iddiaçının cavabdeh Sabunçu rayon MKTB-yə qarşı hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyündən söhbət gedə bilməz. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, “Sosial sığorta haqqında” Qanunun 4cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: - pensiya yaşına çatmaq; ...” İddia ərizəsindən, habelə işə əlavə olunmuş ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli **********8 №-li arayışdan görünür ki, İddiaçı nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 259.78 manat əmək pensiyası alır. Göründüyü kimi, iddiaçının pensiya yaşına çatması ilə əlaqədar artıq sığorta hadisəsi də baş vermişdir və ona sığortaçı (DSMF) tərəfindən əmək pensiyası da təyin edilmişdir və hal-hazırda ona pensiya ödənilir. Beləliklə də, iddiaçının cavabdeh Bakı şəhəri MKTD Sabunçu rayon İH MKTB-yə qarşı 2006-cı ildən 2019-cu ilə kimi olan dövr üzrə məcburi dövlət sığorta haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinin inzibati məhkəmə icraatını zəruri edən faktiki şərtlər mövcud deyildir. Belə olan halda, İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından, iddiaçının öhdəliyin icrası haqqında hazırkı iddia ərizəsi əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. Başqa sözlə, onun iddisıanın inzibati məhkəmə icraatının mümkünlüyü istisna edilir. İPM-in 35.3-cü maddəsi isə nəzərdə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin faktiki halları və qanunvericiliyin qeyd olunan tələbləri baxımından, düzgün nəticə kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərardadda maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1979/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1979/2022
07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver