Məhkəmə qərarları › İş №2-1(103)-1979/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1979/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1979/2025 27.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2407/2025 nömrəli, 09 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə Azərbaycanın Respublikası Əlibayramlı rayonunun Qarabağlı kəndində doğulmuşdur. 1964-cü ildən Bakı şəhərində yaşayır. 1978-1983-cü il tarixlərdə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunda ali təhsil almışdır. 1983-cü ilin oktyabr ayından “Kavkazenerqomontaj” Enerji Quraşdırma İdarəsinə 5-ci kateqoriyalı çilingər kimi işə götürülərək X1 İdarəsinə keçirilmişdir və 1984-cü ildə köçürmə yolu ilə Türkmənistan Krasnovodsk şəhəri (indiki adı: Türkmənbaşı) elektrik stansiyasının qazan və turbin sexinə “enerji blokunun mühəndisi” vəzifəsinə işə götürülmüşdür. 1985-ci ilin mart ayında “böyük mühəndis”, 1989-cu ilin iyun ayında həmin yerə qazan və turbin sexinin “növbə rəisi” vəzifəsinə təyin edilmişdir. 1995-ci ilin noyabrında Bakıya köçməsi ilə əlaqədar öz istəyi ilə işdən azad edilmişdir. 1996-cı ilin iyul ayında “Qum adası” Dəniz Qazma İdarəsinə 4-cü kateqoriyalı “elektrik montyoru” vəzifəsinə işə qəbul edilmişdir. 1998-ci ilin avqust ayında Dəniz Geologiyası və Kəşfiyyatı Elmi- tədqiqat şöbəsi NGDU-ya (“28 May” Neft və Gaz çıxarma idarəsinə) verildiyi üçün orada “texnoloq” vəzifəsinə təyin olunmuşdur. O, 2006-cı ilin mart ayında “X4.” şirkətinin Azerbaycan Respublikasındakı nümayəndəliyi “WCP” şöbəsinin “Sliklayn operatoru” vəzifəsinə qəbul oldum və sonra həmin şöbədə “sahə mütəxəssisi” vəzifəsinə keçirildim. 2010-cı ilin mart ayında öz xahişim ilə tutduğum vəzifədən azad edildim. Çünki “Schlumberger” şirkəti “BP” şirkəti ilə müqaviləni itirdiyi səbəbindən, şöbə “quyuların yeraltı təmir” adı ilə Hallibörton şirkətinə keçmişdir. 2013-ü ilin aprel ayında “Hallibörton Yeureyja Limited” şirkətinin filialına “quyuların yeraltı təmiri” şöbəsinə “xidmət rəhbəri” vəzifəsinə qəbul olunmuşdur. 2016-cı ilin noyabr ayında “Schlumberger” şirkəti BP ilə müqavilə bağladıqdan sonra, həmin şirkətə “Wireline” şöbəsinə “quyuların yeraltı təmiri” “mütəxəssis 1” vəzifəsinə qayıtmışdır və xx.xx.2023-cü ildə avadanlıqların hazırlığı üzrə “texnik” vəzifəsinə keçdim və bu günə kimi bu vəzifədə çalışır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən “X4. şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin İddiaçı dair 20 iyun 2024-cü il tarixli arayışında xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətin “WCP” şöbəsinin sliklayn operatoru, xx.xx.2008-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində “WTS” şöbəsinin sahə mütəxəssisi stajoru, xx.xx.2008-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “WTS”’ şöbəsinin sahə mütəxəssisi, 24 04.2013-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində xidmət rəhbəri (quyuların yeraltı təmiri üzrə), xx.xx.2016- xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində “Wireline Slickline” şöbəsinin sahə mütəxəssisi vəzifələrində işlədiyi qeyd olunub. Həmçinin “Hallibörton Yeureyja Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 4 iyul 2024-cü il tarixli arayışında isə xx.xx.2013xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının xidmət rəhbəri (quyuların yeraltı təmiri üzrə) vəzifəsində işlədiyi qeyd olunub. Eyni zamanda “X4.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin iddiaçıya dair 15 iyul 2024-cü il tarixli arayışında xx.xx.2023-cü il tarixindən bugünədək Wireline Slickline şöbəsinin avadanlıqların hazırlığı üzrə texnik vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan sözügedən arayışlarda istinad edilmiş vəzifələrə aid deyil. Bu səbəbdən iddiaçıya münasibətdə güzəştli iş stajı hesablanmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2407/2025 nömrəli, 09 yanvar 2025-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin görüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. “X4.” Şirkəti tərəfindən təqdim edilən arayışda iddiaçın digər müəssisə “Hallibörton Yeureyja Limited’’də olan güzəştli stajını təsdiq etmişdir. Belə olduğu halda sözügedən arayışın iddiaçının güzəştli stajını təsdiq etmək üçün mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Obyektiv reallıqlara əsaslanaraq qeyd etmək istərdik ki, iddiaçının “Hallibörton Yeureyja Limited”dən arayış alma imkanı mövcud idisə, o halda sözügedən dövrlərin “X4."tərəfindən təsdiqlənməsinə ehtiyac yox idi. Bundan əlavə “X4."in sözügedən arayışında iddiaçının Türkmənistan Respublikasındakı əmək fəaliyyəti də öz əksini tapmışdır. Hesab edirik ki, hər hansı bir müəssisənin ona aidiyyəti olmayan digər bir müəssisə ilə bağlı stajı təsdiq etmə səlahiyyəti olmamaqla bərabər, sözgedən dövrlərin də sığorta stajına hesablanması qanunauyğun hal hesab edilə bilməz. Həmçinin iddiaçı tərəfindən təqdim edilən “Hallibörton Yeureyja Limited'in xx.xx.2024-cü il tarixli arayışında iddiaçının işlədiyi vəzifə üzrə qeyd olunan məlumatlar "X4.”in təqdim etdiyi arayışdan köçürülmüşdür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:

1. 60 yaşının tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;

4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur).

İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi işin mübahisələndirilməyən halıdır. AZE seriyalı ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı oğlu xx.xx.1962ci il təvəllüdlü olmaqla, iddiaçının xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. İş materiallarından görünür ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə (xx.xx.2022-ci il) ümumi stajı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçının əmək kitabçasındakı məlumatlardan görünür ki, onun 1978-2017-ci illər arasında qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş sorğuya əsasən müəyyyən edilmişdir ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 26 il 7 ay iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 19705,54 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin xx.xx.2020-ci il tarixədək işlədiyi dövr üzrə fərdi hesabında 290731,57 manat pensiya kapitalı qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri ilə bağlı iş üzrə mərkəzi filialı tərəfindən göndərilmiş xidməti məktuba əsasən 3 yanvar 2022-ci il tarixədək olan dövr üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın siğorta hissəsində qeydə alınmalı olan pensiya siğorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 48960 manat təşkil edir. İş materiallarından göründüyü kimi iddiaçının 60 yaşı tamam olan tarixə ümumi iş stajı 25 ildən artıq olmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan pensiya kapitalından dəfələrlə çoxdur.

İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır.

Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarından görünür ki cavabdeh tərəfindən mübahisələndirilən staj dövrləri dövrlər xx.xx.2006-xx.xx.2008-ci il ; xx.xx.2008-xx.xx.2008-ci il ; xx.xx.2008-xx.xx.2010-cu il ; 24 04.2013-xx.xx.2016-cı il ; xx.xx.2016- xx.xx.2023-cü il tarixləri xx.xx.2013xx.xx.2016-cı il tarixləri arasındakı “X4 və “Hallibörton Yeureyja Limited'in şirkətlərində müxtəlif vəzifələrdə işlədiyi dövlərdir. Cavabdeh tərəfindən mübahisələndirilən dövrlərlə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan “Hallibörton Yeureyja Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı şirkətdə 24 aprel 2013-cü il tarixdən 8 noyabr 2016-cı il tarixinə kimi Xidmət Rəhbəri - Quyuların Yeraltı Təmiri (CL11-ESG) vəzifəsində çalışmışdır. İşçi göstərilən əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür: Geniş rəhbərlik altında müştərilərin tələblərinə cavab vermək üçün Kanat texnikası işləri üzrə xidmət heyətinin gündəlik fəaliyyətlərinə nəzarət etmək. İşçi heyətinin işə götürülməsi və həmin heyətin intizam tədbirlərini həyata keçirmək. İş fəaliyyəti ilk növbədə mentorluq və iş daxilində təlimlər vasitəsilə işçi heyətin inkişafına, habelə qaydalara riayət olunaraq təqdim olunan xidmətlərin yüksək səviyyədə yerinə yetirilməsinə və müştəri məmnuniyyətini təmin etməsindən ibarətdir. Quyuların təmiri və servis işlərini yerinə yetirən rəhbər, operator və operator köməkçilərinə rəhbərlik edir və işlərini qiymətləndirir. Xidmət rəhbəri quyuların şərtlərinə əsaslanaraq müəyyən işlərin layihələrini təqdim edir. Xidmət rəhbəri quyu sahəsində işçi heyəti haqqında rəylərin alınması üçün və yarana biləcək problemlərin aradan qaldırılması üçün müştərilərlə əlaqədə olur. Xidmət rəisi bütün tədbirlərin normativ və Hallibörton şirkətinin Menecement Sisteminin prosesslərinə uyğun olaraq həyata keçirilməsini və prosesslərdən dəyişiklik tələb olunduqda həmin prosessin keçirilməsini təmin edir; İş materiallarında olan “X4.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı, həqiqətən də, 1 mart 2006-cı il tarixindən başlayaraq müəyyən fasilə ilə “X4.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləmişdir və hal-hazırda “Slickline” şöbəsində Avadanlıqların hazırlığı üzrə texnik vəzifəsində çalışır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cii il tarixli 320 saylı qərarın siyahısında (1100000a-15824, 1100000b-23187, 1100000a-15876) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında (10.2.a, 10.2.b) qeyd olunan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrdə çalışmışdır. İş materiallarından görünür ki, iddiaçının işlədiyi “Hallibörton Yeureyja Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və “X4.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən məhkəmənin sorğularına əsasən arayışlar təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Bundan əlavə, sözügedən arayışda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, həmçinin işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması göstərilmişdir. Apellyasiya icraatı zamanı “X4.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavabla bağlı 19 may 2025ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı, həqiqətən də, 1 mart 2006-cı il tarixindən başlayaraq müəyyən fasilə ilə “X4.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləmişdir. Bununla təsdiq edirlər ki, İddiaçı aşağıda qeyd olunan tarixlərdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrdə çalışmışdır. Belə ki iddiaçı : - xx.xx.2006-.xx.xx.2008-ci il tarixlərində “WCP” şöbəsinin sliklayn operatoru vəzifəsində çalışmış , əsas vəzifə və öhdəlikləri avadanlıqların standartlara uyğun, yaxşı və təhlükəsiz işləməsinin təmin edilməsi, problemlərin və yayınmaların hesabatının verilməsi, neft quyularının qurulması, bərpası və sökülməsi vaxtlarında avadanlıqların hazırlanması, avadanlıqların bacarıq səviyyəsinə və işin tələblərinə uyğun olaraq idarə edilməsi olmuşdur. - xx.xx.2008-xx.xx.2008-ci il tarixlərində “WTS” şöbəsinin sahə mütəxəssisi stajoru kimi çalışmış, əsas vəzifə və öhdəlikləri xidmətin yerinə yetirilməsi, sahə üzrə çatdırılmaların hazırlanması, vəsaitlərin aradan qaldırılması və qorunması, vəsaitlərin yerləşdirilməsi, vəsaitlərin hazırlanması olmuşdur. - xx.xx.2008-xx.xx.2010-cu il tarixlərində “WTS” şöbəsinin sahə mütəxəssisi vəzifəsində çalışmış, əsas vəzifə və öhdəlikləri müştəri tərəfindən çatdırılmanın qəbulunun əldə edilməsi. Vəsaitlərin qiymətləndirilməsi və uzlaşdırılması. Risklərə qarşı cavab tədbirlərinin həyata keçirilməsi, işlə bağlı yekun çatdırılmaların hazırlanması, işlə bağlı yekun çatdırılmaların təqdim edilməsi və arxivləşdirilməsi, istehsalat bölməsi ərazisində vəsaitlərin hazırlanması və yoxlanılması, uyğunluğun Qiymətləndirmə Aləti (CAT), özünü qiymətləndirmə və sahə yoxlamaları tətbiq edilməklə şirkətdaxili və normativ standartlara uyğunluğun təmin edilməsi. xx.xx.2016-xx.xx.2023-cü il tarixlərində “Wireline” şöbəsində sahə mütəxəssisi vəzifəsində çalışmış, əsas vəsifə və öhdəlikləri iş nəticələrinin dəqiq olmasının və vaxtında verilməsinin təmin edilməsi, xidmətlərin icrasına cavabdehlik daşınması, İstehsalat risklərinin təhlilində və davamlı inkişaf proqramlarında iştirak edilməsi. şirkətin məhsul və xidmətlərini tanıtmaq məqsədilə müştəri əlaqələrinin inkişaf etdirilməsi, qazma sahəsində CAT, özünü qiymətləndirmə və yoxlamaların tətbiq edilməklə şirkət və tənzimləmə standartlarına uyğunluğun təmin edilməsi, xidmət keyfiyyəti ilə bağlı müştəri görüşlərində iştirak edilməsi və fəaliyyət planları ilə məhsuldarlığın artırılması, əməyin mühafizəsi və keyfiyyət təşəbbüslərində iştirak edilməsi, fərdi mühafizə vasitələrinin (PPE) geyilməsi və əməyin mühafizəsi qaydalarına əməl edilməsi, lazımi təhlükəsizlik təlimlərinin aparılması olmuşdur. xx.xx.2023-xx.xx.2025-ci il tarixlərində “Wireline Slickline” şöbəsində avadanlıqların hazırlığı üzrə texnik vəzifəsində çalışmış, əsas vəzifə və öhdəlikləri İş sifarişlərinin (VO) təyinatlara uyğun yerinə yetirilməsi və torpaq, quyu avadanlıqları ilə hazır qutuların son hazırlanması ilə əlaqəli texniki xidmətin göstərilməsi, avadanlıqların sertifikatlaşdırma və kalibrləmə vəziyyətinin yoxlanılması. Kalibrləmə, yoxlama, sertifikatlaşdırma və son funksional testlərin (o cümlədən tel işləmə yoxlaması, təzyiq testi, ölçmə kalibrlənməsi və metroloji nəzarət) həyata keçirilməsi və ya bu proseslərə kömək göstərilməsi, kalibrləmə, funksional testlər, materialların sertifikatlaşdırılması, yoxlamalar, keyfiyyətə nəzarət və zəruri hallarda üçüncü tərəf təşkilatları tərəfindən yoxlamalarla əlaqəli sənədlərin hazırlanması və sistemləşdirilməsinə kömək göstərilməsi olmuşdur. Apellyasiya araşdırması zamanı “Hallibörton Yeureyja Limited” şirkəti tərəfindən göndərilmiş sorğuya cavabla bağlı xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətəndə 24 aprel 2013-cü il tarixindən başlayaraq Hallibörton Yeureyja Limited şirkətində 08 noyabr 2016-cı ilə qədər quyuların yeraltı təmiri və xidmət rəhbəri vəzifəsində işləmişdir. Beləliklə, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə tələb olunan 12 il 6 aydan artıq stajı mövcuddur. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2407/2025 nömrəli, 09 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar