Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-198/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı və onun vəkili Vəkil (Bakı şəhəri 6 saylı Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1962-ci il tarixdə Masis rayonunun, Nizami kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-2816/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 28.01.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1979- 1985-ci illərin ümumi əmək stajına daxil edilməklə, ona 08.08.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. Hazırda 58 yaşı var. 1979-cu ildən 1985-ci ilə kimi Bakı Texnoloji Texnikumunda təhsil almış, həmçinin təhsil müddətində 29 oktyabr 1980-ci ildən 12 dekabr 1982-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 06.06.1985-ci il tarixdə başlamışdır. 1991-ci ildən isə xxxxndə işləyir. Hal-hazırda da xxxxnin işçisidir. Bu müddətdə 17.01.1991-ci il tarixdən-16.09.2005ci il tarixə kimi və 01.05.2006-cı ildən 18.07.2014-cü ilə kimi xxxxnin “N.Nərimanov” adına elektrik deposunda qalvanik peşəsində, 18.07.2014-cü ildən-01.01.2016-cı ilə kimi “xxxx” QSC-nin Depolar üzrə iş Departamentinin Mexaniki sexində 5-ci dərəcəli qalvanik peşəsində olmaqla tam iş rejimində zərərli iş şəraiti ilə işləmişdir. Göründüyü kimi zərərli iş şəraitində əmək stajı 24 il 3 ay 29 gün təşkil edir. Ümumi əmək stajı isə 34 ildən bir az çoxdur. Qeyd olunan bu müddətlərin hamısına dair əmək kitabçasında müvafiq qeydlər vardır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi onun 34 ildən çox ümumi iş stajı var ki, bunun da 24 ildən çoxunu zərərli (güzəştli) iş şəraitində işləmişdir. Buna əsaslanaraq, 57 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Yuxarıda qeyd olunan hallara baxmayaraq, inzibati orqan ona 2 səbəbdən pensiya təyin etməkdən imtina edərək birinci səbəb olaraq bildirir ki, 01.01.2006-cı il tarixə onun ümumi iş stajı 25 ildən az təşkil edir. Bununla razı deyildir. Cavabdehin imtina etdiyi digər səbəb isə qalvanik vəzifəsinin “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş yerləri siyahısında nəqliyyat bölməsinin metropolitenlər yarımbəndində nəzərdə tutulmamasıdır. Halbuki, 06 avqust 2019-cu il tarixli arayışa əsasən məhz qalvanik peşəsində tam iş rejimində zərərli iş şəraiti ilə işləməyi təsdiq olunur. Onun 08.08.2019-cu il tarixdən, yəni 57 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh isə ona əsassız və qanunsuz olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edərək, bununla onun sosial təminat və pensiya hüquqlarını birmənalı olaraq pozmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, onun rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-2816/2020 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi təmin edilmiş, İddiaçı 1979-1985-ci illərin ümumi əmək stajına daxil edilməklə 57 yaşdan, yəni 08 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 29.09.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-2816/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” QSC-də çalışdığı işin mübahisəsiz halıdır. Metropolitenlə bağlı güzəştli peşələr NK-nın məlum 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “Nəqliyyat” adlanan 28-ci bölməsində nəzərdə tutulub. Belə ki, həmin bölmənin 2-ci bəndi “Metropolitenlər” adlanır. Sözügedən bənddə “halvanik” peşəsi öz əksini tapmayıb. Məhkəmənin istinad etdiyi peşə - “halvaniklər” (kod: 2150500a—11629) metropolitenlə heç bir bağlılığı olmayan və istehsalat sahəsini nəzərdə tutan 14-cü bölməyə (“Metal emalı” adlanır) aiddir. Belə ki, həmin bölmənin 5-ci bəndi "Halvanik üsulla metallara üzçəkmə istehsalı” adlanır. Göründüyü kimi, məhkəmənin istinad etdiyi fəaliyyət sahəsi ilə iddiaçının çalışdığı peşənin aid olduğu sahə tamamilə fərqlənirlər. Məhkəmə isə NK-nın 320 saylı qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahının iddiaçının fəaliyyət sahəsinə aid olmayan şifrinə istinad etməsini əsaslandıra bilməyib. Qeyd edilənlər NK-nın 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş Siyahı baxımından da qüvvədədir. Belə ki, həmin Siyahının 21-ci bölməsi “Nəqliyyat” adlanır. Həmin bölmə 5 bənddən ibarətdir; 5 bənddən 2-sində 21.1-ci (“Dəmiryol nəqliyyatı və metropoliten" adlanır) və 21.5-ci ("Metropolitenlər" adlanır) bəndlərdə metropolitenlərlə bağlı peşələr nəzərdə tutulub. Lakin həmin bəndlərdən heç birində iddiaçının çalışdığı “halvanik” peşəsi öz əksini tapmayıb. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X1 izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq iddiaçının işlədiyi peşənin xxxxndə olduğu üçün bunun metal emalı sahəsi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Ermənistan, Masis rayonu, Nizami kəndində doğulmuşdur. - İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən verilmiş NZ ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 29.10.1980-ci ildən 07.12.1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus JТ 038168 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1979-1985-ci il tarixdə Bakı Yerli Sənaye Texnoloji texnikumunda təhsil almışdır. - İddiaçı məxsus BT-İ № ******* seriya və nömrəli , 06 iyun 1985-ci il tarixdə açılmış əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 1979-cu ildən 1985-ci ilədək Bakı Texnologiya texnikumunda təhsil almış, 06.06.1985-ci il tarixdən 31.05.1988-ci ilədək “Soyuzmeliovzriıprom” XHMK-da usta və 3-cü dərəcəli partladıcı köməkçisi, 12.10.1988-14.01.1991-ci ilədək Bakı elektrotermik avadanlıqlar zavodu “Azərelektroterm” EİB kənd təsərrüfatı üçün məhsul istehsalı üzrə 5 saylı sexə mexaniki yığım işləri üzrə 2-ci dərəcəli çilingər, 17.01.1991-ci ildən 16.09.2005-ci ilədək “Azelektroterm” zavodundan “Nərimanov” elektrik deposuna keçirilməklə yük bölməsində halvanik, 16.09.2005-ci ildən 01.05.2006-cı ilədək 5ci dərəcəli halvanik, 01.05.2006-cı ildən 18.07.2014-cü ilədək “xxxx” QSC-də 5ci dərəcəli mexanik sexə qalvanik (halvanik), 01.01.2016-cı il tarixdən hal-hazıra kimi 5-ci dərəcəli çilingər vəzifəsində işləyir. - Azərbaycan Respublikası “xxxx” QSC-nin 06.08.2019-cu il tarixli, A\365 saylı arayışından görünür ki, İddiaçı 17.01.1991-ci il tarixdən-16.09.2005-ci il tarixinədək xxxx "N.Nərimanov" adına elektrik deposunda qalvanik peşəsində çalışıb (tam iş rejimində zərərli iş şəraiti ilə). 16.09.2005-ci ildən-01.05.2006-cı ilədək çilingər peşəsində işləmişdir. 01.05.2006-cı ildən-18.07.2014-cü ilədək qalvanik peşəsinə keçirilmişdir (tam iş rejimində zərərli iş şəraiti ilə) 18.07.2014cü il tarixdən-01.01.2016-cı il tarixədək “xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə iş Departamentinin Mexaniki sexində 5-ci dərəcəli qalvanik peşəsində çalışıb (tam iş rejimində.zərərli iş şəraiti ilə). 01.01.2016-cı ildən Depolar üzrə iş Departamentinin Mexanki sexinə çilingər peşəsinə keçirilir və hal hazırda həmin peşədə işləyir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının 04.10.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi 18.11.2019-cu il tarixli, **********6 saylı məktubdan görünür ki, 6 iyun 1985-ci il tarixində açılmış BT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan 17.01.1991-16.09.2005-ci il və 01.05.2006-01.01.2016-cı il tarixləri arasındakı dövrlər ərzində "xxxx” QSC-də işlədiyi qalvanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) metropolitenlər yarımbədində (21.5) nəzərdə tutulmamış, həmçinin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. - Azərbaycan Respublikası “xxxx” QSC-nin 04.06.2020-ci il tarixli, 2- 1(112)- 2816/2020/3 saylı arayışından görünür ki, İddiaçı 17.01.1991-ci il tarixdən- 16.09.2005-ci il tarixinədək xxxx "N.Nərimanov" adına elektrik deposunda qalvanik peşəsində çalışıb (tam iş rejimində zərərli iş şəraiti ilə). 16.09.2005-ci ildən-01.05.2006-cı ilədək çilingər peşəsində işləmişdir. 01.05.2006-cı ildən - 18.07.2014-cü ilədək qalvanik peşəsinə keçirilmişdir (tam iş rejimində zərərli iş şəraiti ilə) 18.07.2014-cü il tarixdən-01.01.2016-cı il tarixədək “xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə iş Departamentinin Mexaniki sexində 5-ci dərəcəli qalvanik peşəsində çalışıb (tam iş rejimində zərərli iş şəraiti ilə). 01.01.2016-cı ildən Depolar üzrə iş Departamentinin Mexanki sexinə çilingər peşəsinə keçirilir və hal-hazırda həmin peşədə işləyir. Zərərli iş şəraitində əmək stajı 24 il 03 ay 29 gün təşkil edir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarının 11.7-ci bəndinin A bölməsinə əsasən əmək stajına və yaşına görə güzəştli təqaüdə çıxmaq hüququna malikdir. (Qüvvədən düşmüş 1993-cü il 21 iyun tarixli 320 nömrəli və “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında qərar Bölmə 14, bənd 5, kod ******* a11629). - Azərbaycan Respublikası “xxxx” QSC-nin 23.06.2020-ci il tarixli, 40N10/3-600 saylı məktubundan və həmin məktuba əlavə edilmiş qalvançı peşəsinin vəzifə təlimatından görünür ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə İş Departamentinin mexaniki sexi tərəfindən metro vaqonlarının tutacaqları, qapılarının dəstəyi, qəza çıxışlarının tutacaqları, durma kranlarının dəstəyi və qapıların qəza açılma kranlarının dəstəklərinin xromlanması işləri yerinə yetirilir. Xromlama zamanı xüsusi kimyəvi maddələrdən istifadə edilir. Adı çəkilən sahədə aparılan işlər xüsusi zərərli şəraitdə icra edilir. “Nərimanov” elektrik deposu mexaniki sexinin qalvançısının işinin xüsusiyyətləri hissələrin (indiki halda metro vaqonlarının tutacaqlarının və digər birləşdirici elementlərin) yağlardan, pasdan, korroziya yeyilməsindən təmizlənməsindən, 6-10-cu təmizlik dərəcələri üzrə cilalanmasından, sumbatanın keçə, ağac (taxta) və dəri dairələrinə çəkilməsi və yapışdırılmasından, sumbata tozunun (dənəciklərinin) xarrat yapışqanı və ya maye şüşə ilə cilalama dairəsinə yapışdırılmasından, hissələrin əli ilə metal şotkalarla, sumbata kağızı və cilalama dairələri ilə texnoloji xəritə üzrə texnoloji ardıcıllığa və emal rejimlərinə əməl etməklə ilkin pardaqlanmasından, keçə dairələrin 30m/san fırlanma sürəti ilə hissələrin cilalama-pardaqlama dəzgahlarında son mərhələ cilalanmasından, pardaqlanmasından, qurudulmasından, təlimata uyğun elektrolitin hazırlanmasından, detalların xüsusi vasitələrə və məftilə asılmasından, vannalara doldurulmasından (indiki halda vannaya), xrom örtüyünün çəkilməsindən sonra onların vannadan çıxarılmasından, isti və soyuq suda yuyulmasından, qurudulmasından, məftil və anodların təmizlənib düzəldilməsi, cihazlara qoyulan iş rejiminə riayət edilməsi, örtükdən sonra detalların konservasiyası (ləkələrdən qorunması) və qablaşdırılması, zay örtüklərin çıxarılması və mövcud təlumata əsasən hissələrin örtüyünün bərpasından (Əgər zay örtüklər olarsa) ibarətdir. - İşin apellyasiya icraatı zamanı Azərbaycan Respublikası “xxxx” QSC tərəfindən iddiaçının vəkili Vəkil ünvanlanmış, 40N-10/3-1341 №-li , 07 dekabr 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xxxxnin “N.Nərimanov” elektrik deposunda 17.01.1991-ci il tarixindən 16.09.2005ci il tarixinədək halvanik (zərərli əmək şəraitində), 16.09.2005-ci il tarixindən 01.05.2006-cı il tarixinədək çilingər, 01.05.2006-cı il tarixindən 18.07.2014-cü il tarixinədək halvanik peşələrində (zərərli əmək şəraitində) işləmişdir. Müəssisədə zərərli istehsalat sahəsində İddiaçı halvanik kimi işlədiyi peşənin təhlükəlilik dərəcəsini nəzərə alaraq zərərli iş şəraitinə görə 8 % miqdarında əlavə ödəniş, iş yerindən hər ay süd ərzağı ilə təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi İddiaçı 17.01.1991-ci il tarixdən-16.09.2005-ci il tarixinədək xxxx "N.Nərimanov" adına elektrik deposunda qalvanik peşəsində çalışmış, 16.09.2005-ci ildən-01.05.2006-cı ilədək çilingər peşəsində işləmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xxxx"N.Nərimanov" adına elektrik deposunda çalışdığından onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XXVİİİ bölməsinin 2-ci bəndində (Nəqliyyat; metropolitenlər) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bölməsində (Nəqliyyat, dəmir yolu nəqliyyatı və metropoliten) öz əksini tapmalıdır. Lakin müvafiq bölmələrdə nəzərdə tutulmuş vəzifələr arasında iddiaçının çalışdığı halvanik peşəsi öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XİV Bölməsinin 2150500a-11629 şifri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.7-ci Bölməsinin “a” bəndi “Metal emalı” bölməsinə aid olmuş, iddiaçının çalışdığı sahə ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajına malik olması iş materialları ilə müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-2816/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-2816/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 1979-1985- ci illərin ümumi əmək stajına daxil edilməklə, ona 08.08.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-198/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-198/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver