Məhkəmə qərarları › İş №2-1(103)-198/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-198/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-198/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Vəkil1 və ərizəçinin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin plan və ölçüsünün verilməsi tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1646/2019 saylı 16.11.2020-ci il tarixli qərardadından ərizəçi X4 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə mürcaiət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsinə plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1646/2019 saylı 30.05.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.10.2019-cu il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.05.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdehin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-312/2020 saylı 04.02.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 03.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. X1 nümayəndəsi Vəkil2 vəsatətlə məhkəməyə müraciət edilərək, X3 hazırki iş üzrə 3cü şəxs qismində cəlb edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 18.01.1990-cı il tarixli 15/558 saylı qərarı ilə Baki şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Şüvəlan bağ massivində yerləşən 51 saylı Bağ Tikinti Kooperativinin tərkibində 770a saylı bağ sahəsi ərizəçi Kamal Nəsirovun istifadəsinə verilmiş, həmin vaxtdan bağ sahəsi fasiləsiz olaraq onun istifadəsindədir. 2016-cı ildən İddiaçı adlı şəxs ona məxsus torpaq sahəsini guya aldığını bildirərək sahəni boşaltmağı tələb etməyə başlamışdı. Ərizəçi yaşlı olduğundan, bağ sahəsinə daha çox övladı gedib-gəlir. İddiaçı tərəfindən polis qurumlarına şikayət ərizəsi verilmiş və araşdırma zamanı onun əlində Şüvəlan qəsəbəsi bağ massivi 71 saylı bağ sahəsinə dair reyestrdən çıxarış olduğu məlum olmuşdur. Lakin, həmin çıxarışın məhz hansı torpaq sahəsinə aid olduğunu təsdiq etməli olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə olduqda, onun torpaq sahəsinin məhz ərizəçiyə məxsus yer olduğunu hansı səbəbdən iddia etdiyi soruşulmuş, lakin məntiqli cavab verilməmişdir. Yalnız məlum olmuşdur ki, onun mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışdan başqa, torpağın dəqiq koordinatlarını bildirməli olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ümumiyyətlə verilməmişdir. Bu, ilk baxışdan çox qəribə olsa da, ərizəçiyə aidiyyatı olan məsələ olmadığından əhəmiyyət verilməmişdir. Bundan sonra İddiaçı bir neçə dəfə ərizəçini narahat etsə də, ona özünə məxsus olan torpaq sahəsini tapmağı tövsiyyə olunmuşdur. 19.10.2020-ci il tarixdə ərizəçinin ailə üzvü kimi övladına Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsindən ona məxsus torpaq sahəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qərardadla “iddianın təmin etmə tədbiri”nin tətbiq edildiyi bildirilmişdir. Onun oğlu şöbəyə dəvət olunmuş və şöbədə ona 16.10.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərar təqdim edilmişdir. Məlum olmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3454/2020 saylı 15.10.2020-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi bağ massivi 71 saylı bağ sahəsində hər hansı təmir-tikinti işlərinin aparılması cavabdeh X5 və digər şəxslərə qadağan edilmişdir. Bundan sonra, ərizəçinin oğlu Nəsirov Anar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh qismində cəlb edilmiş olduğu 2(003)-3454/2020 saylı mülki işin hakimin icraatında olduğunu öyrənmiş, eyni zamanda da “iddianın təmin etmə tədbiri”nə dair qərardadı, iddia ərizəsinin surətini iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətini 20.10.2020-ci il tarixində alınmasına dair qəbzi imzalamaqla əldə etmişdir. Sənədlərlə tanış olduqda məlum olmuşdur ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi də iddia ərizəsinə əlavə edilmiş sənədlər arasındadır. Həmin sənədin surətindən məlum olmuşdur ki, bu sənəd 07.08.2020-ci il tarixdə tərtib edilmiş və sənədin tərtib edilməsinə əsas 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-1646/2019 saylı iş üzrə 30.05.2019-cu il tarixli qərarı olmuşdur. Beləliklə, məlum olmuşdur ki, 1990-cı ildən fasiləsiz olaraq onun istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 770a saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1646/2019 saylı 30.05.2019-cu il tarixli qərarı əsasında 71 saylı bağa verilmişdir. Belə olduqda həmin qərarın ərizəçinin maraqlarına toxunmuş olması aşkardır. O, məhkəməyə müraciət edərək, qəbul edilmiş qərarın surətini 28.10.2020-ci il tarixdə almışdır. Qərarla tanış olduqda məlum olmuşdu ki, İddiaçı iş üzrə cavabdeh DƏDRX-ə müraciət edərək alqı-satqı əsasında əldə etmiş olduğu torpaq sahəsinə dair çıxarışının olduğu halda, kadastr planının verilmədiyini bildirmiş, iş üzrə cavabdeh təşkilata müraciət etdikdə, cavabdeh təşkilat məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, torpaq sahəsi başqa fiziki şəxs tərəfindən istifadə ediİdiyindən, ərizəyə baxılması mümkün olmamışdır. Hesab edir ki, məhkəmə işin araşdırılması zamanı əhəmiyyətli olan iki məqama aydınlıq gətirməmişdir. Birinci məqam mübahisəli torpaq sahəsindən faktiki olaraq istifadə edən başqa fiziki şəxsin tərəf kimi işə cəlb olunmamasıdır. İkinci məqam isə, mübahisəli torpaq sahəsinin sxematik xəritəyə əsasən məhz iddiaçıya aid olub-olmadığına da aydınlıq gətirilməməsidir. Hesab edir ki, bu məqamlar mütləq araşdırılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1646/2019 saylı 16.11.2020-ci il tarixli qərardadı ilə X3 3-cü şəxs qismində cəlb edilməsi barədə vəsatəti təmin edilməməmişdir. Həmin qərardaddan narazı qalan X2 nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işə X3 3-cü şəxs kimi icraata cəlb edilməsi və iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.05.2019-cu il tarixli qərarın ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi apelyasiya şikayətini “3-cü şəxs qismində işə cəlb edilmə barədə” vəsatətin məzmununa uyğun əsaslandırmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1201/2021 saylı 17.03.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1646/2020 saylı 16.11.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan ərizəçinin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1052/2021 saylı 16.06.2021-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı ərizəçinin nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı İddiaçı və nümayəndəsi-vəkili Vəkil1 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İşə təkrar apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə iddiaçının və ərizəçinin nümayəndəsi-vəkilinin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, ərizəçi X4 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1646/2019 saylı 30.05.2019-cu il tarixli qərarının onun maraqlarına toxunduğuna istinad edərək iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini tələb edir. Birinci instansiya məhkəməsi ərizəçinin vəsatətinin təmin edilməməsi qənaətinə gəlmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ərizəçinin dəlillərinə görə onun maraqlarına İddiaçı mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə 2-1(82)-1646/2019 saylı 30.05.2019cu il tarixli məhkəmə qərarı yox, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının özü və ya bu qeydiyyatın aparılmasına əsas olmuş müqavilə, inzibati akt və ya digər akt, o cümlədən order (ilkin qeydiyyat üzrə) toxuna bilər. Belə olan halda ərizəçi sözügedən məhkəmə qərarını deyil, qərarla tərtib olunması nəzərdə tutulan “torpaq sahəsinin planı və ölçüsü”nün əsasında dayanan həmin reyestrdə qeydiyyatı və ya müvafiq aktı (qeydiyyatın aparılmasına əsas olmuş), yaxud məhkəmə qərarının icrası ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərini, yəni məhkəmə qərarının düzgün icra olunubolunmamasını mübahisələndirə bilər. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə üzrə ilkin icraatda müvafiq torpaq sahəsinin faktiki olaraq başqa şəxsin istifadəsində olması barədə cavabdeh tərəfindən imtinanın əsası kimi bildirilmiş və bu hala məhkəmə icraatında artıq qiymət verilmiş, eləcə də iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmış və müvafiq reyestrdən çıxarışla rəsmiləşdirilmiş bağ sahəsi və hazırkı ərizəçiyə müvafiq orderlə ayrılan bağ sahəsi eyni ərazidə yerləşsə də, onların nömrələri fərqlidir, yəni birinin nömrəsi “71”, digərinin nömrəsi isə “770a”-dır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 12 aprel tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum həmçinin qeyd edir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır. Plenum həmçinin qeyd etmişdir ki, qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən qərarında ifadə olunmuş mövqeyə görə, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər... Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. İşdən görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmamasının əsası kimi bağ sahəsinin başqa fiziki şəxsin sahibliyində olduğuna istinad etmişdir. Həmin əsaslar isə icraatın iştirakçısı olmayan şəxsə aiddirlərsə, deməli, həmin əsaslar aid olduqları şəxsin iştirakı ilə yoxlanılmalı və qiymətləndirilməli idi. Lakin həmin fiziki şəxs icraat zamanı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmiş, icraata cəlb olunmamışdır. Ərizəçi vəsatətindəki dəlillərinin əsası kimi istinad etdiyi sənədləri ərizəsinə əlavə etsə də, birinci instansiyası məhkəməsinin qərardadında həmin dəlil və sənədlər qərarda ifadə olunmuş hüquqi mövqeyə uyğun tədqiq olunmamış və qiymətləndirilməmişdir. Halbuki, iddiaçının ərizəçinin oğluna qarşı Xəzər Rayon Məhkəməsində “bağ sahəsindən cavabdehin və üçüncü şəxslərin çıxarılması, qanunsuz aparılmış tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” məzmunda iddia irəli sürməsi, həmin məhkəmə tərəfindən iddianın təmini tədbiri kimi cavabdehə və digər şəxslərə mübahisəli bağ sahəsində təmir-tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul etməsi iddia olunan bağ sahəsinin məhz hazırkı iş üzrə ərizəçinin faktiki sahibliyində olduğuna və həmin bağ sahəsindən onun tərəfindən istifadə etdiyinə dair vəsatətin dəlillərini təsdiq edir. Birinci instansiya məhkəməsi müəyyən etdiyi kimi, iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmış və müvafiq reyestrdən çıxarışla rəsmiləşdirilmiş bağ sahəsi ilə hazırkı ərizəçiyə müvafiq orderlə ayrılan bağ sahəsinin nömrələri fərqlidir, yəni birinin nömrəsi “71”, digərinin nömrəsi isə “770a”-dır. Göründüyü kimi, iddiaçının adına verilmiş çıxarış 71 saylı bağ sahəsinə aiddir və işin materiallarında həmin bağlara aid torpaq sahələrinin üst-üstə düşməsini, yaxud iddiaçıya bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədin məhz ərizəçiyə məxsus 770a saylı bağa aid torpaq sahəsinə verildiyini təsdiq edən hər hansı sübut məhkəmə araşdırmasının predmeti olmamışdır. İddia olunan bağ sahəsinin planı və ölçüsü isə ərizəçinin cəlb olunmadığı icraat üzrə məhkəmə qərarına əsasən verilmişdir. Ərizəçi də məhz həmin sənədin və onun verilməsinə səbəb olmuş məhkəmə qərarının onun hüquqlarına toxunduğunu bəyan edir. Konstiusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən qərarında ifadə olunmuş “inzibati məhtkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə” dair işin hallarına gəldikdə, ərizəçi təsdiq edir ki, 19.10.2020-ci il tarixdə ərizəçinin ailə üzvü kimi övladına Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsindən ona məxsus torpaq sahəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qərardadla “iddianın təmin etmə tədbiri”nin tətbiq edildiyi bildirilmişdir. Onun oğlu şöbəyə dəvət olunmuş və şöbədə ona 16.10.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərar təqdim edilmişdir. Bundan sonra, ərizəçinin oğlu Xəzər Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsinin surətini və iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətlərini 20.10.2020-ci il tarixdə əldə etmişdir. İşdən göründüyü kimi, ərizəçi iddia ərizəsinin surətini və iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətlərini əldə etdikdən sonra hazırkı inzibati iş üzrə qərarın ona təqdim edilməsi barədə ərizə ilə 21.10.2020-ci tarixdə, icraata cəlb olunma barədə vəsatətlə isə 02.11.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ərizəçinin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı təsdiqləndiyi təqdirdə hazırki iş üzrə qəbul edilmiş məhkəmə qərarlarının X2 qanunla qorunan maraqlarına toxunması ehtimalı istisna olunmur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan halları ümumiləşdirərək, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə təkrar baxılarkən sadalanan pozuntular aradan qaldırılmalı, ərizəçinin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətinə yenidən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: X2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1646/2019 saylı 16.11.2020-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar