Məhkəmə qərarları › İş №2-1(103)-198/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-198/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-198/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Aqarunova Mirvari Donovnanın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair planölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4330/2022 saylı, 06 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Aqarunova Mirvari Donovna cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli 862 saylı sərəncamı ilə, Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün X4 üçün ayrılmış 600 kv.m. torpaq sahəsi üzərində, ona mülkiyyət hüququ verən qeydiyyatın aparılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 862 nömrəli sərəncamı ilə iddiaçı X4 ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 525 ”A” nömrəli 600 kv.m torpaq sahəsinə hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli 862 saylı sərəncamı ilə, Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün iddiaçıya 600 kv.metr. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə edilən müraciətə, onlar tərəfindən verilmiş 05 dekabr 2018-ci il tarixli **********46 saylı bildirişlə məlumat verilmişdir ki, təqdim edilən Səbail rayon İHB-nin 862 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq (Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sürüşmə zonası olub-olmaması ilə bağlı) qeyd olunan sərəncamın Səbail rayon İH-nın arxivində aşkar edilmədiyi bildirilmişdir. Lakin həmin sərəncam ilə ayrılmış torpaq sahəsinin 134 saylı, xx.xx.2004-cü il tarixli yerdəyişmə cizgisinin həqiqiliyi ilə bağlı münasibət bildirmədiyi üçün təkrar sorğu göndərilmişdir. Torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı yenidən cavabdehə edilmiş müraciətə sonuncu tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli **********95 saylı məktubla ona bildirilmişdir ki, təqdim olunan torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər dəqiq istinad və məsafələr qeyd edilmədiyindən, eyni zamanda 3 torpaq sahəsi ümumi hasar daxilində yerləşdiyindən və bölgü sxemi təqdim edilmədiyindən imtina olunmuşdur. Mübahisələndirilən torpaq sahəsinin ayrılmasına dair sərəncamın mövcudluğu Arxiv idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli M-144 saylı arayışla təsdiq olunur. Özəlləşdirilməsini tələb etdiyi torpaq sahəsi 26 ildir ki, onun istifadəsindədir. Bu torpaq sahəsinin yerləşdiyi ərazidə yüzlərlə vətəndaşa ev tikmək üçün sahə ayrılmışdır və evlər tikilmişdir. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər qeyd edilməmişdir. Həmçinin, yerləşmə cizgisində dəqiq istinad və məsafələr göstərilmədiyindən sənədlə torpaq sahəsini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, üç torpaq sahəsi ümumi hasar daxilində yerləşir, bölgü sxemi təqdim edilməmişdir. Bunlardan əlavə, Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 134 saylı (yerləşmə cizgisində torpaq sahəsinin ölçüsü göstərilməmiş) yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə və torpaq sahəsi mövcud sürüşmə zonasından 500 metr məsafədə yerləşdiyindən sürüşmə zonasına aid olub-olmamasına münasibət bildirilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərilmişdir. Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin cavab məktubunda sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlərin Səbail Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sürüşmə zonası olub-olmaması ilə bağlı sorğuya cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4330/2022 saylı, 06 may 2022-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər qeyd edilməmişdir. Həmçinin, yerləşmə cizgisində dəqiq istinad və məsafələr göstərilmədiyindən sənədlə torpaq sahəsini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, üç torpaq sahəsi ümumi hasar daxilində yerləşir, bölgü sxemi təqdim edilməmişdir. Əlavə olaraq, Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 134 saylı (yerləşmə cizgisində torpaq sahəsinin ölçüsü göstərilməmiş ) yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin cavab məktubunda sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlərin Səbail Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin etirazının əsası və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülərinin qeyd edilməməsi dəlili ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hal iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətlərindədir. Həmin hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir Həmçinin, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələr göstərilmədiyindən sənədlə torpaq sahəsini müəyyən etmək mümkün olmamış və üç torpaq sahəsi ümumi hasar daxilində yerləşir, bölgü sxemi təqdim edilməmişdir. Göstərilən dəlillə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli 862 saylı sərəncamı ilə, Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün X4 600 kv.m. torpaq sahəsi ayrılmış və həmin sərəncam əsasında ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 525 “A” nömrəli torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 176.1-ci maddəsinə əsasən, hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. - 176.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. - 176.3-cü maddəsinə əsasən, əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Göründüyü kimi Mənzil Məcəllənin 176-ci maddə torpaq mülkiyyətçiləri arasında hasarlama xərclərinin bölünməsini, çəkilməsi qaydasını, pozulmuş mərzlərin bərpasını tənzimləyir. Sözügedən qanun normasında torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmasının zəruri və ya məcburi olması göstərilməmişdir. Apellyasiya şikayətinin növbəti dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hüquqmüəyyənedici sənəd kimi cavabdehə və məhkəməyə təqdim edilmiş Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 862 saylı sərəncamının (iddiaçıya torpaq sahəsi ayrılması barədə) həqiqiliyi heç bir şübhə doğurmur, belə ki, qeyd edilən sərəncam Azərbaycan Respublikasının Milli Arxiv Fondunun sənədlərində də mövcuddur. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə Milli Geoloji Kəşfiyyat Xidmətinin Hidrogeologiya və mühəndis geologiyası qrupunun mütəxəssisi tərəfindən Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 525 “A” ünvanda X1 məxsus ərazidə vizual mühəndisigeoloji araşdırmalar aparılmış müəyyən edilmişdir ki, ərazi tektonik nöqteyi-nəzərdən Qərbi Abşeron antiklinoriumunun Bakı sinklinal muldasının sirkəbənzər qərb qanadında yerləşir. Ərazinin geoloji quruluşunda üst qatda X9 yaşlı elüvial-delüvial mənşəli və Piliosen-Eopleystosen yaşlı dəniz mənşəli çöküntüləri yayılmışdır. X4 məxsus sahə (40°19'39", 49°48'42" koordinatlarında) mailliyi 30-35° olan yamacda, terraslanmış ərazidə yerləşir və qeyd olunan ünvan “Abşeron yarımadası ərazisində təhlükəli sürüşmə sahələri" albomuna daxil edilmiş “Badamdar" sürüşmə sahəsinin konturlarından kənarda, sürüşmə sərhəddindən 280-290 m məsafədə yerləşir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 862 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinə iddiaçının mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur . - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilmə Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4330/2022 saylı, 06 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar