Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-198/2025 20.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, X9 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair hüquqların ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1128/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanında 264 kv.m torpaq sahəsinin ayrılmasına dair protokolda qeyd olunan 2-ci ünvan 2 ünvanında yerləşən 264 kv.m torpaq sahəsinə dair X4 hüquqlarının qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X13 miras qalmış ünvan 3 ünvanında yerləşən 180 nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmış və müraciətlə əlaqədar olaraq qeyd olunan məsələ ilə bağlı xx.xx.2022-ci il tarixli məktuba cavab verilməsi və həmin məktubda qeyd olunan iradların aradan qaldırılmadığı qeyd olunmuşdur. Bundan başqa, Yasamal Rayon Məhkəməsinin 2(004)-3691/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və 2(004)-3691/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı daxil olsa da, idarə üzərinə heç bir öhdəliyin qoyulmaması qeyd olunması bildirilmişdir. Belə ki, cavabdehə ilkin mərhələdə müraciət edərkən yerləşmə cizgisində torpaq sahəsinin ölçüsü 264 kv.m qeyd olunsa da, faktiki olaraq 241 kv.m təşkil edilməsi və həmçinin torpaq sahəsinin ayrılmasına dair protokolda sahənin 2-ci Yasamal küçəsində ayrıldığı qeyd olunsa da, faktiki ərazi 5-ci Yasamal küçəsində yerləşməsi bu əsasla da, qeydiyyata imtina verilmişdir. Həmin imtinadan sonra Bakı şəhər Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək ünvan 4 ünvanında 264 kv m torpaq sahəsinin ayrılmasına dair protokolda qeyd olunan 2-ci ünvan 5 ünvanında yerləşən 264 kv.m torpaq sahəsinin X6 məxsus olması faktı barədə ərizəsinə xx.xx.2022-ci il tarixdə baxaraq qətnamə çıxarmış və həmin qətnamə ilə ərizə təmin edilmişdir. İddia ərizəsinə əlavə olunan Dövlət Arxivinin Bakı Filialının məktubundan göründüyü kimi, Oktyabr rayonu ZDS İK-nın (indiki Yasamal rayon İH) arxiv fondu üzrə xx.xx.1954-cü il tarixli 79 saylı protokoldan təstiq edilmiş arxiv çıxarışı 1 vərəqdən ibarət olmaqla iddiaçıya təqdim olunmuş və cizginin əlavə edilməməsi qeyd olunmuşdur. Belə ki, bu arxiv sənədi əsasında iddiaçının mərhum babasının torpaq sahəsi sənədləşdirilmişdir. Torpaq sahəsinin sxematik xəritəsi vətəndaş tərəfindən hazırlanmır və həyata keçirilmir, bu səlahiyyət müvafiq icra hakimiyyəti orqanlarına aiddir və təbii ki, baş vermiş uyğunsuzluq da həmin orqanlar tərəfindən aradan qaldırılmalıdır. Qeyd olunanlardan da görünür ki, torpaq sahəsi naturada ayrılaraq onun istifadəsinə verilmiş və bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün bütün əsaslar mövcuddur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək keçmiş Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal RİH) 84 nömrəli 24 noyabr 1954-cü il tarixli protokolu ilə mərhum X8 ayrılan faktiki sahəsi 241 kv.m təşkil edən 2-ci Yasamal küçəsində (faktiki olaraq 5-ci Yasamal küçəsi, X.Q.Mustafayev 43-də) yerləşən torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1128/2024 xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim:A.Abdullayeva), iddia tələbi təmin edilərək, Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal RİH) 84 nömrəli 24 noyabr 1954-cü il tarixli protokolu ilə mərhum X8 ayrılan faktiki sahəsi 241 kv.m təşkil edən 2-ci Yasamal küçəsində (faktiki olaraq 5-ci Yasamal küçəsi, X.Q.Mustafayev 43-də) yerləşən torpaq sahəsinə dair hüququn ölmüş şəxsə (X8) məxsus olmasına dair arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin ayrılmasına dair protokolda sahənin 2-ci Yasamal küçəsində ayrıldığı qeyd olunsa da, faktiki göstərilən ərazi keçmiş 5-ci Yasamal küçəsində yerləşir. Bundan başqa bildirilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-3691/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi və 2(004)- 3691/2022 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı daxil olmuş, lakin idarə üzərinə heç bir öhdəlik qoyulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zaman göstərilən torpaq sahəsinin digər sahə ilə eyni ərazi daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində göstərilən ərazi ümumi istifadədə olan yolun bir hissəsidir. Əlavə olaraq, arxiv protokolunda torpaq sahəsinin ölçüsü 304 kv.m, yerləşmə cizgisində 264 kv.m. qeyd olunsa da, faktiki olaraq 241 kv.m təşkil edir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi.. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı vaxtilə atasının istifadəsində olan torpaq sahəsinin mərhum atasına məxsus olmasına dair dövlət reyestrindən arayışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddiadır və mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, İddiaçı hazırki iddia tələbi ilə keçmiş Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal RİH) xx.xx.1954-cü il tarixli 79 saylı protokolu ilə mərhum atası X8 ayrılan torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın cavabdeh inzibati orqan tərəfindən verilməsini xahiş etmişdir. Belə ki, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 504 nömrəli xx.xx.2023-cü il tarixli məktuba əsasən xx.xx.1997-ci il tarixdə vəfat etmiş 1912-ci il təvəllüdlü X13 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 19 saylı notariat ofisinə nəvəsi – İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X14 vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında xx.xx.2017-ci il tarixində tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşmə işlərinin aparılması üçün Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 304 kvm olan torpaq sahəsinə dair mərhum X14 adına çıxarış və texniki pasport verilməsi xahiş olunmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, istinad olunan hüquqmüəyyənedici sənəddə torpaq sahəsinin ünvanı faktiki olaraq iddia olunan torpaq sahəsinin ünvanı ilə fərqlidir. İş materiallarından aydın olur ki, keçmiş Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) arxiv fondu üzrə xx.xx.1954-cü il tarixli 79 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışına əsasən X15 2-ci Yasamal küçəsi 61 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 234 saylı torpaq sahəsi ayrılmışdır. Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) arxiv fondu üzrə xx.xx.1954-cü il tarixli 84 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışına əsasən 2-ci Yasamal küçəsi 61 ünvanında yaşayan X15 ünvan 7si üçün 180 saylı torpaq sahəsi ayrılmışdır. İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının mərhum atası X8 2 (iki) hüquqmüəyyənedici sənədlə Yasamal küçəsi ərazisində torpaq sahələri ayrılmışdır. Həmçinin, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1962ci il tarixli texniki pasportdan görünür ki, 5-ci Yasamal küçəsi 43 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq sahibi X11 olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məhkəmə sorğusuna cavab olaraq ünvan 9 ünvanına dair sənədlərin surətlərindən görünür ki, X7 vəfatindan sonra açılmış vərəsəlik işi üzrə qanuni vərəsə X2 adına Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 43 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair çıxarış verilmiş və texniki pasport tərtib edilmişdir. İş üzrə məhkəmə araşdırmaları zamanı müəyyən olunur ki, Oktyabr rayon ZDS İKnin (indiki Yasamal rayon İH) xx.xx.1954-cü il tarixli 84 saylı protokoluna əsasən Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 43 ünvanında yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüquqları mübahisəsiz olaraq qeydiyyata alınmışdır. Hazırki mübahisə keçmiş Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) xx.xx.1954-cü il tarixli 79 saylı protokoluna əsasən X15 ayrılan 234 saylı torpaq sahəsi ilə bağlıdır. İnzibati aktda torpaq sahəsinin yerləşmə yeri 2-ci Yasamal küçəsi qeyd edilsə də, iş materiallarına əlavə edilmiş mülki məhkəmə qətnaməsindən görünür ki, həmin hüquqmüəyyənedici sənəd əsasında ayrılmış torpaq sahəsinin faktiki olaraq 5-ci Yasamal küçəsində yerləşən torpaq sahəsi olması və həmin torpaq sahəsinin mərhum X8 məxsus olması fakt müəyyən edilmişdir. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3691/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsinə əsasən ərizəçi İddiaçı ərizəsi təmin edilərək ünvan 10 ünvanında yerləşən, xx.xx.1954-cü il tarixli 79 saylı protokol əsasında mərhum X8 ayrılan ümumi sahəsi 264 kv.m olan 2-ci Yasamal küçəsində yerləşən və faktiki göstərilən ərazinin 5-ci Yasamal küçəsi, X.Q.Mustafayev 43-də yerləşən ərazi olması və mərhum X8 məxsus olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, hazırki inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi sözügedən qətnamə ilə üzərlərinə öhdəlik qoyulmadığını qeyd etsə də həmin mülki iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş və tərəflərindən sözügedən qətnamədən şikayət verilməmişdir. Belə olan halda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktın həmin işdə cəlb edilmiş inzibati orqan tərəfindən hazırda mübahisələndirilməsi yol verilməzdir və yenidən sübut edilməsinə lüzum yoxdur. Bundan əlavə, cavabdehin imtina dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə əsasən həmçinin diqqətə çatdırır ki, ünvan 11 ünvanında yerləşən mərhum Quliyevə məxsus 0.0264 ha torpaq sahəsinin aerokosmik görüntüsü Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilmişdir. Həmin görüntüyə əsasən müəyyən edilmişdir ki, Hüquqların dövlət reyestrində keçmiş Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) xx.xx.1954-cü il tarixli 79 saylı protokoluna əsasən ayrılmış torpaq sahəsinin ölçüsünün 0.0344 ha olması, sənədləşməsi nəzərdə tutulan digər torpaq sahəsinin 0.0264 ha olması göstərilmişdir. Apellyasiya məhkəməsində icraat zamanı məhkəmə qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2025-ci il tarixli 10/1580 nömrəli rəyində qeyd edilmişdir ki, mütəxəssis rəyinə əsasən torpaq sahəsi faktiki olaraq 241.0 kv.m təşkil edir. Torpaq sahəsinin digər sahə ilə eyni ərazi daxilində yerləşdiyi müəyyən edilmişdir (ara sərhədləri şərti olaraq göstərilir). İddiaçının nümayəndəsi tərəfindən göstərilən sahə iki tərəfdən şərti olmaqla digər tərəflərdən daş hasar və üzərində olan mövcud tikilinin çöl divarı ilə sərhədlənib. Faktiki olaraq göstərilən torpaq sahəsinin üzərində ikimərtəbəli yaşayış bir sərhəd daxilində olan digər bir və ikimərtəbəli yaşayış evlərinin isə bir hissəsi sözügedən sahə üzərində yerləşir. Faktiki Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində göstərilən ərazi ümumi istifadədə olan yolun bir hissəsidir.Bundan başqa, torpq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənədlərə əsasən 304 kvm faktiki isə 241 kvm təşkil edir. Cavabdehin dəlillərindən biri olan torpaq sahəsinin faktiki olaraq 241 kvm olmasına dair məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin həcmini azaldaraq məhz faktiki sahə üzrə məxsusluq arayışının verilməsini xahiş etmişdir. Bu səbəbdən qeyd edilən dəlil imtinaya əsas ola bilməz. Cavabdehin digər imtina əsasə göstərilən torpaq sahəsinin ümumi istifadədə olan yolun bir hissəsində yerləşməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş aerokosmik görüntüdən aydın olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə bitişik torpaq sahəsi qeydiyyata alınmış həmin hissə ilə bağlı mübahisə mövcud deyildir, hazırki iddia olunan sahədə tikililər mövcuddur, həmçinin həmin torpaq sahəsi əsas yoldan bir küçə içəridə yerləşir. Bu səbəbdən qeyd edilən dəlil də imtinaya əsas ola bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X8 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin torpaq sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyərinin ödənilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1128/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-198/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-198/2025
20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver