Məhkəmə qərarları › İş №2-1(103)-1980/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1980/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1980/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-1(81)-3340/2019 nömrəli iş üzrə 11 sentyabr 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmək mübahisəsi ilə bağlı elektron iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.09.2019-cu il tarixli e-2- 1(81)3340/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.11.2020-ci il tarixli, 21(103)-1894/2020 nömrəli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.09.2019-cu il tarixli e-2-1(81)3340/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.11.2020-ci il tarixli, 2-1(103)-1894/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 655/2021 saylı, 25.05.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.11.2020-ci il tarixli, 2- 1(103)-1894/2020 nömrəli qərardadı ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Növbəti apellyasiya baxışı zamanı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş iddianın mümkünlüyü məsələsinə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması, onun İPM-in 46-cı maddəsinin tələblərinə uyğunlaşdırılması məqsədilə məhkəmə tərəfindən müddət təyin olunmuş, məhkəmə iclasları təyin etmiş, lakin iddiaçı iddia ərizəsində yol verilən formal xətaları aradan qaldırmamış, dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməmişdir. Hazırki işə birinci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı iddianın mümkün sayılması üçün iddiaçının hüquqlarının pozulmasının əsaslandırılması şərtinə iş üzrə əməl olunmur. Belə ki, iş materiallarından iddiaçının cavabdehə qarşı hansı iddia ərizəsi ilə hansı tələbi yönəltdiyi anlaşılmır, işdə olan sənədlər qarışıq formada elektron məhkəmə sisteminə yüklənmiş müxtəlif məzmunlu materiallardan ibarətdir. Apellyasiya şikayətinə münasibətdə də vəziyyət eynidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan 10.09.2019-cu il tarixli protokolla 11.09.2019-cu il tarixli qərardad da bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, protokolda mümkünlük barədə qərardadın 10.09.2019-cu il tarixində qəbul edildiyi qeyd edilsə də, mümkünlük barədə qərardadın özündə məhkəmə iclasının 11.09.2019-cu il tarixində keçirilməsi və qərardad qəbul edilməsi əks olunmuşdur. Qeyd olunan nöqsanların mövcudluğuna baxmayaraq işə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlamışdır. AR İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi iş materiallarına əsasən müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-1(81)-3340/2019 nömrəli iş üzrə qərardadı 11 sentyabr 2019-cu il tarixdə qəbul olunmasına baxmayaq iclasın protokolu 10.09.2019-cu il tarixdə tərtib olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, AR İnzibati Prosessual Məcəllənin 65-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında protokollaşdırma ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22-ci fəslində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur. AR Mülki Prosessual Məcəllənin 270-ci maddəsinə əsasən məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir. Həmin Məcəllənin 271.1-ci maddəsinə əsasən məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı Seyfəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-1(81)-3340/2019 nömrəli iş üzrə 11 sentyabr 2019-cu il tarixli qərardadı ləğv olunsun. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar