Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1980/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X8 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14131/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********389800 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergillərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********753800 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, iddaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14131/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********753800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 85166,84 manat məbləği hissəsində istisna olmaqla qalan 232907,65 manat məbləği hissəsində ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14131/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəmiyyət tərəfindən 2021-ci il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" 229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (2504146,20 manat), əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinin (və ya Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 (bir) №-li əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0,0 manat), cari il ərzində) əldə edilmiş elektron qaimə-fakturaların və alış aktlarının məbləği (1266753,39 manat), cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (51551,0 manat) məbləği, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0,0 manat) cəmi məbləğindən (1318304,39 manat) bəyannamənin 1 (bir) №-li əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0,0 manat) çıxılması nəticəsində yaranan (1318304,39 manat) məbləğin müqayisəsi nəticəsində 1185841,81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olması və Cəmiyyətin 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 373501,32 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin Cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “2021-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” xx.xx.2022-ci il tarixli **********785100 nömrəli və xx.xx.2022-ci il tarixli **********514600 nömrəli məktublar göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2021-ci il üçün mənfəət vergisi üzrə ümumilikdə 311868,62 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********389800 nömrəli və xx.xx.2022-ci il tarixli **********287500 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********61700, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********183400 nömrəli, "xxxx" MMC-nin riskli vergi dəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********460500 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il ırixli **********485400 nömrəli qərarlar qəbul edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin rəhbəri X5, eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********) rəhbəri olduğu, "xxxx" MMC-nin rəhbəri X2, eyni zamanda "xxxx" MMCnin VÖEN:**********), "xxxx" MMC-nin (VÖEN:**********), "xxxx" MMC-nin VÖEN:**********), "xxxx" MMC-nin (VÖEN:**********) rəhbəri olduğu, "xxxx" MMC-nin və "xxxx" MMC-nin rəhbəri X4, eyni zamanda "xxxx" MMC-nin (VÖEN:**********), "xxxx" MMC-nin VÖEN:**********) və "xxxx" MMC-nin (VÖEN:**********) rəhbəri olduğu və həmin müəssisələr tərəfindən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, əmtəəsiz əməliyyat apardıqları və riskli vergi ödəyiciləri olduqları müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə nəzər salındıqda müəyyən olunur ki, riskli hesab edilən vergi ödəyiciləri riskli əməliyyat apardığı tarix aralıqlarında "xxxx" MMC-yə də mal (iş, xidmət) təqdim etmişdir. Adları yuxarıda qeyd olunan vergi ödəyiciləri ilə 373501,32 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********300200 nömrəli) müraciətində 2021-ci il mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə əsasən şərti rentabellik norması tətbiq etməklə hesablama aparılması xahiş edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********853800 nömrəli uyğunsuzluq məktubları göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 311868,62 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********753800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq vergiləri hesablamaq vergi orqanının vəzifəsi deyil, hüququdur. İddiaçı "xxxx" MMC-nin qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin riskli vergi ödəyiciləri olmaları vergi orqanı tərəfindən aparılmış araşdırmalar zamanı sübuta yetirilmiş və həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” xx.xx.2022-ci il tarixli **********753800 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi "xxxx" MMC, VÖEN **********, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 318.074,49 manat təşkil edir, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 318.074,49 manat hesablanmışdır. Bəyannamə və hesabat növü - mənfəət vergisi, bəyannamə və hesabat dövrü - 2021-ci il. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2021-ci ildə 7205,872 ton maye oksigen satışından və avadanlıqların 260000,0 manat məbləğində icarəsindən ümumilikdə 2555005,2 manat dəyərində gəliri olmuşdur. Bu fakt cavabdeh tərəfindən də etirazda əks olunmuşdur. İddiaçı maye oksigenin alınması zamanı sənədlərin tam əldə edilməsinin mümkün olmamasını qeyd etmiş, qeyd olunan halların nəzərə alınması və vergilərin şərti rentabellik norması tətbiq edilməklə hesablanması barədə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən qeyd olunan hallar nəzərə alınmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli qərarla 318074,49 manat məbləğində 2021-ci il üzrə mənfəət vergisi hesablanmışdır. Qeyd olunmalıdır ki, əgər satış əməliyyatının baş verdiyini həm iddiaçı, həm də cavabdeh qəbul edirsə, buna uyğun olaraq həmin satılan malın alınması da hər hansı şübhə yarada bilməz. Çünki ayrı qaydada həmin satışı həyata keçirmək mümkün deyil. İddiaçı hər hansı xidmət deyil, fiziki formaya malik malın satışını həyata keçirdiyi üçün satış yalnız onun əldə olunması yolu ilə baş verə bilərdi. Lakin cavabdeh qeyd olunan halları nəzərə almayaraq şərti rentabellik normasını tətbiq etməmiş və bu cür tətbiqetmənin yalnız vergi orqanının hüququ olması ilə izah edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən 2021-ci il üzrə mənfəət vergisi göstəriciləri ilə razılaşmayan cavabdeh vergilərin düzgün müəyyən olunması məqsədilə ilk növbədə Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində əks olunan əlaqəli məlumatlar əsasında iddiaçının mənfəətinin müəyyən edilməsi istiqamətində araşdırma aparmalı idi. Qeyd olunan mənbələr əsasında mənfəəti müəyyən etmək mümkün olmadıqda isə digər üsul və vasitələrdən - Vergi Məcəlləsinin 67.3 və 67.4cü maddəsinin imkanlarından, həmçinin Vergi Məcəlləsinin 67.14-cü maddəsinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə mənfəət müəyyən olunmalı idi. Lakin cavabdeh inzibati orqan qanunvericiliyin qeyd edilmiş tələblərinə riayət etməyərək vergi ödəyicisi üçün əlverişli olan halları nəzərə almamış və tətbiq edilməsi məcburi olan normanı tətbiq etməmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçının əlaqəli məlumatları əsasında mənfəətin müəyyən olunması mümkün olmasa da, Vergi Məcəlləsinin 67.14-cü maddəsi tətbiq edilməklə şərti rentabellik norması əsasında mənfəətin müəyyən edilməsi həyata keçirilməli idi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın: 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R. Burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Vergi Məcəlləsinin 67.1-ci maddəsində əks olunmuş əlaqəli məlumatlar əsasında və analoji vergi ödəyicisinin məlumatları ilə mənfəəti müəyyən etmək mümkün olmadıqda şərti rentabellik norması tətbiq olunmaqla mənfəət müəyyən olunmalıdır. Buna uyğun olaraq cavabdeh inzibati orqan iddiaçının 2021-ci il üzrə mənfəət vergisi məbləğini Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrini, müvafiq olaraq Nazirlər Kabinetinin qeyd olunan Qərarını tətbiq etməklə müəyyən etməli idi. İddiaçının gəlirinin məbləği tətbiq etməklə (2555005,2/120x20 = 425834,2) mənfəət vergisinin məbləği (425834,2 x 20 % = 85166,84) 85166,84 manat təşkil edir. Bundan başqa, cavabdeh aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının 2555005,2 manat məbləğində gəlirlərini qəbul etmiş və həmin gəlirlər maye oksigenin təqdim edilməsi nəticəsində (həmçinin 260000,0 manat dəyərində avadanlıqların icarəsi) formalaşmışdır. Cavabdehin qeyd olunan satış gəlirlərinin mövcudluğunu qəbul etdiyi halda həmin malların mövcud olmamasına istinad etməsi bir-birinə zidd yanaşmalardır. Cavabdeh tərəfindən iş materiallarına əlavə olunan qərarlar iddiaçının mal aldığı vergi ödəyicilərinin riskli vergi ödəyiciləri hesab olunmasını əks etdirsə də, həmin qərarların iddiaçı ilə aparılan əməliyyatlardan sonrakı dövrlərdə qəbul olunması, iddiaçının mal aldığı şəxslərin alış sənədlərini yoxlamaq kimi bir imkanının və vəzifəsinin olmaması hazırki mübahisə üzrə müəyyən edilməli olan vergi məbləğinin tənzimlənməsi qaydasına hər hansı təsir göstərmir. Hətta cavabdeh inzibati orqan iddiaçı tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığını güman etsə belə, Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tələblərinə uyğun olaraq təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərini həmin Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli Qərarla aparılmış 318074,49 manat məbləğində hesablamanın 232907,65 manat hissədə (318074,49 - 85166,84) əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14131/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1980/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1980/2023
27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver