Məhkəmə qərarları › İş №2-1(103)-1980/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1980/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1980/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2503/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2018-ci ildən təyin edilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya xx.xx.2018-ci ildən təyin edilmiş əlilliyin etibarsız hesab olunduğu xx.xx.2019-cu il tarixindən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Təyin edilmiş əlillik müddətsiz olaraq təyin edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Talassemiya-Betta heteroziqot talassemiya, davamlı anemiya ilə müşayət olunan və tez-tez baş verən hemolitik krizlərlə. Drepanotalassemiya., QDÇ 11 mərhələ, Xroniki pankreatit., Xroniki hepatoxolesistit” qeyd olunmuşdur. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Sadalanan hallardan göründüyü kimi şəxsə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik əlillik altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və müraciətinə cavab verilməmişdir. İddiaçı vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmçinin cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bu səbəbdən cavabdehin hərəkətləri qanunsuzdur. Cavabdehin yazılı etirazında göstərilmişdirki, iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAD1J nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 029- 13541219 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019-cu il tarixində ləğv olunmuşdur. İddiaçı tərəfindən həmin dövrdə inzibati orqanın hərəkəti mübahisələndirilməmişdir. Daha sonra isə iddiaçıya dair X4 tərəfindən 2768003AACG5 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. İddiaçı dair xx.xx.2020-ci il tarixindən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsisteminə yeni göndəriş daxil olmamış və ya həmin göndəriş əsasında əyani müayinə edilməsi ilə bağlı müraciət edilməmişdir. Göründüyü kimi iddiaçı barəsində edilmiş faktiki hərəkətlərlə razılaşaraq yenidən göndəriş rəsmiləşdirməsinə və həmin göndərişdən aldığı imtinanı mübahisələndirməməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2503/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdən ləğv edilmiş əlillik dərəcəsinin xx.xx.2024-cü il tarixindən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh və iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vahid məhkəmə təcrübəsinə əsasən ləğv edilmiş əlillik qiymətləndirilməsinin sonra əldə edilən və hazırda aktiv statusda olan əlillik qiymətləndirilməsinin mövcudluğuna baxmayaraq inzibati icraat qaydalarına riayət olunmadan etibarsız hesab edilmiş əlillik qiymətləndirilməsinin bərpa edilməsi həmin hərəkətlərin edildiyi tarixdən həyata keçirilməlidir. İş üzrə birinci instansiya məhkəməsi bu halı diqqətə yetirməmiş və sabit və davamlı məhkəmə təcrübəsini pozmuşdur. 1-ci instansiya məhkəməsinin bu mövqeyi əsassız olmaqla yanaşı faktiki hallara və formalaşmış vahid məhkəmə təcrübəsinə ziddir. Cavabdeh orqanın və məhkəmənin istinad etdiyi adıçəkilən icmal məktubun 26-cı bəndi həmin icmal məktubun "əlilliyin müəyyən edilməsi" bölməsinin müddəalarına aiddir. Həmin 26-cı bənd şəxslərə münasibətdə ilkin və ya təkrar əlillik təyin edilməsi mexanizmini tənzimləyir. Hazırki mübahisə üzrə isə məhkəmənin adıçəkilən icmal məktub üzrə istinad etməli olduğu bölmə "əlilliyin müəyyən edilməsi barədə qərarın ləğv edilməsi" bölməsinin 90-cı bəndi üzrə həyata keçirilməlidir. İşə baxan 1-ci instansiya məhkəməsi həmin icmal məktubunun 90-cı bölməsinə əlilliyin bərpa edilməsi hissəsində riayət etsə də, həmin bərpanın hansı tarixdən həyata keçirilməsi hissəsində düzgün qənaət gəlməmişdir. Əlillik qiymətləndirilməsi sosial təminat hüququnun bir parçası olmaqla yanaşı şəxsin Konstitusiya ilə müəyyən edilmiş ayrılmaz bir hüququdur. Həmin hüququn qanunsuz ləğvetmə prosesindən sonra göndərilmiş natamam forma 88 əsasında statusla bağlı olan təminatlara hüququn itirilməsi yolverilməzdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik dərəcəsi 2019-cu ildə ləğv edilsə də, iddiaçı bunu 1-ci instansiya məhkəməsində mübahisələndirməmiş, yeni göndərişlə cavabdehə müraciət etmişdir. Yeni göndəriş isə cavabdeh tərəfindən natamam doldurulma səbəbi ilə tibbi müəssisəsinə qaytarılmış, iddiaçının əyani müayinəsi keçirilməmişdir. Cavabdehin sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verib-verməməsi yenidən cavabdeh tərəfindən qiymətləndirilməmişdir. İddiaçının əlillik təyinatı ilə bağlı cavabdeh tərəfindən inzibati akt qəbul edilməmişdir, iddiaçı təyin edilmiş əlilliyin ləğvi ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirmək hüququ özündə saxlamışdır. İddiaçı 1-ci instansiya məhkəməsindən hazırki iddia tələbində "əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi" öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir və həmin iddia mahiyyətcə məcburetmə haqqında iddia olduğunu vurğulayır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırki tələbi mümkün hesab edilmişdir. Cavabdeh göstərilənlərlə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticələri üzrə" İcmal Məktubunun 26-cı bəndinə əsaslanmışdır. Həmin bənddə göstərilir ki, "Həmçinin o da vurğulanmalıdır ki, əlilliyi müəyyən edilmiş şəxsin əlilliyi, əlillik müddəti bitmədən TSEK tərəfindən ləğv edilmişsə və inzibati orqanın həmin hərəkətinin qanuniliyi mübahisələndirilməmişsə, bununla, əvvəlki status bağlı olan bütün təminatlara dair hüquqlar da aradan qalxır. Cavabdeh hesab edir ki, bu mənada, həmin şəxsin əlilliyin müəyyən edilməsi ilə bağlı yeni müraciətinə təkrar qiymətləndirmə kimi deyil, məhz əlilliyin ilkin qiymətləndirilməsi kimi baxılmalı, müalicə müddəti şərtinin ödənilməsi tələb olunmalıdır." Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunmayan hissədə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Apellyasiya şikayətlərin dəlillərinə münasibət: İşin araşdırılmış hallarından aydın olur ki, iddiaçıya ilk dəfə xx.xx.2018-ci ildə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş və həmin vaxt qoyulmuş diaqnoz “Talassemiya-Betta heteroziqot talassemiya, davamlı anemiya ilə müşayət olunan və teztez baş verən hemolitik krizlərlə. Drepanotalassemiya, QDÇ İİ mərhələ, Xroniki pankreatit, Xroniki hepatoxolesistit” olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının rəhbərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 378 nəfər barəsində göndərişlərin əsaslılığının araşdırılması ilə əlaqədar müraciətə baxılmışdır. Müraciətə əlavə edilmiş siyahıda qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə əlilliyin qiymətləndirmə nəticəsi ləğv edilmişdir. Bakı X4 tərəfindən rəsmiləşdirilmiş göndəriş əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbilə əlillik təyinatından imtina edilmişdir Məhkəmə kollegiyası ilk olaraq cavabdehin apellyasiya şikayətini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsində iş üzrə araşdırma zamanı məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAD1J nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 0291354-1219 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbisosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur. Sonrakı dövrdə vətəndaşa dair X4 tərəfindən 2768003AACG5 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. İddiaçı dair xx.xx.2020-ci il tarixindən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə yeni göndəriş daxil olmamışdır. Apellyasiya baxışı zamanı da məhkəmə kollegiyası göstərilən işin obyektiv araşdırılması məqsədilə, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdə təyin olunmuş müddətsiz 2-ci dərəcəli əlilliyin etibarsız hesab edilməsi ilə bağlı bütün inzibati icraat materiallarının təqdim edilməsi ilə bağlı rəsmi sorğu göndərmiş, lakin inzibati orqan tərəfindən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun: - 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. -28.1-ci maddəsi inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). - 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. -67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. -68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. -68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: -68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. -68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. -68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik ləğv edilərkən Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 0291354-1219 nömrəli məktubuna istinad edilmiş, cavabdehin əsaslandığı həmin məktub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq məktubuna cavab olaraq verilmişdir. Həmin məktubun məzmununa əsasən göndərişlərin etibarsız hesab edilməsinin nəzərə alınması xahiş edilmişdir. Bununla da cavabdeh tərəfindən xx.xx.2018-ci ildə iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin ləğv edilməsinə dair əsaslı şübhələrin olmadığı müəyyən edilmiş, bu cür halların mövcudluğuna dair cavabdeh orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş əlilliyi ləğv edərkən yalnız müvafiq elektron sistemdə düzəliş etməklə kifayətlənmiş, qanunvericilik normalarının tələbləri pozularaq əlilliyin ləğv edilməsi barədə hər hansı inzibati qərar qəbul edilməmiş, bu barədə iddiaçıya məlumat verilməmişdir Qeyd olunmalıdır ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini əsaslı hesab edərək bir daha vurğulayır ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra (müddətsiz əlilliklə bağlı əlillik altsistemində aparılmış müvafiq qeydin tarixindən sonra) həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə və ya etibarsızlığına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Cavabdeh müddətsiz əlilliyin təyini barədə 2018-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırki halda iddiaçının tələbi elektron sistem vasitəsilə ayrıca akt qəbul edilmədən ləğv edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpası ilə bağlıdır. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, cavabdeh inzibati orqan müddətsiz əlilliyi bu cür ləğv etməklə qanunvericilik tələblərinə riayət etməmişdir. Əlilliyi bərpası nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olsa da, bərpa tarixinə münasibətdə qanunvericilik normalarını düzgün analiz etməmişdir. Belə ki, iddiaçının hazırki tələbi öhdəliyin icrası haqqında iddia olmaqla müraciət tarixindən asılı edilməməlidir. Əks mövqe iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb ola bilər. Yuxarıda qeyd edilənlərə əsasən əlilliyin bərpası ləğv edilmə anından həyata keçirilməlidir. Məhkəmə kollegiyası həmçinin nəzərə çatdırır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-943/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(102)-2692/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(102)-2442/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(102)-1353/2023 nömrəli və xx.xx.2022-ci il tarixli 2(102)-2134/2022 nömrəli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın, həm də "İnzibati icraat haqqında" Qanunun inzibati icraatla bağlı normalarını tələblərini nəzərə almağa borcludur. Qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2503/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarı qismən -iddianın təmin olunmayan hissəsində ləğv edilərək iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2503/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarı qismən ləğv edilsin. Qərarın ləğv edildiyi hissədə iddia tələbi təmin edilsin. İddiaçının xx.xx.2018-ci ildə təyin edilmiş əlillik dərəcəsinin ləğv edildiyi (etibarsız hesab edildiyi) xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar