Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1981/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X4, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair Bakı inzibati məhkəməsinin 2-1(112)-2689/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-2689/2020 saylı qərarı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” 07.10.2019-cu il tarixli **********191195 nömrəli qərara vergi qanunvericiliyinin aktlarının tələblərinə zidd olmaqla qismən əsassızdır və bu səbəbdən qeyd edilən qərar “2015-ci il dövrü üzrə müəyyən edilmiş 45798,9 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində” ləğv edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anında 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli 2- 1(103)-377/2021 nömrəli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-2689/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli 2-1(103)- 377/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(102)- 951/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli 2- 1(103)- 377/2021 nömrəli qərarı ləğv edilmişdir. Yeni apelyasiya baxışı zamanı iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh tərəf məhkəmə iclasında izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 17.11.2017-ci il tarixli **********147449 nömrəli Qərarına əsasən İddiaçı MMCdə (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən 01.10.2015-ci il tarixdən 01.10.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədəkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi 23.04.2019-cu il tarixli **********130826 nömrəli aktla rəsmiləşdirilmişdir. 23.04.2019-cu il tarixli, **********130826 №-li səyyar vergi yoxlaması aktından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən 17.11.2017ci il tarixli **********126878 saylı qərara əsasən İddiaçı MMC-də Vergi Məcəllənin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə (2015-2017-ci illər üzrə aksiz vergisi, 2015-2016-ci illər üzrə əmlak vergisi, 2016-2017-ci illər üzrə torpaq vergisi, İV rüb 2015-İİ rüb 2017-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergi, 2015-2016-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, oktyabr 2015-cı il-sentyabr 2017- ci illər üzrə mədən vergisi, sentyabr 2015-sentyabr 2017-ci illər üzrə əlavə dəyər vergisi, 2015- 2016-ci illər üzrə mənfəət vergisi, İV rüb 2015-İİ rüb 2017-ci illər üzrə sadələşdirilmiş vergi üzrə) növbədənkənar vergi yoxlaması aparılmışdır. Yoxlama 20.11.2017-ci il tarixdə başlanıb, 23.04.2019-cu il tarixdə başa çatdırılmışdır. Qeyd olunan akta görə vergi orqanına təqdim edilmiş vergi bəyannamələri ilkin mühasibat sənədlərinə əsasən müqayisəli şəkildə yoxlanılarkən büdcəyə çatası ƏDV-nin 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat az hesablanması aşkar edilmiş və yoxlamanın nəticəsi olaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin hesabatda göstərilən məbləğinin, verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 48.607,71 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında 26.04.2019-cu il tarixli, **********181911 №li qərarı ilə İddiaçı MMC-yə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat ƏDV-nin azaldılmasına görə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat əlavə ƏDV hesablanmış və həmin məbləğlərin 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmış və qeyd olunan qərar 26.04.2019-cu il tarixdə İddiaçı MMC-nin rəhbərinə rəsmi qaydada təqdim olunmuşdur. Bundan sonra iddiaçı səyyar vergi yoxlamalarının nəticələrindən narazılıq barədə 05.07.2019-cu il tarixli və 05.08.2019-cu il tarixli şikayətlərlə Vergilər Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” 02.10.2019-cu il tarixli **********704100 saylı qərarı ilə İddiaçı MMC-nin rəhbəri X3 cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə Vergilər Nazirliyinə verdiyi 05.07.2019-cu il tarixli və 05.08.2019-cu il tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 26.04.2019-cu il tarixli, **********181911 №-li qərar 22.899,45 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında 07.10.2019-cu il tarixli, **********191195 №-li qərarı ilə İddiaçı MMC-yə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat ƏDV-nin azaldılmasına görə hesablanmış 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat əlavə ƏDV ilə bağlı tətbiq olunmuş 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasına düzəliş edilərək 1.404,41 manat (2017-ci il üzrə) məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin 07.10.2019-cu il tarixli qərarı (iddiaçı tərəfindən mübahisələndirilən hissədə) maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, ödənilmiş əlavə dəyər vergisi 2 (iki) dəfə əvəzləşməyə təqdim edildiyi üçün vergi orqanı tərəfindən 2015-ci ilin əlavə dəyər vergisi bəyannamələrində əvəzləşməyə təqdim edilmiş 45.798.90 manat məbləğində əvəzləşmə ləğv edilmişdir. İddiaçı cəmiyyət tərəfindən ötən müddət ərzində qeyd olunan məbləğdə əvəzləşmənin ləğv olunması mübahisələndirilməmişdir. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. İş materiallarından da göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl olunmaqla, cavabdeh cəmiyyətdə 01.10.2015-ci il tarixindən 01.10.2017ci il tarixinədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə 17.11.2017-ci il tarixində qərar qəbul olunmuş, qeyd olunan qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş, qərara əsasən keçirilmiş yoxlamanın nəticəsinə dair müvafiq akt tərtib olunmuş, həmin akta əsasən isə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi (qərara düzəliş edilməsi) haqqında qərar qəbul edilmişdir Kassasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya məhkəməsinin qərarını ləğv edərkən ona istinad etmişdir ki, vergi ödəyicisinin məsuliyyətə cəlb etmə müddətinin ötürülüb-ötürülmədiyi məhkəmələr tərəfindən araşdırılmamışdır. Kollegiya işin hallarını nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Qeyd olunan normanın tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Həmin iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətlərinə əməl edilib-edilməsinin yoxlanılmasıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 07.10.2019-cu il tarixli **********191195 saylı qərarın ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” 02.10.2019-cu il tarixli **********704100 saylı qərarı ilə İddiaçı MMC-nin rəhbəri X3 cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə Vergilər Nazirliyinə verdiyi 05.07.2019-cu il tarixli və 05.08.2019-cu il tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 26.04.2019-cu il tarixli, **********181911 №-li qərar 22.899,45 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın icrası qaydasında cavabdeh tərəfindən ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 07.10.2019-cu il tarixli, **********191195 saylı qərar qəbul edilmişdir. Mübahisələndirilən qərarla İddiaçı MMC-yə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat ƏDV-nin azaldılmasına görə hesablanmış 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat əlavə ƏDV ilə bağlı tətbiq olunmuş 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasına düzəliş edilərək 1.404,41 manat (2017-ci il üzrə) məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 07.10.2019-cu il tarixli **********191195 saylı qərar iddiaçının nümayəndəsi X5 tərəfindən 08 oktyabr 2019-cu il tarixdə imzalanaraq qəbul edilmişdir. İddiaçı həm Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” 02.10.2019-cu il tarixli **********704100 saylı qərarından, həm də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 07.10.2019-cu il tarixli **********191195 saylı qərardan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apelyasiya Şurasına şikayət etmiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Apellyasiya Şurasının 26.12.2019-cu il tarixli **********182000 saylı qərarı ilə iddiaçının səyyar vergi yoxlamasının nəticələrindən narazılıq barədə şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” 02 oktyabr 2019-cu il tarixli **********704100 saylı və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 07.10.2019-cu il tarixli **********191195 saylı qərarları dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd edilən qərar yəni, 26 dekabr 2019-cu il tarixli **********7182000 saylı qərar 29.12. 2019-cu il tarixdə vergi ödəyicisinin elektron kabinetinə yerləşdirilmiş və 30.12.2019-cu il tarixdə saat 19:40-da vergi ödəyicisi tərəfindən oxunmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiacı 07 oktyabr 2019-cu il tarixli qərardan məlumatlı olduğu vaxtdan 8 aydan cox müddət keçdikdən sonra, yəni 08 sentyabr 2019-cu il tarixdə iddia tələbini dəyişdirib (məhkəmənin 08.09.2020-ci il tarixli qərardadı ilə “iddia tələbinin dəyişdirilməsinə dair ərizə icraata qəbul edilmişdir) məhkəmə qaydasında mübahisələndirməklə 30 günlük iddia müddətini ötürmüşdür. İddiaçı apelyasiya baxışı zamanı ərizə təqdim edərək, iddia tələbinin gec yəni, 08 sentyabr 2019-cu il tarixdə dəyişdirilməsinin səbəbini 24 yanvar 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixə kimi pandemiya ilə bağılı məhkəmə iclaslarının keçirilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iddiaçının göstərdiyi dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 nömrəli, 19 mart 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X2 və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini nəzərə alınmaqla bir sıra işlərə baxılması 20 aprel 2020-ci il tarixə qədər müvəqqəti olaraq təxirə salınmışdır. Ali Məhkəmənin Plenumunun 06 nömrəli, 20 aprel 2021-ci il tarixli qərarı bir sıra işlərə baxılması 04 may 2020-ci il tarixə qədər, Plenumun 02 may 2021-ci il tarixli məlumatına əsasən 31 may 2020-ci il tarixədək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr üzrə bir sıra işlərə baxılması təxirə salınmışdır. 31 may 2020-ci il tarixdən 21 iyun 2020-ci il tarixədək məhkəmələrdə işlərə baxılması bərpa olunmuşdur. Daha sonra Plenumun 19 iyun 2020-ci il tarixli məlumtına əsasən 2020-ci il 21 iyundan 5 iyul 2020-ci ilə qədər, Plenumun 03 iyul tarixıi məlumatına əsasən 2020-ci il 5 iyul tarixdən 20 iyul 2020-ci il tarixədək məhkəmələrdə işlərə baxılması təxirə salınmışdır. Yuxarıda sadalanan qərar və məlumatlardan görünür ki, ilk dəfə məhkəmə iclaslarının təxirə salınması 19 mart 2020-ci il tarixə təsadüf edir. Sonrakı tarixlərdə də fasilələrlə olsa da, məhkəmələrdə işlərə baxılması bərpa olunmuşdur. Göründüyü kimi iddiaçının məhkəməyə müraciət etməsi üçün kifayət qədər vaxtı olmuşdur. Bu səbəbdən də iddiaçı tərəfin qeyd etdiyi dəlil iddia müddətinin üzrlü səbəbdən ötürülməsi nəticəsinə gəlməyə əsas vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbindən də görünür ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və işə baxan məhkəmə iddianı mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Bu əsasdan kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2689/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Azər Hüseynov Hakim: Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1981/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1981/2021
22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver