Məhkəmə qərarları › İş №2-1(103)-1981/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1981/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1981/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin hesablanaraq ödənilməsi” barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(112)-2780/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 2004-cü ildən 2018-ci ilə kimi əlilliyə görə müavinətin məbləğinin hesablanıb iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildə aldığı xəsarətə görə əmək qabiliyyətinin bir hissəsini itirmişdir. Bununla bağlı 2004-cü ildə forma 88 sənədi verilmişdir. Bundan sonra dəfələrlə müraciət etsə də, ona əlil statusu təyin edilməmişdir. 2018-ci ildə aldığı eyni məzmunlu forma 88 sənədi əsasında 2018-ci il 20 sentyabr tarixində ona 3-cü qrup əlil statusu verilmişdir. Bu səbəbdən hesab edir ki, əlillik müavinəti olaraq nəzərdə tutulmuş məbləğ 2004-cü ildən 2018-ci ilə qədər hesablanaraq ona ödənilməlidir. Belə ki, əlilliyinə əsas olan xəsarəti 2004-cü ildə almışdır və ondan asılı olmayan səbəblərdən həmin tarixdən ona əlillik təyin edilməmişdir. Qeyd edilən məsələ ilə bağlı cavabdehə müraciət etsə də xx.xx.2021-ci il tarixli imtina cavabı almışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı (FİN xxxxxxx) Bakı 37 nömrəli Şəhər Poliklinikasının xx.xx.2018-ci il tarixli 2743003AABEY nömrəli göndərişi (Forma AZS №088) əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2018-ci il tarixli qərarı ilə 5 il müddətinə (növbəti qiymətləndirmə tarixi - xx.xx.2023-cü il) ilkin olaraq üçüncü dərəcəli əlil hesab olunmuşdur. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçının xx.xx.2018-ci il tarixdə müvafiq ərizə ilə müraciəti əsasında Müavinət təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 996 №-li qərarı ilə ona əlillik müddətinə, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək üçünü dərəcəli əlilliyə görə müavinət təyin edilmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: 4.0. 1.3-cü maddəsinə əsasən, bu Qanunla 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət təyin edilir. 7.0. 3- cü maddəsinə əsasən, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 9.1.2-ci maddəsinə əsasən, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət əlillik müddətinə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Şəxslərin əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirərək “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş göndərişlər əsasında aparılır. Beləliklə, yuxarıda sadalanan müxtəlif qanunvericilik aktları normalarının əlaqəli təhlilindən məlum olur ki, əlilliyə görə müavinətin təyin edilməsi üçün ilkin və mütləq şərt şəxsin əlilliyinin qanunvericiliyin tələblərinə müvafiq olaraq müəyyən edilməsidir. Qeyd edilməlidir ki, tibb müəssisələri tərəfindən verilmiş müvafiq göndərişlər şəxsin əlilliyini təsdiq edən sənəd deyildir. Yəni qeyd olunan müavinəti almaq hüququ müvafiq göndərişin (Forma AZS № 088) verildiyi tarixdə deyil, həmin göndəriş əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şəxsin əlilliyinin müəyyən olunması barədə qərarı qəbul edildiyi tarixdə yaranır. İddiaçının əlilliyi isə müvafiq qaydada iddia ərizəsinə əlavə etdiyi 26 №-li poliklinikanın xx.xx.2004-cü il tarixli göndərişi əsasında deyil, 37 nömrəli Şəhər Poliklinikasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə ilkin olaraq müəyyən edildiyindən, adıçəkilən müavinət də iddiaçı üçün məhz həmin tarixdən təyin edilmişdir. Beləliklə, İddiaçı ilk dəfə ümumi səbəbdən əlillik 20 sentyabr 2018-ci il tarixdən təyin edildiyi üçün qanunvericiliyə uyğun olaraq iddiaçının müvafiq müavinəti almaq hüququ da buna uyğun olaraq həmin tarixdə yarandığından, iddiaçının 2004-cü il tarixdən 2018-ci il tarixə qədər müavinət almaq hüququ istisna edilir. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(112)-2780/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(112)-2780/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

1. Elektron sistem 2015-ci ildə yarandığı halda, forma-88 göndərişin ona həmin sistem qurulmazdan əvvəl, yəni 2004-cü ildə verildiyinə istinad edərək, iddiaçı barəsində əlillik alt sistemində və arxiv sənədlərində heç bir məlumatın olmamasına dair məhkəmənin mövqeyi ilə razılaşmır. 2. 2004-cü ildə verilmiş forma 88 göndərişə, ümumiyyətlə, sübut kimi hüquqi qiymət verilməmişdir. 3. 2004-cü ildə verilmiş forma 88 göndərişin əsli və rəsmi olmasının müəyyən edilməsi üçün ekspertiza keçirilməməsini qanunsuz hesab edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 4.0.1.3-cü maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət təyin edilir. Həmin Qanunun 7.0.3-cü maddəsinə əsasən 8 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. 8 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət-əlillik müddətinə... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 3-cü maddəsinə əsasən Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən aparılır və əlillik qiymətləndirilmə keçirildikdən sonra verilmiş qərar (rəy) əsasında müəyyən edilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı Üzeyir oğlu barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində, həmçinin Daxili İşlər Nazirliyinin müvafiq reyestrində heç bir məlumat aşkarlanmamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı ilkin əlillik vəziyyəti 37 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2743003AABEY nömrəli göndəriş əsasında Tibbi-Sosial Ekspert Komissiyasında elektron qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən xx.xx.2018-ci il tarixindən beş il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı 2004-cü il tarixində Tibbi- Sosial Ekspert Komissiyasına müraciəti barədə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində və arxiv sənədlərində heç bir məlumat aşkarlanmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən əlilliyin müəyyən edilməsi ilə bağlı rəy verildiyindən və həmin tarixdən ona sosial müvainət təyin edilərək ödənildiyindən, İddiaçı həmin əlilliyə görə müavinətin 2004-cü ildən hesablanaraq ödənilməsi ilə bağlı cavabdehih inzibati orqanın gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarından görünür ki, Bakı 37 nömrəli Şəhər poliklinikası tərəfindən xx.xx.2018-ci il tarixli 2743003AABEY nömrəli göndəriş (Forma 88) əsasında iddiaçıya xx.xx.2018-ci il tarixdən beş il müddətinə, yəni xx.xx.2023-cü il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. Lakin iddiaçı hesab edir ki, əlilliyin təyin edilməsinə əsas olmuş hal 2003-cü ildə baş vermiş və 2004-cü ildə ona bu barədə forma 88 göndərişi verilmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyi üçün iddiaçı hazırda 2004-cü ildən 2018-ci ilə kimi əlilliyə görə müavinətin məbləğinin hesablanıb ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi cavabdehin imtinası əsaslı hesab etmiş və iddiaçının hüquqlarını pozmadığı qənaətinə gələrək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Göndərişin elektron sistemin yaradılmasından əvvəl verilməsi barədə ilk dəlillə əlaqədar qeyd edilir ki, sorğuya cavabda yalnız elektron sistemə deyil həm də arxiv sənədlərinə əsasən cavab verildiyindən deməli, iddia olunan göndərişin verildiyi dövrdə (2004) elektron sistem olmasa da, arxiv sənədləri olmuş və həmin sənədlər də araşdırmanın əhatə dairəsinə aid olmuşdur. İPM-in 60-cı maddəsinə əsasən inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Apellyasiya şikayətinin son iki dəlili ilə əlaqədar qeyd edilir ki, 2004-cü ilə aid sənədlərlə iddiaçıya iddia edilən göndərişin verildiyi müəyyən edilmədiyi halda, hazırkı iddianın əsası kimi istinad edilən sübutun müqayisəli təhlilin aparılması mümkün olmadığından qeyd edilən sənəd iddianın təmin edilməsi üçün əsas hesab oluna bilməz. Belə ki, iddiaçı 2004-cü ildə forma 88 göndərişinin müxtəlif bəhanələrlə icra edilmədyini qeyd etsə də, bununla əlaqədar həmin dövrdə müvafiq orqana müraciət etdiyi müəyyən edilmir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu xidməti vəzifəsinə uyğun olaraq yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri müxtəlif sübutların müqayisə edilməsidir. Beləliklə, iddia olunan dövrdə iddiaçıya göndərişin verildiyi müəyyən edilmədiyindən, bunun əksi isə iddiaçı tərəfindən sübut edilmədiyindən məhkəmə kollegiyası, iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyinin düzgün olduğu qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(112)-2780/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticə hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(112)-2780/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar