Məhkəmə qərarları › İş №2-1(103)-1981/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1981/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1981/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi və s” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(112)- 1014/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi və s” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona döyüşlərdə iştirak etmiş şəxs kimi 3 qrup 2 il müddətinə əlillik təyin edilmişdir. İddiaçı hesab edir ki, ona əlillik düzün təyin edilməmişdir.Odur ki, təqdim edilən sənədlər nəzərə alınmaqla ona əlilliyin mövcud bütün xəstəliklər nəzərə alınmaqla düzgün təyin edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək İİ qrupa uyğun gələn müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizənin məzmunu nəzərə alınmaqla iddia tələbi “iddiaçıya əlilliyin təyinatı barədə qərarda dəyişiklik edilməklə orqanizm funksiyasının 61-80 faizə uyğun gələn müddətsiz əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsi” formasına icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(112)-1014/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(112)-1014/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdehin 31 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üzvi mənşəli şəxsiyyət pozuntusu, əsasında 2 il müddətinə orqanizmin funksiyasının 40 faiz pozulmasına görə əlillik təyin edilmişdir. -2 saylı Klinik Psixiatriya müəssisəsi tərəfindən verilmiş göndərişdən görünür ki, iddiaçı aşağıdakı xəstəliklərdən stasionar müalicədə olmuşdur. F.07.0- üzvi mənşəli şəxsiyyət pozuntusu H52.2-Astiqmatizm H90.3- Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi M24.5- Oynaqların kontrakturası R26.8- Hərəkət və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları S62.0 Biləyin qalxanabənzər sümüyünün sınığı Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlar və ya qəlpələrlə törənmiş zədələnmələr -Ekspert rəyində qeyd edilmişdir ki, göndərişdə qeyd edilən üzvi mənşəli şəxsiyyət pozuntusu, üvi hallyusinoz, baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, astiqmatizm diaqnozu şəxsin statisonarda müalicəsi zamanı klinik müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Aparılmış müalicə nəticəsində xəstəliyin proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. -Cavabdehin əlilliyin təyinatına dair 07 noyabr 2022-ci il tarixli qərarından görünür ki, ona ilkin olaraq 40 faiz orqanizm funksiyalarının pozulması faizi ilə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitision quruluşunun müdafiəsi ilə əlaqədar psixi və davranış pozuntuları, simptomatik daxil olmaqla üzvü psixi pozuntular, üzvi mənşəli şəxsiyyət pozuntusu, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılara tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsinə əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması əsası ilə əlillik təyin edilmişdir. - cavabdeh 30 may 2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq 530 nömrəli şəhadətnamədə göstərilən səbəb və diaqnozlar öz əksini tapmasa da, yanakı xəstəliyi, yəni üzvi mənşəli şəxsiyyət pozuntusu əlillik təyinatına əsas vermiş, bu səbəbdən ilkin göndəriş dövlət səhiyyə müəssisəsinə geri qaytarılmışdır. Daha sonra 2 saylı X1 yeni göndərişi əsasında Hərbi Həkim Komissiyasının 12 oktyabr 2022-ci il tarixli 16 nömrəi qərarına əsasən meyarların 7.6.2.1- ci bəndinə əsasən üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə iddiaçıya 07 noyabr 2022-ci il tarixdən 2 il müddətinə əlillik təyin edilmişdir. -Cavabdehin əlillik vəziyyətinə dair məhkəmə sorğusuna 04 iyul 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının əlillik təyinatı Meyarların 7.6.2.1-ci bəndinə uyğun aparılmış, baş beynin zədələnməsi nəticəsində üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu nəzərə alınmaqla əlillik təyin edilmişdir. Digər xəstəliklər (astiqmatizm, ikitərəfli postravmatik koxlear nevrit, sağ əlin qayıqvari sümüyünün köhnəlmiş sınığı, qayıqvari-aypara sümüklərinin bağlarının cırılması, mil-bilək oynağının və barmaqların rigit bükücü-açıcı kontrakturası diaqnozu Meyarlara əsasən əlilliyin təyinatına əsas vermədiyindən faiz müəyyən edilməmişdir. -Aralıq inzibati akta cavabdehin 04 dekabr 2023-cü il tarixli cavab məktubuna əlilliyin təyinatı barədə qərarın qüvvədə saxlanılmasına dair 27 noyabr 2023-cü il tarixli qərarda qey edilmişdir ki, hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qüvvədə olan qanunvericiliyin tələbindən də göründüyü kimi Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında cavabdeh tərəfindən şəxsin əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən edilməkdədir. Hazırkı işin hallarından görünür ki, iddiaçıda mövcud olan xəstəliklər cavabdeh tərəfindən həmin meyarlar əsasında düzgün olaraq qiymətləndirilmiş, ona ilkin olaraq 40 faiz orqanizm funksiyalarının pozulması faizi ilə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitision quruluşunun müdafiəsi ilə əlaqədar psixi və davranış pozuntuları, simptomatik daxil olmaqla üzvü psixi pozuntular, üzvi mənşəli şəxsiyyət pozuntusu, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılara tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsinə əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması əsası ilə əlillik təyin edilmişdir. İddiaçı isə əlilliyin müddətsiz və İİ qrupa, yəni orqanizm funksiyalarının 61-80 faiz arası pozulması halına uyğun olmaqla əlilliyin yenidən təyin edilməsini tələb etmişdir ki, məhkəmə hesab edir ki, əlilliyin göstərilən formada təyinatı ilə bağlı hər hansı əsas müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”nın: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Göründüyü kimi 61-80 faiz orqanizmin funksiyalarının faiz göstəricisinin müəyyən edilməsi üçün xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halı mütləqdir. Adıçəkilən Meyarların: 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:

2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:

2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:

2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı; Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı nə məhkəmə araşdırması zamanı, nə də inzibati orqan tərəfindən əlillik vəziyyətinin qiymətləndirilməsinə dair aparılmış araşdırma zamanı xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halı aşkar edilməmiş, iddiaçı özü də həmin halların mövcudluğu barədə əsaslı sübut təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçının əlilliyi Meyarların 7.6.2.1-ci bəndinə uyğun olaraq aparılmışdır ki, həmin müddəaya əsasən baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular, üzvi mənşəli şəxsiyyət pozuntusu əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) hallarında 35-60 faiz olmaqla əmək funskiyalarının pozuntusuna aiddir ki, həmin hal da 2 il müddətinə əlillik təyinatına əsas verir. Həmin xəstəliyin ağırlaşması məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti ilə bağlı olduğu təqdirdə 65-80 faiz orqanizmin əmək funksiyasının pozuntusu halı yaradır ki, həmin halda belə əlillik 2 il müddətinə təyin edilir. Göründüyü kimi iddiaçıda mövcud olan baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular, üzvi mənşəli şəxsiyyət pozuntusu halı iddiaçıda mövcud olan ağırlaşma ilə 2 il müddətinə 35-60 orqanizmin əmək funksiyasını 2 il müddətinə pozulması halına, 7.6.2.2-ci bənddə olan ağırlaşma isə 60-81 faiz orqanizmin əmək funksiyasının 2 il müddətinə pozuntusu halına uyğundur ki, hər bir halda iddiaçıda mövcud olan baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular, üzvi mənşəli şəxsiyyət pozuntusunun ağırlaşması əlilliyin müddətsiz təyinatına əsas vermir. İddiaçıda mövcud olan xəstəlik və onun ağırlaşması isə əlilliyin təyinatı barədə qərarda olduğu kimi 40 faiz orqanizmin əmək funksiyasının pozuntusu halına uyğun olmuşdur ki, iş materiallarında olan tibbi sənədlərdən, rəydən, cavabdeh tərəfindən aralıq inzibati akta dair aparmış olduğu araşdırma materiallarından göründüyü kimi iddiaçıda mövcud olan əlilliyin təyinatına əsas verən xəstəliklər nəzərə alınmaqla qanuni və əsaslı təyinat aparılmışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən nzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(112)-1014/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(112)-1014/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar