Məhkəmə qərarları › İş №2-1(103)-1981/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1981/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1981/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi (direktor) X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11878/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək ““Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 17 yanvar 2014-cü il tarixində VÖEN ********** nömrəsi ilə dövlət qeydiyyatına alınaraq həmin dövrdən bu günə kimi təhlükəsizlik sistemi avadanlıqlarının satışı, quraşdırılması, sazlanması, təmiri və işıqlandırma sistemlərinin quraşdırılması fəaliyyəti ilə məşğul olur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" İNC Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə aralarında bağlanmış 15 yanvar 2014-cü il tarixli, “Təchizat müqaviləsi № 2014-0090”-yə əsasən sonuncunun sifarişləri ilə təhlükəsizlik sistemi avadanlıqlarının satışı, quraşdırılması, sazlanması, təmiri və işıqlandırma sistemlərinin quraşdırılması fəaliyyəti ilə məşğul olmuşdur. Həmin müqavilə hər il, o cümlədən 2023-cü ildə bir il müddətinə uzadılmışdır. Sonuncu dəfə 03 yanvar 2023-cü il tarixli, “Əlavə saziş № 06” ilə 15 yanvar 2014-cü il tarixli, “Təchizat müqaviləsi № 2014-0090”-nin müddəti 15 yanvar 2024-cü il tarixinə kimi uzadılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti dövründə heç vaxt ardıcıl olaraq 12 ay ərzində dövriyyəsi 200.000 manatı keçməmişdir və həmin müəssisədə yalnız 1 nəfər çalışmışdır. Bu səbəbə görə də, "xxxx" MMC mikro sahibkarlıq subyekti olaraq Azərbaycan Respublikası VM-nin 106.1.20-ci maddəsi ilə nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətin 75% həcmində azad olunmasından istifadə etmişdir və vergi orqanına “Mənfəət vergisinin bəyannaməsi”ni qeyd edilənlər nəzərə alınaraq təqdim etmişdir. 25 dekabr 2023-cü il tarixində "xxxx" MMC tərəfindən 18 ədəd elektron qaimə-fakturalarla 49.961,10 manat həcmində mallar və xidmətlər "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə təqdim edilmişdir. Həmin mallar və xidmətlərin haqlarından 33.707,00 manatı qanunvericiliklə nəzərdə tutulmuş ardıcıl olaraq 12 ay ərzində dövriyyənin 200.000 manatlıq həddindən artıq olmuşdur. Bu ilin mart ayında "xxxx" MMC 2023-cü il üzrə “Mənfəət vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim edərkən, yenə də Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi ilə nəzərdə tutulmuş güzəşt hüququndan istifadə etmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra mətndə cavabdeh vergi orqanı kimi qeyd ediləcək) qəbul etdiyi 27 iyun 2024-cü il tarixli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar № **********134100” ilə "xxxx" MMC-yə 2023-cü ilin bütün dövriyyəsi üzrə VM-nin 106.1.20-ci maddəsi nəzərə alınmadan, əlavə olaraq 38.187,33 (otuz səkkiz min bir yüz səksən yeddi manat otuz üç qəpik) manat həcmində mənfəət vergisi hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə görə həmin Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018ci il tarixli, 556 saylı Qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgü meyarları müəyyən edilmişdir. Həmin Qərara görə işçilərinin orta siyahı sayı 10 nəfərdən az və illik gəliri 200.000 manata qədər olan müəssisə mikro sahibkarlıq subyekti hesab edilmişdir. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı Qərarın qeydlərinin 4-cü bəndində göstərilir: “4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.” Beləliklə müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü ildə mikro sahibkarlıq subyekti hesab edilmiş və onun həmin statusu həmin il üzrə dəyişməz qalmışdır. Bununla da, "xxxx" MMC 2023-cü il üzrə “Mənfəət vergisinin bəyannaməsi”ni haqlı olaraq Azərbaycan Respublikası VM-nin 106.1.20-ci maddəsinin tələblərini nəzərə almaqla cavabdeh vergi orqanına təqdim etmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC tərəfindən (VÖEN: **********) təqdim edilmiş 2023-cü il üzrə kameral vergi yoxlaması ilə mənfəət vergisi bəyannaməsi əsasında hesablanmış vergi məbləğinin tərkibi araşdırılmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən 2023-cü il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin “VM-nin 106-ci maddəsinə əsasən bu Məcəllənin 106.1.20-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərin əldə etdikləri mənfəətin 75 faizi” sətirində vergi ödəyicisinin rəqəm göstərməyinə baxmayaraq, Məcəllənin 106.1.20-ci maddəsində göstərilən tələblərə cavab vermədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********735600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən (VÖEN: **********) təqdim edilən 2023-cü ilin mənfəət (gəlir) vergisi tədiyyəsi üzrə bəyannamənin araşdırılması zamanı aşağıdakı risklər müəyyən olunmuşdur: Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən kiçik, orta və iri sahibkarlıq subyektləri xx.xx.2023-ci il tarixdən etibarən gəlirlərin və xərclərin uçotunu hesablama metodu ilə aparmalı olduğu halda, vergi ödəyicisinin 2023-ci il mənfəət (gəlir) vergisi bəyannaməsi kassa metodu ilə təqdim edilmişdir; iddiaçının Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi olan 57.224.0 manat güzəşt və azadolmalara dair təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır; Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən kiçik, orta və iri sahibkarlıq subyektləri xx.xx.2023-ci il tarixdən etibarən gəlirlərin və xərclərin uçotunu hesablama metodu ilə aparmalı olduğunu nəzərə alaraq, 2022-ci il kassa metodu ilə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinə əsasən 2022-ci ilin sonuna (və ya 2023-ci ilin əvvəlinə) göstərilmiş sair debitor qalıq məbləği ilə tərəfinizdən təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsinin "Vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri" sətirində göstərilmiş məbləğ ilə 6005 manat fərq yaranmışdır; Lakin müəyyən olunmuş risklərlə bağlı ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməməsi nəticəsində Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə 34372,4 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********134100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11878/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC barəsində qəbul etdiyi **********134100 nömrəli, 27 iyun 2024-cü il tarixli “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11878/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Dövlət Vergi Xidməti tərəfindən sahibkarlığın inkişafı məqsədi ilə proseslərin sadələşdirilməsi nəticəsində Azərbaycan öz bazar infrastrukturunu, o cümlədən hüquqi, vergi və bank çərçivələrini və beynəlxalq biznes ictimaiyyəti ilə əlaqələri inkişaf etdirməyə davam etdirərək, xarici investorlar arasında Azərbaycana marağın yenidən artması görünür. Bütün bu addımların nəticəsi kimi 2002-ci ildə başlanmış “Doing Business” layihəsində (Doing Business” - yerli kiçik və orta şirkətlərə baxır və onların həyat dövrü ərzində onlara tətbiq edilən qaydaları ölçən Dünya Bankının layihəsi) Azərbaycan Respublikası Dünya Bankının 2017-ci ildəki 57-ci yerdən yaxşılaşdırılan illik reytinqlərinə əsasən, Azərbaycan biznesin asanlığı üzrə 190 ölkə arasında 25-ci yerdədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti olaraq mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktor) X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına əsasən: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli, **********064100 nömrəli çıxarışından müəyyən edilir ki, "xxxx" MMC ********** nömrəli VÖEN ilə xx.xx.2024-cü ildə mikro sahibkar kimi dövlət qeydiyyatına alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********5 nömrəli bildirişə əsasən "xxxx" MMC Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. Qeydiyyatın qüvvəyə minmə tarixi (xx.xx.2023-cü ildə qeydiyyata alınmış, xx.xx.2024-cü ildə qüvvəyə minmişdir). Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********134100 nömrəli, 27 iyun 2024-cü il tarixli “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə Qərarına əsasən, mənfəət vergisi üzrə 2023-cü il dövrünə 34.372,40 manat əlavə vergi hesablanmışdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı iddiaçıya əlavə vergi hesablanması zamanı iddiaçı müəssisənin Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində göstərilən tələblərə cavab vermədiyi üçün kənarlaşmanın yaranmasını hesab etmişdir. Vergi ödəyicisi olan "xxxx" MMC-nin əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilməsi xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir. Yəni, iddiaçı-müəssisəyə həmin tarixədək cavabdeh tərəfindən Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi tətbiq edilməli idi. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı Qərarına əsasən iddiaçı işçilərinin orta siyahı sayı 10 nəfərdən az və illik gəliri 200.000,00 manata qədər olan müəssisə kimi mikro sahibkarlıq subyekti hesab edilmiş, belə ki, bu hal müvafiq dövlət orqanlarına ötürülən məlumatlar əsasında 2023-cü il üçün müəyyən edilmiş, qanunun tələbinə görə həmin 2023-cü il üçün də dəyişilməz qalmalıdır. Cavabdeh tərəfindən iddiaçı müəssisənin əlavə dəyər vergisi ödəyicilərinin reyestrində olmadan onun barəsində 2023cü il dövr üzrə əlavə dəyər vergisinin hesablanması qanunvericiliyinin pozulması ilə nətəcələnir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Maddə 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Maddə 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Maddə 105.2. Qeyri-rezidentin daimi nümayəndəliyinin fəaliyyəti ilə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən (ƏDV və aksizlər çıxılmaqla) bu Məcəllənin 125-ci maddəsində göstərilən dərəcələrlə vergi tutulur. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Maddə 130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********134100 nömrəli, 27 iyun 2024-cü il tarixli “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə mənfəət vergisi üzrə 2023-cü il dövrünə 34.372,40 manat əlavə vergi hesablanmışdır. Qərarda qeyd edilmişdir ki, - 57.224.0 manat güzəşt və azadolmalara dair təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır. – Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən kiçik, orta və iri sahibkarlıq subyektləri xx.xx.2023-cü il tarixdən etibarən gəlirlərin və xərclərin uçotunu hesablama metodu ilə aparmalı olduğunu nəzərə alaraq, tərəflərindən 2022-ci il kassa metodu ilə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinə əsasən 2022-ci ilin sonuna (və ya 2023-cü ilin əvvəlinə) göstərilmiş sair debitor qalıq məbləği ilə tərəflərindən təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergi bəyannaməsinin: Vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri: sətrində göstərilmiş məbləğ ilə 6005 manat fərq yaranmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********134100 nömrəli, 27 iyun 2024-cü il tarixli “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarından görünür ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinin tələblərinin pozulmasına istinad etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır. İşin hallarından görünür ki, "xxxx" MMC-nin əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilməsi xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı Qərarına əsasən iddiaçı işçilərinin orta siyahı sayı 10 nəfərdən az və illik gəliri 200.000,00 manata qədər olan müəssisə kimi mikro sahibkarlıq subyekti hesab edilmiş, belə ki, bu hal müvafiq dövlət orqanlarına ötürülən məlumatlar əsasında 2023-cü il üçün müəyyən edilmiş, qanunun tələbinə görə həmin 2023-cü il üçün də dəyişilməz qalmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" MMC əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə xx.xx.2024-cü il tarixdə daxil edildiyi halda mənfəət vergisi üzrə 2023-cü il dövrünə 34.372,40 manat əlavə vergi hesablanması qanunvericiliyin tələbinə uyğun deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11878/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar