Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1982/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Cavadova Günay Tahir qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3450/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun xx.xx.1992-ci-xx.xx.2001-ci illərdə Naftalan Avtonəqliyyat ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3450/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3450/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi xx.xx.1979cu il tarixində tərtib edilmiş HT-İ Ns ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Naftalan Avtonəqliyyat ATSC-dəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Həmçinin iddiaçıya xx.xx.2013-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlilliyə görə əmək pensiyadan yaşa görə əmək pensiyasına keçirilməsinə dair müraciəti təmin edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının aktiv VÖEN hesabı (**********) olduğu üçün ona yaşa görə müavinətin təyin edilməsi qanunauyğun hesab edilməmişdir. Belə ki, təkcə iddiaçının deyil, həm də ümumiyyətlə müəssisənin fəaliyyətinə dair məlumatların iddiaçının onun əmək fəaliyyətinə dair təqdim etdiyi sənədlərdəki məlumatların mötəbərliyinin yoxlanılmasını zəruri edir. İddiaçı "xxxx" ASC-dəki əmək fəaliyyətinin öz təsdiqini tapmaması, tələb olunan minumum sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində minumum əmək pensiyası təminatına imkan verən pensiya kapitalının olmaması ona yaşa görə əmək pensiyası təyinatı aparılmasını istisna edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3450/2022 saylı, xx.xx.2022-ci il qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan iddiaçının əmək kitabçasına əsasən əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1976 – xx.xx.1979 – sürücü; xx.xx.1979-xx.xx.1988 – sürücü; xx.xx.1988xx.xx.1991 – sürücü; xx.xx.1992-xx.xx.2005- sürücü İşdə olan Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1928/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli imtina məktubunda cavabdeh tərəfindən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin eilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, təqdim etdiyi xx.xx.1979-cu il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992- ci il tarixindən xx.xx.2001-ci il tarixinədək Naftalan Avtonəqliyyat ATSC-dakı əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Cavabdeh qurumun müraciətinə əsasən "xxxx" ASC tərəfindən bildirilmişdir ki, "xxxx" ASC 2007-ci ildən özəl cəmiyyət kimi fəaliyyət göstərir və onun arxiv sənədlərində bu işlə əlaqədar heç bir sənəd əldə etmək mümkün olmamışdır. Cavabdeh qurumun müraciətinə əsasən 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2004-cü il tarixdə hüquqi şəxs kimi vergi orqanında ********** saylı VÖEN-lə uçota alınmışdır. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2004-cü il tarixdə 3104 qeydiyyat nömrəsi ilə Ədliyyə nazirliyinin Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nın 3.3-cü bəndinə əsasən vergi orqanına təqdim olunmuş vergi bəyannamələrinin saxlanma müddətinin 5 (beş) il olmasını nəzərə alaraq vergi ödəyicisinin 2006-cı ildən (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) 2006-cı ildən tətbiq olunur) geri tarixə olan, fəaliyyətini əks etdirən məlumatların aşkar olunaraq Sizə təqdim olunması mümkün deyildir. Bundan əlavə vergi ödəyicisinin fəaliyyətinin olubolmaması barədə məlumatlar onun vergi orqanına təqdim etdiyi bəyannamələr (hesabatlar) əsasında müəyyən edilir. Qeyd olunan səbəblərdən adıçəkilən müəssisənin qeyd etdiyiniz dövrlər (1992-2005-ci illər) üzrə fəaliyyətinin olub-olmaması barədə hər hansı məlumatın Sizə təqdim edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, hal-hazırkı pensiya təyinatı haqqında qanunvericiliyə əsasən vətəndaşa əmək pensiyası təyin edilməsi əmək kitabçası əsasında aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsində göstərilmişdir ki, qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş staşı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa əsasən müəyyən olunur. Kollegiya qeyd olunanları və əmək müqaviləsi ilə çalışan işçinin əmək (sosial sığorta) stajının işəgötürən tərəfindən ödənilən məcburi dövlət sosial sığorta ödənişləri ilə müəyyən olunmalı olduğunu nəzərə alaraq bildirir ki, hüquqi şəxsin (vergi ödəyicisinin) özünün mənfəətindən (dövriyyəsindən) hesablanan və ya hər hansı işçiyə görə əmək haqqından ödəmə mənbəyində tutulan vergi ödənişlərinə görə qeyd etdiyiniz staj müddətinin müəyyən olunması yuxarıda qeyd olunan prosedurlara uyğun deyil. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bildirilmişdir ki, "xxxx" ASC xx.xx.1999-cu il tarixində keçmiş "xxxx" Dövlət Konserninin Naftalan Avtonəqliyyat Müəssisəsinin bazasında təsis edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq həmin ASC-nin səhmlərinin 100 (yüz) faizinin özəlləşdirilməsi prosesi xx.xx.2006-cı il tarixində başa çatmışdır. İddiaçı tərəfindən məhkəməyə Naftalan Avtonəqliyyat Müəssisəsi və "xxxx" ATSC-yə işlədiyi 1992-2005-ci illərə aid adına yazılmış çoxsaylı yol qaimələrinin əslləri və aidiyyəti sənədləri (əmək haqqının alınmasına dair tabellər, maşının və yanacağın təhvil alınmasına dair cədvəllər və s.) təqdim edilmiş, həmin sənədlərin əslləri məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı ilə tədqiq edilərək əslləri cavabdehə qaytarılmışdır. Birinci instansiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 002843№-li bildirişə əsasən İddiaçı "xxxx" ATSC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 4 ədəd özəlləşdirmə çeki təqdim etmişdir və nəticədə 28 ədəd səhm almışdır. Əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının sığorta stajı ən azı 29 ildir, lakin cavabdeh qurum tərəfindən iddiaçının Naftalan Avtonəqliyyat Müəssisəsi və “NaftalanAvtonəqliyyat” ATSC-yə işlədiyi 1992-2005-ci illər sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır. Məhkəmə Kollegiyası hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 34. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006- cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Apellyasiya şikayətinin “təkcə iddiaçının deyil, həm də ümumiyyətlə müəssisənin fəaliyyətinə dair məlumatların iddiaçının onun əmək fəaliyyətinə dair təqdim etdiyi sənədlərdəki məlumatların mötəbərliyinin yoxlanılmasını zəruri edir” dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Naftalan Avtonəqliyyat Müəssisəsi və "xxxx" ATSC-nin mövcudluğu məhkəmə tərəfindən müəyyən edilmiş, iddiaçının əmək kitabçasında 1992-2005-ci il tarixlərində həmin qurumda işlədiyinə dair qeydlər mövcuddur, iddiaçı tərəfindən həmin qurumlarla əmək münasibətlərini təsdiq edən çoxsaylı sübutlar (yol qaimələri, əmək kollektivi kimi özəlləşmə çekləri) təqdim edilmişdir. Odur ki, qeyd edilən sənədlərə məcmu halda qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, 1992-2005-ci illər ərzində qurumun fəaliyyətdə olub-olmaması barədə hər hansı məlumat aşkar edilməməsi iddiaçı ilə əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumların mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə (xx.xx.1992-xx.xx.2005) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3450/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1982/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1982/2022
03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver