Məhkəmə qərarları › İş №2-1(103)-1982/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1982/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1982/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və X6 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “mənzildən istifadə haqqının ona ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13392/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzilindən istifadə haqqı olan 30 il x 12 ay x 400 manat = 144000 manat məbləğin ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 144000 (30 il × 12 ay × 400 manat = 144000) manat məbləğində əsas pul vəsaitinin, 593790 manat məbləğində pul vəsaitinin isə kirayə haqqının banklarda saxlanılan halı üçün illik 9 faiz olmaqla mənzildən istifadə haqqı kimi ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 1993-cü ildə ünvan 1 ünvanında yerləşən ikiotaqlı mənzilini Ağdam rayonundan olan qaçqın ailəsi tutmuşdur, indiyədək həmin mənzildə yaşayırlar. İddiaçı dəniz mədənlərində işləyir, 7 nəfər ailə üzvünün mənzil şəraitini yaxşılaşdırmaq üçün aldığı ikiotaqlı 28.53 kv.m yaşayış sahəsindən ibarət mənzilini qaçqınlar ailəsi qapısını sındırıb əlindən almışlar. İddiaçı 30 il gözləmişdir. Uşaqları kirayə mənzillərdə yaşayırlar. Onun və və ailə üzvlərinin banklara külli miqdarda borcları var. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-13392/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun Azərbaycan Respublikası Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı mənzildən istifadə haqqının ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından narazıdır. Məhkəmə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 iyul 2015-ci il tarixli qətnaməsi əsasında qaçqın ailəsinin onun mənzilindən çıxarılması və cavabdehlərin başqa yaşayış sahəsi ilə təmin edilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciətini nəzərə alınmamış, məhz cavabdehin hərəkətsizliyi ucbatından onun mənzilində yaşadıqlarına görə iddiaçı kirayə ödəyir, bu səbəbdən mənzildən istifadə haqqı tələb edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubda qeyd edilir: Məcburi köçkün ailələrinin yeni yaşayış sahəsinə köçürülməsi barədə qəbul olunmuş Dövlət Proqramında göstərilən konkret köçürülmə obyektləri üzrə həyata keçirilir. İnşa edilən mənzillər Dövlət Proqramında köçürülməsi nəzərdə tutulan ailələrin sayına uyğun layihələndirilərək tikildiyindən və Komitənin Bakı şəhəri üzrə Bakı ətrafı ərazilərdə məcburi köçkünlər üçün salınmış qəsəbələrdə boş mənzil tapılmadığından məcburi köçkün X1 və onun ailə üzvlərinin yaşayış sahəsi ilə təmin edilməsi hələlik imkan xaricindədir. Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəritinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı ilə təsdiq edilmiş Əlavələr”in 1.4-cü bəndində Bakı və Sumqayıt şəhərlərində başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yeni yaşayış sahələrinə köçürülməsi nəzərdə tutulmuşdur. “Dövlət Proqramı”na edilmiş “Əlavələr” icra olunarkən məktubda adları göstərilən məcburi köçkünlərin yeni yaşayış sahəsinə köçürülməsi təmin olunacaq və mənzil sahibinə təhvil veriləcəkdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-2654/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin təmin edilməsi, cavabdehlər X3, X4, X13 və yetkinlik yaşına çatmamış uşaqları X7 ilə birlikdə Bakı şəhəri, Qaradağ, B.Niftəliyev küçəsi, 45 saylı evin 58 saylı mənzilindən məcburi çıxarılması, cavabdehlərin başqa yaşayış sahəsi ilə təmin edilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə məlumat göndərilməsi qət edilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı onun mənzilində məcburi köçkün ailəsi məskunlaşdığı üçün mənzildən istifadə haqqının cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Lakin məcburi köçkün ailəsi iddiaçının mənzilində müstəqil şəkildə məskunlaşıb, həmin mənzildə cavabdeh tərəfindən yerləşdirilməyib və cavabdehlə iddiaçı arasında hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanılmayıb. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi dövlət büdcəsi hesabına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanı olduğundan səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin həm ötən illər ərzində, həm də cari il üçün təsdiqlənmiş xərclər smetasında Respublikanın şəhər və rayonlarında, həmçinin Bakı və Sumqayıt şəhərlərində xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə görə mülkiyyət sahiblərinə kirayə haqqı və ya kompensasiya ödənilməsi məqsədilə vəsait nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona zərərin dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Beləliklə, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. İddiaçının cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyinə görə hüququnun pozulması öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13392/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar