Məhkəmə qərarları › İş №2-1(103)-1983/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1983/2021

10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1983/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı şəhəri, A.N.Kazımov adına 1 saylı şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə əlilliyin təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-1759/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə və prosessual müddətin bərpasına dair ərizəyə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) və 1 saylı Tibbi-Sosial Ekspert Komissiyasına qarşı Bakı şəhəri, A.N.Kazımov adına 1 saylı şəhər poliklinikası üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun sağlamlığında olan xəstəliklərlə bağlı əlillik dərəcəsinin verilməsindən Tibbi-Sosial Ekspert Komissiyasının imtinasının qanunsuz hesab edilməsi və cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və onun 1 saylı TibbiSosial Ekspert komisiyyasının üzərinə ona əlillik dərəcəsinin verilməsi vəzifəsinin qoyulması və ona veriləcək əlilliyin 18.10.2018-ci il tarixindən hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı şəhəri, A.N.Kazımov adına 1 saylı şəhər poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə ona 18.10.2017-ci il tarixdən əlillik dərəcəsi verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-1759/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim: N.Abıyev) Həmin qərardan cavadeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-1759/2021 saylı qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi izahatında bildirdi ki, mübahisələndirilən qərar cavabdehdən asılı olmayan üzrlü səbəblərdən ötürülmüşdür. Belə ki, Agentlik yaxın vaxtda yeni inzibati binaya köçdüyü üçün sənədlərin aidiyyəti üzrə struktur bölmələrə çatdırılmasında texniki problemlərə və sənəd dövriyyəsinin həcminə görə çətinliklər yaşamış, eləcə də işçi heyəti az olmuş və daxil olan sənədlərin dövriyyəsi həddindən artıq çox olmuşdur. Bu səbəbdən də qərardan apelyasiya şikayəti vermək müddəti üzrlü səbəbdən ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X2 cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizənin təmin edilməməsini və apelyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Üçüncü şəxs Bakı şəhəri, A.N.Kazımov adına 1 saylı şəhər poliklinikası məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq apelyasiya şikayətinin mümkünlüyü məsələsinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti mümkün sayılmamalı və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apelyasiya şikayətinin vaxtında verilməsi məsələsi apelyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İş materiallarından (iş. v. 77) görünür ki, Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-1759/2021 saylı qərarı cavabdeh tərəfindən 21 may 2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Belə olan halda cavabdeh 05 may 2021-ci il tarixli məhkəmə qərarından apelyasiya şikayəti verməsi üçün onun məhkəmə qərarını 21 may 2021-ci il tarixdə alması nəzərə alınmaqla son müddəti qanunvericiliyin tələbinə görə 21 iyun 2021-ci il tarixi hesab olunur. Buna baxmayaraq iş materiallarından görünür ki, apelyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə 29 iyun 2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi apelyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qanunverici müddət buraxılarkən konkret hansı halların üzrlü olmasını qeyd etməsə də, bu hamıya məlum olan hallarla əlaqədar olur (məsələn, şəxsin xəstəliyi, ailə üzvlərindən hər hansı birinin ölməsi, xidməti ezamiyyətdə olması, təbii fəlakətin baş verməsi və s.) “Üzrlü” sözünün terminoloji təhlilindən görünür ki, həmin söz leksik mənasına görə “səbəbi qəbul oluna bilən” hallarda işlədilir. Hazırki halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada cavabdehə təqdim edildiyindən sonuncu tərəfindən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır. Ona görə də, ərizə təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzrə apellyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-1759/2021 saylı qərarından apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-1759/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar