Məhkəmə qərarları › İş №2-1(103)-1983/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1983/2023

30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1983/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X5 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 199.47 kv.m olan qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınaraq texniki pasportun və reyestrdən çıxarışın iddiaçının adına verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10080/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən ümumi sahəsi 199.47 kv.m olan qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınaraq texniki pasportun və reyestrdən çıxarışın iddiaçının adına verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Aparılmış rekonstruksiya və yenidənqurma işləri nəticəsində xüsusi mülkiyyətində olan qeyri yaşayış sahəsinin ölçülərində fərq yaranaraq faktiki ümumi sahəsi 199.47 kv.m təşkil etmişdir. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş müvafiq hüquqmüəyyənedici sənədlərlə birlikdə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə iddiaçı tərəfindən edilmiş müraciət inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubu ilə icra edilməkdən imtina edilmişdir. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə edilmiş müraciət “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsinə uyğundur və orqanın imtinası qanunsuzdur. Belə ki, Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edilərək, iddiaçıya məxsus olan ünvan 2 ünvandakı qeyri-yaşayış sahəsinin ölçülərinin dəqiqləşdirilməsinə dair sərəncam verilməsi xahiş olunmuşdur. Bununla əlaqədar olaraq Nəsimi rayonu, 51 saylı MKİS tərəfindən yerində baxış keçirilərək xx.xx.2022-ci il tarixli akt və cizgizi tərtib olunmuşdur. Eyni zamanda Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X1 Texniki Komissiya tərəfindən, xx.xx.2022-ci tarixli, 10 nömrəli rəy və qəbul aktı, daha sonra Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli, 24 nömrəli ölçülərin dəqiqləşdirilməsi barədə Sərəncam qəbul edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10080/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən ümumi sahəsi 199.47 kv.m olan qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınaraq texniki pasportun və reyestrdən çıxarışın İddiaçı adına verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən qeyri-yaşayış sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, dövlət reyestrində qeydiyyata alınmış 69.30 kv.m qeyri-yaşayış sahəsinin faktiki ölçüsü 201.1 kv.m-dir. Artırılmış əlavə sahə (131.8 kv.m) və altında yerləşən torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən ümumi sahəsi 199.47 kv.m olan qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınaraq texniki pasportun və reyestrdən çıxarışın iddiaçının adına verilməsini xahiş etmiş, cavabdeh tərəfindən isə müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh imtina əsasında göstərmişdir ki, dövlət reyestrində qeydiyyata alınmış 69.30 kv.m qeyri-yaşayış sahəsinin faktiki ölçüsü 201.1 kv.m-dir. Artırılmış əlavə sahə (131.8 kv.m) və altında yerləşən torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi yekun mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “...ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi DƏDRX-nin ********** saylı, xx.xx.2021ci il tarixli çıxarışına əsasən iddiaçıya məxsusdur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən müəyyən olundu ki, sözügedən qeyri-yaşayış sahəsinin faktiki sahəsi 199.47 kv.m təşkil edir, ümumi sahədəki fərq qeyri-yaşayış sahəsində aparılmış təmir tikinti və yenidənqurma işləri səbəbindən yaranmışdır.Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 24 nömrəli sərəncamı ilə iddiaçıya məxsus qeyriyaşayış sahəsinin 199.47 kv.m hesab edilməsi qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır......................... Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. İş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışına əsasən ümumi sahəsi 69.30 kv.m olan ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X1 Texniki Komissiyasının xx.xx.2022-ci il tarixli, 10 nömrəli qəbul aktına və rəyinə əsasən İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək, ona məxsus Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 saylı ünvandakı qeyri-yaşayış sahəsinin ölçülərinin dəqiqləşdırilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Hüseynbala Əliyev küçəsi 15 saylı ünvandakı qeyri-yaşayış sahəsi DƏDRX-nin ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 69.30 kv.m olmaqla vətəndaş İddiaçı məxsusdur. Ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edildi ki, vətəndaş N.Ş Yolçiyevaya məxsus sözügedən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 199.47 kv.m təşkil edir. Ümumi sahələrdəki fərq, öncəki sahibi tərəfindən rekonstruksiya və yenidənqurma işləri aparılması səbəbindən yaranmışdır. Komissiyanın keçirdiyi texniki baxış zamanı gəldiyi qərara əsasən, vətəndaş İddiaçı məxsus ünvan 5 ünvandakı qeyri-yaşayış sahəsinin ümumi sahəsi mövcud ölçülər daxilində 199.47 kv.m olmaqla məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 24 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamına əsasən 1. Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 saylı ünvandakı qeyri-yaşayış sahəsinin ümumi sahəsi 199.47 m2 hesab edilməsi; 2. Sərəncamın surəti vətəndaş İddiaçı, şəxsi hesab vərəqəsində dəyişiklik edilməsi üçün rayon MKTB-nə, məlumat üçün RİH Başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinə, qeydiyyat vəsiqəsində dəyişiklik edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilməsi barədə sərəncam verilmişdir. 51 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş qeyri-yaşayış sahəsinin faktiki planına əsasən 2-ci mkr, H.B.Əliyev küçəsi, 15 saylı ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsi 199,47 kv.m təşkil edir. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsi faktiki 187.7 kv.m təşkil edir. Özəlləşən sahənin arxiv texniki pasportu olmadığından və daxilində rekonstruksiya işləri aparıldığı üçün əlavə artırılan sahənin (S=118.4 kv.m) dəqiq hansı hissəyə düşməsini təyin etmək mümkün olmamışdır. Lakin qonşu sahələr ilə müqayisədə təxmini artırılmış sahənin 25.0 kv.m hissəsi ön tərəfə, 93.4 kv.m hissəsi isə özəlləşən sahənin arxa hissəsinə düşür. Kollegiya ilk öncə aşağıdakı hüquq normalarına diqqət çəkir: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsi : 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin qanunun: Maddə 57. Tikinti obyektinə dair tələblər 57.1. Hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 57.2.6. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tələblərə uyğun olmalıdır; 57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində); 57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. 57.3. Bu Məcəllənin 57.2.5-57.2.6-cı maddələrində nəzərdə tutulmuş tələblərlə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən: 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; ............ 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; ........... Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməyə görə, Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.19. yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnaməyə görə, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən ümumi sahəsi 199.47 kv.m olan (mütəxəssis rəyinə əsasən 187.7) qeyri-yaşayış sahəsinin 69.30 kv.m-i dövlət reyestrində qeydiyyata alınmış və iddiaçının xüsusi mülkiyyətindədir. Daha sonra iddiaçı və ya əvvəlki mülkiyyətcisi tərəfindən aparılan rekonstruksiya və yenidənqurma işləri nəticəsində həmin qeyri-yaşayış sahəsinin faktiki ölçüsü artırılmış, mütəxəssis rəyinə əsasən əlavə sahənin ölçüsü 118.4 kv.m olmuşdur. AR Şəhərsalma və və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Həmin qanunun 102.2-ci maddəsinə əsasən Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı»nın təsdiq edilməsi haqqında 16 sentyabr 2008-ci il tarixli, 214 №li Qərarına əsasən, istismara yararsız olduğu halda, eləcə də dağılması zamanı müxtəlif miqyaslı iqtisadi, sosial və ekoloji nəticələrə səbəb olan bina və qurğuların məsuliyyət səviyyəsinin uçotu üçün üç səviyyə təyin olunur: İ yüksək məsuliyyət səviyyəli; İİ normal məsuliyyət səviyyəli; İİİ aşağı məsuliyyət səviyyəli. - İİ normal məsuliyyət səviyyəli bina və qurğular: 1. İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular;

2. Yaşayış evləri (12 metr hündürlüyədək* yaşayış evləri istisna olmaqla); 3. Təhsil və səhiyyə obyektləri; 4. Mədəni-məişət, sosial və infrastruktur təyinatlı obyektlər; 5. İstehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə binalar və qurğular ... Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012- ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnaməsinə əsasən yerli ira hakimiyyəti başçılarının aşağıdakı ümumi səlahiyyətləri müəyyən edilmişdir. ... 4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək; ... 4.18.2-ci bəndində nəzərdə tutulur ki, bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5- ci, 4.11.17-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. İş materiallarından və tərəflərin izahatlarından iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi tikilinin Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilən təsnifata uyğun olaraq ikinci məsuliyyət dərəcəli qurğulara aid olması müəyyən edilir. Göründüyü kimi iddiaçının istifadəsində olan qeyri-yaşayış obyekti tikinti işləri aparılmamışdan öncə barəsində icazə alınmalı olan tikililərdən hesab olunur və bu tikinti işləri başlanılmamışdan öncə yuxarı icra hakimiyyəti orqanından (Bakı şəhər İH) müvafiq icazələr (rəy və s..) alınmalı, bundan sonra tikinti işləri başlanılmalı idi. İşin faktiki hallarından isə müəyyən edilir ki, iddiaçı tərəfindən müvafiq icazələr alınmadan tikinti işləri aparılmış, daha sonra iddiacının müraciəti əsasında Bakı şəhəri ünvan 6 ünvandakı qeyri-yaşayış sahəsinin ölçülərinin dəqiqləşdırilməsinə dair sərəncam verilmişdir ki, bu sərəncam və ona əlavə edilmiş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və 8.0.10-cu maddələrinin tələblərinə zidd olduğu ücün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ücün əsas hesab oluna bilməz. Qeyd edilənlərdən əlavə Kollegiya xüsusi olaraq vurğulayır ki, iddiaçı tərəfindən artırılmış əlavə sahə və altında yerləşən torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd nə birinci, nə də apellyasiya instansiya məhkəmələrinə təqdim edilmişdir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən: Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları; müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Sadalanan normalarda torpaq üzərində hüquqların yaranması əsasları qeyd edilmiş, hazırkı işdən isə, artırılmış əlavə sahənin altında yerləşən torpaq sahəsi ilə bağlı iddiaçının hər hansı hüququnun yaranması müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf dəlil olaraq həmin ünvanda yerləşən başqa şəxslərin mülkiyyətində olan qeyri-yaşayış obyektlərində də artırılmış əlavə sahələrin olduğunu, lakin dövlət reyestrində qeydiyyata alındığını bildirsə də, təqdim edilən sənədlərdən iddiaçının iddia etdiklərini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçının dedikləri həqiqəti əks etdirsə belə, İnzibati İcraat Haqqında Qanuna görə, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz ( maddə-13.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, iş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətləri əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10080/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçının iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar