Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1984/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(112)-540/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 28 sentyabr-01 oktyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Vergilər Nazirliyi Apelyasiya Şurasının 18 sentyabr 2019-cu il tarixli, **********035000 nömrəli qərarının ləğv edilməsi və İddiaçı barəsində tətbiq edilmiş 31.010,8 (otuz bir min on manat 80 qəpik) manat məbləğində maliyyə sanksiyasının silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir, Sonradan İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi və əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizə təqdim edərək məhkəmədən əsl olmayan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apelyasiya Şurasının əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsi (bundan sonra mətndə X18 üzrə Baş İdarəsi) ilə əvəz edilməsi və cavabdeh tərəfindən qəbul edilmiş 19 mart 2019-cu il tarixli, **********1131 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilərək, onun barəsində tətbiq edilmiş 31.010,8 manat məbləğində maliyyə sanksiyasının silinməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X18 Departamenti tərəfindən 31.01.2019-cu il tarixli **********9269 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması haqqında” və 19.03.2019-cu il tarixli **********1131 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq, onun barəsində 31.010,8 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərarın ləğv edilməsi ilə bağlı tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət olunmuş, Nazirliyin 30.05.2019-cu il tarixli **********785400 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə şikayəti təmin olunmamışdır. Bundan sonra tərəfindən həmin qərardan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apelyasiya Şurasına şikayət verilmiş, Vergilər Nazirliyinin Apelyasiya Şurasının 18 sentyabr 2019-cu il tarixli, **********035000 saylı qərarı ilə şikayəti təmin edilməmişdir. Daha sonra Vergilər Nazirliyinin Apelyasiya Şurasının 18 sentyabr 2019-cu il tarixli, **********035000 saylı qərarından tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasına müraciət olunmuş və sonuncunun 16 oktyabr 2019-cu il tarixli, 16 nömrəli qərarı ilə şikayəti təmin edilməmiş, Vergilər Nazirliyinin Apelyasiya Şurasının 18 sentyabr 2019-cu il tarixli, **********035000 saylı qərarı qüvvədə saxlanılmışdır. Hesab edir ki, onun barəsində tətbiq edilmiş 31.010,8 manat məbləğində maliyyə sanksiyası ləğv edilməlidir. Belə ki, o, sahibkarlıq fəaliyyəti göstərdiyi mağazada keçirilmiş operativ vergi nəzarəti zamanı mağazada olan malların alışına dair sənədləri araşdırmaya təqdim etməsinə baxmayaraq, nəzərə alınmamış və barəsində tətbiq edilən 31.010,8 manat maliyyə sanksiyası qüvvədə saxlanılmışdır. Halbuki, istifadəsindəki mağazada olan malların "xxxx" MMC-dən (VÖE.N **********) alınmasına dair 21.12.2017-ci il tarixli BQB seriyalı 251426 nömrəli, 20.12.2017-ci il tarixli BQB seriyalı 251425 nömrəli, 07.12.2017-ci il tarixli BQB seriyalı 251424 nömrəli və 10.12.2017-ci il tarixli BQB seriyalı 251427 nömrəli 4 sayda qaimə-fakturalar araşdırmaya təqdim edilmiş, eyni zamanda "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X16 03.05.2019-cu il tarixdə, cəmiyyətin rəhbəri X21 13.05.2019-cu il tarixdə, cəmiyyətin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmuş X11 17.05.2019-cu il və 21.05.2019-cu il tarixlərdə bu alqı-satqı əməliyyatı ilə bağlı ifadələr vermişlər və hər biri malların "xxxx" MMC-yə məxsus olduğunu, ona təqdim edilmiş malların dəyərinin ödənilmədiyini, malların 50 faizi satıldıqdan sonra dəyərinin ödəniləcəyini, lakin qeyd edilən şərtlər daxilində malların satılması barədə rəsmi müqavilə tərtib edilmədiyini bildirmişlər. "xxxx" MMC-nin faktiki rəhbəri X8 da təqdim etdiyi izahatlarında qaiməfakturaların onun tərəfindən yazılaraq, ona təqdim edildiyini, cəmiyyətin təsərrüfat subyektinin olmadığını, ona təqdim edilmiş malların dəyərinin ödənilmədiyini, həmin malları 2016-cı ildə Çin Xalq Respublikasından karqo vasitəsi ilə gətirdiyini, həmin vaxtlar karqo cəmiyyəti tərəfindən ölkəyə gətirilən mallar üçün sənəd təqdim edilmədiyini, vergi qanunvericiliyinin tələbləri barədə məlumatlı olmadığından həmin malları 2016-cı ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində bəyan etmədiyini, bundan əlavə ona təqdim edilmiş malların dəyəri ödənilmədiyi üçün 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmədiyini, ötən müddət ərzində İddiaçı təqdim etdiyi mallar satılmadığından həmin malların dəyərinin ödənilməsi ilə bağlı hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət edilmədiyini bildirmişdir. Göründüyü kimi, həm iddiaçının nümayəndəsinin, həm də mal aldığı hüquqi şəxsin nümayəndələrinin ifadələrində heç bir ziddiyyət yoxdur. İddiaçının nümayəndəsinin əvvəl yanlış olaraq başqa vergi ödəyicisinin sənədlərini təqdim etməsi onun məsuliyyətinə təsir göstərə bilməz. Dəfələrlə bildirmişdir ki, elə bir sənədlərdən heç vaxt məlumatı olmamışdır və nümayəndəsinə "xxxx" MMC-dən alınan mallar üzrə sənədləri təqdim etmişdir. Əgər sonradan hər hansı saxta əməliyyat aparılıbsa, bu məsələyə də cavabdeh olan həmin əməliyyatı aparan şəxs olmalıdır. Lakin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Apelyasiya Şurası bu məsələlər obyektiv yanaşmamış, digər şəxsin təqdim etdiyi məlumata görə onun barəsində qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının qərarından görünür ki, şikayət əsasında araşdırma gedən zaman heç bir əsas olmadan "xxxx" MMC-nin təsisçisi Abbas Vəlişov və səlahiyyətli nümayəndəsi Mübariz Qaraşov 14.10.2019-cu il tarixdə Vergilər Nazirliyinə çağırılaraq, izahatlar vermiş, izahatlarında müəssisələri tərəfindən xaricdən şuba, gödəkçə alınmadığını, heç kimə satılmadığını, qaimə fakturaların tərtib edilmədiyini və imzalanmadığını göstərmişlər. Araşdıma gedən zaman "xxxx" MMC-nin təsisçisi Abbas Vəlişov və səlahiyyətli nümayəndəsi Mübariz Qaraşovun Azərbaycan Respublikasının Vergilər Nazirliyinə çağırılaraq izahatlarının alınması qanunsuzdur. Vergilər Nazirliyinin həmin izahatları almaqda məqsədi Prezident yanında Apelyasiya Şurasında araşdırma aparılan zaman öz qanunsuzluqlarını ört-basdır etmək məqsədi ilə atılmış addımdır. Həmin şəxsləri təzyiq altında izahat verməyə məcbur etməklə öz xeyirlərinə sübut toplamışlar. Bu izahatların Vergilər Nazirliyi yanında Apelyasiya Şurasının 18.09.2019-cu il tarixli qərarından sonra alınması faktı, bu izahatın həmin qərarın düzgünlüyünün əsaslandırılması üçün istifadəsini istisna edir. Bundan əlavə sahibkarlıq fəaliyyəti üzrə aparılan operativ vergi nəzarəti zamanı qanunvericiliyin tələblərinə cavab verən ilkin mühasibat sənədləri təqdim etməsinə baxmayaraq, cavabdehin izahatlara əsasən qərar qəbul etməsi anlaşılan deyildir. Bundan əlavə o, Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının 16 oktyabr 2019-cu il tarixli, 16 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (əvvəlki adı 1 saylı Bakı- İnzibati İqtisadi Məhkəməsi) müraciət etmiş, lakin məhkəmənin qəbul etdiyi 27 dekabr 2019cu il tarixli, 2-1(81)-4972/2019 saylı qərardadı ilə iddia ərizəsi mümkünsüz sayılmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(112)-540/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarda göstərir ki, “iddiaçı tərəfindən yoxlama zamanı təqdim edilmiş və "xxxx" MMC-yə məxsus olan 21.12.2017-ci il tarixli BQB seriyalı 251426 nömrəli, 20.12.2017-ci il tarixli BQB seriyalı 251425 nömrəli, 07.12.2017-ci il tarixli BQB seriyalı 251424 nömrəli və 10.12.2017-ci il tarixli BQB seriyalı 251427 nömrəli qaimə-fakturaların məhkəmə icraatı zamanı təqdim edilməsi təkzibolunmaz faktlardan biridir. Lakin sözügedən fakturaların operativ vergi nəzarəti keçirilən zaman iddiaçının obyektində aşkar edilmiş mallara aid edilməsi üçün kifayət etmir”. Lakin məhkəmə həmin qaimə-fakturaların obyektdə aşkar edilmiş mallara aid edilməsi üçün kifayət etmədiyi ilə bağlı fikrini əsaslandırmamışdır. Bundan başqa məhkəmə qərarında vergi orqanında aparılan araşdımalar zamanı verilmiş izahatlar arasında guya ziddiyyətlərin olduğunu göstərir. Bununla bağlı bildirmək istəyir ki, "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X16 03.05.2019-cu il tarixdə, Cəmiyyətin rəhbəri X21 13.05.2019-cu il tarixdə, Cəmiyyətin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmuş X8 17.05.2019-cu il və 21.05.2019-cu il tarixlərdə bu alqısatqı əməliyyatı ilə bağlı ifadələr vermişlər və hər biri malların "xxxx" MMC-yə məxsus olduğunu, İddiaçı təqdim edilmiş malların dəyərinin ödənilmədiyini, malların 50 faizi satıldıqdan sonra dəyərinin ödəniləcəyini, lakin qeyd edilən şərtlər daxilində malların satılması barədə rəsmi müqavilə tərtib edilmədiyini bildirmişlər. "xxxx" MMC-nin faktiki rəhbəri X8 da təqdim etdiyi izahatlarında qaimə-fakturaların onun tərəfindən yazılaraq İddiaçı təqdim edildiyini, Cəmiyyətin təsərrüfat subyektinin olmadığını, İddiaçı təqdim edilmiş malların dəyərinin ödənilmədiyini, həmin malları 2016-cı ildə Çin Xalq Respublikasından karqo vasitəsi ilə gətirdiyini, həmin vaxtlar karqo cəmiyyəti tərəfindən ölkəyə gətirilən mallar üçün sənəd təqdim edilmədiyini, vergi qanunvericiliyinin tələbləri barədə məlumatlı olmadığından həmin malları 2016-cı ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində bəyan etmədiyini, bundan əlavə İddiaçı təqdim edilmiş malların dəyəri ödənilmədiyi üçün 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmədiyini, ötən müddət ərzində İddiaçı təqdim etdiyi mallar satılmadığından həmin malların dəyərinin ödənilməsi ilə hüquq - mühafizə orqanlarına və ya məhkəməyə müraciət edilmədiyini bildirmişdir. Göründüyü kimi vergi orqanında araşdıma aparılan zaman izahatlar arasında heç bir ziddiyyət olmamışdır. Həmin vaxt iddiaçının nümayəndəsi olmuş X3 başqa qaimə fakturaların təqdim edilməsini isə hüquqi cəhətdən savadı olmaması və texniki səhv kimi nəzərə alınmasını bildirsə də, vergi orqanı bunu nəzərə almamışdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi cavabdehin mövqeyini təsdiq etməklə ən böyük ziddiyyətə özü yol vermişdir. Belə ki, məhkəmə tərəflərindən təqdim edilmiş və "xxxx" MMC-yə məxsus olan 21.12.2017-ci il tarixli BQB seriyalı 251426 nömrəli, 20.12.2017-ci il tarixli BQB seriyalı 251425 nömrəli, 07.12.2017-ci il tarixli BQB seriyalı 251424 nömrəli və 10.12.2017-ci il tarixli BQB seriyalı 251427 nömrəli qaimə-fakturaların malların iddiaçıya məxsus olmasını təsdiq etmək üçün kifayət olmadığını bildirmiş, yalnız guya işdə olan izahatlardakı ziddiyyətlərə istinad etmişdir. Belə olan təqdirdə həmin qaimələrin saxta sənəd olmadığı, ciddi hesabat blankı olduğu təqdirdə onlara niyə istinad olunmadığı onlara aydın deyildir. Həmin qaimələrə yalnız onların saxta sənəd olması sübuta yetirildiyi və bu barədə məhkəmənin qərarı olduğu halda istinad oluna bilməzdi. Bundan əlavə məhkəmə heç bir əsas olmadan Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasında aparılan araşdıma zamanı "xxxx" MMC-nin təsisçisi Abbas Vəlişovun və səlahiyyətli nümayəndəsi Mübariz Qaraşovun Azərbaycan Vergilər Nazirliyində 14.10.2019-cu il tarixli izahatlar verərək müəssisələri tərəfindən xaricdən şuba, gödəkçə alınmadığını, heç kimə satılmadığını, qaimə-fakturaların tərtib edilmədiyini və imzalanmadığını göstərmişlər. Hesab edir ki, tərəflərindən hazırki işə baxılan zaman "xxxx" MMC-nin təsisçisi Abbas Vəlişov və səlahiyyətli nümayəndəsi Mübariz Qaraşovun Azərbaycan Respublikasının Vergilər Nazirliyinə çağırılaraq izahatlarının alınması qanunsuzdur. Vergilər Nazirliyinin həmin izahatları almaqda məqsədi Prezident yanında Apelyasiya Şurasında araşdırma aparılan zaman öz qanunsuzluqlarını ört-basdır etmək məqsədi ilə atılmış addımdır. Həmin şəxsləri təzyiq altında izahat verməyə məcbur etməklə öz xeyirlərinə sübut toplamışlar. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X13 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş 19 mart 2019-cu il tarixli, **********1131 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilərək, onun barəsində tətbiq edilmiş 31.010,8 manat məbləğində maliyyə sanksiyasının silinməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, İddiaçı tərəfindən Masallı "xxxx" MMC-yə aid 07.12.2017-ci il tarixli BQB 251424 saylı, 10.12.2017ci il tarixli BQB 251427 saylı, 20.12.2017-ci il tarixli BQB 251425 saylı və 21.12.2017-ci il tarixli BQB 251426 saylı qaimə-fakturaların məhkəmə icraatı zamanı təqdim olunması təkzibolunmaz dəlillərdən biridir. Lakin, sözügedən qaimə-fakturalarının operativ vergi nəzarəti keçirilən zaman iddiaçının obyektində aşkar olunmuş mallara aid edilməsi üçün kifayət etmir. Məhkəmə inzibati şikayətin təmin olunmaması ilə bağlı qərarlarda göstərilən izahatları təhlil etdikdə müəyyən etmişdir ki, həqiqətən də, iddiaçının, onun nümayəndəsinin, "xxxx"MMC səlahiyyətli şəxsləri tərəfindən verilmiş izahatlarda ziddiyyətli məqamlar mövcuddur. Belə ki, işin hallarından, iddiaçının şikayətinin təmin edilməməsi ilə bağlı qərarların məzmunundan məlum olmur ki, operativ vergi nəzarəti keçirilən zaman iddiaçının obyektində aşkar olunmuş mallara dair sənədlərin təqdim olunması tələb edilərkən iddiaçının nümayəndəsi tərəfindən GÖP seriyalı 364223, 364225 və 364226 nömrəli qaiməfakturaları təqdim olunmuşdur. Lakin sonradan həmin sənədlərin sözügedən mallara aid olmaması bildirilərək, "xxxx" MMC-yə aid olan qaimə-fakturalar təqdim olunmuşdur. İlkin olaraq təqdim olunmuş qaimə-fakturalar ciddi hesabat blankı olaraq həqiqətən vergi ödəyicisi X9 məxsus olsa belə, həmin seriya və nömrəli qaimə-fakturalarının istifadə edilməməsi müəyyən edilmiş və tərtib edilməmiş vəziyyətdə olan surətləri vergi icraatı zamanı təqdim olunmuşdur. Göründüyü kimi, iddiaçının nümayəndəsi öz izahatında GÖP seriyalı 364223, 364225 və 364226 nömrəli qaimə-fakturaların digər mallara aid olduğunu bildirsə də, vergi ödəyicisi X14 tərəfindən bu hal təkzib edilmiş və qaimə-fakturaların tərtib edilməmiş nüsxəsinin surətini təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının 16.10.2019-cu il tarixli, 16 saylı qərarından görünür ki, İddiaçı şikayəti üzrə "xxxx" MMC-nin rəhbəri X2114.10.2019-cu il tarixdə yeni izahat verərək faktiki olaraq əvvəlki izahatını təkzib etmiş, müvafiq fakturaların onun tərəfindən tərtib edilmədiyini, imzalanmadığı göstərmiş, həmin fakturaların etibarsız olunmasını xahiş etmiş, həmçinin müəssisənin fəaliyyəti dövründə heç bir xarici ölkədən ölkədaxili bazardan, şuba, gödəkçə və geyim malları alıb satmadığını bildirmişdir. "xxxx" MMC-nin rəhbərinin səlahiyyətli nümayəndəsi M.Qaraşov eyni tarixdə izahat verərək MMC-nin rəhbərinin dediklərini təsdiq etmiş, habelə qaimlərin hansı formada təqdim edildiyindən məlumatının olmadığını qeyd etmişdir. Göründüyü kimi, "xxxx" MMC-nin rəhbəri və rəhbərinin səlahiyyətli nümayəndəsi tərəfindən Vergilər Nazirliyinin Apelyasiya Şurasında və Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasında verilmiş izahatlar bir birinə ziddir. Məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC-nin səlahiyyətli şəxsləri tərəfindən 07.12.2017-ci il tarixli BQB 251424 saylı, 10.12.2017-ci il tarixli BQB 251427 saylı, 20.12.2017-ci il tarixli BQB 251425 saylı və 21.12.2017-ci il tarixli BQB 251426 saylı qaiməfakturalarının onlar tərəfindən tərtib edilməməsi etiraf edilmiş, müəssisənin ümumiyyətlə təsərrüfat subyekti olmadığı və idxal əməliyyatlarının aparılmadığı bildirilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının 16.10.2019-cu il tarixli, 16 saylı qərarı ilə İddiaçı, "xxxx" MMC-nin rəhbərinin, onun səlahiyyətli nümayəndəsinin əməllərində sənədlərinin saxtalaşdırılması və saxta sənəddən istifadə olunması hallarının araşdırılması, onlara hüquqi qiymət verilməsi və nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı qanunvericilikdə müəyyən edilmiş tələb və prosedurlara əməl olunması ilə bağlı Vergilər Nazirliyi tərəfindən tədbirlərin görülməsinə qərar verilmişdir. Bu hallar ona dəlalət edir ki, ümumiyyətlə iddiaçıya məxsus mağazada aşkar olunan malların alış sənədlərinin hər iki operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanın əməkdaşlarına təqdim olunmaması, daha sonra malların alış sənədlərinin əldə edilməklə inzibati araşdırmaya təqdim edilməsi və hər iki inzibati araşdırma zamanı malların fərqli vergi ödəyicilərindən alınması barədə müxtəlif və ziddiyyətli izahatların verilməsi, ən əsası isə İddiaçı, "xxxx" MMC-nin rəhbərinin, onun səlahiyyətli nümayəndəsinin əməllərində sənədlərinin saxtalaşdırılması əlamətlərinin mövcud olması, vergi ödəyicisinin təsərrüfat subyektində olan malların həqiqətən də alış sənədlərinin olmamasına əsas verir. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri o zaman həqiqətə uyğun hesab edilə bilər ki, iddiaçının "xxxx" MMC-nin rəhbəri X21 tərəfindən verilmiş qaimə-fakturalar ilə yanaşı, mübahisənin yarandığı dövrdə qüvvədə olan normativ hüquqi aktlarının normaları əsasında, malların məhz həmin müəssisəsi tərəfindən təqdim olunmasını təsdiq edən “Malların təhvil-qəbul aktı” və elektron vergi hesab-fakturası mövcud olsun. Buna baxmayaraq, iddiaçı tərəfindən malların alış sənədinin olmasının təsdiq edən hər hansı bir əlavə dəlil təqdim olunmamışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh Vergi Məcəlləsinin tələblərinə riayət edərək, İddiaçı obyektində aşkar olunmuş mallara dair zəruri olan sənədləri tələb etmiş, təsdiqedici sənədlər olmadığı üçün, təqvim ili ərzində belə hala birinci dəfə yol verildiyindən, müvafiq olaraq ekspertiza zamanı müəyyən olunmuş malların ümumi dəyərinə 10%, yəni 31.010,8 (310.108 x 10%) manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan cavabdeh vergi orqanının Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 23.01.2019-cu il tarixli, **********8394 saylı qərarından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 1 nömrəli mağazada nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura və ya elektron hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə 24.01.2019-cu il tarixdən 22.02.2019-cu il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsinə qərar verilmşdir. İş materiallarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 23.01.2019-cu il tarixli, **********8398 saylı qərarından görünür ki, İddiaçı “Nəzarət kitabçası”, malların YM ilə müəyyən edilən QF və ya EQF və ya elektron VHF əsasında alınmasını təsdiq edən sənədlər, əmək müqaviləsi bildirişlərinin ƏƏSM Nazirliyinin elektron İS-də qeydiyyatı barədə məlumatlar, f/ş-lərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, məlumatlar və digər zəruri sənədlərin götürülməsinin həyata keçirilməsinə qərar verilmişdir. İş materiallarında olan 25.01.2019-cu il tarixli keçirilən operativ nəzarəti zamanı malların siyahısından görünür ki, “Sədərək” TM ünvanında yerləşən “Qolden Ring” geyim mağazasında mövcud olan 59 növdə mal siyahıya alınmışdır. İş materiallarında olan İddiaçı məxsus mağazada satılan malların alış qiymətləri üzrə bazar qiymətlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 01.02.2019-cu il tarixli ekspert rəyindən görünür ki, təsərrüfat subyektində olan malların alış qiymətləri 310.108 AZN təşkil edir. İş materiallarından görünür ki, vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında 01.02.2019-cu il tarixli, 009246 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında vergi ödəyicisinə 31.010,80 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisinin nümayəndəsi X12 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X18 Departamentinin 31.01.2019-cu il tarixli, **********9269 saylı qərarından görünür ki, İddiaçı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina olunmuşdur. İş materiallarında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.03.2019-cu il tarixli, **********1131 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinə görə 31.010,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 27.03.2019-cu il tarixədək 31.010,80 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan “İnzibati şikayətin təmin edilməməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinin 30.05.2019-cu il tarixli, **********785400 saylı qərarından görünür ki, 01.02.2019-cu il tarixli VN-16 seriyalı 009246 nömrəli aktın etibarlı hesab edilməsi və Vergilər Nazirliyi yanında Bakı şəhəri X18 Departamenti tərəfindən qəbul olunmuş 19.03.2019-cu il tarixli **********1131 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apelyasiya Şurasının 18 sentyabr 2019-cu il tarixli, **********035000 saylı qərarından görünür ki, şikayətin təmin edilməməsi, Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 30.05.2019-cu il tarixli, **********785400 saylı Qərarı və Bakı şəhəri X18 Departamenti tərəfindən qəbul olunmuş 19.03.2019-cu il tarixli **********1131 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.13.-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Əlavə olaraq qeyd olunmalıdır ki, operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarəti keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi, nəzarəti həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürülməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmış malların siyahıya alınması VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi qanunvericliklə vergi orqanına vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi yoxlamasının keçirilməsi üçün tam səlahiyyət verilmişdir. Cavabdeh həmin səlahiyyətindən istifadə edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq, vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edərək, Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron hesab-faktura əsasında alınması vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə iddiaçı barəsində operativ vergi nəzarəti təyin etmişdir. İşin hallarından müəyyən olunur ki, vergi orqanının 23.01.2019-cu il tarixli **********8394 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına və 24.01.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında” **********8475 nömrəli qərarına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, ünvan 2 ünvanda yerləşən geyim mağazasında operativ vergi nəzarət tədbiri həyata keçirilmişdir. Nəzarət tədbiri nəticəsində 1 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanmadığı aşkar olunmuş, vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və həmin fiziki şəxs tərəfindən izahat verilərək vergi qanunvericiliyinin pozulması halına yol verildiyi etiraf edilmişdir. Bundan başqa, təsərrüfat subyektində nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması halı müəyyən edilməmişdir. Adı çəkilən nəzarət tədbirləri ilə əlaqədar vergi orqanı tərəfindən 25.01.2019-cu il tarixli VN-11 seriyalı 012970 nömrəli və 25.01.2019-cu il tarixli VN-17 seriyalı 011423 nömrəli aktlar tərtib edilərək vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə imza etdirməklə təsdiqlənmiş və aktların bir nüsxəsi qəbul edilmişdir. Nəzarət tədbiri zamanı mağazada olan malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələsi üzrə nöqsan aşkar edilərək, 01.02.2019-cu il tarixli VN-16 seriyalı 009246 nömrəli akt tərtib edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azəreksperiza” Birliyinin 01.02.2019-cu il tarixli ekspert rəyinə əsasən mağazadakı malların alış qiymətlərinin 310108,0 manat olduğu müəyyən edilmişdir. Tərtib edilmiş aktlar əsasında vergi orqanı tərəfindən 31.01.2019-cu il tarixli **********9269 nömrəli ‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması haqqında" və 19.03.2019-cu il tarixli **********1131 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq, vergi ödəyicisinə 31010,8 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama gedişində iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən malların alışını təsdiq edən hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Lakin sonradan iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Ə.Əlizadə tərəfindən vergi orqanına müraciət edilərək mağazada olan malların “Planet QM" MMC-dən (VÖEN **********) alınmasına dair 21.12.2017-ci il tarixli BQB seriyalı 251426 nömrəli, 20.12.2017-ci il tarixli BQB seriyalı 251425 nömrəli, 07.12.2017-ci il tarixli BQB seriyalı 251424 nömrəli və 10.12.2017-ci il tarixli BQB seriyalı 251427 nömrəli 4 sayda qaimə-fakturanın surətləri təqdim edilmişdir. Bununla əlaqədar inzibati icraat qaydasında həyata keçirilən araşdırma çərçivəsində sahibkarın səlahiyyətli nümayəndəsi X2, vergi ödəyicisi X6 (VÖEN **********) etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10, o cümlədən Planet QM” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7, cəmiyyətin rəhbəri X15 və cəmiyyətin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmuş X1 izahatlar alınmışdır. İddiaçının səlahiyyətli nümayəndəsi Ə.Əlizadə izahatında 11.10.2018-ci il tarixli VN-16 seriyalı 005832 nömrəli akt üzrə siyahısı tərtib edilmiş malların 7, 10, 20 və 21 dekabr 2017-ci tarixli BQB seriyalı 251424, 251425, 251426, 251427 nömrəli qaimə-fakturalar əsasında "xxxx" MMC-dən alındığını bildirsə də, həmin siyahı üzrə müəyyən edilmiş malların eyni zamanda digər vergi ödəyicisi X4 alınmasına dair 7, 20 və 21 dekabr 2017-ci il tarixli GÖP seriyalı 364223, 364225, 364226 nömrəli qaimə-fakturalar təqdim edildiyini izah edə bilməmişdir. Verilən izahatlar əsasında "xxxx" MMC-nin səlahiyyətli şəxsləri tərəfindən 07.12.2017-ci il tarixli BQB 251424 saylı, 10.12.2017-ci il tarixli BQB 251427 saylı, 20.12.2017-ci il tarixli BQB 251425 saylı və 21.12.2017-ci il tarixli BQB 251426 saylı qaimə-fakturalarının onlar tərəfindən tərtib edilməməsi etiraf edilmiş, müəssisənin ümumiyyətlə təsərrüfat subyekti olmadığı və idxal əməliyyatlarının aparılmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: -58.8.2-ci maddəsinə görə, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən, bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 71-1.5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektronqaiməfaktura verilir. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın (25.12.2019-cu il tarixədək olan redaksiyasına); - 3.1.1-ci maddəsinə əsasən,topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. - 3.1.2-ci maddəsinə görə, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir - 4.1-ci maddəsinə əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura ilə yanaşı, POSterminaldan çıxarış verilir. “Vergi hesab-fakturasının tətbiqi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən, vergi hesabfakturası malı (işi, xidməti) təqdim edən şəxs tərəfindən 2 nüsxədə tərtib edilir. Tərtib edilmiş vergi hesab-fakturasının 1-ci nüsxəsi alıcıya verilir, 2-ci nüsxəsi isə malı (işi, xidməti) təqdim edən şəxsdə saxlanılır. Vergi ödəyicisi malın alıcısına (işlərin və xidmətlərin sifarişçisinə) vergi hesab-fakturasının 1-ci nüsxəsini mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gün ərzində verməlidir. Ödənişlər malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əvvəl həyata keçirildikdə, vergi hesab-fakturası ödəmədən sonrakı 5 gün ərzində verilməlidir. Ödəmə qismən həyata keçirilmişdirsə, vergi hesab-fakturası hər ödəmə üçün ayrıca olaraq, ödəmə məbləği həcmində verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”na əsasən hüquqi və fiziki şəxslər tərəfindən alınmış mallara (təqdim edilmiş işlərə, xidmətlərə) görə ciddi-uçot blankları (o cümlədən qaimə faktura) təqdim edilməlidir. Şərh olunan Məcəllənin və normativ hüquqi aktların tələblərinə görə, malların mədaxilinin sənədləşdirilməsində də vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan və alınmayan vergi ödəyicilərindən aldıqda bu malların alışına dair Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların alış aktı” ilə sənədləşdirilir. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda “Malların alış aktı” tərtib edilir. Aktda satıcınının və alıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, həmçinin “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası tərtib edilməklə həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(112)-540/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1984/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1984/2021
01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver