Məhkəmə qərarları › İş №2-1(103)-1984/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1984/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1984/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4430/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun “Müharibə veteranı” statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə səfərbərlik toplanışına çağırılaraq N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2022-ci il tarixdən iddiaçıya “Müharibə veteranı” kimi Azərbaycan Respublikasının Prezident təqaüdü verilmişdir. Belə ki, iddiaçıya bank kartı verilmiş və hər ay həmin karta 80 manat pul köçürülmüşdür. Lakin təqaüdün verilməsi 3 aydan sonra dayandırılmışdır. Təqaüdün dayandırlıması ilə bağlı olaraq Dost Mərkəzi ilə əlaqə saxladıqda ona ünvanlanmış cavab məktubundan aydın olmuşdur ki, iddiaçının “Müharibə veteranı” statusu Müdafiə Nazirliyi tərəfindən əsassız hesab edilmişdir. Müdafiə Nazirliyinə şifahi və yazılı şəkildə müraciət etməsinə baxmayaraq, iddiaçıya heç bir cavab verilməmiş, statusu bərpa edilməmişdir. Hesab edir ki, qanunvericiliyin tələbləri baxımından “Müharibə veteranı” statusu ona düzgün verilmiş və onun əsassız hesab edilməsi qanunsuzdur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” statusunun bərpa edilməsi” tələbinə dair iddia ərizəsini qəbul etmir. Hesab edir ki, iddia ərizəsi mümkünsüz hesab edilməlidir. İddiaçı Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının imtinasını, rəyini almadan məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı komissiyanın imtinasını almadan məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4430/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş və İddiaçı təyin edilmiş “Müharibə veteranı” statusunun bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4430/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin mümkün sayılmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçı barədə “Müharibə veteranı” statusunun ləğv edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıya təyin edilmiş “Müharibə veteranı” statusunun bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “Müharibə veteranı” statusunun verilməsinin və ləğv edilməsinin əsaslarını, səbəblərini, qanuni olubolmamasını və hansı qurum tərəfindən təsdiq edilməsini araşdırmadan iddianı təmin etmişdir. Halbuki, həmin tələb cavabdehə qarşı yönələ bilməzdi və AR İPM-nin 28-ci maddəsinə görə (zəruri cəlb etməyə görə) əsl tərəf müəyyən edilməli idi, inzibati işə üçüncü şəxs qismində cəlb edə və ya bununla bağlı müvafiq sorğular etməli idi. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - iddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, o “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq xx.xx.2020-cı il tarixdə 2N saylı əmrlə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.2020-cı il tarixdə N saylı əmrlə hərbi hissənin siyahısından çıxarılmışdır. N saylı hərbi hissənin tərkibində atıcı kimi Füzuli, Xocavənd rayonunda gedən döyüşlərdə iştirak etmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinin 103 nömrəli arayışından görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq xx.xx.2020-cı il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir və xx.xx.2020-cı il tarixədək hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 13866 nömrəli arayışından görünür ki, iddiaçı N nömrəli hərbi hissədə hərbi xidmət dövründə aldıgı xəsarətlə baglı hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək komissiyanın qərarı ilə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəliyin səbəb əlaqəsi müəyyən edilmişdir. - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı" adının verilməsi ilə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamının və Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarının icrası ilə bağlı 2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı Müdafiə Nazirliyi tərəfindən hazırlanaraq razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmiş və nəticə etibarı ilə 76645 (yetmiş altı min altı yüz qırx beş) nəfərin adı "Zəfər" alt sisteminə yerləşdirilmişdir. Lakin, sonradan aparılan dəqiqləşdirilmələr zamanı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və N nömrəli hərbi hissə tərəfindən təqdim edilərək, "Zəfər" alt sisteminə yerləşdirilmiş şəxslərdən 42 (qırx iki) nəfərin döyüş əməliyyatları zamanı fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarında qeyd olunan meyarlara uyğun gəlməməsi müəyyən edilmişdir. Bununla əlaqədar, "Müharibə veteranı" statusuna malik olan, aşağıda adları qeyd olunan şəxslərə Prezident təqaüdünün ödənilməsinin dayandırılmasını və “Müharibə veteranı” statusunun ləğv edilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Siyahıda 42-ci sırada İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında ********** saylı arayışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən Müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının **********3 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona müharibə veteranlarına görə təyin olunmuş (Nərimanov rayonu, iş № 611156) Prezident təqaüdü ödənişi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Nəzərinə çatdırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Təqaüd təyinatının dayandırılması ilə bağlı” xx.xx.2022-ci il tarixii 5938/**********1 nömrəli Qərarına əsasən veteranlıq statusu əsassız hesab edildiyi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 320,00 (üç yüz iyirmi) manat məbləğində artıq vəsait ödənilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, artıq ödənilmiş vəsaitin geri qaytarılmasının təmin edilməsi üçün müvafiq prosedurların həyata keçirilməsi məqsədilə (ərizə və qəbzin təqdim edilməsi üçün) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq filialına və ya “DOST” Mərkəzinə yaxınlaşmağı xahiş olunur. Diqqətinə çatdırılmışdır ki, artıq ödənilmiş vəsaitin geri qaytarılması tərəfindən təmin edilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 611156 saylı təqaüd işində olan “Təqaüd təyinatının dayandırılması ilə bağlı” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən təyin edilmiş “Müharibə Veteranı” Azərbaycan Respublikası Prezidentinin təqaüdü xx.xx.2022-ci il tarixdən dayandırılmışdır - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubları ilə bildirilmişdir ki, vətəndaş İddiaçı verilmiş “Müharibə Veteranı” statusu ləğv edilmişdir (əsas: Azərbaycan Respublikası Baş Nazirinin birinci müavininin AO BQR xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubu). Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Sadalanan qanunvericilik normalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya məxsus ******* nömrəli hərbi biletdəki qeydlərə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinin 103 nömrəli arayışına əsasən iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq xx.xx.2020-cı il tarixdə 2N saylı əmrlə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.2020-cı il tarixdə N saylı əmrlə hərbi hissənin siyahısından çıxarılmışdır. N saylı hərbi hissənin tərkibində atıcı kimi Füzuli, Xocavənd rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 13866 nömrəli arayışına görə iddiaçı N nömrəli hərbi hissədə hərbi xidmət dövründə aldıgı xəsarətlə baglı hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək komissiyanın qərarı ilə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” xəstəliyin səbəb əlaqəsi müəyyən edilmişdir. Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubuna əsasən “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı" adının verilməsi ilə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamının və Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarının icrası ilə bağlı 2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütölüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı Müdafiə Nazirliyi tərəfindən hazırlanaraq razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmiş və nəticə etibarı ilə 76645 (yetmiş altı min altı yüz qırx beş) nəfərin adı "Zəfər" alt sisteminə yerləşdirilmişdir. Lakin, sonradan aparılan dəqiqləşdirilmələr zamanı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və N nömrəli hərbi hissə tərəfindən təqdim edilərək, "Zəfər" alt sisteminə yerləşdirilmiş şəxslərdən 42 (qırx iki) nəfərin döyüş əməliyyatları zamanı fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarında qeyd olunan meyarlara uyğun gəlməməsi müəyyən edilmişdir. Bununla əlaqədar, "Müharibə veteranı" statusuna malik olan, aşağıda adları qeyd olunan şəxslərə Prezident təqaüdünün ödənilməsinin dayandırılmasını və “Müharibə veteranı” statusunun ləğv edilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Siyahıda 42-ci sırada İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında ********** saylı arayışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən Müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının **********3 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona müharibə veteranlarına görə təyin olunmuş (Nərimanov rayonu, iş № 611156) Prezident təqaüdü ödənişi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Məhkəmə sorgusu ilə tələb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 611156 saylı təqaüd işində olan “Təqaüd təyinatının dayandırılması ilə bağlı” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən təyin edilmiş “Müharibə Veteranı” Azərbaycan Respublikası Prezidentinin təqaüdü xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Məhkəmə sorgusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubları ilə bildirilmişdir ki, vətəndaş İddiaçı verilmiş “Müharibə Veteranı” statusu ləğv edilmişdir (əsas: Azərbaycan Respublikası Baş Nazirinin birinci müavininin AO BQR xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubu). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əvvəllər cavabdeh tərəfindən “Müharibə veteranı” statusunun verilməsi işin mübahisə doğurmayan halıdır. Cavabdeh orqan tərəfindən Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubunda qeyd etdiyi halla bağlı “Sonradan aparılan dəqiqləşdirilmələr zamanı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və N nömrəli hərbi hissə tərəfindən təqdim edilərək, "Zəfər" alt sisteminə yerləşdirilmiş şəxslərdən 42 (qırx iki) nəfərin döyüş əməliyyatları zamanı fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarında qeyd olunan meyarlara uyğun gəlməməsi müəyyən edilmişdir”. Konkret olaraq iddiaçıya aid həmin statusun ləğvi üçün əsas olan və statusun verilməsini istisna edən hər hansı sübut məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, təqdim edilməmiş və mübahisəyə dair iş üzrə materiallarla da təsdiq olunmur. Əksinə olaraq iddiaçıya məxsus ******* nömrəli hərbi biletdəki qeydlərə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinin 103 nömrəli arayışına əsasən iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq xx.xx.2020-cı il tarixdə 2N saylı əmrlə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.2020-cı il tarixdə N saylı əmrlə hərbi hissənin siyahısından çıxarılmışdır. N saylı hərbi hissənin tərkibində atıcı kimi Füzuli, Xocavənd rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki “Müharibə veteranı” statusunun verilməsi ilə baglı qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi inzibati icraata cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, prinsipcə daxili yoxlama ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin, həmin daxili yoxlama həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili yoxlama iddiaçıya təyin edilmiş statusla bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili yoxlamasına istinad edə bilməz, həmin yoxlama həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş statusla bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən ona təyin edilmiş “Müharibə veteranı” statusunu ləğv etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia mümkünlük şərtlərə riayət edilməklə qaldırılmışdır. Belə ki, işin faktiki hallarına əsasən iddiaçıya Müharibə veteranı statusu verilməsinin və daha sonra həmin statusun ləğv edilməsinin cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində baş verdiyi işin təkzib olunmayan halıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı haqlı olaraq hazırkı iddia tələbini Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı irəli sürmüşdür. Bundan başqa, apelyator şikayətində ümumi sözlərdən istifadə etməklə şikayəti əsaslandırmağa çalışmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi üçün tutarlı səbəblər bildirməmiş, yalnız iddianın mümkünsüzlüyünü diqqətə çatdırmış, lakin göstərilən dəlillər işin faktiki halları ilə təkzib edilmişdir. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı verilmiş “Müharibə Veteranı” statusunun ləğv edilməsinə əsas kimi Azərbaycan Respublikası Baş Nazirinin birinci müavininin AO BQR xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubunun olması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bağlı bildirilməlidir ki, həmin məktub inzibati akt (qərar) deyildir və məktub əsasında şəxsin veteranlıq statusunun ləğv edilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamaqla yanaşı, bununla bağlı olan inzibati orqanın hərəkətləri qanunsuz hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4430/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı Veteran statusunun ləğv edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz sayılması göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4430/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı Veteran statusunun ləğv edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz sayılması göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar