Məhkəmə qərarları › İş №2-1(103)-1985/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1985/2021

27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1985/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, vəkili X1 və cavabdehin nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4793/2021 saylı 03 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 24-27 avqust 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 1982-ci il tarixdən 23 fevral 1988-ci ilə kimi Ermənistan SSR Sisian rayonu Aqudi kənd kolxozunda tütünçüfəhlə, 15.02.1989-01.09.1998-ci il illərdə Sumqayıt şəhərində Azərbaycan Respublikası “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X6” zavodunun xlor və kaustik soda istehsalatının laboratoriyasında, 10.05.2001-ci ildən Azərbaycan Respublikası “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun yeni buttadien sexində operator vəzifəsində halhazıradək işləməyə davam etdiyinin nəzərə alınaraq, işlədiyi müddətlərin ümumi iş stajı və bu stajın 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahısı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışmağı kimi sosial stajına daxil edilərək, 52 yaşdan, yəni 18.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 52 yaşı tamam olan tarixdən yəni 18.03.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1966-cı ildə Ermənistan SSR Sisian rayonunun Aqudi kəndində doğulmuşdur. 1982-ci il tarixdən 23 fevral 1988-ci ilə kimi Ermənistan SSR Sisian rayonu Aqudi kənd kolxozunda tütünçü-fəhlə kimi əmək fəaliyyətinə başlayaraq, işləmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə onun 01.06.1982-ci ildən-23.02.1988-ci ilədək Ermənistan SSR Sisian rayonu Aqudi kənd kolxozunda tütünçü-fəhlə işləməsi faktı müəyyən edilmişdir. 15.02.1989- 01.09.1998-ci illərdə Sumqayıt şəhərində əmək fəaliyyətinə başlayaraq, Azərbaycan Respublikası “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X6” zavodunun xlor və kaustik soda istehsalatının laboratoriyasında işləmişdir. 10.05.2001-ci ildən Azərbaycan Respublikası “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun yeni butadien sexində operator vəzifəsində işləmişdir və hal-hazırda işləməkdə davam edir. 18.03.2018-ci ilə kimi ümumi 33 il əmək stajı vardır. Əmək pensiyası alması ilə əlaqədar Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizəsini təmin etməyərək, bildirmişdir ki, tələb olunan ümumi iş stajı olmadığına görə yaşa görə əmək pensiyası hüququ yoxdur. Hesab edir ki, imtina əsassızdır. Çünki onun əmək kitabçası var, bundan əlavə işləməsini təsdiq edən sənədləri, qanuni qüvvədə olan məhkəmə sənədlərini və sairə rəsmi sənədləri də cavabdehə təqdim etmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4793/2021 03 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir (hakim: N.Abıyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür, yəni 52 yaşı 18.03.2018-ci ildə Qanuna 01.07.2017-ci ildə edilmiş dəyişikliklərdən sonra tamam olmuşdur. Yaşının tamam olduğu tarixdə qanunvericilikdə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün üç şərt müəyyənləşmişdi: yaş. staj və pensiya kapitalı. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, qeyd olunan yaş və staj məsələsində keçmiş qanunvericiliyin tətbiqinə imkan yaratsa da, pensiya kapitalı kimi digər məsələlər üçün belə bir istisna nəzərdə tutulmur. İddiaçı isə pensiya kapitalı ilə bağlı tələbə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 50000.00 manat hesablandığı halda. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alman pensiya kapitalı cəmi 31895.92 manat təşkil edir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı və vəkili X1 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 52 yaşı tamam olan tarixdən yəni 18.03.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Cavabdeh inzibati orqan imtinada göstərmişdir ki, müraciətçi (iddiaçı) 09.02.1998- 09.08.1998-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu üçün onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 9 ay 2 gün) təşkil edir. Məhkəmə cavabdehin imtinasının qeyd olunan əsasları ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin həmin dövrdə qüvvədə olan redaksiyada 111ci maddəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 129-cu maddəsinə 2009-cu ildə edilmiş dəyişikliyə əsasən isə, “... işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.” Məhkəmə hesab etmişdir ki, iddiaçının 09.02.1998-09.08.1998-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına 6 ay müddətində ödənişsiz məzuniyyətdə olması Əmək Məcəlləsinin 112 və 128-ci maddələri anlamında ödənişsiz məzuniyyət hesab olunur. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunmuş qanuni qüvvədə olan məhkəmə qətnaməsi də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək (məhkəmə qətnaməsi ilə müəyyən olunmuş dövr-01.06.1982-ci ildən 23.02.1988 (5 il 8 ay 22 gün); əmək kitabçasında olan qeydlər: 26.07.1988-22.12.1988; 15.02.1989-01.09.1998; 10.05.2001- 01.01.2006 (14 il 7 ay 3 gün) 20 ildən artıq, yəni 20 il 3 ay 25 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Ermənistan, Sisian rayonunda doğulmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İT-İ seriyalı ******* №li əmək kitabçasında (notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş surəti) olan məlumatlara əsasən İddiaçı əmək fəaliyyətinə 26.07.1988-ci ildən başlamışdır. 26.07.1988-ci ildə Bakı kamvol kombinatına Əyirmə sexinə əyirmə avadanlığı operatorunun şagirdi vəzifəsinə təyin olunmuş, (əmr № 122,27.07.88-ci il); 22.12.1988-ci ildə işdən azad edilmişdir (əmr № 18, 25.01.1989-cu il); 15.02.1989-cu ildə 2, 5 saylı sexin laboratoriyasının texniki nəzarət şöbəsinə 3-cü dərəcəli nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir (əmr № 369, 14.02.1989-cu il); 01.09.1998-ci ildə işdən azad edilmişdir (əmr № 1222, 15.09.1998-ci il); 10.05.2001-ci il tarixdə Sumqayıt “Sintez kauçuk” zavoduna TTTC sexinin 63 saylı şöbəsinə 2 aylıq sınaq müddətinə işə qəbul edilmişdir (əmr № 170, 08.05.2001-ci il); 01.05.2002-ci il tarixində Soyuducu və hava təchizatı sexinin İ-63, E-10 şöbəsinə 4-cü dərəcəli kompressor qurğu maşinisti vəzifəsinə keçirilmişdir (əmr № 138, 06.05.2002-ci il); 01.08.2003-cü il tarixdə soyuducu və hava təchizatı sexinin İ-63 və MKT-11- kompressor qurğusu üzrə 4-cü dərəcəli kompressor quru-maşinisti keçirilmişdir 1 il müddətinə (əmr № 296, 06.08.2003-cü il); 01.04.2004-cü il tarixdə yeni butadien sexinin məşəl qurğusuna 4-cü dərəcəli qazın təmizlənməsi aparatçısı keçirilmişdir (əmr № 77, 01.04.2004-cü il); 28.02.2005-ci ildə yeni butadien sexinin D-4a şöbəsinin məşəl qurğusunda qazın təmizlənməsi üzrə aparatçısı keçirilmişdir (əmr № 124 kş, 28.02.2005-ci il); 10.05.2005-ci il tarixdə 1 il müddətinə Yeni butadien sexinin İİ korpusuna 5-ci dərəcəli qovucu aparatçısı keçirilmişdir (əmr № 244, 10.05.2005-ci il); 275 saylı 10.05.2006-cı il tarixli əmrə əsasən əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının ƏM-nin 45-ci maddəsinin 2-ci bəndilə uzadılmışdır (əmr № 304, 08.06.2005-ci il); 14.02.2007-ci il tarixdə həmin sexin İİ korpusuna 6-cı dərəcəli qovucu aparatçı (kt-2, Kt-56 və üfürmə sistemləri üzrə) keçirilmişdir (əmr № 84, 14.02.2007-ci il); 01.01.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (əmr № Ş-01, 05.01.2009-cu il); 01.01.2009-cu il tarixdə əvvəlki işinə bərpa edilmişdir. 29.06.2010-cu il tarixdə 15 saylı Yeni butadien sexinə 3-cü dərəcəli qovma aparatçısı keçirilmişdir (əmr №-944, 29.06.2010-cu il); 02.06.2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (əmr № 805, 02.06.2011-ci il); 02.06.2011-ci il tarixdən işdən azad edilməsi haqqında verilmiş 805 saylı 02.06.2011-ci il tarixli əmri həmin tarixdən ləğv edilmişdir. 01.07.2011-ci il tarixdə 35 nömrəli hava təchizatı və estakada təchizatı sexinə 2ci dərəcəli aparıcı aparatçı peşəsinə keçirilmişdir (əmr № 950, 30.06.2011-ci il); 20.12.2011ci il tarixdə həmin sexdə 2-ci dərəcəli hava bölüşdürücüsünün aparatçısı vəzifəsinə keçirilmişdir (əmr № 1697-k, 20.12.2011-ci il) 14.04.20015-ci ildə həmin sahədə 2-ci dərəcəli xammalın hazırlanması və yarım fabrikat hazır məhsulun buraxılması aparatçısı keçirilmişdir (əmr № 117 k, 14.04.2015-ci il); 20.06.2019-cu il tarixində həmin sahədə 03-cü dərəcəli xammalın hazırlanması və yarımfabrikat, hazır məhsulun buraxılması aparatçısı vəzifəsinə keçirilmişdir (əmr № 191- k, 20.06.2019-cu il). İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(060)-9757/2019 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı 01.06.1982-ci ildən 23.02.1988-ci ilədək Ermənistan SSR Sisian rayonu Aqudi kənd kolxozunda tütünçüfəhlə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi apelyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9757/2019 saylı 19 fevral 2020-ci il tarixli qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin məhkəmənin 11.12.2019-cu il tarixli 2(060)-9757/2019 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli 2(105)-1668/2020 saylı qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9757/2019 saylı 29 fevral 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş 09.07.2020-ci il tarixli 75 saylı arayışdan müəyyən olunur ki, İddiaçı 15.02.1989-cu ildən 31.01.1991-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X6” zavodunun texniki nəzarət şöbəsində diafraqma üsulu ilə xlor və kaustik sadə istehsalatı və karbohidrogenlər və onların birləşdirilməsi üzrə nəzarətçi vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754b şifrinə əsasən 2 saylı siyahısında sadalanan xlor, kaustik soda istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş 09.07.2020-ci il tarixli 76 saylı arayışdan müəyyən olunur ki, İddiaçı 01.02.1991-ci ildən 01.09.1998-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X6” zavodunun diafraqma üsulu ilə xlor və kaustik sadə istehsalatı laboratoriyasında nəzarətçi vəzifəsində işləmişdir (qeyd 15.02.1989-cu ildən 01.09.1998-ci illərdə “ŞAM” zavodunda işlədiyi müddətdə aşağıda göstərilən tarixdə ödənişsiz məzuniyyətdə olmuşdur: 09.02.1998-09.08.1998) Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754v şifrinə əsasən 2 saylı siyahısında sadalanan xlor, kaustik soda istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş 09.07.2020-ci il tarixli 77 saylı arayışdan müəyyən olunur ki, İddiaçı 10.05.2001-ci ildən 30.04.2002-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun propan-propilen soyuqluq sexinin soyuducu şöbəsində kompressor qurğu maşinisti vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak, soyuducu bölməsinin işçilərinə istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş 09.07.2020-ci il tarixli 78 saylı arayışdan müəyyən olunur ki, İddiaçı 01.05.2002-ci ildən 31.03.2004-cü ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun soyuducu və hava təchizatı sexinin soyuducu şöbəsində kompressor qurğu maşinisti vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak, soyuducu bölməsinin işçilərinə istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş 09.07.2020-ci il tarixli 79 saylı arayışdan müəyyən olunur ki, İddiaçı 01.04.2004-cü ildən 31.12.2005-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun yeni butadien sexində aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan butadien istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş 09.07.2020-ci il tarixli 80 saylı arayışdan müəyyən olunur ki, İddiaçı 01.01.2006-ci ildən 31.12.2006-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun yeni butadien sexində aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 8-ci bölməsinin 8.1.1 bəndinə siyahıda sadalanan butadien istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 24.09.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi Mərkəzi Filiala təqdim edilmiş “X6” zavodunun 9 iyul 2020-ci il tarixli 76 nömrəli arayışında onun 09.02.1998-09.08.1998-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunduğu, bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 9 ay 2 gün) təşkil etdiyi, bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi, belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 50000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 31.895,92 manat təşkil etdiyi, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsin əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Göründüyü kimi, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır, lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 52 yaşı 18.03.2018-ci il tarixdə tamam olmuşdur və əmək kitabçasına əsasən iddiaçı 26.07.1988-ci il tarixdən 22.12.1988-ci il tarixə kimi Bakı kamvol kombinatının Əyirmə sexində əyirmə avadanlığı operatorunun şagirdi vəzifəsində (4 ay 26 gün), 15.02.1989-cu il tarixdən 01.09.1998-ci il tarixə kimi 2, 5 saylı sexin laboratoriyasının texniki nəzarət şöbəsində nəzarətçi vəzifəsində (9 il 6 ay 16 gün), 10.05.2001-ci il tarixdən 01.01.2009-cu il tarixə kimi Sumqayıt “Sintez kauçuk” zavodunda kompressor qurğu maşinisti, butadien sexinin məşəl qurğusuna 4-cü dərəcəli qazın təmizlənməsi aparatçısı, qovucu aparatçısı vəzifəsində işləmiş (01.01.2006cı il tarixədək 4 il 7 ay 21 gün) və 01.01.2009-cu il tarixdə əvvəlki işinə bərpa edilərək halhazıradək işləyir. Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 dekabr 2019cu il tarixli 2(060)-9757/2019 saylı qətnaməsinə əsasən İddiaçı 01.06.1982-ci ildən 23.02.1988-ci ilədək Ermənistan SSR Sisian rayonu Aqudi kənd kolxozunda tütünçü-fəhlə işləməsi faktı müəyyən edilmişdir (5 il 8 ay 22 gün). Göründüyü kimi iddiaçının qanuni qüvvədə olan məhkəmə qətnaməsi də nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək 20 il 3 ay 25 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının 15.02.1989-cu il tarixdən 31.01.1991-ci il tarixə kimi “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X6” zavodunda texniki nəzarət şöbəsində diafraqma üsulu ilə xlor və kaustik sadə istehsalatı və karbohidrogenlər və onların birləşdirilməsi üzrə işlədiyi nəzarətçi vəzifəsi (1 il 11 ay 16 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754b şifrinə əsasən 2 saylı siyahısında sadalanan xlor, kaustik soda istehsalatında, 01.02.1991-ci il tarixdən 01.09.1998-ci il tarixə kimi “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X6” zavodunun diafraqma üsulu ilə xlor və kaustik sadə istehsalatı laboratoriyasında işlədiyi nəzarətçi vəzifəsi (7 il 7 ay) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754v şifrinə əsasən 2 saylı siyahısında sadalanan xlor, kaustik soda istehsalatında, 10.05.2001-ci il tarixdən 30.04.2002-ci il tarixə kimi və 01.05.2002-ci il tarixdən 31.03.2004-cü il tarixə kimi “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun propan-propilen soyuqluq sexinin soyuducu şöbəsində işlədiyi kompressor qurğu maşinisti vəzifəsi (2 il 10 ay 20 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak, soyuducu bölməsinin işçilərinə istehsalatında, 01.04.2004-cü il tarixdən 31.12.2005-ci il tarixə kimi “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun yeni butadien sexində işlədiyi aparatçı vəzifəsi (1 il 9 ay) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1180100a - 10065 şifrinə əsasən 1 saylı siyahısında sadalanan butadien istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışlardan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 14 il 2 ay 6 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdeh inzibati orqanın iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair irəli sürüdüyü dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu imtina əsası əsassızdır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması şərtlərini müəyyən edən 9-cu maddəsinin 9.8-ci bəndində qeyd edilir ki, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşin araşdırılmış hallarından da bəllidir ki, iddiaçı 01.01.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyin tələbləri üzrə ümumi və xüsusi stajı toplamışdır. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4793/2021 saylı 03 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar